Məhkəmə qərarları › İş №2(006)-7289/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-7289/2021

23.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-7289/2021 23.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq İİ qrup əlil kimi 6.600 manat məbləğində sığorta ödənişinin, 86 manat dövlət rüsumunun, hüquqi yardım üçün ödənilmiş 100 manat, cəmi 6.786 manat pul vəsaitinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 04.02.1994-cü il tarixdən 17.10.1994-cü il tarixədək AR Müdafiə Nazirliyinin N №li hərbi hissəsində əsgər kimi həqiqi hərbi xidmət keçmişdir. 30.09.1994-cü il tarixdə döyüş vaxtı yaralanmışdır. AR MN Mərkəzi Hərbi Komissiyasının 07.11.1994-cü il tarixli qərarı ilə hərbi xidmətə yararsız hesab edilmişdir. Yaralanmağının səbəb əlaqəsi “hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” ifadəsi ilə göstərilmişdir. Ona 08.11.2019-cu il tarixdə Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən 2-ci dərəcəli ömürlük (müddətsiz) əlillik qrupu təyin edilmişdir. Lakin bu günə qədər o, 2-ci qrup üçün nəzərdə tutulan sığorta ödənişini ala bilməmişdir. Sığorta ödənişinin ona verilməsi xahişi ilə o, 03.10.2021-ci il tarixdə AR Dövlət Sığorta Kommersiya Şirkətinə ərizə ilə müraciət etmişdir. Lakin müraciəti cavabsız və nəticəsiz qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı xx.xx.1970ci il tarixdə Quba rayonu, Zizik kəndində doğulmuşdur. İddiaçı 1994-cü ildə Quba RHK tərəfindən hərbi xidmətə çağırılmış, döyüş zonasında hərbi xidmət keçmiş və 30.09.1994-cü il tarixdə yaralanmışdır. «Üz çənə nahiyyəsinin soldan dəlib keçən odlu güllə yaralanması nəticəsində (30.09.1994) yuxarı və alt çənənin alveolyar çıxıntısının dağılması, 14 dişin travmatik ekstraksiyası, alt çənə sümüyünün soldan 2 sm sümük defekti nəticəsində dişlərin və çeynəmə funksiyasının mülayim dərəcədə pozulması ilə» diaqnozu ilə müalicə və müayinə olunmuşdur. Həmin yaralanmalar hərbi travma olmaqla, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 22 saylı Zona TSEK-nın arayışından görünür ki, İddiaçı ikinci qrup müddətsiz əlillik dərəcəsi təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 08.11.2019-cu il tarixli çıxarışından görünür ki, İddiaçı «Üçüncü dərəcə əlillik=2.5.15. Çənənin və ya sərt damağın çeynəməni protez təmin etməyən qüsurları (K10.0-K10.9). Yivli tüfəngdən, qırma tüfəngdən və iri çaplı odlu silahdan atəş. Ağız boşluğunu dəlib-keçən, dişlərin tam qırılması, əng çənə sümüklərinin və digər sümüklərin qeyri-düzgün bitişmiş sınıqları, xroniki osteomieliti. Alt çənənin qeyri-düzgün bitişmiş sınığı. Almacıq sümüyü və əngin sınığı qeyri-düzgün bitişmiş sınığı. Üz sinirinin travması. Üz sinirlərinin posttravmatik nevriti, trofiki hissi pozğunluqlar. Digər artrozlar. Hər iki gicgah çənə oynağının artrozu, kəskin ağrı sindromu. Oynaqların kontrakturası. Hər iki gicgah çənə oynağının qarışıq kontrakturası. Oynaqda funksiyanın kəskin pozulması. Xroniki çox ocaqlı osteomielit. Əng və çənə sümüklərinin xroniki osteomieliti funksiya edən fistula. Stenokardiyanın digər fomaları. ÜİX gərginlik stenokardiyası İİ-İİİ f/s. Nevrasteniya. Kəskin asteno-nevrotik sindrom. Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, kökcük ağrı sindromu» diaqnozu qoyulmuşdur. Qeyd olunan travma hərbi travma olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı alınmışdır. İddiaçı İİİ qrup əlillik dərəcəsi təyin edilmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışından görünür ki, İddiaçı təyin edilmiş İİİ qrup əlillik dərəcəsi ilə əlaqədar aylıq 300 manat sosial ödəniş məbləğinin ödənildiyi qeyd edilmişdir. Qeyd olunan məlumatlar müfəssəl şəkildə tibbi sənədlərdə göstərilmişdir. Tibbi sənədlərə əsasən İddiaçı öncə İİ qrup, daha sonra isə keçmiş olduğu müayinələrə əsasən İİİ qrup əlillik dərəcəsi təyin edilmişdir. Əlilliyin səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı aldığı yaralanma, travmadır. Beləliklə, mübahisəsiz qaydada İddiaçı hərbi vəzifəsinin yerinə yetirilməsi zamanı aldığı travma ilə bağlı üçüncü qrup əlillik dərəcəsinin verilməsi təsdiq olunur. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində şəxslərin maddi və sosial deyil, hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların geriyə qüvvəsindən bəhs edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 7.3-cü maddəsinə əsasən mülki hüquq subyektlərinə ziyan vurursa və ya onların vəziyyətini pisləşdirirsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə əsasən hərbi xdmət vəzifələrinin icrası dövründə həlak olmaq (vəfat etmə), xəsarət almaq (yaralanmaq, kontuziya olmaq), səhhəti korlanmaq, hərbi xidmət keçməsi ilə bağlı bədbəxt hadisələr və xəstəliklər ehtimalına qarşı hərbi qulluqçular hərbi xidmətə daxil olduqları andan dövlət tərəfindən məcburi şəxsi Sığortalanmalıdır. Azərbaycan Respublikasının 03.10.1997-ci 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 151-ci maddəsinə əsasən hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Hərbi xidmət keçərkən əmək qabiliyyətini itirmiş şəxslərə qüvvədə olan qanunvericiliyə uyğun olaraq, dövlət tərəfindən sosial təminat zəmanəti verilir. 20.05.1997-ci il tarixdə qəbul edilmiş və 02.08.1997-ci il tarixdə qüvvəyə minmiş «Hərbi qulluqçuların dövlət icbari şəxsi Sığortası haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən hərbi qulluqçuların dövlət icbari şəxsi Sığortası bu Qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, «Sığorta fəaliyyəti haqqında» Qanunu və digər qanunları ilə, müvafiq icra hakimiyyəti orqanlarının bu Qanuna uyğun olaraq qəbul etdikləri normativ aktlarla tənzimlənir. Həmin Qanunun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində Sığorta edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən sığorta hadisələri baş verdikdə Sığorta məbləğinin faizlə aşağıdakı Sığorta ödənişləri verilir: Bənd ç) xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar olaraq Sığorta edilənə xidmətdən (toplanışdan) buraxıldığı gündən üç il müddətində əlillik təyin olunduqda: İİİ qrup — 40 faiz. İddiaçının İİİ qrup Qarabağ əlili olması faktı aşkardır, ona müvafiq qaydada və məbləğdə sığorta ödənişi verilməlidir. Ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsinin verilməsi ilə əlaqədar 86 manat dövlət rüsumu, hüquqi yardımın göstərilməsi ilə əlaqədar isə 100 manat məbləğində pul vəsaiti ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 4.400 (dörd min dörd yüz) manat məbləğində sığorta ödənişi və dövlət rüsumunun əvəzi olaraq 86 manat pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, məhkəmə iddia tələbinin “hüquqi yardıma görə ödənilmiş 100 manat məbləğində pul vəsaitinin tutulması” hissəsinə dair qeyd etməyi zəruri sayır ki, iddiaçı hazırki iddia ərizəsi ilə hüquqi yardımdan istifadə etmədən də, məhkəməyə müraciət edə bilərdi, yəni cavabdeh iddiaçı tərəfindən öz istəyinə görə ona göstərilmiş hüquqi yardıma görə ödənilmiş 100 manat ödəməyə borclu deyildir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 4.400 (dörd min dörd yüz) manat məbləğində sığorta ödənişi və dövlət rüsumunun əvəzi olaraq 86 manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar