Məhkəmə qərarları › İş №2(006)-708/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-708/2021

10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-708/2021 10.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı "sığorta ödənişinin ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «xxxx» Açıq Səhmdar Cəmiyyətindən 15000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla "xxxx" ASC arasında xx.xx.2020-ci il tarixdə RAA ********** saylı sığorta müqaviləsi bağlanmış və Xaçmaz rayonu, Xanlıqoba kəndində yerləşən fərdi yaşayış evi sığorta obyekti olmaqla 15.000 dəyərində, daşınmaz əmlakın icbari sığortası üzrə sığorta təminatı almışdır. 1-xx xxxxx 2020-ci il tarixlərində Xaçmaz rayonu ərazisindən keçən Vəlvələ çayında suyun kəskin artması nəticəsində sığortalanmış əmlakı sel suyu basmış, su basması nəticəsində yaşayış evinin bünövrəsində çökmələr baş vermiş və evin divarlarında dərin çatların əmələ gəlməsi ilə fərdi yaşayış evinə maddi ziyan dəyməklə sığorta hadisəsi baş vermişdir. Bu faktla əlaqədar 3 nəfər akt tərtib etmiş və Xaçmaz rayon RİHB-nın Çarxlı kənd inzibatı ərazi dairəsi üzrə nümayəndəsi S.Məmmədov tərəfindən təsdiqlənmişdir. Xaçmaz Rayon icra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Bəxtiyar Osmanov "xxxx" Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyinə göndərdiyi xx xxx 2020-ci il tarixli 733 saylı məktubda qeyd edilir ki, 14-xx xxxxx 2020-ci il tarixdə yağan leysan yağışların nəticəsində Xaçmaz rayonu ərazisindən keçən Vəlvələ çayında suyun səviyyəsinin kəskin artması daşqına səbəb olmuş, Xaçmaz rayonunun bəzi yaşayış məntəqələrində torpaq sahələrini və bir neçə fərdi yaşayış evini su basmışdır. O cümlədən, Vəlvələ çayında suyun kəskin artması nəticəsində Xaçmaz rayonunun Xanlıqoba kəndində yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reestrindən RX ******* seriya və nömrəli Çıxarış verilmiş fərdi yaşayış evini də sel suyu basmışdır. Qeyd olunan fərdi yaşayış evi Şahbazov onun tərəfindən xx.xx.2020-ci il tarixdə "xxxx "ASC-də sığortalanmışdır. O, sığorta məbləğinin ödənilməsi barədə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə müraciət etmiş, sığortaçı zərəri ödəməkdən imtina etmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının mayəndəsi və vəkili Vəkil yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı ilə Cəmiyyətləri arasında xx.xx.2020-ci il tarixdə RAA********** saylı sığorta müqaviləsi bağlanılmış və Xaçmaz rayonu, Xanlıqoba kəndində yerləşən fərdi yaşayış evi sığorta olunaraq, daşınmaz əmlakın icbari sığortası üzrə sığorta təminatı almışdır. İddiaçı ərizə ilə şirkətiə müraciət edərək, 14-xx xxxxx 2020-ci il tarixlərində Xaçmaz rayonu ərazisindən keçən Vəlvələ çayında suyun kəskin artması nəticəsində sığortalanmış əmlakı sel suyu basdığını, su basması nəticəsində yaşayış evinin bünövrəsində çökmələrin baş verdiyini və evin divarlarında dərin çatların əmələ gəlməsi ilə fərdi yaşayış evinə maddi ziyan dəydiyini bildirməklə, hadisə ilə bağlı sığorta tədbirlərinin həyata keçirilməsini xahiş etmişdir. Təqdim edilmiş ərizəyə baxılmış, hadisə tam təfsilatı ilə araşdırılmışdır. AR ETSN Milli Hidrometeorologiya Xidməti tərəfindən “xxxx” ASC-yə təqdim edilmiş xx.xx.2020-ci il tarixli, 20/ş-046 saylı məktubdan görünür ki, 14-xx xxxxx 2020-ci il tarixlərində Vəlvələçay-Təngəaltı məntəqəsində suyun səviyyəsində ciddi dəyişiklik qeydə alınmamışdır. Fərdi yaşayış evinə dəymiş zərər, yəni fərdi yaşayış evinin bünövrəsində çökmələrin baş verməsi və evin divarlarında dərin çatların əmələ gəlməsi AR ETSN Milli Hidrometeorologiya Xidməti tərəfindən təqdim olunan sənədə əsasən sel suyu basması nəticəsində olmadığından “İcbari sığortalar haqqında” AR Qanununun 36.1-ci maddəsinə əsasən sığorta müqaviləsi üzrə təminat verilmiş sığorta risklərinə daxil deyildir. Göstərilənlərə əsasən iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Xaçmaz rayonu, Xanlıqoba kəndində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 55 nömrəli reyestr kitabının 90 nömrəli vərəqində xx.xx.2016-cı il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsinin surətindən görünür ki, İddiaçı məxsus Xaçmaz rayonu, Xanlıqoba kəndində yerləşən fərdi yaşayış evi «xxxx» ASC tərəfindən icbari sığortalanmışdır. İş materiallarında olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti tərəfindən İddiaçı ünvanlanan xx.xx.2020-ci il tarixli, 20/Ş-046 №-li məktubun surətindən görünür ki, aprel ayının 14-də qeyd edilən ərazidən axan Vəlvələçay-Təngəaltı məntəqəsində suyun səviyyəsi ötən günlə müqayisədə 1 sm artaraq 145 sm, 15-də isə suyun səviyyəsində dəyişiklik baş verməmiş və səviyyə 145 sm müşahidə olunmuşdur. Beləliklə qeyd edilən tarixlərdə Vəlvələçay-Təngəaltı məntəqəsində suyun səviyyəsində ciddi dəyişiklik qeydə alınmamışdır. İş materiallarında olan «xxxx» ASC tərəfindən İddiaçı ünvanlanan xx.xx.2020-ci il tarixli, AS-20/940 №-li məktubun surətindən görünür ki, dəymiş zərər, yəni fərdi yaşayış evinin bünövrəsində çökmələrin baş verməsi və evin divarlarında dərin çatların əmələ gəlməsi AR ETSN Milli Hidrometeorologiya Xidməti tərəfindən təqdim olunan sənədə əsasən sel suyu basması nəticəsində olmadığından sığorta ödənişinin ödənilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; 21.1-ci zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyəşəraitindəəldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır; 888.1-ci maddəsinə əsasən əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir; 913-cü maddəsinə əsasən sığorta müqaviləsi bağlanarkən sığortaçı, sığorta brokeri və ya sığorta agenti sığortalını icbari sığortanın şərtləri ilə, yaxud könüllü sığorta müqaviləsinin əsaslandığı sığorta qaydaları ilə tanış etməlidir. Bu zaman sığortalıya sığorta hadisəsi hesab edilə bilən halın baş verdiyi zaman necə hərəkət etməyi, sığortaçının sığorta ödənişindən imtina etməsinin qanuni əsaslarını əks etdirən, hamı tərəfindən asanlıqla başa düşülən üslubda tərtib edilmiş yaddaş vərəqi verməlidir; 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır; 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir; “İcbari Sığortalar haqqında” Qanunun 36.1-ci maddəsinə görə daşınmaz əmlakın məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı, elektrik naqillərində baş verən qısa qapanma, buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı, su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən yə binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma, hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri, yerüstü nəqliyyat vasitəsinin dəyməsi, təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi və üçüncü şəxslərin hərəkətləri nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.8. baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi sığorta ödənişinin verilməsindən imtinanın əsaslarından biri hesab olunur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Xaçmaz rayonu, Xanlıqoba kəndində yerləşən fərdi yaşayış evi tam pay hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. Sözügedən əmlak «xxxx» ASC tərəfindən icbari sığortalanmışdır. İddiaçı daha sonra «xxxx» ASC-yə müraciət edərək əmlakının zərərə məruz qaldığını bildirmiş, lakin baş vermiş hadisə sığorta hadisəsi hesab edilmədiyindən cavabdeh tərəfindən sığorta ödənişinin ödənilməsindən imtina olunmuşdur. Məhkəmə qeyd edir ki, «xxxx» ASC sığorta ödənişinin verilməsindən haqlı olaraq imtina etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.8. baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi sığorta ödənişinin verilməsindən imtinanın əsaslarından biri hesab olunur. İddiaçı ona məxsus evi 14-15 aprel tarixlərində sel suyu basdığını, bu subasma nəticəsində yaşayış evinin bünövrəsində çökmələr baş verdiyini, evin divarlarında isə dərin çatların əmələ gəldiyini bildirsə də, iş materiallarını araşdırılarkən müəyyən etmişdir ki, aprel ayının 14-də qeyd edilən ərazidən axan Vəlvələçay-Təngəaltı məntəqəsində suyun səviyyəsi ötən günlə müqayisədə 1 sm artaraq 145 sm, 15-də isə suyun səviyyəsində dəyişiklik baş verməmiş və səviyyə 145 sm müşahidə olunmuşdur. Beləliklə, qeyd edilən tarixlərdə Vəlvələçay-Təngəaltı məntəqəsində suyun səviyyəsində ciddi dəyişiklik qeydə alınmamışdır. Bu halda məhkəmə iddiaçının evinə dəymiş zərərin sel suyu basması nəticəsində olduğuna dair gətirdiyi dəlilləri əsassız hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının şığortalanmış əmlakına dəymiş zərər “İcbari Sığortalar haqqında” Qanunla müəyyən olunan sığorta hadisəsi hesab edilən halların dairəsinə düşmədiyindən iddia tələbi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı "sığorta ödənişinin ödənilməsi" tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı "sığorta ödənişinin ödənilməsi" tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar