Məhkəmə qərarları › İş №2(006)-6855/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6855/2021

07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6855/2021 07.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Cavabdeh2 nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «subroqasiya qaydasınla pul» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «subroqasiya qaydasınla pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 800 manat məbləğində sığorta ödənişi və 30 manat dövlət rüsumu olmaqla, cəmi 830 manat pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, “Mercedes Benz C200” markalı, ** HY *** (knn: ** CB ***) dövlət qeydiyyat nişanlı avtomobil 23.08.2020-ci il tarixli PSS********** №-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" şəhadətnaməsinə əsasən cəmiyyətlərində sığortalanmışdır. Cavabdeh1 (bundan sonra cavabdeh) 20.01.2021-ci il tarixdə, saat 19:50 radələrində həmin avtomobili Bakı şəhəri, Qara Qarayev prospektində etibarnaməsiz idarə edərkən “Tofaş Şahin” markalı, ** XP *** dövlət qeydiyyat nişanlı avtomobili vurmuş, zərbənin təsirindən həmin avtomobil solundan hərəkət edən “Honda İnsight” markalı, 99 HC348 dövlət qeydiyyat nişanlı avtomobilə dəymişdir. Nəticədə sonuncu iki avtomobilə maddi zərər dəymiş və sürücü hadisə yerindən yayınmışdır. Nizami rayon Təhqiqat Şöbəsinin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın”dan, 20.01.2021-ci il tarixli, İXP ******* saylı protokoldan, TP4181973 saylı inzibati tənbeh vermə haqqında qərardan, Nizami rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis polkovnik-leytenantı Fəxri İsmayılovun 30.01.2021-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarından görünür ki, 2021-ci ilin 20 yanvar tarixində saat 19:50 dəqiqədə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsinin növü toqquşmadır. Cavabdeh avtomobili etibarnaməsiz idarə etdiyindən və hadisə yerindən yayındğından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Zədələnmiş “Tofaş Şahin" markalı, ** XP *** dövlət qeydiyyat nişanlı avtomobil və "Honda İnsight” markalı, ** HC *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlərin miqdarı "İcbari Sığortalar haqqında" Qanunun 16-cı və "Sığorta fəaliyyəti haqqında" Qanunun 10.10-cu maddələrinin tələblərinə əsasən, müqavilə üzrə cəmiyyətlə sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxs "xxxx" MMC tərəfindən qiymətləndirilərək müvafiq olaraq 350 və 450 manat məbləğində müəyyən edilmişdir. "Tofaş Şahin” markalı, ** XP *** dövlət qeydiyyat nişanlı avtomobil və "Honda İnsight” markalı, ** HC *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə müvafiq olaraq 350 və 450 manat olmaqla, cəmi 800 manat məbləğində sığorta ödənişi olunmuş və bu ödənişlər 04.03.2021-ci il tarixli, l-189/21 saylı və 19.02.2021-ci il tarixli, İ-190/21 saylı sığorta ödənişi aktlarında və onlar əsasında verilmiş 11032021-9300-403 və 25022021-9300-216 saylı ödəniş tapşırıqlarında öz əksini tapmışdır. Faydalanan şəxsə ödənilmiş 800 manat pul məbləği cavabdehlər tərəfindən cəmiyyətlərinə qaytarılmalıdır. Cavabdehlərə bu barədə pretenziya məktubu da göndərilmiş, lakin müsbət nəticəsi olmamışdır. İddiaçı tərəfindən məhkəməyə ərizə ünvanlanaraq, mülki işə onların nümayəndəsinin iştirakı olmadan baxılması və iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə yuxarıda qeyd olunan ərizəni nəzərə alıb, mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh2 nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etmədi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Cavabdeh2 nümayəndəsi X1 izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 23.08.2020-ci il tarixdə bağlanmış PSS********** nömrəli sığorta müqaviləsinə əsasən X2 məxsus olan «Mercedes Benz C200» markalı ** CB *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi icbari sığorta növü üzrə "xxxx" ASC tərəfindən sığortalanmışdır. İş materiallarına əlavə olunmuş Nizami rayon DYPŞ-nin 20.01.2021-ci il tarixli, İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokolundan görünür ki, Cavabdeh1 20.01.2021-ci il tarixdə, saat 19:50 radələrində baş vermiş yol nəqliyyat hadisəsini törətməkdə təqsirli bilinmiş və AR İnzibati Xətalar Məcəlləsinin 327.6, 332.1-ci maddələri rəhbər tutularaq sonuncunun barəsində protokol tərtib edilmişdir. İş materiallarına əlavə olunmuş Nizami rayon DYPŞ-nin 20.01.2021-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İXM-in 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC tərəfindən tərtib edilmiş 10.02.2021-ci il tarixli “yekun akt”lara əsasən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində «Tofaş Şahin» markalı, ** XP *** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 350 manat, «Honda İnsight» markalı, ** HC *** dövlət qeydiyyat nişanlı avtomobilə isə 450 manat dəyərində ziyan dəydiyi müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" ASC tərəfindən təqdim edilmiş l-189/21 №li akta əsasən «Tofaş Şahin» markalı, ** XP *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın əvəzi olaraq avtomobil sahibinə 350 manat sığorta ödənişi ödənilmişdir. (Qeyd: ödəniş barədə qəbz iş materiallarına əlavə olunmuşdur). İş materiallarına əlavə olunmuş "xxxx" ASC tərəfindən təqdim edilmiş l-190/21 №li akta əsasən «Honda İnsight» markalı, ** HC *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın əvəzi olaraq avtomobil sahibinə 450 manat sığorta ödənişi ödənilmişdir. (Qeyd: ödəniş barədə qəbz iş materiallarına əlavə olunmuşdur). Beləliklə iş materiallarından göründüyü kimi, «Mercedes Benz C200» markalı, ** HY *** (knn: ** CB ***) dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 məxsus olmuş və yolnəqliyyat hadisəsi törədilən zaman digər Cavabdeh1 həmin avtomobili idarə etmək üçün etibarnaməsi olmamışdır. Cavabdeh1 «Mercedes Benz C200» markalı, ** HY *** (knn: ** CB ***) dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnaməsiz idarə edərkən yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olmuşdur. Belə ki, 20.01.2021-ci il tarixdə, saat 19:50 radələrində Cavabdeh1 etibarnamə olmadan idarə etdiyi «Mercedes Benz C200» markalı, ** HY *** (knn: ** CB ***) dövlət qeydiyyat nişanlı avtomobillə Qara Qarayev prospketində hərəkətdə olan zaman «Tofaş» markalı, ** XP *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ bufer hissəsindən vurmuş, zərbənin təsirindən ikinci avtomobil, yəni «Tofaş» markalı, ** XP *** dövlət qeydiyyat nişanlı avtomobil isə «Honda» markalı, ** HC *** dövlət qeydiyyat nişanlı avtomobili arxa sağ hissəsindən vurmuşdur. Cavabdeh1 digər iki avtomobillərə ziyan vurulmasına səbəb olan hərəkətlərə yol vermiş, nəticədə etibarı ilə dəymiş ziyanın əvəzi olaraq "xxxx" ASC tərəfindən zərərçəkmişlərə ümumilikdə 800 manat sığorta ödənişi edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam ödənilməlidir. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortalıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 1114-cü maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmlak vəzifələrinin icrası zamanı işçinin nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ərtafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən … və i.a. istifadə edilməsi;…) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxslər tərəfindən nəqliyyat vasitələrinin idarə edilməsi, habelə nəqliyyat vasitələrinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitələrini idarə etmək üçün idarə etmək hüququ olmayan şəxsə verilməsi hüquq pozuntusudur və İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq inzibati məsuliyyətə səbəb olur. Beləliklə, Cavabdeh1 nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan avtomobili idarə etmiş, Cavabdeh2 isə nəqliyyat vasitəsinin üzərində sahiblik hüququ olan şəxs kimi həmin nəqliyyat vasitəsini idarə etmək üçün müvafiq hüquqa malik olmayan şəxsə - digər cavabdehə vermişdir. Mülki Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Cavabdeh2 yüksək təhlükə mənbəyinin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduğundan, həm o, həm də digər cavabdeh həmin mənbənin vurduğu zərər üçün birgə maddi məsuliyyət daşımalıdırlar. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 800 manat sığorta ödənişi və 30 manat dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 800 manat sığorta ödənişi və 30 manat dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar