Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-823/2021 05.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "sığorta ödənişinin ödənilməsi və s." tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən onun xeyrinə 4.400 manat məbləğində sığorta ödənişinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, mərhum həyat yoldaşı X4 1991-ci ildə könüllü olaraq Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmiş və 1993-cü ildə yaralanmış və İİİ qrup müharibə əlili statusu almışdır. Bir hərbçi kimi mərhum həyat yoldaşı hərbi xidmət vəzifələrinin icrası dövründə hərbi xidmətə daxil olduğu gündən dövlət tərəfindən məcburi şəxsi sığortalandığına görə aldığı xəsarətlə əlaqədar ona sığorta ödənişinin ödənilməsi üçün tərəfindən vərəsə kimi müraciət etmişdir. Lakin cavabdeh ona imtina edərək 0701971№-li cavab məktubu ilə onu müraciətindən əsassız olaraq imtina edərək «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanunun bəzi müddəalarının şərti olunmasına dair 28 yanvar 2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plemunun Qərarına əsasən «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» 20 may 1997-ci il tarixli Qanun qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin hal-hazıra qədər sığorta məbləğini almamış hərbi qulluqçulara, həmin məbləğin ödənilməsi qaydasının və şərtlərinin qısa müddətdə müəyyən edilməsinin Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilməsi və bu məsələyə Azərbaycan Respublikası Milli Məclisi tərəfindən müvafiq normativ hüquqi akt qəbul edildikdən sonra baxılacağı bildirilmişdir. O, cavabdehin belə bir mövqeyi ilə razı ola bilmir və hesab edir ki, ona sığorta ödənişinin ödənilməsi vəzifəsi cavabdeh üzərinə qoyulmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddianı qəbul etməyərək izahatında bildirdi ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti 1997-ci il tarixə qədər hərbi xidmətdə olanlara sığorta ödənişinin verilməsi ilə bağlı öhdəlik daşımır. Göstərilənləri nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon idarəsi tərəfindən verilmiş 07.04.2021-ci il tarixli, 769 №-li arayışdan görünür ki, 1971-ci il təvəllüdlü X4 12.11.1989cu il tarixdən 11.04.1992-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət, 26.08.1992-ci il tarixdən 22.10.1993-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon VVAQ şöbəsi tərəfindən 06.10.1995-ci il tarixdə verilmiş Vİİ-JQ seriyalı 262219 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Quliyeva (Maqsudova) Dilşad Şamil qızı və X4 06.10.1995-ci il tarixdə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 06.10.1995-ci il tarixdə 221 № ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon VVADQ şöbəsi tərəfindən 02.09.2005-ci il tarixdə verilmiş AZ-İ seriyalı 153526 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 02.09.2005-ci il tarixdə baş-beyin qan dövranının kəskin hemorraqik pozğunluğu səbəbindən vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-tədqiqat travmatologiya və ortopediya institutunun sağlamlıq vəziyyətinin müayinə edilməsinə dair 29.04.2004-cü il tarixli, 611 №-li aktının surətindən görünür ki, X2 “dəlib keçən güllə yaralanmasından sonra sol bud sümüyünün yuxarı 1/3-nin qeyri-düzgün bitişmiş sınığı və qövsvari deformasiyası.” diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında müayinə arayışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X2 İİİ qrup əlillik dərəcəsi təyin olunmuşdur. Əlilliyin səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədardır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya İddiaçı ünvanladığı 11.12.2019-cu il tarixli 07-01-971 saylı məktubundan görünür ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair 28 yanvar 2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” 20 may 1997-ci il tarixli Qanun qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin hal-hazıra qədər sığorta məbləğini almamış hərbi qulluqçulara, həmin məbləğin ödənilməsi qaydasının və şərtlərinin qısa müddətdə müəyyən edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmişdir. Bu məsələyə Azərbaycan Respublikası Milli Məclisi tərəfindən müvafiq normativ hüquqi akt qəbul edildikdən sonra baxılacaqdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 03.05.2021-ci il tarixli məktubundan görünür ki, X1 adına vərəsəlik işinin açılması aşkar olunmamışdır. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən 26.12.2019-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 042999 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 26.12.2019-cu il tarixdə dəqiqləşdirilməmiş ürək çatışmazlığı səbəbindən vəfat etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində şəxslərin maddi və sosial deyil, hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların geriyə qüvvəsindən bəhs edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 7.3-cü maddəsinə əsasən mülki hüquq subyektlərinə ziyan vurursa və ya onların vəziyyətini pisləşdirirsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə əsasən hərbi xdmət vəzifələrinin icrası dövründə həlak olmaq (vəfat etmə), xəsarət almaq (yaralanmaq, kontuziya olmaq), səhhəti korlanmaq, hərbi xidmət keçməsi ilə bağlı bədbəxt hadisələr və xəstəliklər ehtimalına qarşı hərbi qulluqçular hərbi xidmətə daxil olduqları andan dövlət tərəfindən məcburi şəxsi Sığortalanmalıdır. Azərbaycan Respublikasının 03.10.1997-ci 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 151-ci maddəsinə əsasən hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Hərbi xidmət keçərkən əmək qabiliyyətini itirmiş şəxslərə qüvvədə olan qanunvericiliyə uyğun olaraq, dövlət tərəfindən sosial təminat zəmanəti verilir. 20.05.1997-ci il tarixdə qəbul edilmiş və 02.08.1997-ci il tarixdə qüvvəyə minmiş «Hərbi qulluqçuların dövlət icbari şəxsi Sığortası haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən hərbi qulluqçuların dövlət icbari şəxsi Sığortası bu Qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, «Sığorta fəaliyyəti haqqında» Qanunu və digər qanunları ilə, müvafiq icra hakimiyyəti orqanlarının bu Qanuna uyğun olaraq qəbul etdikləri normativ aktlarla tənzimlənir. Həmin Qanunun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində Sığorta edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən sığorta hadisələri baş verdikdə Sığorta məbləğinin faizlə aşağıdakı Sığorta ödənişləri verilir: Bənd ç) xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar olaraq Sığorta edilənə xidmətdən (toplanışdan) buraxıldığı gündən üç il müddətində əlillik təyin olunduqda: İİİ qrup — 40 faiz. İşin faktiki hallarına əsasən müəyyən olunur ki, X4 hərbi qulluqçu kimi hərbi xidmətə daxil olduğu andan qanunvericilik əsasında dövlət tərəfindən məcburi şəxsi sığortalanmış, o, hərbi xidmətdə olduğu dövrdə sığorta hadisəsi baş vermiş, ona 3-cu qrup əlillik dərəcəsi təyin olunmuş, beləliklə də Dövlət Sığorta Kommersiya Şirkətinin müvafiq sığorta ödənişini ödəmək öhdəliyi yaranmışdır. Belə olan halda, iddiaçının mərhum həyat yoldaşı haqlı olaraq hazırki tələblə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən müddəlarını əsas götürərək hesab edir ki, 11.000 manat sığorta məbləğinin 40 faizi, yəni 4400 manat iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 4.400 (dörd min dörd yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №2(006)-823/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-823/2021
05.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver