Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-739/2021 16.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehlər LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və “xxxx” Sığorta Şirkəti ASC-yə qarşı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər “xxxx” Sığorta Şirkəti ASC-nin ləğvedicisi və “Cavabdeh2" ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondundan müştərək qaydada sığorta hadisəsi nəticəsində əmlakına vurulmuş 15000 (on beş min) manat məbləğində sığorta haqqının və 30 (otuz) manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İsmayıllı rayonu, Tircan kəndində ona mülkiyyət hüququ ilə məxsus olan, 0,3 ha torpaq sahəsinin üzərində yerləşən, 1 mərtəbəli, 4 yaşayış otağı və köməkçi sahələrdən ibarət olan fərdi yaşayış evini xx xxxxxxx 2013-cü il tarixdə Cavabdeh2 ASC-nin İsmayıllı filialında ipoteka qoyaraq, sahibkarlıq məqsədilə 15000 manat məbləğində kənd təsərrüfatı təyinatlı kredit vəsaitinin götürülməsi barədə kredit müqaviləsi bağlanmışdır. Kredit vəsaitini alarkən bankın nümayəndəsi tərəfindən cəlb edilmiş “xxxx” Sığorta Şirkəti ASC tərəfindən ipotekaya qoyulmuş əmlakı 36 ay müddətinə sığortalanaraq “əmlakın yanğın və digər əlavə risklərdən sığorta şəhadətnaməsi” ona verilmişdir. İpotekaya qoyulmuş fərdi yaşayış evində 2015-ci ildə bir neçə dəfə baş vermiş yeraltı təkanlar (zəlzələ) nəticəsində çatlar əmələ gəlmiş, ev yarasız vəziyyətə düşmüşdür. O, bu barədə 2-ci cavabdehə dərhal məlumat vermişdir, çünki kredit vəsaitini və faizlərini o, banka ödəmişdir və bank rəhbərliyi baş vermiş vəziyyətin dəyişkənliyi barəsində ona məliumat verməsini bildirmişdir. O, əslində sığorta təşkilatını rəsmi sənədlər üzrə tanımışdır. Bank rəhbərliyinə məlumat verəndən sonra, yerli icra hakimiyyətinə də müraciət etmişdir. Bank tərəfindən ona bildirmişlər ki, sığorta təşkilatına məlumat verməlidir. O, cavabdeh təşkilata həm şifahi, həm də ərizə ilə müraciət etmiş, əmlakına dəyən zərərin müəyyən edilməsini bildirmişdir. “xxxx” Sığorta Şirkəti ASC tərəfindən xx xxx 2016-cı il tarixli 205 nömrəli cavab məktubu ilə ona sığorta haqqı ödənilməsindən imtina edilmişdir. Sığorta təşkilatı sığorta hadisəsi nəticəsində dəymiş zərərin qiymətləndirilməsi üçün heç bir cəhd göstərməmişdir. Əksinə, o, 2-ci cavabdeh ilə müvafiq razılaşmalar aparmış, nəticədə 2-ci cavabdeh onu kredit borcunun ödənilməməsi iddiası ilə məhkəməyə vermişdir. Sonradan bilmişdir ki, bunların hamısı oyundur, sadəcə olaraq, müxtəlif bəhanələr gətirməlklə əmlakına dəymiş zərəri ödəməkdən yayınmaqla, vurulmuş zərərin ödənilməsi müddətini hal-hazıradək uzatmışlar. Bu faktı Bakı Apellyasiya məhkəməsində apellyasiya şikayətinə baxıldığı zaman müəyyən etmişdir və məhkəmə kollegiyası da “xxxx” Sığorta Şikəti ASC-nin ləğv edilməsi barədə artıq məhkəmə qərarının mövcud olduğunu bildirməklə, işin icraatına xitam vermiş və aidiyyəti üzrə iflas proseduruna nəzarət edən məhkəməyə müraciət etməyi qərara almışdır. Bu faktları cavabdehlər bildikləri halda, sığorta hadisəsindən 4 il keçəndən sonra rəsmi sənədləri məhkəməyə təqdim etmişlər. Bundan sonra İsmayıllı rayonunda dəfələrlə zəlzələlər baş vermişdir. Onun evi tamamilə yarasız vəziyyətə düşdüyündən Prezident sərəncamı ilə Dərpa-tikinti məqsədilə ayrılmış müəyyən pul vəsaiti ilə yanaşı öz maliyyə dəstəyi ilə yaşayış evini yararlı vəziiyyətə salmışdır. Buna baxmayaraq, sığorta hadisəsinin baş verməsi nəticəsində ona dəymiş 15000 manat zərər ona ödənilməlidir. “xxxx” Sığorta Şirkəti ASC-nin (Ləğvetmə Komissiyası) ona sığorta ödənişinin verilməsindən imtina üçün Mülki Məcəllənin 935-ci maddəsində nəzərdə tutulmuş əsaslardan heç biri olmadığından, əmlakına dəymiş zərər cavabdeh tərəfindən ödənilməlidir. Qeyd olunanlara əsasən cavabdehlər “xxxx” Sığorta Şirkəti ASC-nin ləğvedicisi və “Cavabdeh2" ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondundan müştərək qaydada sığorta hadisəsi nəticəsində əmlakına vurulmuş 15000 (on beş min) manat məbləğində sığorta haqqının və 30 (otuz) manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh LPO "Cavabdeh2" ASC-nin nümayəndəsi X3 iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-739/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər LPO Cavabdeh2 ASC və “xxxx” Sığorta Şirkəti ASC-yə qarşı “Sığorta ödənişinin ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata cavabdeh “xxxx” Sığorta Şirkəti ASC-yə münasibətdə xitam verilməsi qərara alınmışdır. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı ******* saylı Çıxarışın surətindən görünür ki, İsmayıllı rayonu, Tircan kəndində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 16 nömrəli reyestr kitabının 35 nömrəli vərəqində ********** nömrə ilə xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. “xxxx” Sığorta Şirkəti ASC-nin Bİ 066263 saylı əmlakın yanğın və digər əlavə risklərdən sığorta şəhadətnaməsindən görünür ki, İddiaçı məxsus 23.700 manat dəyərində İsmayıllı rayonu, Tircan kəndində yerləşən fərdi yaşayış evi 36 ay müddətinə sığortalanmışdır. Sığorta hadisəsi zamanı dəymiş zərərin 63,25%-i ödəniləcəyi qeyd edilmişdir. Rövşən Ağayev, Vüsal Abdullayev, Vüsal Məcidov, Əhməd Əhmədov və Elnarə Əlizadə tərəfindən imzalanara tərtib edilmiş xx.xx.2016-cı i tarixli aktdan görünür ki, İddiaçı İsmayıllı RİH-yə ünvanladığı xx.xx.2016-cı il tarixli ərizəsi ilə əlaqədar yaşadığı evin texniki vəziyyətinə vizual baxış keçirilmişdir. Baxış zamanı vətəndaşa məxsus yaşayış evinin yükdaşıyan və daxili divarlarında müxtəlif ölçülü çatlar müşahidə olunmuşdur. Yaşayış evinə əmlakın yanğın və digər əlavə risklərdən sığorta şəhadətnaməsi verilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-57/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı cavabdeh “xxxx” Sığorta Şirkəti ASC-yə qarşı “Sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7671/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadından görünür ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-57/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş üzrə icraata xitam verilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, Cavabdeh2 ASC-nin “İsmayıllı” filialı ilə İddiaçı arasında bağlanmış kredit müqaviləsinə əsasən, bank tərəfindən İddiaçı 15.000 manat məbləğində kredit ayrılmış, eyni zamanda İddiaçı məxsus İsmayıllı rayonu, Tircan kəndində yerləşən 0,3 ha topraq sahəsi və onun üzərində inşa edilmiş fərdi yaşayış evi bankın xeyrinə ipoteka qoyulmaqla bankın tələb hüququna təminat verilmişdir. Bundan əlavə, “xxxx” ASC tərəfindən xx xxxxxxx 2013-cü il tarixli, Bİ 066263 saylı əmlakın yanğın və digər əlavə risklərdən sığorta şəhadətnaməsi əsasında İddiaçı məxsus fərdi yaşayış evi sığortalanmış, sığorta şəhadətnaməsində sığorta riski qismində yanğın, zəlzələ, fırtına və s. göstərilmişdir. Sığorta müqaviləsinin qüvvədə olduğu dövrdə İddiaçı, ona məxsus fərdi yaşayış evinin divarlarında 2015-ci ildə zəlzələ nəticəsində çatların yarandığını iddia edərək, müvafiq məbləğdə sığorta ödənişinin verilməsi üçün şifahi və yazılı şəkildə sığorta şirkətinə müraciət etmişdir. Lakin, “xxxx” ASC, iddia edilən hadisəyə dair məlumatın sığorta şirkətinə gec verilməsinə əsaslanaraq, sığorta ödənişinin verilməsindən imtina etmişdir. “xxxx” ASC-nin Səhmdarlarının xx xxxxx 2017-ci il tarixli Ümumi Yığıncağının qərarına əsasən “xxxx” ASC-nin könüllü qaydada ləğv edilməsi, sığorta şirkəti ilə sığorta müqavilələrinin bağlanması xx xxxxx 2017-ci il tarixdəndayandırılması könüllü qaydada ləğvetmə haqqında Azərbaycan Respublikası Maliyyə X2 müraciət olunması qərara alınmışdır. Məhkəmə qeyd edir ki, işin araşdırılmasına keçməmişdən əvvəl cavabdehin sığorta müqaviləsi üzrə sığorta ödənişinin verilməsinə dair öhdəlik daşıyıb-daşımaması halı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 833.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 883.3-cü maddəsinin tələblərinə görə sığortaçı icbari sığorta üzrə icbari sığorta növlərinin həyata keçirilməsini tənzimləyən qanunlarda (bundan sonra icbari sığorta qanunları), könüllü sığorta üzrə sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfidir. Həmin Məcəllənin 926.1-ci maddəsinə görə sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Yuxarıda sadalanan qanunvericilk normalarına əsasən müəyyən edilir ki, sığorta müqaviləsi sığortalının sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, zərərin əvəzinin və ya razılaşdırılmış pul məbləğinin müəyyən bir hadisə baş verdikdə ödənilməsinin sığortaçı tərəfindən öhdəlik götürməsini təsbit edən yazılı razılaşmadır. Sığorta müqaviləsi onun iştirakçıları olan sığortaçıya və sığortalıya müəyyən hüquqular və əvzifələr yaradır. Belə ki, sığortaçı sığortalıdan müvafiq sığorta haqqı almaq hüququnu əldə edir və sığorta hadisəsi baş verdikdə sığorta ödənişini ödəmək vəzifəsini daşıyır. İş materiallarından göründüyü kimi iddiaçı ilə cavabdeh LPO Cavabdeh2 ASC arasında sığorta müqaviləsi bağlanmadığından, onların həmin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmamışdır və beləliklə də cavabdeh iddiaçının qarşısında sığorta ödənişini vermək üzrə hər hansı öhdəliyi daşımır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmənin gəldiyi qənaətə görə hazırki iddia əsl olmayan cavabdehə qarşı irəli sürüldüyündən təmin edilə bilməz. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-739/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-739/2021
16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver