Məhkəmə qərarları › İş №2(006)-845/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-845/2025

28.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-845/2025 28.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı "alimentin təyin edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Cavabdeh qarşı "alimentin təyin edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə nikahları xx.xx.2017-ci il tarixdə pozulmuş və bu barədə Bakı şəhəri Nəsimi rayon VVADQ şöbəsi tərəfindən nikahın pozulması barədə şəhadətnamə də verilmişdir. Cavabdehlə birgə nikah dövründə anadan olmuş xx.xx.2018-ci il təvəllüdlü X6 nikahları pozulan zaman Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(006)-6808/2017 saylı qətnaməsi ilə iddiaçının himayəsinə verilmişdir. Cavabdeh həmin vaxtdan heç bir maddi köməklik göstərmir və iddiaçı da bugünə qədər ehtiyac duymamışdır. Lakin hazırda təhsili ilə bağlı xərcləri artmış və iddiaçı da həmin xərclərin hamısını qarşılaya bilmir. Cavabdeh tərəf də oğlunun təhsil xərclərinə heç bir madi köməklik göstərmir. Göstərilənlərə əsasən Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. 3.Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsini xahiş etmişdir. 4.Cavabdeh məhkəməyə yazılı ərizə təqdim edərək, iddia tələbini qəbul etdiyini bildirmiş və aylıq 250 manat alimentin təyin edilməsinə etiraz etmədiyini bildirmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 5.Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. 4.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə hazırki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 5.Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 6.Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış nikah məhkəmənin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə pozulmuş və birgə nikahdan olan xx.xx.2008-ci il təvəllüdlü X6 iddiaçının himayəsində saxlanılmışdır. Hazırda iddiaçı birgə nikahdan olan uşağın saxlanılması üçün aylıq 250 manat sabit pul məbləğində alimentin tutulmasını tələb edir, cavabdeh isə iddia tələbini qəbul edir. b) Mülki işin materialları: 7.Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 sentyabr 2017-ci il tarixli, 2(006)-6808/2017 saylı qətnaməsi ilə ilkin iddia və qarşılıqlı iddianın qismən təmin edilməsi, Cavabdeh ilə İskəndərova (Hüseynova) Ayəngül Əvəz qızı arasında 03 noyabr 2006-cı il tarixdə bağlanmış və Bakı şəhəri Nəsimi rayonu VVAQD şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 03 noyabr 2006-cı il tarixdə 598 nömrə ilə qeyd edilmiş nikahın pozulması və 09 iyul 2004-cü il təvəllüdlü X2 atası Cavabdeh və 28 iyun 2008-ci il təvəllüdlü X4 anası X1 yanında qalmasının müəyyən edilməsi, ilkin iddia və qarşılıqlı iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir. 8.Mülki işin materiallarında olan Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən 29 iyul 2008-ci il tarixdə verilən AZ-İİ seriyalı, 130070 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 28 iyun 2008-ci il tarixdə Bakı şəhərində doğulmuş, atası Cavabdeh, anası X3r. 9.Mülki işin materiallarında olan Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən 26 yanvar 2018-ci il tarixdə verilən AZ-İ seriyalı, 280695 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 arasında bağlanmış nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 22 nömrə ilə qeyd edilmişdir. 10.Mülki işin materiallarında olan Bakı 10 saylı Mediasiya Təşkilatı tərəfindən verilən xx.xx.2024-cü il tarixli, MŞB/10/2024-00633 nömrəli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, həmin tarixdə keçirilən ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmiş, İddiaçı iştirak edərək, 60 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 11.Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. 12.«Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə görə, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. 13.Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 14.Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 15.Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 16.Həmin Məcəllənin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 17.Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2, 52.5-ci maddələrinə görə, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 18.Həmin Məcəllənin 191.3.-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 19.Həmin Məcəllənin 220.4-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 20.Məhkəmə qeyd edir ki, iddiaçı uşağın saxlanılması üçün hər ay 250 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsini tələb etmiş, cavabdeh isə iddia tələbini bu hissədə etiraf edərək, tələb edilən məbləğdə alimenti ödəməyə razı olduğunu bildirmişdir. Cavabdehdən aylıq 250 manat sabit pul məbləğində alimentin tutulması isə uşağın mənafeyinə uyğun hesab olunduğundan, cavabdehin iddianı bu hissədə etiraf etməsi məhkəmə tərəfindən qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 250 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. 21.Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 22.Hazırki iş üzrə İddiaçı alimentin tutulması barədə iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. 23.Beləliklə də, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. 24.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 25.Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 26.Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. 27.Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. xx.xx.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar