Məhkəmə qərarları › İş №2(006)-717/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-717/2021

01.04.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-717/2021 01.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adixan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, İddiaçı və cavabdeh "Cavabdeh" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "Cavabdeh" ASC-yə qarşı "zaminlik müqaviləsinin ləğv edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "Cavabdeh" ASC-yə qarşı "zaminlik müqaviləsinin ləğv edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC-nin Suraxanı rayon filialından İddiaçı zamin durmaqla X3 oğluna 3750 manat “Bir Kart” sistemi ilə pul götürmüşlər. L.E. Zalıyev hərbiçi idi və onunla bir yerdə işləyirdi. Pul götürdükdən sonra L.E. Zalıyev müəyyən səbəblərə görə tutduğu vəzifədən azad olunduğu üçün kreditin ödənişində gecikmələr baş verdi. Elə bir hal yarandı ki, kredit borcunu İddiaçı kartından tutdular. O, Cavabdeh ASC-nin baş ofisinə müraciət etmiş və oradan ona bildirmişlər ki, bu kreditin götürülməsində zamin durmuş və ona görədə əsas pul götürən ödəmədikdə zamin ödəyir. Onun əsas pul götürən L.E. Zalıyev götürüdüyü pulu tamamilə ödəmədiyindən məlumatı olmamışdır. Bundan sonra o, Cavabdeha gəlmiş və orada ona arayış vermişlər ki, onun zaminlik məsuliyyəti qurtarıbdır. Lakin bu sənədi götürdükdən sonra yenədə onun kartından pul tutulmağa başlanmışdır. Yenidən Cavabdeh ASC-yə müraciət etmiş və oradan ona bildirmişlər ki, ona verilən sənəd yetərli deyildir. Göstərilənlərə əsasən Cavabdeh ASC-nin Suraxanı rayon filialından “Bir Kart” sistemi ilə əsas pul götürən X3 oğluna görə İddiaçı öhdəsinə götürdüyü zaminlik müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsində göstərilənləri təsdiq etdi və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək bildirdi ki, iddiaçı zaminlik müqaviləsinin şərtləri ilə razılaşaraq müqaviləni imzalamışdır. Borclu tərəfindən kart bloka salınmış və bundan sonra zamin banka yaxınlaşaraq zaminliyin olub olmamasını soruşduqda kart blok olduğundan zaminlik bilinməmişdir. Qeyd olunan arayış səhvdir və aktiv borc mövcuddur. Odur ki, iddia tələbi əsassız olduğuna görə təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, işin materiallarında olan kreditor Cavabdeh ASC-nin Suraxanı filialı ilə borclu X3 oğlu arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli **********019444119 saylı kredit müqaviləsinin surətindən görünür ki, Bank borcluya 36 ay müddətinə illik 25% ödəmək şərti ilə 3750 manat məbləğində kredit vermişdir. İş materiallarındakı kreditor Cavabdeh ASC-nin Suraxanı filialı ilə borclu X3 oğlu və zamin İddiaçı arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh ASC-nin Suraxanı filialı ilə borclu X3 oğlu arasında bağlanmış eyni tarixli kredit müqaviləsi üzrə zamin İddiaçı borclu X3 oğlunun bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə, öhdəliklərin icrası üçün borclu ilə eyni həcmdə məsuliyyət daşıması barədə öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan "Cavabdeh" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 521/19 saylı arayışına əsasən İddiaçı xx.xx.2019-cu il tarixinə "Cavabdeh" ASC qarşısında heç bir zaminlik öhdəliyi olmadığı qeyd edilmişdir. İş materiallarında olan "Cavabdeh" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, X3 oğlunun xx xxxxxxx 2020-ci il tarixli, 720 saylı müqaviləyə əsasən Banka əsas borcuna görə 2036,96 AZN, faiz borcuna görə 25,75 AZN, cəmi 2062,71 AZN məbləğində borcu vardır. Beləliklə, işin materiallarından da göründüyü kimi İddiaçı Cavabdeh ASC ilə xx.xx.2018-ci il tarixdə zaminlik müqaviləsi bağlayaraq, həmin Bank ilə borclu X3 oğlu arasında bağlanmış eyni tarixli kredit müqaviləsi üzrə zamin duraraq borclunun bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə, öhdəliklərin icrası üçün borclu ilə eyni həcmdə məsuliyyət daşıması barədə öz üzərinə öhdəlik götürmüşdür. Borclu X3 oğlu kredit müqaviləsi ilə öz üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyinə görə Bank kredit müqaviləsinin şərtlərini əsas götürərək zaminin hesabından müvafiq tutmalar aparmış və bu zaman Bank tərəfindən heç bir qanunun pozuntusuna yol verilməmişdir. Belə ki, Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Qeyd olunan Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Eyni Məcəllənin 474.1 və 474.2-ci maddələrinə əsasən əgər zaminlik müqaviləsindən ayrı qayda irəli gəlmirsə, zamin kreditorun tələbinə qarşı borclunun irəli sürə biləcəyi etirazları irəli sürə bilər. Zamin bu cür etirazlar irəli sürmək hüququnu hətta borclunun onlardan imtina etdiyi və ya öz borcunu etiraf etdiyi halda da itirmir. Zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia irəli sürüldükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur. Göstərilən Məcəllənin 475.1 və 475.2-ci maddələrinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Tərəflər arasında bağlanmış zaminlik müqaviləsinin 9-cu bəndindən görünür ki, kreditor kredit müqaviləsi üzrə əsas və faiz borcları qədər vəsaiti zaminin sərəncamı olmadan, akseptsiz qaydada onun bankdakı cari və ya depozit hesabından bloklaşdıra və tuta (silə) bilər. Yuxarıda qeyd olunduğu kimi İddiaçı zaminlik müqaviləsində göstərilən şərtlərlə razılaşaraq Cavabdeh ASC ilə həmin müqaviləni bağlamışdır. Həmin müqaviləyə əsasən zamin borcalanın bu müqavilə üzrə götürdüyü kredit öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə bank qarşısında borclu ilə birgə məsuliyyət daşıyır. İddiaçı heç kəsin təzyiqi olmadan, könüllü şəkildə Bank ilə zaminlik müqaviləsini bağlamış və zaminlik müqaviləsinin şərtləri ilə tanış olmuşdur. Bundan əlavə, Məhkəmə iddiaçının təqdim etdiyi xx.xx.2020-ci il tarixli arayışına münasibətdə isə bildirir ki, kart bloka salındığından və kart blok vəziyyətində olduğundan "Cavabdeh" ASC tərəfindən İddiaçı belə bir arayış təqdim edilmişdir. Bu halda isə arayış məhkəmə tərəfindən mötəbər sübut kimi nəzərə alına bilməz. Həmçinin məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı kart hesabından çıxarılmış pul vəsaitini gələcəkdə reqres qaydada X3 oğlundan (borcludan) tələb edə bilər. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı "zaminlik müqaviləsinin ləğv edilməsi" tələbinə dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "Cavabdeh" ASC-yə qarşı "zaminlik müqaviləsinin ləğv edilməsi" tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar