Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-763/2021 14.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı «əmlak» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «əmlak» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cehiz-zinət əşyalarının Cavabdeh alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə el adəti ilə 2012ci ildə toy edərək faktiki nikaha daxil olmaqla, ailə qurmuşdur. Onların faktiki nikahlarından bir qızları, xx.xx.2013-cü il təvəllüdlü X3 doğulmuşdur. Cavabdehlə bir-birilərini daha yaxından tanıdıqlarına və o, cavabdehə inandığına görə sonuncu ilə faktiki nikaha daxil olmuşdur. Cavabdeh onun inamını doğruldaraq toy etsə də, sonradan kənar təsirlərə məruz qalaraq nikahlarını rəsmiləşdirmək istəmədiyindən, aralarında əmələ gələn soyuqluq sonradan ayrılmalarına gətirib çıxarmışdır. Ona görə də, məhkəmə yolu ilə atalığın müəyyən edilməsi ilə qızlarına doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsi düzəltməli olmuşdur. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Cavabdehin nümayəndəsi və vəkili X2 məhkəməyə ərizə təqdim edərək, mülki işə iddiaçının iştirakı olmadan baxılaraq, yekun məhkəmə aktının çıxarılmasını tələb etdi. Məhkəmə qeyd olunanları nəzərə alaraq, mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Cavabdeh məhkəməyə iddiaya etiraz göndərmiş və bildirmişdir ki, iddianı qəbul etmir. İddia ərizəsi tam absurd və əsassızdır. Yalan olduğu qədər həm də məntiqsizdir. O, 2012-ci ildə İddiaçı ilə faktiki nikah münasibətlərinə daxil olaraq ailə həyatı qurmuşdur. Faktiki nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X3 adlı bir övladları olmuşdur. Nikaha girdikləri ilk vaxtlardan onun anasının ailələrinə ciddi müdaxiləsi olmuşdur. Həmin müdaxiləni aradan qaldırmaq üçün çox çalışsa da, heç bir nəticəsi olmamışdır. Evliliklərindən bir müddət sonra işləmək üçün Türkiyə Respublikasına getmişlər. İddiaçı da ondan əvvəl Azərbaycana qayıdıb və birdəfəlik valideynlərinin yanına gedib. O da qayıtdıqdan sonra ailələrini bərpa etməyə çalışmamışdır. Belə ki, yuxarıda qeyd etdiyi kimi, iddiaçının anası ilə anlaşmaq qeyri-mümkündür, iddiaçı da onun təsirindən çıxmır. Bir müddət sonra ailə həyatı qurmuşdur, artıq bir övladı da var. İddiaçı da bu məsələni keçən il öyrəndikdən sonra iddiaçının qardaşı «Qazel» markalı avtomobillə gəlib, onlarda qalan əmlaklarını da götürüb aparmışdır. Həmin əmlakların nədən ibarət olması barədə anlayışı yoxdur. İddiaçının onda heç bir əmlakı qalmayıb. Ən maraqlısı isə ondan ibarətdir ki, iddiaçının iddia ərizəsində göstərdiyi əmlaklar onların istifadəsində olan, yəni yaşadıqları mənzillərin heç birinə sığmazdı. Maddi imkanları çox aşağı səviyyədə olan bir ailənin bu qədər əmlaka sahib olması, əmlakların bir qismini apardıqdan sonra bu qədər əmlakın onda qalması ağlabatan bir məsələ deyil. Həmçinin qızıl-zinət əşyaları barədə onu deyə bilər ki, həmin qızıl-zinət əşyaları ümumiyyətlə onda olmamışdır, heç vaxt da həmin əşyaları iddiaçıdan tələb etməmişdir. İddiaçı 4 il bundan öncə çıxıb gedib, gedəndə də yəqin ki özü ilə aparıb. Bu səbəbdən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili X2 məhkəmə iclasında iddianı qəbul etmədi, məhkəməyə təqdim olunmuş iddiaya etirazın məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, tərəflərin faktiki münasibətlərindən doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X3 adlı bir övladları var. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 74 adda əmlak, 10 adda qızılzinət əşyalarının ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı məhkəməyə iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etməmişdir. İddiaçının izahatında qeyd etdiklərini nəzərə alaraq, onun irəli sürdüyü tələblər aşağıdakı kimidir: 1) Cehizlərinin ona qaytarılması; 2) Qızıl-zinət əşyalarının ona qaytarılması; 3) Atasının ona verdiyi, kassada saxladığı pulun ona qaytarılması; 4) Övladı doğularkən sərf etdiyi vəsaitin ona qaytarılması. İddiaçı iddia tələblərinin əsası kimi hallara – yəni, cehizlərinin, qızıl-zinət əşyalarının, kassaya yığdığını iddia etdiyi pul məbləğinin cavabdehdə qalması, həmçinin övladı doğularkən 1.500 manat vəsait sərf etməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı qızıl-zinət əşyalarının cavabdehdə olması tələbinin əsası kimi məhkəməyə qayınanasının fotoşəklini, həmçinin özünün toyda olan fotoşəklini təqdim etmiş, toyda üzərində olan qızıl-zinət əşyası ilə qayınanasının üzərində görünən qızıl-zinət əşyasının eynilik təşkil etdiyini bildirmişdir. Lakin, həmin fotoşəkillərdə özü və qayınanasının üzərində olan qızıl-zinət əşyalarının eyni qızıl-zinət əşyası olduğunu müəyyən etmək mümkün deyil. İddiaçı bütün cehiz əşyalaranın ona qaytarılmasını tələb etdiyi halda, verdiyi izahatda bildirmişdir ki, bəzi cehiz əşyaları ona qaytarılmışdır, indi bunu xatırlayır. Lakin həmin əşyaları adbaad göstərməmiş, iddia tələbinin cehiz əmlaka aid hissəsinə münasibətdə iddia tələbinin dəqiqləşdirilməsi, yaxud iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim etməmişdir. İşin bu halı, iddiaçının cehiz əmlakla bağlı tələbində ən azından səmimi olmadığını nümayiş etdirir. Digər tərəfdən, cavabdehin izahatından müəyyən olunur ki, iddiaçının qardaşı yük avtomobili ilə gələrək, uzun müddət öncə bütün cehiz əmlakı götürərək, aparmışdır. Evdə iddiaçıya aid heç bir cehiz əmlak qalmamışdır. Cavabdehin məhz bu izahatından sonra iddiaçı bəzi cehiz əmlakın ona qaytarıldığını etiraf etmişdir, bu isə onu açıq şəkildə göstərir ki, iddiaçı iddianın cehiz əmlaka dair hissəsində qeyri-səmimidir. İddiaçı atasının ona verdiyi və kassada saxladığı pulun cavabdeh tərəfindən götürüldüyünü bildirir. Lakin, iddia qeyd olunan hissədə də, hər hansı əsaslı sübuta söykənmir. İddiaçı bu illər ərzində iddiasında qeyd etdikləri ilə bağlı hər hansı hüquq mühafizə orqanına müraciət etməmişdir. Həmçinin, iddiaçı cavabdehdən öncə vətənə qayıdaraq, yaşadığı evi tərk edib gedərkən, həm qızıl-zinət əşyalarını, həmçinin pul vəsaiti mövcud olmuşsa, həmin vəsaiti götürmək imkanına malik olmuşdur. İddiaçıya özü ilə apara biləcəyi qızıl-zinət əşyalarını və mövcud olmuşsa, pul vəsaitini götürməsi üçün kimsə maneə yaratmamışdır. İddiaçının övladı doğularkən 1.500 manat pul sərf etməsi ilə bağlı qeyd etdiklərinə məhkəmə tənqidi yanaşır. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi xx.xx.2021-ci il tarixli 44 saylı arayışdan görünür ki, o, xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixədək Horadiz şəhər xəstəxanasının cərrahiyyə şöbəsində əməliyyat olunmuş və stasionar müalicə almışdır. Diaqnozu Pataloji hamiləlik, 39-40 həftəlik. Alın gəlişi. İri döl. Göründüyü kimi, iddiaçı dövlət xəstəxanasında cərrahiyyə əməliyyatı olunmuş və stasionar müalicə almışdır. Dövlət xəstəxanalarında xidmət ödənişsizdir. İddiaçı ödəniş etməsinə dair hər-hansı ciddi hesabat sənədi (kassa mədaxil orderi, qəbz, çek və s.) təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «əmlak» tələbinə dair iddiası rədd edilməlidir. İddiaçı dövlət rüsumu ödəməkdən azad edilmiş şəxsdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «əmlak» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-763/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-763/2021
14.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver