Məhkəmə qərarları › İş №2(006)-808/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-808/2024

01.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-808/2024 01.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «sabit pul məbləğində alimentin təyin edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «sabit pul məbləğində alimentin təyin edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 21 fevral 2020-ci il tarixli 2(006)-2023/2020 saylı qətnaməsində 03 oktyabr 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün ondan hər ay əmək haqqı və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutulması hissəsində dəyişdirilərək, övladının saxlanması üçün hər ay sabit pul məbləği olaraq 190 manat alimentin ondan tutularaq Cavabdeh verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, hərbiçidir, uzun müddət təmas xəttində xidmət etmişdir, o cümlədən 44 günlük Vətən müharibəsi veteranıdır. Hal-hazırda müddətdən artıq hərbi qulluqçu kimi xidmət edir. Səhhətində problem olduğu üçün müalicə və müayinə olunur, himayəsində xəstə anası var. 27 iyun 2012-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar, bu nikahdan xx.xx.2014-cü il təvəllüdlü X2 adlı övladları var. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(006)-2023/2020 saylı qətnaməsi ilə hər ay əmək haqqının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment təyin edilmişdir. Təyin edilmiş alimenti çətinliklə ödəyir. Cavabdeh hal-hazırda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin hospitalında rəsmi işçidir. Övladlarının saxlanması üçün hər iki valideyn köməklik etməlidir, aliment tək ata üçün nəzərdə tutulmamışdır. Həqiqətən də alimenti ödəməkdə çətinlik çəkir. Belə ki, evin tək oğludur, anası xəstədir. Eləcə də, o, «Kapital bank»a kredit ödəyir. Hal-hazırda stasionar və ambulator müalicə və müayinə olunur, səhhətində problem var. Bu səbəbdən alimentin sabit pul məbləğində təyin edilməsi uçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Cavabdeh məhkəmədən mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını tələb etdiyini bildirdi. Məhkəmə qeyd olunanları nəzərə alaraq, mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 21 fevral 2020-ci il tarixli 2(006)-2023/2020 saylı qətnaməsi ilə birgə nikahlarından doğulmuş 03 oktyabr 2014-cü təvəllüdlü Hüseynzadə Nurayın yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçıdan aylıq gəlirinin 1/4 hissəsi miqdarında alimentin onun xeyrinə tutulması qərara alınmışdır. Məhkəmənin diqqətinə çatdırır ki, iddiaçının dəfələrlə xəyanət etməsi, ailəsinə, övladına qarşı biganə münasibət göstərməsi səbəbindən uzun müddətdir ki, onunla ayrı yaşamağa başlamışlar. Uşağa da baxmadığı üçün məcbur qalaraq məhkəməyə müraciət edib iddiaçıdan alimentin tutulmasını istəmişdir. İddiaçı məhkəməyə müraciət edərək aliment məbləğinin 190 manat sabit pul məbləğinə dəyişdirilməsini xahiş etmişdir. Bu tələb tamamilə əsassızdır. Çünki alimentin hansı formada tutulmasını müəyyən etmək hüququnu qanunvericilik ona vermişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən alimentin hansı formada verilməsini tələb etmək onun hüququdur. Yəni, qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud İddiaçı vəsatəti əsasında həll etmək hüququnu verməmişdir. Qeyd olunanların nəzərə alınaraq, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, cavabdehin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(006)- 2023/2020 saylı qətnaməsinə əsasən Cavabdeh İddiaçı qarşı «alimentin təyin edilməsi» tələbinə dair iddiası təmin edilmiş, 03 oktyabr 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün İddiaçı hər ay əmək haqqının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutulması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin birgə nikahdan 1 övladlarının olması və həmin uşağın faktiki olaraq cavabdehin yanında saxlanılması, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçıdan cavabdehin xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Mediatorun iştirakı ilə tərtib olunmuş 22 avqust 2023-cü il tarixli 2-03231 saylı barışıq sazişindən görünür ki, hazırki iş üzrə tərəflər aşağıdakı şərtlər daxilində barışıq sazişi bağlamışlar:

1. Nikahın davam etdirilməsi ilə bağlı razılıq əldə edilmədi, İddiaçı və Cavabdeh Nəsimi rayon qeydiyyat şöbəsində qeydə alınmış nikahın pozulmasını istəyir və buna görə İddiaçı qanunvericiliyin tələbinə əsasən məhkəmədə iddia qaldıracaq.

2. Tərəflər razılaşırlar ki, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X2 anası Cavabdeh yanında qalsın.

3. Tərəflər razılaşırlar ki, ata İddiaçı nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X2 ilə hər həftə şənbə günü saat 11:00-dan 18:00-a kimi görüşə bilər.

4. Tərəflər aliment məbləğində razılaşa bilmədilər. «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qanunverici göstərilən maddədə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir: - aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa; - aliment verməyə borclu olan valideyn qazancının (gəlirinin) hamısını və ya bir hissəsini natura və ya xarici valyuta ilə alırsa; - aliment verməyə borclu olan valideynin qazancı və ya sair gəliri yoxdursa; - alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə, alimenti qazancın (gəlirin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Qanunvericinin yuxarıda göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir. Göründüyü kimi, Ailə Məcəlləsinin qeyd olunan normaları alimentin tutulması qaydasını imperativ formada müəyyən etmişdir. Məhkəmə yuxarıda formalaşdırılmış hüquqi mövqeyə istinad edərək hesab edir ki, iddia təmin edilə bilməz. Yuxarıda adı çəkilən Plenum qərarında formalaşdırılmış digər hüquqi mövqe isə onunla bağlıdır ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin ediləcəyi təqdirdə 03 oktyabr 2014-cü il təvəllüdlü X1 əvvəlki təminatının səviyyəsinə xələl gələcəkdi. Yuxarıda qeyd olunan qətnamə üzrə aliment tutulmaları aparılmağa başlayan dövrdən indiyə qədər aliment məbləği təyin edilmiş miqdarda olmaqla, həmin məbləğin hər hansı şəkildə azalması uşağın mənafeyinə ziddir. İddia bu səbəbə görə də, təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «sabit pul məbləğində alimentin təyin edilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «sabit pul məbləğində alimentin təyin edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar