Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-734/2021 19.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi ilə İddiaçı X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta məbləğinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 27.01.1993-cü il tarixdən 16.05.1996-cı il tarixədək, 18.03.1997-ci il tarixdən 03.02.2001-ci il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Orqanlarında polis nəfəri kimi xidmət etmişdir. 27.07.1997-ci il tarixdə xidməti vəzifələrin sağlamlığını itirərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Hərbi Həkim Komissiyasının 02.02.2001-ci il tarixli qərarı ilə hərbi xidmətə yararsız hesab edilmiş və AR DİN Gəncə şəhər polis idarəsinin 03.02.2001-ci il tarixli, 17 ş/h nömrəli əmri ilə səhhətinə görə daxili işlər orqanlarından xaric edilmişdir. 2001-ci ildə isə ona 7 saylı Kəpəz Zona TSEK tərəfindən əlilliyin səbəbi «hərbi travmadır, xidməti vəzifələri yerinə yetirərkən alınmışdır» ifadəsi ilə göstərilən 2-ci dərəcəli əlillik qrupu təyin edilmişdir. İddiaçının 2-ci qrup əlillik dərəcəsi hər il təsdiqlənmiş, 12.02.2010-cu il tarixdə isə əlilliyin ömürlük (müddətsiz) olaraq təyin edilmişdir. Lakin iddiaçıya indəyədək «Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin işçilərinin dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş 5 illik əmək haqqının 60%-i miqdarında sığorta ödənişi verilməmişdir. Sığorta ödənişinin verilməsi ilə iddiaçı 13.08.2020-ci il tarixdə cavabdehə ərizə ilə müraciət etmişdir. Müraciətinə cavab olaraq 19.08.2020-ci il tarixli, 07.07.349 №-li cavab məktubunda göstərilmişdir ki, ona 17.05.1999-cu il tarixdə yeni manatla 275 manat sığorta ödənişi ödənilmişdir. İddiaçıya ödənilmiş sığorta məbləği əlilliyə görə yox, aldığı xəsarətə görə ödənilmişdir. Belə ki, həmin vaxt qüvvədə olan «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanunu ilə hərbi qulluqçuların həyatı 5.500.000 (indiki pulla 1000 manat) manat məbləğində sığortalanırdı. Hərbi xidmət dövrü (xidmət vəzifələrin icrası zamanı) ağır xəsarət alanlara isə həmin məbləğin 25%-i miqdarında sığorta məbləği ödənilirdi (köhnə pulla 1.375.000 manat, yeni manatla isə 275 manat). Göstərilənlərə əsasən 2-ci qrup əlilliyə görə «Məhkəmə və mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş 5 illik əmək haqqının 60%-i miqdarında sığorta ödənişinin (həmin məbləğdən əvvəllər ona ödənilmiş 275 manatın çıxılması şərti ilə) cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Sonradan iddiaçı iddia tələbinin təkrar dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 2-ci qrup əlilliyə görə «Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında» AR Qanununda nəzərdə tutulmuş 5 illik əmək haqqının 60%-i miqdarında sığorta ödənişinin (2001-ci ildə AR X2 xaric edilərkən tutduğu vəzifənin və malik olduğu rütbənin bu günə mövcud olan vəzifə və rütbə maaşları nəzərə alınmaq şərti ilə) cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı təkrar dəqiqləşdirilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 27.01.1993-cü il tarixdən 16.05.1996-cı il tarixədək Azərbaycan Respublikası DİN-nin Gəncə şəhər Pİ-nin KŞ-də 03 il, 03 ay, 24 gün, güzəştlə birlikdə 06 il, 07 ay, 18 gün xidmət etmiş, 18.03.1997-ci il tarixdən, 03.02.2001-ci il tarixədək 03 il,10 ay,14 gün, güzəştli 05 il, 11 ay, 05 gün xidmət etmişdir. İş materiallarında olan 02.02.2004-cü il tarixli 56 saylı xəstəlik haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Gəncə ŞPİ-nin polis nəfəri, polis serjantı İddiaçı diaqnozu: keçirilmiş kəllə-beyin travması nəticəsində kəskin ifadə olunmuş asteno-nevrotik sindrom, NSD kardial tip, xroniki hipertrofik rinit. Hərbi travma, xidməti vəzifəsinin icrası zamanı alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kəpəz Zona TSEK-nın TSE-0 seriyalı 204936 nömrəli və TSE-01 seriyalı 876622 nömrəli arayışlardan görünür ki, İddiaçı xidməti vəzifəsinin icrası ilə əlaqədar ikinci qrup əlilidir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin 19.08.2020-ci il tarixli məktubundən görünür ki, Şirkətin elektron informasiya bazasının məlumatına əsasən Gəncə (Nizami) rayon Dövlət Sığorta Filialı tərəfindən 17.05.1999-cu il tarixdə 1.375.000 manat yeni manatla 275 manat sığorta məbləği İddiaçı ödənilmişdir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 1-ci maddəsinə görə “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası bu Qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, "Sığorta fəaliyyəti haqqında”, "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında" Qanunları və digər qanunları ilə, müvafiq icra hakimiyyəti orqanlarının bu Qanuna uyğun olaraq qəbul etdikləri normativ aktlarla tənzimlənir. "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında " Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün məhkəmə və hüquq mühafizə orqanları işçilərinə (sığorta olunanlara) bütün məhkəmə hakimləri, prokurorlar, müstəntiqlər, ədliyyə, miqrasiya orqanlarında qulluq keçən şəxslər, təhqiqat aparan şəxslər, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxslər, fövqəladə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini və milli təhlükəsizliyi təmin edən, gömrük işini həyata keçirən müvafiq icra hakimiyyəti orqanlarının əməkdaşları aid edilirlər. Həmin Qanunun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hər bir məhkəmə və hüquq mühafizə orqanları işçisi onların 5 illik əmək haqqı məbləğində sığorta edilir. Sığorta haqqı sığorta məbləğinin bir faizi miqdarında müəyyən edilir. Müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə sığorta haqqının miqdarı artırıla bilər. Həmin Qanunun 5-ci maddəsinə məhkəmə və hüquq mühafizə orqanları işçilərinin xidmət vəzifələrinin icrası ilə bağlı həlak olması (vəfat etməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması sığorta hadisələri hesab edilir. Sığorta hadisələri baş verdikdə sığorta məbləğindən faizlə aşağıdakı sığorta ödənişləri verilir; a) sığorta olunan məhkəmə və ya hüquq mühafizə orqanlarında xidmətdə olduğu zaman həlak olduqda (vəfat etdikdə) - 100 faiz; b) sığorta olunan xidmətdə olduğu zaman aldığı xəsarət (yaralanma, travma, kontuziya) almağa görə xidmətdən çıxdıqdan sonra üç il ərzində öldükdə - 100 faiz; c) sığorta olunana əlillik təyin olunduqda; İ qrup - 80 faiz; İİ qrup - 60 faiz; İİİ qrup - 40 faiz ç) sığorta olunan: ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda - 20 faiz; yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda - 10 faiz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Göründüyü kimi, qanunvericilikdə sığorta hadisəsi zamanı sığorta ödənişinin əmək haqqının müvafiq faizi nisbətində ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçının isə əmək haqqısı ona ödənilmiş aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusundan ibarət olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı X3 xidmət vəzifələrini yerinə yetirərkən xəsarət almış və nəticədə ikinci qrup əlil olmuşdur. Belə olan halda, iddiaçı haqlı olaraq hazırki tələblə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən müddəlarını əsas götürərək hesab edir ki, 5 illik əmək haqqının 60% miqdarında sığorta ödənişini (2001-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Orqanlarından xaric edilərkən - tutduğu vəzifənin və malik olduğu xüsusi rütbənin bu günə mövcud olan vəzifə və rütbə maaşları nəzərə alınmaq şərti ilə) cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Beləliklə, iddia ərizəsi təmin edilməklə, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 5 illik əmək haqqının 60% miqdarında sığorta ödənişi (2001-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Orqanlarından xaric edilərkən - tutduğu vəzifənin və malik olduğu xüsusi rütbənin bu günə mövcud olan vəzifə və rütbə maaşları nəzərə alınmaq şərti ilə) alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 5 illik əmək haqqının 60% miqdarında sığorta ödənişi (2001-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Orqanlarından xaric edilərkən - tutduğu vəzifənin və malik olduğu xüsusi rütbənin bu günə mövcud olan vəzifə və rütbə maaşları nəzərə alınmaq şərti ilə) alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-734/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-734/2021
19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver