Məhkəmə qərarları › İş №2(006)-761/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-761/2023

01.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-761/2023 01.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan anadan olmuş xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün onun xeyrinə Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, birgə nikahdan anadan olmuş xx.xx.2022-ci il təvəllüdlü X3 tibbi müayinə ödənişinə görə xərclədiyi 193 (yüz doxsan üç) manat, müalicə xərclərinə görə xərclədiyi 1150 (min yüz əlli) manat və uşaq 3 yaşına çatanadək iddiaçının saxlanılmasına görə hər ay 100 (yüz) manat pulun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2020-ci il tarixdə nikahlarını rəsmiləşdirərək evlənmişlər. Birgə yaşadıqları dövrdə xx.xx.2022-ci il təvəllüdlü X6 anadan olmuşdur. Cavabdeh iddiaçını uşağı ilə birgə xx.xx.2021-ci il tarixində evdən çıxarmışdır. Uşağı ilə birgə ata evində yaşayır, yəni uşaq iddiaçının himayəsindədir. Aliment ödənilməsi barədə saziş yoxdur. Cavabdeh könüllü olaraq aliment ödəmək istəmir. Ona görə də ondan aliment tutulmasına dair müvafiq məhkəmə qətnaməsi çıxarılmalıdır. Cavabdehin daimi gəliri olmadığına görə ondan sabit pul məbləğində aliment tutulmalıdır. İddiaçı heç bir yerdə işləmir. Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla yüksək gəlir əldə edir. Yəni, onun yüksək məbləğdə aliment ödəməyə imkanı vardır. Ona görə də ondan bir uşağın saxlanması üçün ayda 220 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə baxış iclasına çağrılmış, lakin qabaqcadan məhkəməyə heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Mülki iş üzrə Cavabdeh xx.xx.2022-ci il tarixdə məhkəməyə yazılı ərizə təqdim edərək bildirmişdir ki, o, bundan əvvəlki ailə münasibətlərindən dünyaya gələn uşağına aliment ödəyir, iddiaçı özü də bu haldan məlumatlıdır. İddiaçının hazırki tələbi təmin edilərkən başqa uşağa da aliment verməyini, heç bir yerdə işləmədiyini, maddi vəziyyətinin çətin olduğu nəzərə alınmaqla 150 (yüz əlli) manat məbləğində alimentin müəyyən edilməsinə etirazı yoxdur. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin ərizəsini, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı iddia tələbi qismən təmin edilməlidir. Mülki işin materiallarında olan 3 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 19 fevral 2020-ci il tarixli, AZ-İİ № 393492 seriyalı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə Məmmədova (Əsgərova) Afaq Novruz qızı arasında xx.xx.2020-ci il tarixdə nikah bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 485 № ilə qeyd aparılmış, nikah bağlandıqdan sonra arvada “Əsgərova” soyadı verilmişdir. Mülki işin materiallarında olan 3 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 13 may 2022-ci il tarixli, AZ-İV № 736203 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 20 aprel 2022-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. Mülki işin materiallarında olan 22 noyabr 2022-ci il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə əvvəlcədən məktub vasitəsilə məlumatlandırılmasına baxmayaraq 22 noyabr 2022-ci il tarixində saat 16:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiya dair xərci ödəmişdir (Mediator: D.Əfrasiyabova). Mülki işin materiallarında olan “X2” MMC tərəfindən verilən 10458 №-li qəbzdən görünür ki, iddiaçı tərəfindən qeysəriyyə əməliyyatı ilə bağlı 1150 manat məbləğində pul ödənilmişdir. Mülki işin materiallarında olan X8 tərəfindən verilən qəbzdən görünür ki, İddiaçındın qan analizləri götürülmüşdü. Mülki işin materiallarında olan “X2” MMC tərəfindən verilən Epikrizdən görünür ki, 1991-çi il təvəllüdlü İddiaçı İMC 1 klinikasının Doğum şöbəsinə 38 h/hamiləlik diaqnozu ilə qəbul olunmuşdur. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Cavabdeh aşağıda qeyd edilən qurumda işləyir: 1. İşəgötürən: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********), vəzifə: bank müdiri, əmək haqqı: 900 manat. Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə görə, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının «Uşaq Hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüquq vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətini inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifələridir. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə xx.xx.2020-ci il tarixdə nikah bağlamışdır. Birgə yaşadıqları dövrdə xx.xx.2022-ci il təvəllüdlü X6 anadan olmuşdur. İddiaçı ilə cavabdehin birgə nikah münasibətlərindən bir övladları anadan olmuş, sonradan tərəflərin münasibətləri pozulmuş və onlar ayrı yaşamışlar. Hazırda iddiaçı 20 aprel 2022-ci ildə anadan olmuş qızı X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün aylıq 220 manat və uşaq 3 yaşına çatanadək özünün saxlanılmasına görə hər ay 100 manat alimentin, tibbi müayinə ödənişinə görə xərclədiyi 193 manat, müalicə xərclərinə görə xərclədiyi 1150 manat pulun cavabdehdən alınaraq ona verilməsini məhkəmədən tələb edir. Həmçinin, məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdeh əvvəlki nikahından xx.xx.2015-ci il təvəllüdlü X7 doğulmuşdur. Hal-hazırda cavabdehin dediyinə görə xx.xx.2015-ci il təvəllüdlü X1 üçün ona aliment ödəyir. Həmçinin, ərizədə cavabdeh işləmədiyini qeyd etsə də, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində bank müdiri vəzifəsində çalışır və aylıq 900 manat məbləğində əmək haqqı alır. “Azərbaycan Respublikasında 2022-ci il üçün “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa görə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 (yüz doxsan üç) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə Ailə Məcəlləsinin 75-ci maddəsinə və “Yaşayış minimumu haqqında” Qanuna əsasən, eyni zamanda uşağın mənafeyini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi “birgə nikahdan doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün onun xeyrinə Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulması” hissəsində əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etdiyinə görə, aliment həmin tarixdən 193 (yüz doxsan üç) manat məbləğində tutularaq İddiaçı ödənilməli və alimentin tutulması xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 81.1-ci maddəsinə əsasən, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2-ci maddəsinə əsasən, valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3-cü maddəsinə əsasən, məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. 84.2.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ərarvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Məhkəmə iddiaçının müalicə xərclərinə görə cavabdehdən əlavə xərclərin tutulması hissəsində qeyd edir ki, yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında əldə edilən sazişlə həll edilə bilər. Valideynlər və onlarla uşaqlar arasında belə saziş olmadıqda, məhkəmə valideynlərdən hər birini əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. Valideynlər uşaqlara görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, uşağı saxlayan şəxslər məhkəmədə iddia qaldıra bilər. Bu halda valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X3 doğuşu ilə bağlı qeysəriyyə əməliyyatı keçirilmiş və ona görə də 1150 (min yüz əlli) manat pul iddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə hesab edir ki, bu əməliyyata görə xərclənmiş vəsait hər iki valideyn üzərinə qoyulmalıdır. Bu halda qeysəriyyə əməliyyatına görə ödənilmiş 1150 manat yarısı, yəni 575 manat məbləğində vəsait cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin qan analizlərə görə xərclədiyi 193 (yüz doxsan üç) manat pulun Cavabdeh tutulması hissəsində qeyd edir ki, həmin xərclər iddiaçı X4 müayinəsi ilə bağlı ödənilmişdir. Buna görə də həmin xərclər ona aid edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən uşağın 3 yaşı olanadək ona baxmasına görə hər ay 100 manat məbləğində pulun tutulması hissəsində qismən təmin edilməli, yəni 50 manat məbləğində tutulmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 234.2.1-ci maddəsinə əsasən, qətnamə alimentin ödənilməsi ilə bağlı hissələrdə dərhal icra edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Birgə nikahdan doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment və xx.xx.2022-ci il təvəllüdlü X3 3 yaşına çatanadək iddiaçının saxlanılması üçün hər ay 50 (əlli) manat, cəmi 243 (iki yüz qırx üç) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması xx.xx.2022-ci il tarixdən hesablansın. Alimentə dair hissə dərhal icra edilsin. Müalicə xərclərinə görə xərclənən 575 (beş yüz yetmiş beş) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar