Məhkəmə qərarları › İş №2(006)-702/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-702/2022

18.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-702/2022 18.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta məbləğinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-dən iddiaçıya dəymiş ziyana görə 25.000 manat sığorta pulunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus “DAF” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı yük maşını "xxxx" ASC tərəfindən xx.xx.2019-cu il tarixində sığortalanmışdır. Sığortanın məbləği 25.000 manat olmaqla ona Mİ********** saylı sığorta şəhadətnaməsi verilmişdir. İddiaçıya məxsus həmin maşın xx.xx.2020-ci il tarixində Xızı rayonu ərazisində yol-nəqliyyat hadisəsi zamanı sıradan çıxmışdır. Rəsmi sənədlərlə təsdiq olunur ki, maşın tamam yararsız hala düşmüş və iddiaçıya 28.390 manat ziyan dəymişdir. "xxxx" ASC-nin rəhbərliyinə dəfələrlə müraciət edilsə də, ona cavab verilməmiş və heç bir ödəniş etməmişdirlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil yuxarda qeyd edilən məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X6 iddiaya etiraz edərək bildirmişdir ki, İddiaçı arasında xx.xx.2019-cu il tarixdə Mİ********** saylı sığorta müqaviləsi bağlanmış "DAF" markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtomobilə tərəfindən müvafiq sığorta növü üzrə sığorta təminatı verilmişdir. X1 kimi təqdim edən şəxs xx.xx.2020-ci il tarixdə Cəmiyyətinin qaynar xəttinə zəng edərək Cəmiyyətində “Avtonəqliyyat vasitələrinin sığortası" növü üzrə sığortalanmış "DAF" markalı. ** BO *** dövlət qeydiyyat nişanlı yük avtomobilinə zərər dəydiyini bildirməklə müvafiq sığorta tədbirlərinin həyata keçirilməsini xahiş etmişdir. Bundan sonra hadisənin daha ətraflı araşdırılması və hüquqi qiymətin verilməsi üçün tərəfindən xx.xx.2021-ci il tarixli, AS- 21/538 saylı məktubla AR Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinə müraciət edilmişdir. Daha sonra İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC-dən 25 000,00 (iyirmi beş min) manat sığorta ödənişinin tutularaq iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. “AtaSığorta" ASC bildirir ki, nəqliyyat vasitəsinin sahibi İddiaçı və sürücü X5 hadisə ilə bağlı Cəmiyyətinə verdikləri videoizahatlarda Xızı rayonu, Qasımkənd kəndi ərazisində yerləşən yatağa qoşqu ilə ot aparıldığını bildiriblər. Ş.M.Zülfüqarovdan alınan videoizahatda, o yük qismində apardığı otların olduğu qoşqunu nəqliyyat vasitəsindən ayıraraq yataqda qoyduğunu bildirir. Əgər həqiqətən də fermaya ot aparılmışdırsa qoşqu niyə otla birlikdə yataqda qoyulmuşdur və gələcəkdə ot aparmaq lazım olacağı təqdirdə qoşqunun yataqdan götürülməsi sonradan yenidən ot yüklənib aparılması inandırıcı məqam hesab olunmur. Nəqliyyat vasitəsi sığortalanarkən də qoşqusuz sığortalanmışdır. Müraciət əsasında əməkdaşı tərəfindən "DAF” markalı, ** BO *** dövlət qeydiyyat nişanlı yük avtomobilinə baxış keçirilən zaman və hadisə yerində çəkilmiş videogörüntülərdən də yanacaq və yağın qəzanın inandırıcı olması üçün sonradan aşmış nəqliyyat vasitəsinin üzərinə töküldüyü, nəqliyyat vasitəsinin yağ filterinin və interkuierinin üzərində olmadığı, nəqliyyat vasitəsinin ön alın şüşəsi sınsa da kabinada şüşə qırıntılarının olmaması, nəqliyyat vasitəsinin orta təkərlərinin boş olması, akkumulyator klemasının vizual görünüşündən onun akkumulyatora uzun müddətdir qoşulu olmaması, yəhərin qoşqu qoşulan hissəsinə uzun müddətdir hər hansı qoşqunun qoşulmaması və aşmış nəqliyyat vasitəsinin yanında hansısa xüsusi qaldırıcı nəqliyyat vasitəsinin təkər izlərinin, eləcə də nəqliyyyat vasitəsinin şassi və kabinasında həmin qaldırıcının dişlərinin izləri və metal tros izləri müəyyən edilmişdir. Göstərilənlər hadisənin rəsmi sənədlərdə göstərildiyi kimi baş vermədiyini və süni olaraq hadisə görüntüsü yaradıldığını deməyə əsasəs verir. Qeyd edilənlərə əsasən iddiasının rədd olunmasını xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. AD seriyalı, 071028 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “DAF” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı yük maşını İddiaçı məxsusdur. AE seriyalı, 037643 saylı sürücülük vəsiqəsinin surətindən görünür ki, bu vəsiqə X3 məxsusdur. Mİ********** saylı, xx.xx.2019-cu il tarixli sığorta şəhadətnaməsindən görünür ki, İddiaçı məxsus olan “DAF” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı yük maşını “AtaSığorta" ASC tərəfindən xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinə kimi 25.000 manat məbləğində “avtokasko” sığorta növü üzrə sığortalanmışdır. Sığorta hadisəsi sığortalanmış avtomobili idarə edən şəxsin yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozması nəticəsində baş verdikdə tətbiq ediləcək şərtsiz azadolma 2.000 manat təşkil edir. Xızı RPŞ-nin DYPB-nin İTÜ baş inspektoru İ.Mikayılov tərəfindən tərtib edlmiş TP seriyalı ******* saylı arayışdan görünür ki, xx.xx.2020-ci tarixdə saat 18:00 radələrində baş vermiş yol-nəqliyyat hadisəsində “DAF” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı yük maşının kabinası tam əzilmişdir. xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 xx.xx.2020-ci il tarixdə, saat 14:00-da Ağdərə yolunda “DAF” markalı **-BO- *** dövlət qeydiyyat nişanlı yük maşını ilə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. «M-Trans» şirkətinin xx.xx.2020-ci il tarixli qüsur aktından görünür ki, 1998-ci il buraxılışlı “DAF" markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnmiş və təmir-bərpa xərcinin 28.390,0 manat məbləğində olduğu müəyyən edilmişdir. İddiaçı tərəfindən “AtaSığorta" ASC-nin idarə heyətinin sədrinə ünvanladığı xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, ona məxsus DAF XF 95 mazdalı ** BO *** dövlət qeydiyyat nişanlı yük maşını 23 mart 2020-ci ildə Xızı rayonu ərazisində yol nəqliyyat hadisəsi zamanı sıradan çıxmışdır. Rəsmi sənədə əsasən ona 28.390 manat zərər dəymişdir. Onun maşını cəmiyyət tərəfindən 27 mart 2019-cu ildə sığortalanmışdır və ona Mİ********** saylı sığorta şəhadətnaməsi verilmişdir. Qanunun tələbinə görə ona dəyən zərərdən 25.000 manat sığorta ödənişi olunmalıdır. Lakin dəfələrlə müraciət etsə də, işçilər ona rəsmi cavab verməmiş və bu günə qədər ona heç bir ödəniş etməyərək ona qarşı ədalətsizliyə yol veriblər. Ona qörə də ona dəymiş zərərin ödənilməsinə göstəriş verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/1733-8/654-3/325-6/1429 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, «M-Trans» şirkətinin xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1998-ci il buraxılışlı “DAF" markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 23.890,0 manat (Dəyişilməli hissələrin qiyməti - 22690,0 manat; Təmirbərpa işlərinin qiyməti - 1200,0 manat) məbləğində müəyyən edilmişdir. İşin mübahisələndirilməyən hallarından görünür ki, Mİ********** saylı, xx.xx.2019-cu il tarixli sığorta şəhadətnaməsinə əsasən iddiaçıya məxsus "“DAF” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı yük avtomobili “AtaSığorta" ASC-də xx.xx.2019-cu il tarixdən xx.xx.2020ci il tarixədək olan müddət üçün 25.000 manat məbləğində “avtokasko” sığorta növü üzrə sığortalanmışdır. Şəhadətnaməyə əsasən şərtsiz azadolma məbləği 2.000 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Mülki Məcəllənin 898.1-ci, 898.2-ci və 898.4-cü maddələrinə əsasən icbari sığorta qanunlarında və könüllü sığorta növləri üzrə sığorta müqavilələrində şərtli və ya şərtsiz azadolma məbləği, həmçinin gözləmə müddəti müəyyən oluna bilər. Azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərinə qalan hissəsidir. Şərtsiz azadolma məbləği nəzərdə tutulduqda, həmin məbləğ hər bir halda tətbiq edilir. Mülki Məcəllənin 923.1 və 923.2-ci maddələrinə görə sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda qanunvericiliyə uyğun olaraq həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. İcbari sığorta qanunvericiliyində və sığorta müqaviləsində sığorta hadisəsi barədə sığortaçıya xəbər vermənin ağlabatan müddəti və (və ya) üsulu nəzərdə tutula bilər. Sığorta hadisəsinin baş verməsi barədə sığortaçıya məlumat vermiş sığortalı və ya sığorta olunan şəxs, həmçinin faydalanan şəxs bu Məcəllənin 923.1-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli dövlət orqanlarına həmin hadisə barədə xəbər verməmişdirsə sığortaçı qeyd olunan orqanları bu hadisə barədə dərhal məlumatlandırmalıdır. Mülki Məcəllənin 926.1-ci, 927.1-ci, 927.2-ci maddələrinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz. Zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra əmlak sığortası üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında aşağıdakı formalarda həyata keçirilə (ödənilə) bilər: zərər məbləğinin pul şəklində faydalanan şəxsə ödənilməsi, sığorta hadisəsi nəticəsində dəyən zərərin aradan qaldırılması üçün sığortalıya (sığorta olunana və ya faydalanan şəxsə) göstərilən xidmətlərin və ya satılan əşyaların dəyərinin xidmət göstərənə və ya satıcıya ödənilməsi, sığorta predmeti olan, yaxud zərərçəkmiş üçüncü şəxsə məxsus əmlakın təmiri və ya bərpası, sığorta müqaviləsində nəzərdə tutularsa, həmin müqavilədə müəyyən edilən şərtlər əsasında sığorta predmeti olan əmlakın dəyişdirilməsi. Yuxarıda sadalanan maddələrin məzmunundan göründüyü kimi sığorta müqaviləsi onun iştirakçıları olan sığortaçıya və sığortalıya müəyyən hüquqlar və vəzifələr yaradır. Sığortalı müvafiq sığorta haqqı ödəmək vəzifəsini və sığorta müqaviləsində nəzərdə tutulmuş sığorta hadisəsi baş verdikdə sığorta ödənişi almaq hüququnu, sığortaçı isə sığortalıdan müvafiq sığorta haqqını almaq hüququnu və sığorta hadisəsi baş verdikdə sığorta ödənişini ödəmək vəzifəsini əldə edirlər. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Məhkəmə hesab edir ki, hazırda məhkəmə araşdırması predmeti olan hal hadisənin sığorta hadisəsi olub-olmaması məsələsi təşkil edir. Belə ki, baxılan iş üzrə tərəflər arasında imzalanmış sığorta müqaviləsi və sığorta şəhadətnaməsindən görünür ki, avtomobil “avtokasko” sığorta riski üzrə sığortalanmışdır. İddiaçı, sığortaçı tərəfindən sığorta ödənişinin verilməsinə əsas olan sığorta hadisəsi (avtonəqliyyat hadisəsi) baş verdiyindən və bunun nəticəsində iddiaçı maddi zərər çəkdiyindən, o, hazırkı iddia ilə müraciət etməkdə haqlı olmuşdur. Cavabdeh tərəf sığorta hadisəsinin qəsdən edilmiş hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsinə istinad etsə də, bununla bağlı, yəni iddiaçının sığorta hadisəsinin yaranmasına yönəldilən qərəzli hərəkətlərinin törədilməsində təqsirli olması ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə tərəflər arasında bağlanmış əmlakın sığortası müqaviləsindən irəli gələn hüquq münasibətlərinin mövcud olduğundan və həmin münasibətlərin qüvvədə olduğu dövrdə iddiaçının mülkiyyətində olan avtomobilə zərər dəydiyindən, mübahisəyə səbəb olan hadisənin sığorta müqaviləsində nəzərdə tutulduğundan və bununla da sığortaçının sığorta ödənişi üzrə öhdəliyi yarandığından hazırki iddia təmin edilməlidir. Sözügedən avtomobilə dəymiş zərərin məbləği ilə əlaqədar tərəflər arasında mübahisə yarandığından məhkəmə tərəfindən ekspertizanın keçirilməsi labüd hesab edilmiş, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/1733-8/654-3/325-6/1429 saylı ekspert rəyinə əsasən 1998-ci il buraxılışlı “DAF" markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcinin hadisə baş verən tarixə təxminən 23.890,0 manat (dəyişilməli hissələrin qiyməti - 22690,0 manat; təmir-bərpa işlərinin qiyməti - 1200,0 manat) məbləğində olması müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, X9 məxsus 1998-ci il buraxılışlı “DAF" markalı, ** BO *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin 23.890,0 manat məbləğdə müəyyən edildiyindən, həmin hadisəyə tətbiq edilməli şərtsiz azadolma məbləği 2.000 manat məbləğində olduğundan iddia qismən təmin edilməli, cavabdehdən İddiaçı xeyrinə sığorta ödənişi qismində 21.890,0 manat məbləğində pul tutulmalıdır. Belə ki, avtomobilin təmirbərpası üçün daha az vəsaitin xərclənməsinin mümkünlüyü barədə sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Beləliklə məhkəmə gəldiyi qənaətin əsaslarına uyğun olaraq hesab edir ki, iddia qismən təmin edilməli, sığorta ödənişi kimi 21.890 manat məbləğində pul cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməli, iddia digər hissədə təmin edilməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumunun ödənilməsi barədə qəbz əsasında müəyyən edilmişdir ki, iddiaçı iddia ərizəsinin verilməsinə görə 195 manat məbləğində pul ödəmişdir. Həmçinin, ekspert tədqiqatının dəyəri ekspertiza xərclərinə dair bildirişə görə 100 manat təşkil edir. İddia tələblərinin 88%-i təmin edildiyindən çəkilmiş məhkəmə xərci də həmin nisbətdə tərəflərə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 21.890 manat və dövlət rüsumu kimi ödənilmiş 195 manatın 172 manatı, cəmi 22.062 manat məbləğində pul cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manatın 88 manatı iddiaçı "xxxx" ASC-dən, 12 manatı isə cavabdeh İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE**********0002088501, X7, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar