Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-714/2021 09.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, iddiaçıların nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X5 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər "xxxx" QSC və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "ipoteka yüklülüyünə dair qeydiyyatın çıxarılması" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı1 məxsus olan Sumqayıt şəhəri, Saray bağlar massivi ünvanında 0.12 ha torpaq sahəsində yerləşən B- 3306 nömrəli bağ evi və Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 35 saylı evin 58 saylı mənzili barəsində daşınmaz əmlakın dövlət reyestrində “xxxx” QSC-nin xeyrinə aparılmış ipoteka yüklülüyünə dair qeydiyyatların daşınmaz əmlakın dövlət reyestrindən çıxarılması, İddiaçı2 məxsus olan Sumqayıt şəhəri, Saray bağlar massivi, 3306 ünvanında xüsusi mülkiyyətdə olan 0.12 ha torpaq sahəsi barəsində daşınmaz əmlakın dövlət reyestrində “xxxx” QSC-nin xeyrinə aparılmış ipoteka yüklülüyünə dair qeydiyyatların daşınmaz əmlakın dövlət reyestrindən çıxarılması, İddiaçı3 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi 12 saylı evin, 43 saylı mənzili və Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi 11 saylı evin, 91 saylı mənzili barəsində daşınmaz əmlakın dövlət reyestrində “xxxx” QSC-nin xeyrinə aparılmış ipoteka yüklülüyünə dair qeydiyyatların daşınmaz əmlakın dövlət reyestrindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, “xxxx” QSC ilə “xxxx” MMC arasında xx xxxx 2015-ci il tarixli kredit xəttinin açılması barədə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən bank tərəfindən “xxxx” MMC-yə xx xxxx 2020-ci il tarixinədək 700.000 manat məbləğində kredit xətti ayrılmışdır. “xxxx” QSC ilə “xxxx” MMC və ipoteka qoyanlar İddiaçı1, X8, İddiaçı2 və İddiaçı3 arasında ipoteka müqavilələri bağlanmış, həmin müqavilələrə görə onlara məxsus iddia ərizəsində qeyd edilən əmlaklar “xxxx” QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. “xxxx” QSC ilə “xxxx” MMC arasında xx xxxxxx 2015-ci il tarixli kredit sazişi bağlanmış, həmin sazişə əsasən bank tərəfindən “xxxx” MMC-yə 24 ay müddətinə kreditdən istifadəyə görə illik 16 % olmaqla 670.000 manat məbləğində kredit verilmiş, “xxxx” MMC isə xx.xx.2015-ci il tarixdən başlayaraq 24 ay müddətinə ümumilikdə 809.667 manat 12 qəpik məbləğində pulu “xxxx” QSC-yə ödəməyi öhdəsinə götürmüşdür. “xxxx” MMC ilə “xxxx" QSC arasında kredit müqaviləsinə (kredit xəttinin açılması barədə müqavilə) dair kredit Sazişinə xx xxxx 2016-cı il tarixli 2 saylı razılaşma bağlanmış, həmin razılaşma ilə “xxxx” MMC-yə 24 ay müddətinə kreditdən istifadəyə görə illik 18 % olmaqla 27.800 AZN məbləğində kredit verilmiş, “xxxx” MMC isə xx.xx.2016-cı il tarixdən başlayaraq 24 ay müddətinə ümumlikdə 34.209 manat 86 qəpik məbləğində pulu “xxxx” QSC-yə ödəməyi öhdəsinə götürmüşdür. Bundan sonra, borcalan “xxxx” MMC tərəfindən müqavilə üzrə müəyyən edilmiş öhdəliklər lazımi qaydada icra edilmədiyinə görə “xxxx" QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər “xxxx” MMCdən və X2 müştərək qaydada 681.210,50 manat əsas, 72.561,72 manat faiz, 34.190,84 manat cərimə borcu, 210 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildiriş daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərc və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi borcun 788.203,06 manat məbləğində pulun tutularaq iddiaçı “xxxx” QSC-yə ödənilməsi, tutmanın X6 və hazırkı iş üzrə iddiaçılara məxsus olan iddia ərizəsində göstərilən əmlaklara yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması, həmin ipoteka predmetlərinə tutma yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(102)-2412/2020 saylı qərarı ilə bankın iddia tələbi tutmanın X3, İddiaçı2 və İddiaçı3 məxsus olan əmlaklara yönəldilməsi hissəsində təmin edilməmişdir. Bu zaman məhkəmə kredit xətti müqaviləsində həmin müqavilənin mühüm şərti olan faiz dərəcəsi göstərilmədiyindən, həmçinin kredit sazişlərində nəzərdə tutulan faiz dərəcələri, o cümlədən kreditin qaytarılması müddətinin qısaldılması barəsində zaminlərin və ipoteka qoyanların razılığının alınmadığını əsas götürərək ipoteka müqavilələrinin bağlanmamış hesab edilməsi qənaətinə gəlmişdir. “xxxx” QSC-nin X7, İddiaçı3 və İddiaçı2 məxsus mübahisəli ipoteka predmetlərinə münasibətdə iddia tələbləri rədd edilmiş və kassasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəsini almışdır. Belə olan halda, bankın bu əmlaklarla bağlı hər hansı tələb hüququ qalmamışdır. Lakin hazırda əmlaklar üzərində bankın xeyrinə edilmiş ipoteka yüklülüyü hələ də mövcuddur. Yüklülüyün aradan qaldırılması üçün cavabdeh banka rəsmi qaydada müraciət edilsə də, bank müraciəti cavabsız qoymuşdur. Belə bir halın mövcudluğu hazırda mülkiyyətçilərin öz əmlakları üzərinə sərbəst sərəncam vermək hüququnun pozulmasına səbəb olur. Halbuki, Ali Məhkəmənin qərarındakı mövqeyə əsasən, ipoteka müqavilələri bağlanmamış hesab edilmişdir. Bu isə o deməkdir ki, həmin ipoteka müqavilələri əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış yüklülük qeydiyyatı əsassız olmuşdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-2412/2020 saylı qərarından görünür ki, cavabdehlər X1, İddiaçı3 və İddiaçı2 kasasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin tutmanın X4 məxsus olan Sumqayıt şəhəri, Saray bağlar massivi ünvanında 0.12 ha torpaq sahəsində yerləşən, 193.3 kv.m ümumi, 74.6 kv.m yaşayış, 118.7 kv.m yardımçı sahəsindən ibarət 4 otaqlı, B-3306 nömrəli bağ evinə, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi ev 35 ünvanında ümumi sahəsi 0.0645 ha torpaq sahəsində yerləşən 50.3 kv.m ümumi, 40.2 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 58 mənzilə, İddiaçı2 məxsus olan Sumqayıt şəhəri, Saray bağlar massivi, 3306 ünvanında xüsusi mülkiyyətdə olan 0.12 ha torpaq sahəsinə, İddiaçı3 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi ev 12, ünvanında yerləşən, istifadədə olan 0.0354 ha torpaq sahəsində yerləşən, 76.54 kv.m ümumi, 54.01 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı, 43 nömrəli mənzilə, Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi ev 11 ünvanında istifadədə olan 0.14 ha torpaq sahəsində yerləşən, 41,37 kv.m ümumi, 28.61 kv.m yaşayış sahəsindən ibrarət 2 otaqlı, 91 nömrəli mənzilə yönəldilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddianın təmin edilməməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması və iddiaçı “xxxx” QSC-nin kasasiya şikayəti təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında əks edilmiş hüquqi mövqeyinə əsasən “Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir.” Qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzibolunmazlığı müvafiq şərt və tələblərə məhəl qoyulmadan ondan yuxarı instansiya məhkəmələrinə şikayət verilməsini, həmçinin yuxarı instansiya məhkəmələrində belə şikayətin baxılmasını qeyri-mümkün edir. Məhkəmə aktının müstəsnalığı isə artıq bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndirilməsinə və məhkəmələrdə yenidən baxılmasına yol vermir. Təsadüfi deyildir ki, MPM-nin 233.3-cü maddəsinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə isə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə, ipoteka- öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. Həmin Qanununun 15.1-ci maddəsinə əsasən, ipotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 20.4-cü maddəsinə əsasən, ipotekanın dövlət qeydiyyatı ipotekasaxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında ləğv olunur. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılmış hallarından görünür ki, qanuni qüvvəsini almış məhkəmə qərarına əsasən iddiaçılarla cavabdeh bank arasında ipoteka müqavilələrinin bağlanmamış hesab edilməsi qənaətinə gəlinmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)- 2412/2020 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin tutmanın X4 məxsus olan Sumqayıt şəhəri, Saray bağlar massivi ünvanında 0.12 ha torpaq sahəsində yerləşən, 193.3 kv.m ümumi, 74.6 kv.m yaşayış, 118.7 kv.m yardımçı sahəsindən ibarət 4 otaqlı, B-3306 nömrəli bağ evinə, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi ev 35 ünvanında ümumi sahəsi 0.0645 ha torpaq sahəsində yerləşən 50.3 kv.m ümumi, 40.2 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 58 mənzilə, İddiaçı2 məxsus olan Sumqayıt şəhəri, Saray bağlar massivi, 3306 ünvanında xüsusi mülkiyyətdə olan 0.12 ha torpaq sahəsinə, İddiaçı3 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi ev 12, ünvanında yerləşən, istifadədə olan 0.0354 ha torpaq sahəsində yerləşən, 76.54 kv.m ümumi, 54.01 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı, 43 nömrəli mənzilə, Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi ev 11 ünvanında istifadədə olan 0.14 ha torpaq sahəsində yerləşən, 41,37 kv.m ümumi, 28.61 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı, 91 nömrəli mənzilə yönəldilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddianın təmin edilməməsi qərara alınmışdır. Beləliklə, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilən halların bir daha təsdiq edilməsi zərurəti olmadığından, bankın iddiaçılara məxsus əmlaklarla bağlı hər hansı tələb hüququnun qalmadığı müəyyən edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçılar hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Dövlətin insan hüquqlarının və azadlıqlarının qorunması vəzifəsinin konstitusiya quruluşunun əsaslarına aid olduğunu və bu hüquqların dövlət tərəfindən, o cümlədən, məhkəmə qaydasında müdafiəsini zəruri edir…. Məhkəmə müdafiəsi beynəlxalq hüquqda müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 440.4-cü və «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 74.1-ci maddələrinə dair» xx.xx.2002-ci il taixli qərarı) Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıların hüquqlarının pozulması iş materiallarında olan sübutlarla öz təsdiqini tapdığından sonuncuların pozulmuş hüquqları və qanunla qorunan mənafelərinin real bərpasının təmin olunması baxımından iddia təmin olunmalı, İddiaçı1 məxsus olan Sumqayıt şəhəri, Saray bağlar massivi ünvanında 0.12 ha torpaq sahəsində yerləşən B-3306 nömrəli bağ evi və Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 35 saylı evin 58 saylı mənzili, İddiaçı2 məxsus olan Sumqayıt şəhəri, Saray bağlar massivi, 3306 ünvanında xüsusi mülkiyyətdə olan 0.12 ha torpaq sahəsi, İddiaçı3 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi 12 saylı evin, 43 saylı mənzili və Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi 11 saylı evin 91 saylı mənzili barəsində daşınmaz əmlakın dövlət reyestrində “xxxx” QSC-nin xeyrinə aparılmış ipoteka yüklülüyünə dair qeydiyyatlar daşınmaz əmlakın dövlət reyestrindən çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı1 məxsus olan Sumqayıt şəhəri, Saray bağlar massivi ünvanında 0.12 ha torpaq sahəsində yerləşən B-3306 nömrəli bağ evi və Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 35 saylı evin 58 saylı mənzili barəsində daşınmaz əmlakın dövlət reyestrində “xxxx” QSC-nin xeyrinə aparılmış ipoteka yüklülüyünə dair qeydiyyatlar daşınmaz əmlakın dövlət reyestrindən çıxarılsın. İddiaçı2 məxsus olan Sumqayıt şəhəri, Saray bağlar massivi, 3306 ünvanında xüsusi mülkiyyətdə olan 0.12 ha torpaq sahəsi barəsində daşınmaz əmlakın dövlət reyestrində “xxxx” QSC-nin xeyrinə aparılmış ipoteka yüklülüyünə dair qeydiyyatlar daşınmaz əmlakın dövlət reyestrindən çıxarılsın. İddiaçı3 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi 12 saylı evin 43 saylı mənzili və Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi 11 saylı evin 91 saylı mənzili barəsində daşınmaz əmlakın dövlət reyestrində “xxxx” QSC-nin xeyrinə aparılmış ipoteka yüklülüyünə dair qeydiyyatlar daşınmaz əmlakın dövlət reyestrindən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №2(006)-714/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-714/2021
09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver