Məhkəmə qərarları › İş №2(006)-737/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-737/2021

16.02.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-737/2021 16.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qızının, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iştirakı ilə ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı “borc müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı "pulun tutulması" tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli 3M-881reyestrli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini, Cavabdeh barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı arasında 7.000 manata dair bağlanmış xx.xx.2018-ci il tarixli 3M-881 reyestli kredit müqaviləsinə əsasən, 21 Saylı Notariat kontorunda 6 ay müddətinə bankda açılmış depozit hesabı ilə borc verilmişdir. Hesab edir ki, yuxarıda qeyd olunan əqd onun ağır vəziyyətə düşməyi və digər tərəfin bundan istifadə etməsi nəticəsində onun üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd kimi qiymətləndirilməlidir. Çünki qeyd olunan əqd əslində məbləğ olaraq düz deyil. Çünki Cavabdeh ona əslində 5.000 azn faizə verib və həmin məbləğdən 600 azn götürüb ona 4.400 manat təqdim edib. 7000 azn ona görə artıq yazdırıb ki, o, faizi gecikdirdiyi təqdirdə ondan müqaviləyə əsasən tələb etsin. O, Cavabdeh aldığı məbləği həmin bankın kamerası altında almışdır. Görüntü vasitəsi ilə Cavabdeh Mən kassadan pulu götürüb ona qaytardığı artıq yazılan məbləği aşkar etmək olar. Ona aldığı gündən aylıq faizlərini ödəmişdir. Fevral ayının 3-ü 2020-ci il tarixdə son ödədiyi faizdən 10 gün sonra, ona Nərimanov Rayon İcra Probasiya Şöbəsindən İcra məmuru Ramiz zəng edib ona məlum etmişdir ki, Cavabdeh ona qarşı icra qeydi verib. O, zəngdən 20 dəqiqə sonra İcra Probasiya Şöbəsinə gedib, icra məmuru Ramiz ilə görüşüb borcun faiz olduğu və onun üçün artıq yazıldığını demişdir. Sorğu yollayıb görüntü vasitəsi ilə məbləğin artıq yazılmasının aşkar olmasının təklifini demişdir. Lakin İcra məmuru razı olmamışdır. Əslində faizə pul verib artıq yazdırıb hər ay faizini alıb, dövlətə də rüsum ödəməyib. Əslində müqavilənin vaxtı çoxdan bitmişdi. Sadəcə onunla başqa mövzuda yaranmış mübahisəyə görə ona qarşı icra qeydi verib. Əgər aybaay faizini almasaydı, müqavilənin vaxtı bitdiyi gündən icra qeydi verərdi. Bütün olanların doğruluğunu isbat etmək üçün, Allanın faizçi oldunu aşkar etmək üçün kamera görüntüsü kifayət edir. Bundan əlavə qeyd edir ki, belə vəziyyətdə olan insan tək o deyil. Bir çox insanlara bu qaydada faizə pul verib, ikiqat yazdırıb. Hamısında da faizlərini alıb, müqavilənin vaxtı bitdiyində aidiyyəti üzrə icra qeydi verir. Belə faizçilər həm vətəndaşları həm də dövləti saxta yolla aldadır. Saxta yolla əldə etdiyi qazancdan yararlanan faizçi ifşa olunmalıdır. Bundan əlavə başqa sübutları var. Məhkəmə zamanı çıxışında sübutlarını təqdim edəcək. Qeyd edir ki, Nərimanov Rayon icra Probasiya Şöbəsinin icra X5 ilə əlbir olub onu narahat edir. O, Allaya əsas borcdan 1.000 azn qaytarmışdır. Sadəcə məcbur qalıb imzaladığı müqaviləyə əsasən İcra Məmuru əlində əsas tutub ona hədə qorxu gəlib psixologiyasını pozur. Həbs etdirəcəyi ilə hədələyir, evinə gəlir narahat edir. O halda evinə gələ bilər ki, o, çağrışa getməsin, ya da zəngi açmasın. Bir sözlə Alla ilə İcra məmuru əlbir olub almadığı borcu ondan tələb edir. Bununla əlaqədar olaraq, 18-ci polis bölməsinə, Bakı Baş Polis İdarəsinə rəsmi qaydada müraciət etmişdir. Haqlı ikən haqsız vəziyyətdə qalmaq ona əzab verir. Çox insanlara oynadığı bu oyunu aşkar edib ifşa etmək lazımdır. Adi bir sorğu vasitəsi ilə neçə insanlara borc adı ilə verdiyi ikiqat yazılan faiz aşkar olar. Qeyd olunanları nəzərə alaraq hesab edir ki, tərəflər arasında bağlanmış müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli 3M-881 reyestrli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini, Cavabdeh qarşı xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. İilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia tələbinin təmin edilməsini, 6000 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumunun cavabdeh İddiaçı Cavabdeh xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə İddiaçı ona qarşı müqavilənin ləğv edilməsi tələbi barədə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Hesab edir ki, onun iddiası əsassızdır. O, Aynur Məmmədovu qonşusu kimi tanımışdır. Sonradan o ondan müxtəlif vaxtlarda borc pul almışdır, hazırki pul məbləği isə Aynurla onun arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən yaranmışdır. Müqavilənin şərtlərindən də göründüyü kimi o, İddiaçı pulu borca vermişdir, ortada heç bir faizdən söhbət gedə bilməz. Pulun faizə verilməsinə dair heç bir sübut yoxdur. Qeyd edir ki, icra qeydinə əsasən işə Nərimanov Rayon İcra Şöbəsində baxılarkən Aynur ona olan 7000 manat borcundan 1000 manatını qaytarmışdır. Hazırda onun ona 6000 manat borcu qalmışdır. Artıq Nərimanov Rayon İcra Şöbəsində olan icra qeydi də geri qaytarılmışdır. Bundan başqa, İddiaçı müqavilənin ləğvi tələbini qoymuşdur. Halbuki müqavilənin müddəti çoxdan bitmişdir. Belə olan halda müqavilənin ləğvindən söhbət gedə bilməz. Hesab edir ki, ilkin iddia tələbi rədd edilməli, qarşılıqlı iddia tələbi təmin edilərək, 6000 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu cavabdeh İddiaçı Cavabdeh xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsini, 6000 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumunun cavabdeh İddiaçı Cavabdeh xeyrinə ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı yuxarıda qeyd olunan məzmunda izahat verərək, ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh yuxarıda qeyd olunan məzmunda izahat vermiş, qarşılıqlı iddianın təmin edilməsi, ilkin iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əsaslandırıcı hissə: İlkin iddia rədd, qarşılıqlı iddia təmin edilməlidir. Belə ki, Cavabdeh ilə İddiaçı arasında notariat qaydasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, “Borc verən” Cavabdeh “Borc alan” İddiaçı 7.000 manat məbləğində pulu borc verməyi, “Borc alan” isə krediti xx.xx.2019-cu il tarixədək “Borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər kredit müqaviləsini imzaları ilə təsdiq etmişlər. Müqavilə Bakı şəhəri 21 saylı Dövlət Notariat Kontorunun notariusu X3 tərəfindən təsdiq edilmişdir. xx.xx.2018-ci il tarixli mədaxil orderindən görünür ki, Cavabdeh tərəfindən müvafiq kredit müqaviləsi üzrə X1 depozit hesabına 7.000 manat məbləğində pul köçürmüşdür. xx.xx.2019-cu il tarixli icra qeydindən görünür ki, borclu İddiaçı 3M-881 reyestrli, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2019-ci il tarixinə yaranmış 7.000 manat məbləğində borc və ödənilmiş 20 manat dövlət rüsumu Cavabdeh xeyrinə tutulmalıdır. Ödəniş qəbzindən (№ 75260) görünür ki, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən qarşılıqlı iddia ərizəsinin verilməsi ilə əlaqədar 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin məhkəmə tərəfindən araşdırılmış halları onda ibarətdir ki, tərəflər arasında xx xxxxxx 2018-ci il tarixdə notariat qaydasında bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı 7000 manat məbləğində borc vermiş, cavabdeh isə həmin məbləği xx xxxx 2019-cu il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Həmin borc müqaviləsi ilə əlaqədar xx.xx.2019-cu il tarixdə verilmiş icra qeydinə görə Cavabdeh xeyrinə İddiaçı xx.xx.2019-cu il üçün vaxtında ödənilməmiş 7000 manat tutulmalıdır. Həmçinin ilkin iddia üzrə cavabdehin izahatına əsasən mübahisəli kredit müqaviləsi üzrə ilkin iddia üzrə iddiaçı tərəfindən 1000 manat məbləğində pulun qaytarıldığı, hazırki borcun 6000 manat məbləğində olduğu müyyən edilmişdir. Göründüyü kimi tərəflər arasında borc müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1 və 740-cı maddələrinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə tərəfindən həmçinin müəyyən edilmişdir ki, ilkin iddianın qanuni əsasını Mülki Məcəllənin 421.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. İş materiallarından göründüyü kimi, İddiaçı qeyd olunanlarla bağlı məhkəməyə heç bir sübutu təqdim etməmiş, ümumiyyətlə ilkin iddianı həmin maddənin dispozisiya şərtlərinə uyğun əsaslandırmamışdır. Belə ki, iddiaçı məhkəmədən tərəflər arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsini xahiş etsə də, iddiada Mülki Məcəllənin 421.2-ci maddəsinin dispozisiya şərtlərinin mövcudluğuna yox, müqavilənin etibarsız hesab edilməsi üçün əsas olan və Məcəllənin 339-cu maddəsində nəzərdə tutulan şərtlərin olmasına istinad etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı “borc müqaviləsinin ləğv edilməsi” tələbinə dair ilkin iddiası rədd edilməlidir. Məhkəmə ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, işin yuxarıda şərh olunmuş hallarından göründüyü kimi tərəflər arasında notariat qaydasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən “Borc verən” Cavabdeh “Borc alan” İddiaçı 7.000 manat məbləğində pulu borc verməyi, “Borc alan” isə krediti xx.xx.2019-cu il tarixədək “Borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, “Borc alan” İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməmiş, onun işdə olan sübutlara əsasən, Cavabdeh 6000 manat məbləğində borcu yaranmışdır. Hazırda, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı iddia ərizəsi ilə müraciət edərək, bağlanmış kredit müqaviləsinin ləğv edilməsini xahiş etsə də, məhkəmə yuxarıda göstərilənlərə əsasən, bu iddianın əsassız olduğu üçün rədd edilməsi qənaətinə gəlmişdir. Beləliklə, cavabdeh müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Bunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən borc müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, borc müqaviləsi üzrə borc verənin borc verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliklərini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. İş materiallarından göründüyü kimi, “Borc verən” Cavabdeh tərəfindən “Borc alan” İddiaçı 7.000 manat məbləğində pulun verilməsi tərəflər arasında notariat qaydasında bağlanmış borc müqaviləsinə və xx.xx.2018-ci il tarixli mədaxil orderinə əsasən öz təsdiqini tapmışdır. Məhkəmə, pulun qaytarılmasına dair sübutetmə yükünün cavabdehin daşıdığını, lakin pulun qalan qisminin onun tərəfindən qarşılıqlı iddia üzrə iddiaçıya qaytarılmasını təsdiq edən sübutların iş materiallarında mövcud olmadığını, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən isə mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamənin tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarıldığını nəzərə alaraq hesab edir ki, mübahisəli müqaviləyə əsasən ilkin iddia üzrə iddiaçıya 7.000 manat məbləğində pulun verildiyi, həmin puldan isə 6000 manat məbləğində pulun ödənilməmiş qaldığı öz təsdiqini tapmışdır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, qarşılıqlı iddia təmin edilməlidir. Həmçinin məhkəmə iddiaçının Cavabdeh qanunsuz əməllərini nəzərə alınmaqla barəsində xüsusi qərardad qəbul edilməsi tələbi ilə əlaqədar qeyd edir ki, bu tələb hüquqi mahiyyəti etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər, yəni məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində xüsusi qərardad çıxarılmasını tələb etməsinə baxmayaraq, bu məsələ prosessual tələb kimi qiymətləndirilə bilməz. Məhkəmə isə məhkəmə araşdırmalarının nəticələrinə əsaslanıb belə qənaətə gəlir ki, cavabdehin hərəkətlərində cinayətin əlamətləri aşkara çıxarılmadığından hazırki mülki iş üzrə xüsusi qərardad qəbul edilməməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair iddiası rədd edilməlidir. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası təmin edilməli, borc üzrə 6.000 manat borc, dövlət rüsumu kimi ödənilmiş 30 manat olmaqla, cəmi 6030 manat məbləğində pul ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tutularaq ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən dövlət rüsumu kim ödənilmiş 10 manat onun özünə aid edilsin. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı "pul" tələbinə dair qarşılıqlı iddiası təmin edilsin. Borc üzrə 6000 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 6030 manat məbləğində pul İddiaçı tutularaq Cavabdeh ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar