Məhkəmə qərarları › İş №2(006)-707/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-707/2023

16.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-707/2023 16.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, iddiaçının vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «alimentin təyin edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin təyin edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X6 ilə xx.xx.2015-ci il tarixdə birgə nikahdan doğulmuş azyaşlı qızları X1 həddi-büluğa çatanadək saxlanılması üçün cavabdeh X2 əmək haqqının 25 %-nin (1/4-nin) və əlavə gəlirindən hər ay alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2015-ci ildə nikaha daxil olmuşdur. 23 sentyabr 2015-ci il tarixdə X7 adlı bir övladları doğulmuşdur. Nikahları 14 mart 2017-ci il tarixdə RF-də pozulmuşdur. Həmin vaxtdan onlar bir-birilərini görməmişlər. Cavabdeh atalıq vəzifəsini yerinə yetirmir və bu günədək övladlarına maddi köməklik göstərməmişdir. Demək olar ki, 2015-ci ildən bu günədək övladını təkbaşına böyütmüşdür. Hesab edir ki, hər iki valideyn övladının qayğısına qalmalı və onun xərclərini bərabər şəkildə ödəməlidirlər. Bildiyinə görə, cavabdeh yaxşı bir şirkətdə işləyir, gəliri yüksəkdir və cavabdehdən aliment tutularaq övladının saxlanılması üçün ona verilməlidir. İddiaçının vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etdi və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasına etiraz etmədi. Məhkəmə, cavabdehin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş şəhadətnamələrdən görünür ki, tərəflər rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Tərəflərin xx.xx.2015-ci il təvəllüdlü X7 adlı bir övladları var. Tərəflərin münasibətləri pisləşdiyindən, nikahları 14 mart 2017-ci il tarixdə pozulmuşdur. 02 sentyabr 2022-ci il tarixli MŞB/3-01463 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, birinci tərəf X5 nümayəndəsi Akhmedov Alamdar ikinci tərəf X4 qarşı ailə (alimentin artırılması) üzrə mediasiyaya dair Bakı 3 saylı Mediasiyə Təşkilatına 15 avqust 2022-ci il tarixdə müraciət etmişdir. Müraciət əsasında MŞB/3-01463 saylı mediasiya işi açılmış və baxılması üçün Təşkilat tərəfindən mediator reyestrində qeydiyyat nömrəsi M-00055 olan mediator X3 həvalə edilmişdir. Mediasiya işi ilə bağlı 02 sentyabr 2022-ci il tarixə, 09:15-10:15 saatlarına Bakı şəhəri ünvan 1 ünvanda keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyası təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. İlkin mediasiya sessiyasında birinci tərəf X5 nümayəndəsi Akhmedov Alamdar və ikinci tərəf X8 iştirak etmişlər. Lakin, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədilər. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı X5 nümayəndəsi Akhmedov Alamdar tərəfindən 50 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 76.1 və 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda 1 uşağa görə məhkəmə tərəfindən onların valideynlərindən hər ay qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Göründüyü kimi, iddiaçının övladının saxlanılması üçün cavabdehdən aliment tələb etmək hüququ vardır. Cavabdeh rəsmi şəkildə işləməklə, əmək haqqı alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay qazancın (başqa gəlirlərin) 1/4 hissəsi miqdarında aliment tutulmalıdır. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment tutulsun. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar