Məhkəmə qərarları › İş №2(006)-754/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-754/2023

19.01.2023 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-754/2023 19.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı - İddiaçı iştirakı ilə, İddiaçı müstəqil tələb irəli sürməyən 3-cü şəxs X4 olmaqla, Cavabdehnə qarşı «podrat müqaviləsinin ləğv edilməsi və maddi ziyanın ödənilməsi» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən 3-cü şəxs X4 olmaqla, Cavabdehnə qarşı «podrat müqaviləsinin ləğv edilməsi və maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanan xx.xx.2022-ci il tarixli, 07/XM/22 saylı podrat müqaviləsinin ləğv edilməsi və cavabdehdən maddi zərərə görə 2500 manat, dəbbə puluna görə 515 manat, mənəvi zərərə görə 1700 manat və ödənilmiş dövlət rüsumuna görə 67.15 manat, ümumilikdə 4782.15 manat məbləğin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh ilə xx.xx.2022-ci il tarixdə 07/XM/22 saylı podrat müqaviləsi bağlamışdır. Belə ki, Müqaviləyə əsasən özünə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Hökməli qəsəbəsində 4 sot torpaq sahəsində özü və ailə üzvlərinin yaşamasından ötrü ev tikmək fikrində idi. 2022-ci ilin aprel ayının əvvəllərində sosial şəbəkədə ev tikən şirkətlərlə maraqlanarkən instaqram sosial şəbəkəsində cavabdeh şirkət “X6" MMC adlı təmir tikinti şirkətinin səhifəsində ev tikərək satmaları ilə bağlı reklamları onu cəlb etmişdir. Bununla bağlı səhifədə yerləşdirilmiş 055546-40-23 saylı mobil nömrə ilə əlaqə saxlamış, əlaqə nömrəsinə cavab verən şəxs özünü cavabdeh hüquqi şəxsin rəhbəri olaraq X1 təqdim etmişdir. Həmin şəxsə Hökməli qəsəbəsində özünə məxsus 4 sot torpaq sahəsinin olduğunu və həmin torpaq sahəsində yaşayış evi tikmək istədiyini bildirmişdir. Ondan sonra işin faktiki halı kimi davam edən hadisə iddia ərizəsinə əlavə etdiyi Bakı Şəhəri Nəsimi RPİ-nin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında qeyd edildiyi kimi davam etmişdir. Cavabdehlə olan mülki podrat münasibətlərini rəsmiləşdirməkdən ötrü onunla xx.xx.2022-ci il tarixdə 07/XM/22 saylı podrat müqaviləsi bağlamışdır. Müqavilə bağlandıqdan sonra elə həmin tarixdə yəni xx.xx.2022-ci il tarixdə hissəli şəkildə ünvan 1 ünvanında yerləşən “Neptun market”-də yerləşdirilmiş MilliÖN ödəmə sistemi ilə əməliyyat nömrəsi ********** olan qəbzlə 1000 manat, əməliyyat nömrəsi ********** olan qəbzlə 500 manat, əməliyyat nömrəsi ********** olan qəbzlə 1000 manat olmaqla, cəmi 2500 manat ödəniş həyata keçirmişdir. Ödəniş etdikdən sonra cavabdeh tikintiyə başlamalı, tikintiyə başladıqdan sonra isə qalan 5000 manatı ödəniş etməli idi. Lakin, həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq cavabdeh tərəfindən nə Müqavilə öhdəliyi üzrə tikinti işlərinə başlanılmış, nə də ödədiyi 2500 manatı geri qaytarılmışdır. Belə ki, cavabdehin direktoru X3 onu dəfələrlə müxtəlif bəhanələr gətirərək aldatması, müqavilə üzrə öhədiliyinin icrasından irəli gələrək tikinti işlərinin həyata keçirmək istəməməsi səbəbindən cavabdehdən ödədiyi 2500 manat pulunu məhkəmədən kənar həll yolu ilə geri almağa çalışsa da mümkün olmamışdır. Bununla əlaqədar müvafiq dövlət qurumlarına müraciət edilsə də mübahisəyə dair Müqavilə öhdəliklərinə əməl olunmaması səbəbi ilə aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyəsi edilmişdir. xx.xx.2022-ci il tarixdə 07/XM/22 saylı podrat müqaviləsinin 11.1-ci bəndinə əsasən cavabdeh tərəf öhdəliklərini yerinə yetirməməsi ilə müvafiq bəndin tələblərini pozmuşdur. Belə ki, həmin bəndə əsasən hazırki müqavilə imzalanma tarixindən hüquqi qüvvəyə minir və tərəflərin öz öhdəliklərini verinə yetirilənədək qüvvədədir. Üzərinə düşən öhdəliyi yerinə yetirərək cavabdeh tərəfə 2500 manat ödəniş edildiyi halda, onun tərəfindən isə heç bir tikinti işlərinə başlanılmadan yəni müqavilənin 4-cü bəndi üzrə nəzərdə tutulan heç bir öhdəlikləri yerinə yetirmədən müqavilənin müvafiq bəndi kobud səkildə pozulmuş, bununla da cavabdehlə aralarında olan xx.xx.2022-ci il tarixli, 07/XM/22 saylı podrat müqaviləsinə avtomatik xitam verilmişdir. Müqavilənin 2.2-ci bəndinə əsasən avans ödənişi həyata keçirildikdən sonra “Podratçı” tərəfindən işə dərhal başlanmalı və başlama tarixindən etibarən 120 təqvim günü ərzində tam yerinə yetirilməlidir. Lakin, hazırda 120 təqvim günündən də çox müddət keçsə də cavabdeh tərəfindən öhdəliyinin icrası ilə bağlı heç bir irəliləyiş mövcud deyildir. Müqavilənir 9.1-ci bəndinə əsasən “Podratçı’" tərəfindən Müqavilənin 2.1-ci bəndinə əsasən göstərilmiş işlərin icra müddəti pozulduqda hər gecikdirilmiş gün üçün işlərin hər hansı bir mərhələsinin ümumi dəyərinin 0.1 %-i həcmində "Sifarişçiyə” dəbbə pulu ödəyir. Hazırki müqavilə üzrə də ilkin mərhələ üçün cavabdehə ödənilmiş məbləğ 2500 manat təşkil etdiyindən gün üçün həmin məbləğin də 0.1 %-i 2.50 manat təşkil edir. Müqavilənin rəsmiləşdirilməsi və ilkin ödənişin xx.xx.2022-ci il tarixdən edilməsi baş vermişdir, deməli hazırki dövrə kimi mövcud 206 günə görə cavabdeh ona müqavilə tələbinə əsasən 515 manat dəbbə pulu ödənişi həyata keçirməlidir. Cavabdehin onu belə bir ağır duruma salması, onun təqsirli şəkildə Müqavilənin tələblərini kobud surətdə pozaraq öhdəliyini icra etməməsi və bunun da müqabilində ödədiyi 2500 manat ödənişini qaytarmaması səbəbindən işindən və vaxtından olaraq, müvafıq hüquqi tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarına müraciət etmişdir. Cavabdehin təqsiri ucbatından bütün bu başına gələnlər onun ağır mənəvi sarsıntı, stress və iztirablar çəkməsi ilə nəticələnmişdir. Beləliklə, iddia ərizəsinə əlavə edilən sübutlara və sadalanan qanunvericilik aktlarına istinad edərkən müəyyən olunur ki, cavabden tərəfindən Müqavilə üzrə öhdəliklərini yerinə yetirilməməsi nəticəsində ona maddi zərərə görə 2500 manat, dəbbə puluna görə 515 manat və mənəvi zərərə görə 1700 manat, cəmi 4715 manat məbləğində zərər dəymişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 07/XM/22 saylı Podrat müqaviləsindən görünür ki, cavabdeh iddiaçının tapşırığı ilə iddiaçıya məxsus olan Bakı şəhəri, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən sahəsi 70 m2 olan fərdi yaşayış evinin tikinti-təmir işlərinin icrasını və işlərin nəticəsini iddiaçıya təmir norma və qaydalarının tələblərinə uyğun olaraq, təhvil verməyi, iddiaçı isə həmin işin nəticəsini qəbul etməyi və cəm məbləğin ödənilməsini öhdələrinə götürmüşlər. xx.xx.2022-ci il tarixli, **********, ********** və ********** əməliyyat nömrəli qəbzlərdən görünür ki, iddiaçı tərəfindən 1000 manat, 500 manat və 1000 manat olmaqla, cəmi 2500 manat cavabdehin rəhbəri X3 hesabına ödəniş həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli 07/XM/22 saylı Podrat müqaviləsi bağlanmış və müqaviləyə əsasən cavabdeh iddiaçının tapşırığı ilə iddiaçıya məxsus olan Bakı şəhəri, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən sahəsi 70 m2 olan fərdi yaşayış evinin tikinti-təmir işlərinin icrasını və işlərin nəticəsini iddiaçıya təmir norma və qaydalarının tələblərinə uyğun olaraq, təhvil verməyi, iddiaçı isə həmin işin nəticəsini qəbul etməyi və cəm məbləğin ödənilməsini öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən görüləcək işlərə görə avans qismində 2500 manat cavabdehin hesabına ödəniş edilmiş, lakin cavabdeh tərəfindən hazıradək işlə görülməmişdir. Məhkəmə qeyd edir ki, podrat müqaviləsi iki tərəfin, podratçının və sifarişçinin bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən sifarişçi işi qəbul etmək hüququ və onun razılaşdırılmış muzdunu ödəmək öhdəliyi, podratçı üçün müqavilədə nəzərdə tutulan işi icra etmək öhdəliyi və onun razılaşdırılmış muzdunun ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, ödəniş edilmiş, iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəliyi yerinə yetirməmişdir. Buna görə də məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli 07/XM/22 saylı Podrat müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə ödənilmiş 2500 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış podrat müqaviləsindən irəli gəlir. Belə ki, podrat müqaviləsinin 9.1-ci bəndinə əsasən “Podratçı” tərəfindən Müqavilənin 2.1. bəndində göstərilmiş “işlər”in icra müddəti pozulduqda, (qarşısıalınmaz qüvvənin təsiri və Podratçının günahı olmayan hallar istisna olmaqla), hər gecikdirilmiş gün üçün "İşlər”in hər hansı bir mərhələsinin ümumi dəyərinin 0.1%-i həcmində “Sifarişçi”yə dəbbə pulu ödəyir və dəbbə pulunun ümumi məbləği İşlərin/“İşlər"in hər hansı bir mərhələsinin dəyərinin 10%-indən çox olmamalıdır. Cərimələrin məbləği müəyyənləşdirilmiş maksimum həddə çatdıqdan sonra “Sifarişçi" Müqaviləni ləğv edə bilər. Lakin məhkəmə hesab edir ki, tələb olunan dəbbə pulu məbləği yaranmış borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləğini azaldaraq 200 manat həddində müəyyən edilməklə cavabdehdən tutulması ədalətlidir. İddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsinə hüquqi qiymət verərək, məhkəmə aşağıdakıların qeyd olunmasını zəruri bilir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Konstitusiya Məhkəməsinin göstərilən Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Ali Məhkəmənin Plenumu qeyd olunan Qərarda göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə qeyd edir ki, podrat müqaviləsi üzrə öhdəliyin uzun müddət ərzində icra edilməməsi, habelə ödənilmiş pul vəsaitinin geri qaytarılmaması nəticəsində iddiaçının çəkdiyi mənəvi ağrının (stress-əsəb) hər hansı pul vəsaiti ilə azaldılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə o, təsəlli ala bilər. Məhkəmə hesab edir ki, vurulmuş mənəvi zərərin 300 manat məbləğində pul vəsaiti ilə kompensasiya edilməsi ədalətli və ağlabatandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə iddia tələbinin müqavilənin ləğv edilməsi hissəsinə münasibətdə hesab edir ki, cavabdeh öhdəliyini icra etmədiyi üçün iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 07/XM/22 saylı Podrat müqaviləsi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən edilməli, iddiaçı ilə cavabdeh arasında bağlanan xx.xx.2022-ci il tarixli, 07/XM/22 saylı podrat müqaviləsi ləğv edilməli, cavabdehdən maddi zərərə görə 2500 manat, dəbbə puluna görə 200 manat, mənəvi zərərə görə 300 manat və ödənilmiş dövlət rüsumuna görə 67.15 manat, cəmi 3067,15 manat tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanan xx.xx.2022-ci il tarixli, 07/XM/22 saylı podrat müqaviləsi ləğv edilsin. Cavabdehndən maddi zərərə görə 2500 manat, dəbbə puluna görə 200 manat, mənəvi zərərə görə 300 manat və ödənilmiş dövlət rüsumuna görə 67.15 manat, cəmi 3067,15 manat tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar