Məhkəmə qərarları › İş №2(006)-785/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-785/2025

14.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-785/2025 14.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Malı̇ yyə Nazı̇ rlı̇ yı̇ nə qarşı "mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı cavabdeh Azərbaycan Respublikasının Malı̇ yyə Nazı̇ rlı̇ yı̇ nə qarşı "mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami RPİ-nin 23-cü PB-nin xx.xx.2023-ci il tarixli, EXP ******* nömrəli protokolu və onun əsasında yazılmış xx.xx.2023-ci il tarixli, EPQ ******* nömrəli Qərar qəbul edilmişdir. Qanunsuz olan bu protokol və protokol əsasında qəbul edilmiş qərar Nizami rayon məhkəməsinin xx.xx.2024cü il tarixli, 3(007)-61/2024 saylı qərarı ilə ləğv edilmiş və məhkəmə qərarı qanuni qüvvəsini almışdır. Bundan sonra iddia ərizəsi ilə iddiaçıya dəymiş mənəvi zərərin ödənilməsi tələbi ilə Nizami rayon məhkəməsinə müraciət etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Bakı Apelyasiya məhkəməsinin xx.xx.2024 -cü il tarixli qətnaməsi ilə Nizami rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi qüvvədə saxlanılmışdır. Hər iki məhkəmədə qeyd edir ki, iş üzrə cavabdeh Maliyyə Nazirliyi olmaqla iddia qaldırılması bildirilmişdir. İddiaçı hazırki iddia ilə məhkəməyə ona görə müraciət edir ki, əsassız protokol tərtib edən inspektor bundan sonra bu kimi qanunsuzluqlara yol verməsin. İddiaçı ilkin iddia ərizəsi üzrə cavabdehin əməllərindən ciddi şəkildə izdirablar keçirmiş, onun tərtib etdiyi protokola görə uzun-uzadı məhkəmə proseslərinə cəlb edilmişdir. Burada sual yaranır ki, niyə görə o, polis idarəsi tərəfindən edilmiş qanunsuzluqlara görə əzab və əziyyətlər çəkməlidir? Ona görə də bu kimi qanunsuz hərəkətlər edərək vətəndaşı incidən ona qarşı əsassız və qanunsuz mövqe nümayiş etdirərək heç bir sübut, fakt, əsas olmadan cərimə tətbiq edilməsi barədə protokol, təhbeh vermə haqqında qərarlar tərtib edən cavabdeh iddiaçıya maddi və mənəvi təzminat ödəməlidir. İddiaçı bununla əlaqədar olaraq məhkəməyə müraciət edir və bunun sonuna qədər hüquqi mübarizəsini davam etdirəcəyini bəyan edir. Əlavə olaraq, belə bir qanunsuz qərar hər hansısa inzibati orqan tərəfindən Avropa və Amerikada və ya yaxın Türkiyədə qəbul edilmiş olmuş olsa idi və həmin qanunsuz qərar məhkəmə tərəfindən ləğv edilərdisə, orada vətəndaşa 10 min və daha çox kompensasiya və mənəvi zərərin əvəzi olaraq pul ödənişi edilərdi. Təəssüf ki, məhkəmə rüsumları həddindən artıq qaldırıldığına görə iddiaçı da məcbur olub mənəvi zərərə görə 5010 manat pul vəsaiti qoyaraq iddia qaldırır, əvvəlki dövr olmuş olsa idi, o, 10 min və daha çox mənəvi zərərin əvəzinin ödənilməsini tələb edərdi. Məhkəməyə əlçatımlılığın rüsumlarla məhdudlaşdırılması olduğundan az miqdar mənəvi zərərlə bağlı iddia qaldırmışdır. Göstərilənlərə əsasən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən iddiaçıya dəymiş mənəvi zərərə görə 5.010 (beş min on) manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumuna görə 71 manat pulun tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. 3.Cavabdeh Azərbaycan Respublikasının Malı̇ yyə Nazı̇ rlı̇ yı̇ etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iş materiallarından göründüyü kimi İddiaçı Bəxtiyar oğlu Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşı tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarını əsas göstərərək maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə çıxış edərək Azərbaycan Respublikasının Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini ərizəsində qeyd etdiyi kimi hüquq pozuntusunu törədən quruma deyil, Maliyyə Nazirliyinə yönəltmişdir. İddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Bundan başqa, iddiaçı maddi və mənəvi zərərə məruz qaldığını bildirsə də, bu zərərin məhz Azərbaycan Respublikasının Malı̇ yyə Nazı̇ rlı̇ yi tərəfindən vurulması ilə bağlı heç bir sübut göstərməmişdir. Belə ki, eyni predmet və əsaslar üzrə mübahisəyə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsində mülki işə baxılarkən iddiaçı Maliyyə Nazirliyi tərəfindən ona qarşı hüquqa zidd əməlin törədilməməsini və Maliyyə Nazirliyinin cavabdeh qismində tanınmasına etiraz etmişdir. İddia tələbinin əsası kimi göstərilmiş xüsusatların real faktları deyil, sadəcə ehtimalları özündə əks etdirməsi iddia ərizəsinin əsaslılıq meyarlarına uyğun olmadığını aşkar edir. Göstərilənlərə əsasən İddiaçı Azərbaycan Respublikasının Malı̇ yyə Nazı̇ rlı̇ yinə qarşı mənəvi zərərin ödənilməsi iddia tələbinin tam həcmdə rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 4.Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında qeyd etdi ki, Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin protokolu və qərarı əsassız olmuş və məhz buna görə də Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə ləğv edilmişdir. Tək adıçəkilən protokol deyil, barəsində adıçəkilən orqan tərəfindən bir çox əsassız protokol və qərarlar qəbul edilmişdir. Buna görə də onlarla məhkəmə proseslərində iştirak etməyə məcbur qalmışdır. Bununla da onun psixikasında ciddi problemlər yaranmağa başlamışdır. Hazırda bu səbəbdən psixotrop dərmanlar qəbul edir. Odur ki, bütün bu qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. 5.Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 6.Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 7.Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(007)-61/2024 saylı Qərarı ilə Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan İddiaçı tərəfindən verilən şikayət təmin edilərək, sözügedən qərar ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. 8.Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-1365/2024 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə və Bakı şəhəri Nizami RPİ 23-cü Polis Bölməsinə qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi cəlb edilməklə “Bakı şəhəri Nizami rayon Polis İdarəsi və Nizami rayon RPİ 23-cü PB-dən müştərək qaydada ona dəymiş mənəvi zərərə görə 1000 (bir min) manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumuna görə 30 manat pulun alınaraq ona ödənilməsi” barədə iddia tələbi təmin edilməmişdir. 9.Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)- 5014/2024 saylı qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-1365/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 10.Media-Art Bakı Sağlamlıq Mərkəzi tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 55 nömrəli Arayışdan görünür ki, xx.xx.2024-cü ildə “X3 Sağlamlıq Mərkəzi”nə müraciət etmişdir. Müayinə zamanı həkim-psixiatr tərəfindən orta dərəcəli depressiv epizod və üzvi pozğunluqları və ya xəstəliklərlə əlaqədar olmayan seksual disfunksiyalar diaqnozları qoyulmuş və intensiv müalivə təyin edilmişdir. Hal-hazırda psixi vəziyyəti qənaətbəxşdir, ambulator müalicə davam etdirilir. 11.İddiaçı tərəfindən məhkəməyə təqdim edilən tibbi sənədlər və ödəniş qəbzlərinin surətləri. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 12.Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı barəsində Bakı şəhəri Nizami RPİ-nin 23cü PB tərəfindən xx.xx.2023-cü il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, iddiaçı həmin qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət vermiş, həmin məhkəmənin xx.xx.2024-cü il tarixli, 3(007)-61/2024 saylı Qərarı ilə Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB tərəfindən xx.xx.2023-cü il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. 13.İddiaçı bundan sonra cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə və Bakı şəhəri Nizami RPİ 23-cü Polis Bölməsinə qarşı Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB tərəfindən xx.xx.2023-cü il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi nəticəsində ona mənəvi zərərin vurulmasına dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmiş, lakin məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(007)-1365/2024 saylı qətnaməsi ilə iddia tələbi cavabdehlərin subyektiv cavabdeh olmamaları əsası ilə rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-5014/2024 saylı qətnaməsi ilə sonuncu qətnamə dəyişdirilmədən saxlanılmışdır. 14.Hazırda iddiaçı Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri nəticəsində onun təkcə iddia tələbində qeyd edilən xx.xx.2023-cü il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla deyil, eyni zamanda bunun kimi bir çox əsassız protokol və qərarlar qəbul edildiyini, bununla bağlı bir çox məhkəmə proseslərində iştirak etməyə məcbur qalması və nəticədə psixikasında ciddi problemlər yarandığını iddia edərək ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 5010 manat məbləğində pul vəsaitinin və həmçinin, ödədiyi dövlət rüsumunun ona ödənilməsini xahiş edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 15.Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİİ hissəsinə əsasən hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. 16.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.2-ci maddələrinin tələblərinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 17.Həmin Məcəllənin 1096, 1097.1-ci maddələrinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 18.Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi, törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə hüquqpozan şəxsin təqsiri olmalıdır. 19.Həmin Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlətorqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. 20.Həmin Məcəllənin 1101-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. 21.Göstərilənlərlə yanaşı, məhkəmə hesab edir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi nəinki onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi, həmçinin ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyrimaddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür. 22.Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında Azərbaycan Respublikası Qanununun birinci maddəsinin 8-ci hissəsində şəxsin barəsində ictimai işlər, inzibati həbs və ya cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməsi qeyd edilmişdir. 23.Həmin Qanunun 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş aşağıdakı hallarda, miqdarda və qaydada ödənilməsi hüququ təsbit edilmişdir: 1) bəraətverici hökm çıxarıldıqda; 2) cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda; 3) inzibati xəta haqqında işə xitam verildikdə yaranır. 24.«Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002ci il tarixli qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. 25.«Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. 26.İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindənasılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X1rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir. 27.Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»: 13-cü bənd. Mənəvi zərərə aid məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. 28.Məhkəmə hesab edir ki, İddiaçı barəsində Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis Bölməsi tərəfindən qanunsuz qərar qəbul edilməsi sübuta yetirildiyindən, həmin orqan tərəfindən iddiaçıya qarşı mülki hüquq pozuntusunun törədilməsi işin mübahisəsiz halıdır. 29.Məhkəmə İddiaçı barəsində Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis Bölməsi tərəfindən qanunsuz qərar qəbul olunduğuna görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikası dövlət büdcəsindən ona dəymiş maddi və mənəvi zərərə görə təzminat tələb etmək hüququndan istifadə edərək qaldırdığı iddiasına hüquqi qiymət verərək hesab edir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyriqanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyri-maddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyri-mümkün və ya qeyriadekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər. 30.İddia tələbinin iddiaçıya dəymiş mənəvi zərərin onun xeyrinə tutulması hissəsinə münasibətdə qeyd edilməlidir ki, işin mübahisəsiz halıdır ki, iddiaçı barəsində qanunsuz olaraq hazırki iş üzrə 1 dəfə (izahatına əsasən bir neçə dəfə) inzibati xəta haqqında qərar çıxarılması onda inamsızlıq, narahatlıq, məyusluq hissləri yaratmış və iddiaçıya stress, əzab-əziyyət vermiş, şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. Lakin məhkəmə hesab edir ki, ona vurulmuş mənəvi zərərin əvəzinin 5010 manat məbləğində qiymətləndirilməsi mümkün deyil. 31.Belə ki, məhkəmə mənəvi zərərin ödənilməsinin məqsədinin şəxsi zənginləşdirmək deyil, onu mənəvi cəhətdən rahatlaşdırmaq olmasını vurğulayaraq və iş üzrə bütün digər diqqətəlayiq halları (aparılmış icraatın xarakterini və s.) nəzərə alaraq hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin 500 manat məbləğində qiymətləndirilməsi daha ədalətli və ağlabatandır. Buna görə də məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi kimi 500 manat məbləğində pul İddiaçı xeyrinə ödənilməlidir. 32.Bundan əlavə isə məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə ona məxsus həkim müayinə və müalicə ilə bağlı bir sıra qəbzlər təqdim etsə də, bunların sırf həmin inzibati xətanın törədilməsi barədə qərarın verilməsi ilə bağlı səbəbli əlaqəsini sübuta yetirə bilməmişdir. Burada iddiaçının şəxsi analizləri təqdim edilmişdir ki, bu da həmin xəta ilə hər hansı bir bağlılığın olmasının mənasını verə bilməz. 33.Bundan başqa, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.13-cü maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında mübahisələr üzrə - tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. 34.Həmin Qanunun 5.1.1-ci maddəsində ödənilmiş dövlət rüsumunun qanunla müəyyən edilmiş miqdardan artıq dövlət rüsumu ödənildikdə qaytarılması öz əksini tapmışdır. 35.Məhkəmə tələbin dövlət rüsumu kimi ödənilmiş 71 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə isə qeyd edir ki, qanunla bu qəbildən olan işlər üzrə tərəflər dövlət rüsumu ödəməkdən azad olunduğundan, iddiaçı tərəfindən dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 71 (yetmiş bir) manat məbləğində pul ona geri qaytarılmalıdır. 36.Beləliklə də, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən mənəvi zərərə görə 500 (beş yüz) manat məbləğində pul alınaraq İddiaçı ödənilməli, dövlət rüsumu kimi dövlət büdcəsinə ödənilmiş 71 (yetmiş bir) manat məbləğində pul İddiaçı qaytarılmalı (qəbz №: **********47), iddia tələbi qalan hissədə təmin edilməməlidir. 37.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 38.Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 39.Eyni Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 40.Həmçinin, MPM-nin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 41.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən mənəvi zərərə görə 500 (beş yüz) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Dövlət rüsumu kimi dövlət büdcəsinə ödənilmiş 71 (yetmiş bir) manat məbləğində pul İddiaçı qaytarılsın (qəbz №: **********47). İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar