Məhkəmə qərarları › İş №2(006)-715/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-715/2021

04.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-715/2021 04.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «sığorta ödənişinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «sığorta ödənişinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı yoldaşı Abdullayev Mehman Kamil oğlu 2019-cu il iyun ayının 6-da mədəaltı vəzinin bədxassəli yenitörəməsi səbəbindən vəfat etmişdir. Ev almaq məqəsidi ilə ipoteka krediti götürmüşlər və iddiaçı ilə Azərbaycan Beynəlxalq Bankı ASC Səbail filialı arasında xx xxxxxx 2018-ci il tarixdə illik faiz dərəcəsi 8 % faiz olmaqla, 204 ay müddətinə 50.000 AZN məbləğində ipoteka krediti rəsmiləşdirilmişdir. Eyni zamanda “xxxx” ASC tərəfindən xx xxxxxx 2018-ci ildə M-Lİ P252098\18 nömrəli kredit götürən şəxslər üçün həyat sığortası şəhadətnaməsi üzrə X2 sığortalanmışdır. Həmin sığorta şəhadətnaməsinə əsasən göstərilən sığorta hadisələrindən biri istənilən səbəbdən ölümdür. Həmin sığorta şəhadətnaməsi üzrə sığorta məbləği 27.000 AZN müəyyən edilmişdir. Yoldaşı vəfat edəndən sonra sığorta ödənişinin ödənilməsi üçün “xxxx” ASC-yə müraciət etmiş, “xxxx” ASC xx xxxxxxx 2019-cu ildə ona ünvanlanan yazılı cavabında bildirmiş ki, Abdullayev Mehman Kamil oğlu ilə sığortaçı arasında sığorta müqaviləsi bağlanılarkən sağlamlıq vəziyyəti barədə məlumat olduğu halda şəhadətnamənin tərkib hissəsi olan ərizə formasında heç bir onkoloji xəstəliyinin olmamasım öz imzası ilə sığortaçıya bəyan etmişdir və buna görə də Abdullayev Mehman Kamil oğlunun vəfat etməsinə görə sığorta ödənişi həyata keçirilə bilməz. Lakin yoldaşı Abdullayev Mehman Kamil oğlu sığorta şəhadətnaməsi bağlanılarkən özünün onkoloji xəstə olmasını bilməmişdir və əgər xəstə olduğunu bilsəydi belə bir ağır yükün altına girməzdi. Birgə nikahdan iki övladları vardır. İddiaçı müəllim işləyir və ipoteka kreditini ödəyə bilmir. Göstərilənlərə əsasən, 27.000 (iyirmi yeddi min) manat məbləğində pulun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Cavabdeh "xxxx" ASC iddia ərizəsinə etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, iddiaçının həyat yoldaşı Abdullayev Mehman Kamil oğlu “xxxx” ASC ilə xx.xx.2018-ci il tarixli, M-Lİ P252098/18 №li İpoteka götürən şəxslər üçün həyat sığortası şəhadətnaməsi bağlayaraq həyatını müvafiq sığorta risklərindən sığorta etdirmişdir. İddiaçı xx.xx.2019-cu il tarixli ərizə ilə “xxxx” Açıq Səhmdar Cəmiyyətinə müraciət edərək həyat yoldaşı M.Abdullayevin ölümü ilə əlaqədar sığorta ödənişinin həyata keçirilməsini xahiş etmişdir. Bu müraciət qeydiyyata alındıqdan sonra M.Abdullayevin sığorta müqaviləsi bağlayarkən “xxxx” Açıq Səhmdar Cəmiyyətinə verdiyi məlumatların düzgünlüyünün yoxlanılması üçün müvafiq tibb müəssisələrinə sorğular verilərək cavab alınmışdır. Məlum olmuşdur ki, sığortalı Mehman Abdullayev sığorta müqaviləsi bağlanarkən özünün səhhəti barədə sığortaçıya yalnış məlumat vermişdir. Bu hal sığortaçıya qanunvericiliyin tələblərinə uyğun olaraq sığorta ödənişinin verilməsindən imtina etməyə əsas yaratdığından ödənişdən imtina edilmiş və iddiaçıya imtina haqqında rəsmi bildiriş məktubu göndərilmişdir. Belə ki, sorğu əsasında AR Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzindən alınmış məktubun məzmununda qeyd olunur ki, "M.K. Abdullayev ilk dəfə ilə xx.xx.2018-ci ildə ümumi zəiflik, qarın nahiyyəsində aörı, iştəhazlıq, çəki itkisi şikayətləri Milli Onkologiya Mərkəzinə müraciət etmişdir, anamnezdən məlum olur ki, şəxs özünün 3 aydır xəstə hesab edir. Xəstə xx.xx.2018-ci il tarixdə Mərkəzi Gömrük Hospitalında müayinə olunmuş və xəstəyə “Pankreans başı törəməsi” diaqnozu qoyularaq xx.xx.2018-ci il tarixdə “Whipple” əməliyyatı icra edilmişdir. Patohistoloji rəy: N 47xx-xx/2018 Duktal Adenokarsinoma (xx.xx.2018 Mərkəzi Gömrük Hospitalı)”. Əməliyyatdan sonrakı diaqnoz: Mədəaltı vəzin xərçəngi, cərrahi əməliyyatdan sonrakı vəziyyət”. Bununla yanaşı M.Abdullayevin adma tərtib edilmiş AZ İİ 025919 №-li ölüm haqqında şəhadətnamədən də görünür ki, o, mədəaltı vəzinin bədxassəli yenitörəməsi səbəbindən xx xxxx 2019-cu il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının xx xxxxxxxx 2014-cü il tarixli Q-21 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası qaydaları”nın (bundan sonra mətndə Qaydalar adlanacaq) 6.6-cı bəndinə əsasən sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onun məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir. Lakin sığorta müqaviləsi bağlanarkən sığortalı M.Abdullayev səhhətinin hazırkı vəziyyəti barədə özünə məlum olanları doğru şəkildə bildirməli olsa da, sığorta müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ərizə formasında sığortaçıya bəyan etmişdir ki, son 3 il ərzində hər hansı xəstəliyə görə tibbi müayinə və ya müalicə olunmayıb, son 12 ay ərzində cərrahi əməliyyat keçirməyib, ərizədə sorğulanan xəstəliklərdən, o cümlədən onkoloji (xoşxassəli və bədxassəli şişlər) xəstəlikdən əziyyət çəkmir (halbuki 2018-ci ildə ona diaqnoz təyin edilib). Bu hərəkəti ilə M.Abdullayev sığortalı olaraq özünün səhhəti barəsində sığortaçıya doğru məlumatlar verməməklə, Qaydaların 9.2.5-ci yarımbəndində göstərilən (9.2.5. sığorta müqaviləsi bağlanarkən sığortalanma haqqında ərizə formasında göstərilən və özünə məlum olan, sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat vermək;) vəzifəsini yerinə yetirməmişdir. O, yalan və yarımçıq məlumat verməyin sığorta ödənişinin imtina üçün əsas olduğu barədə sığortaçı tərəfindən xəbərdar edildiyini müvafiq ərizə formasını imzamaqla təsdiqləmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə etmiş, iddia ərizəsində göstərilənləri təsdiq edərək tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan «xxxx» ASC tərəfindən verilmiş M-Lİ P252098/18 nömrəli, xx.xx.2018-ci il tarixli «İpoteka götürən şəxslər üçün həyat sığortası şəhadətnaməsi»nin surətindən görünür ki, Abdullayev Mehman Kamil oğlu sığorta şirkəti tərəfindən sığortalanmışdır. Həmin şəhadətnamənin şərtlərinə görə sığortalının istənilən səbəbdən ölüm, İİİ dərəcəli əlilliyin təyin edilməsinə səbəb olan bədbəxt hadisə və ya xəstəlik, İİ dərəcəli əlilliyin təyin edilməsinə səbəb olan bədbəxt hadisə və ya xəstəlik, İ dərəcəli əlliliyin təyin edilməsinə səbəb olan bədbəxt hadisə və ya xəstəlik halında sığorta riskinə təminat verilmişdir. Sığorta müddəti xx.xx.2018-ci il tarixdən xx.xx.2035-ci il tarixədək, sığorta məbləği isə 27.000 manat müəyyən olunmuşdur. İşin materiallarında olan «Kredit götürən şəxslərin həyatının müddətli sığortası üzrə ərizə forması»nın surətindən görünür ki, sığortalı Abdullayev Mehman Kamil oğlu həyat sığortası ilə əlaqədar «xxxx» ASC-yə müraciət edərək özünün onkoloji xəstəliklər (xoşxassəli yaxud bədxassəli şişlər), hemofiliya, qan xəstəlikləri, radiasiya nəticəsində yaranmış xəstəliklər, QİÇS/İÇV və immynçatışmazlığı ilə əlaqəli xəstəliklərdən hal-hazırda əziyyət çəkmədiyini və heç vaxt tibbi yardım üçün müraciət etmədiyini bəyan etmişdir. İşin materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi tərəfindən «xxxx» ASC-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli sorğuya cavab məktubunda bildirilir ki, xx.xx.1971-ci təvəllüdlü Abdullayev Mehman Kamil oğlu ilk dəfə xx.xx.2018-ci il tarixdə ümumi zəiflik, qarın nahiyyəsində ağrı, iştahsızlıq, çəki itkisi şikayətləri ilə Milli Onkologiya Mərkəzinə müraciət etmişdir. Anamnezdən məlum olur ki, xəstə özünü 3 aydır ki, xəstə hesab edirmiş. Xəstə Mərkəzi Gömrük Hospitalında müayinə olunmuş və xəstəyə “Pankreas başı törəməsi” diaqnozu qoyularaq xx.xx.2018-ci il tarixdə “Whipple” əməliyyatı icra edilmişdir. Əməliyyat sonrası: mədəaltı vəzin xərçəngi cərrahi əməliyyatdan sonrakı vəziyyət. Xəstə sonrakı müayinə və müalicə üçün MOM-a müraciət etmişdir. Xəstəyə həkim-mütəxəssislər tərəfindən baxılmış, diaqnoz təsdiqlənmişdir. İşin materiallarında olan xx xxxx 2019-cu ildə “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş AZ-İİ № 025919 seriya nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Abdullayev Mehman Kamil oğlu xx xxxx 2019-cu ildə ölmüşdür, bu barədə xx xxxx 2019-cu ildə ölüm haqqında akt qeydləri kitabında 739 nömrə ilə qeyd edilmişdir. Ölüm səbəbi mədəaltı vəzinin bədxassəli yenitörəməsidir. Həmçinin, iş materiallarındakı «xxxx» ASC-nin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, sığorta şəhadətnaməsinin tərkib hissəsi sayılan kredit götürən şəxslərin həyatının müddətli sığortası üzrə ərizə formasında sığortalı Abdullayev Mehman Kamil oğlu sağlamlıq vəziyyəti barədə məlumatlı olduğu halda heç bir onkoloji xəstəliklərinin olmamasını öz imzası ilə təsdiq etmişdir. Bununla da sığortalı Qaydaların 9.2.5-ci bəndində nəzərdə tutulmuş vəzifəsini pozmuşdur. Bu səbəbdən sığorta ödənişi verilə bilməz. İş materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyinin Elektron Məhkəmə sisteminin elekron məlumat bazasında olan məlumata əsasən 12 saylı dövlət X1 X3 Mehman Kamil oğlunun qanun üzrə vərəsəsi təyin olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Abdullayev Mehman oğlunun həyatı «xxxx» ASC tərəfindən M-Lİ P252098/18 nömrəli ipoteka götürən şəxslər üçün həyat sığortası şəhadətnaməsinə əsasən 27.000 (iyirmi yeddi min) manat məbləğində sığortalanmışdır. Abdullayev Mehman Kamil oğlu xx xxxx 2019-cu il tarixdə mədəaltı vəzinin bədxassəli yenitörəməsi səbəbindən vəfat etmişdir. İddiaçı «xxxx» ASC-yə sığorta şəhadətnaməsi üzrə ödənişin aparılması ilə bağlı müraciət etmiş, xx.xx.2019-cu il tarixdə iddiaçının müraciətinə imtina cavabı verilmişdir. İmtina cavabı onunla əsaslandırılmışdır ki, sığorta şəhadətnaməsinin tərkib hissəsi sayılan xx.xx.2018-ci il tarixli kredit götürən şəxslərin həyatının sığortası üzrə ərizə formasında sığortalı ərizədə sorğulanan xəstəliklərinin, o cümlədən onkoloji xəstəliyin olmamasını öz imzası ilə təsdiq etmişdir. Lakin Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi tərəfindən təqdim olunmuş sənədə əsasən sığortalıya 2018-ci ildə mədəaltı vəzin xərçəngi diaqnozu təyin edilmişdir. İrəli sürülən iddia tələbi ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydaları”nın 6.6-cı bəndinə əsasən sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onun məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir. Həmin Qaydaların 18.1.3-cü bəndinə əsasən bu Qaydaların 18.2-ci bəndi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması sığorta ödənişinin verilməsindən imtina edilməsinə əsasdır. Eyni Qaydaların 4.3.4-cü bəndinə əsasən sığortalı onkoloji xəstəliklərdən əziyyət çəkdikdə, onunla sığorta müqaviləsi bağlanmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Qeyd olunan Məcəllənin 922.1-ci maddəsinə görə sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir (həmin Məcəllənin 922.2-ci maddəsi). Həmin Məcəllənin 935.1.8 və 935.1.10-cu maddələrinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi, habelə icbari sığorta qanunlarında nəzərdə tutulmuş digər hallarda sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Bundan əlavə, «Həyat sığortası Qaydaları»nın 7.7.1.-ci bəndinə əsasən sığorta müqaviləsinin bağlanması üçün müraciət Sığortalı tərəfindən Sığortaçıya müəyyən edilmiş yazılı formada ərizə ilə və ya şifahi müraciət edildikdən sonra sorğu vərəqinin doldurulub imzalanaraq sığortaçıya geri qaytarılması ilə rəsmiləşir. Həmin Qaydaların 7.7.2.-ci bəndinə görə Sığortalı sığorta ilə bağlı müraciət zamanı özünə məlum olan bütün zəruri məlumatları Sığortaçıya bildirməlidir. Mülki Məcəllənin 911.2-ci maddəsinə görə sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir. Həmin Məcəllənin 912.1-ci maddəsinə əsasən sığortalı bu Məcəllənin 911.2-ci maddəsinə uyğun olaraq bildirilmiş hallarla bağlı sığorta müqaviləsi bağlandıqdan sonra meydana çıxan bütün dəyişikliklər barədə sığortaçıya və ya sığortaçının adından çıxış edən sığorta vasitəçisinə məlumat verməlidir. İşdən göründüyü kimi sığorta şəhadətnaməsinin ayrılmaz hissəsi hesab olunan ərizə formasında Abdullayev Mehman Kamil oğlu müxtəlif xəstəliklərdən, o cümlədən onkoloji xəstəlikdən əziyyət çəkmədiyini bəyan edərək müvafiq sənədi imzası ilə təsdiq etmişdir. İşin materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, xx.xx.1971-ci təvəllüdlü Abdullayev Mehman Kamil oğlu ilk dəfə xx.xx.2018-ci il tarixdə ümumi zəiflik, qarın nahiyyəsində ağrı, iştahsızlıq, çəki itkisi şikayətləri ilə Milli Onkologiya Mərkəzinə müraciət etmişdir. Xəstə Mərkəzi Gömrük Hospitalında müayinə olunmuş və xəstəyə “Pankreas başı törəməsi” diaqnozu qoyularaq xx.xx.2018-ci il tarixdə “Whipple” əməliyyatı icra edilmişdir. Əməliyyatdan sonra mədəaltı vəzin xərçəngi diaqnozu təyin edilmişdir. Göründüyü kimi Abdullayev Mehman Kamil oğlu istər sığorta müqaviləsi bağlayarkən, istərsə də müqavilə bağlandıqdan sonra özünün xəstəliyi və səhhətində baş vermiş dəyişikliklər haqqında sığortaçıya məlumat verməyərək, qanunvericiliklə onun üzərinə vəzifə kimi qoyulmuş hərəkətləri yerinə yetirməmişdir. Bununla da o, sığortaçını riski öz üzərinə götürməyib müqavilə bağlamaqdan imtina etmək və ya müqaviləni şərtləri dəyişdirilmiş şəkildə bağlamaq imkanından məhrum etmişdir. Mülki Məcəllənin 935.1.6-cı maddəsinə görə sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması halında sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Mülki Məcəllənin 911.2 və 935.1.6-cı maddələrinə uyğun olaraq «xxxx» ASC tərəfindən sığorta ödənişinin verilməsindən qanuni və əsaslı olaraq imtina olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Yuxarıda qeyd olunduğu kimi Abdullayev Mehman Kamil oğlu «xxxx» ASC ilə aralarında bağlanmış olduğu “İpoteka götürən şəxslər üçün həyat sığortası şəhadətnaməsi”nin göstərilən şərtləri ilə razılaşaraq, həmin şəhadətnaməni imzalamışdır. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı «sığorta ödənişlərinin verilməsi tələbi»nə dair iddiası təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddia rədd olunduğundan ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsi də təmin edilməməldir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırda iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu da iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «sığorta ödənişinin ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar