Məhkəmə qərarları › İş №2(006)-846/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-846/2024

28.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-846/2024 28.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər "Para BOKT" Açıq Səhmdar Cəmı̇ yyətinə, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “ipoteka müqaviləsi üzrə mübahisələr tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "Para BOKT" Açıq Səhmdar Cəmı̇ yyətinə, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “ipoteka müqaviləsi üzrə mübahisələr tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanlı yaşayış sahəsi üzərindən ipoteka yüklülüyünün götürülməsi, ipoteka yüklülüyünə dair dövlət qeydiyyatının ləğv edilməsi və həmin yaşayış sahəsinə aid sənədlərin özünə qaytarılmasının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" BOKT ASC tərəfindən ona və ailə üzvləri olan X6, X3, X8 və X10 qarşı 24 iyun 2013-cü il tarixli 209/13/PBŞ/AAF saylı kredit müqaviləsinə əsasən 1535,29 manat əsas borc, 6155,38 manat hesablanmış faiz, 8710,34 manat hesablanmış dəbbə olmaqla, cəmi 16401,01 manat kredit borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, kredit müqavilələri üzrə tələbin ona məxsus ünvan 1 ünvanında yerləşən 3 otaqlı, 61,04 kv.m. ümumi, 48,02 kv.m. yaşayış, 13,02 kv.m. yardımçı sahədən ibarət mənzilə yönəldilməsi, fərdi yaşayış evinin açıq hərracda satılaraq tələb edilən borca yönəldilməsi, mənzil hərracda satıldıqdan sonra 1 ay müddətində həmin mənzildən onun, X5, X1, X7 və X9 çıxarılması və fərdi yaşayış evinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə Şirvan Şəhər məhkəməsinə müraciət etmiş, həmin iddiaya hakim Əliyev Ziya Müqərrəm oğlunun sədrliyi ilə mahiyyəti üzrə baxan Şirvan Şəhər Məhkəməsi 17 may 2022- ci il tarixli, 2(032)- 05/2022 saylı qətnaməsi ilə iddianı əsassız saymaqla, xüsusən də iddia müddətinin ötürülməsini əsas götürməklə həmin iddianın təmin olunmaması barədə qətnamə çıxarmışdır (qətnamənin surəti əlavə olunur). İddiaçı tərəf çıxarılmış həmin qətnamə ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və həmin şikayətə hakim Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi ilə mahiyyəti üzrə baxan Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyası 8 sentyabr 2022-ci il tarixli, 2(106)-1730/2022 saylı qətnaməsi ilə Şirvan Şəhər Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2(032)-05/2022 saylı qətnaməsini dəyişdirilmədən saxlamışdır (qətnamənin surəti əlavə olunur). Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 8 sentyabr 2022-ci il tarixli, 2(106)-1730/2022 saylı qətnaməsindən qanunvericilikdə nəzərdə tutulan müddət ərzində kassasiya şikayəti verilməmiş və həmin qətnamə qanuni qüvvəsini almışdır. Çıxarılmış məhkəmə qətnamələri qanuni qüvvəsini aldıqdan sonra o, dəfələrlə "xxxx" BOKT ASC-nin Şirvan şəhər filialına və "xxxx" BOKT ASC-nin mərkəzi ofisinə gedərək 24 iyun 2013-cü il tarixli 209/13/PBŞ/AAF saylı kredit müqaviləsi bağlanarkən bank tərəfindən saxlanılan ona məxsus ünvan 1 ünvanlı yaşayış sahəsinin sənədlərini - mülkiyyət hüququ haqqında çıxarışı özünə qaytarmalarını tələb etsə də "xxxx" BOKT ASC hər dəfə borcu ödəməyimi tələb etməklə həmin sənədləri qaytarmaqdan imtina etmiş, sonuncu dəfə isə səbəbini belə bildirmişlər ki, ona məxsus mənzil 24 iyun 2013-cü il tarixli 209/13/PBŞ/AAF saylı kredit müqaviləsinin təminatı olaraq 24 iyun 2013-cü il tarixli "20 dekabr 2010-cu il tarixli 965/10/AAF No-li ipoteka müqaviləsinə 2 saylı əlavə"yə əsasən ipoteka müqaviləsi ilə yüklü edilmiş və dövlət qeydiyyatına alınmışdır. Ona məxsus yaşayış sahəsinin sənədlərinin qaytarılmasının təmin olunması üçün Şirvan Şəhər Məhkəməsinə də müraciət etmiş və məhkəmənin "xxxx" BOKT ASC-nin mərkəzi ofisinə ünvanlamış olduğu 2(032)-05/2022 saylı, 25 iyun 2023-cü il tarixli məktubu ilə müraciətinə baxılaraq müvafiq tədbir görülməsi və bu barədə ona cavab verilməsi istənilsə də indiyədək ona cavab verilməmişdir (Şirvan Şəhər Məhkəməsinin 2(032)-05/2022 saylı, 5 iyun 2023-cü il tarixli məktubu əlavə olunur). Daha sonra cavabdehlər "Para BOKT" Açıq Səhmdar Cəmı̇ yyəti “ipoteka müqaviləsi üzrə mübahisələr tələbinə dair” iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət edərək, iddianın qanunsuz və əsassız olması səbəbindən təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı X15 "xxxx" BOKT ASC-ə qarşı ünvan 2 ünvanında yerləşən özünə məxsus olan yaşayış sahəsinin ipoteka yüklülüyündən azad edilməsi, ipoteka yüklülüyünə dair dövlət qeydiyyatının ləğv edilməsi və həmin yaşayış sahəsinə aid sənədlərin onaq qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırki iş üzrə iddiaçı X15 ilə "xxxx" BOKT ASC arasında bağlanmış 24 iyun 2013-cü il tarixli 209/13/PBŞ/AAF saylı kredit müqaviləsi üzrə hazırda 1536 AZN əsas, 4350 AZN faiz və 133 AZN dəbbə pulu borcu vardır. Dəfələrlə borcluya şifahi və yazılı xəbərdarlqlar etsələrdə borcunu ödəməkdən yayınmış və bu günə kimi də borcunu ödəməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra– MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Şirvan şəhər Məhkəməsinin 2(032)-05/2022 saylı, 17 may 2022-ci il tarixli qətnaməsinin əsaslandırıcı hissəsindən görünür ki, - "xxxx" ASC-e ilə İddiaçı arasında 24 ay müddətinə, illik 29% ödəmək şərti ilə 8000 manat məbləğində kreditin verilməsinə dair 209/13/PBŞ/AAF No-li, xx.xx.2013-cü il tarixli müqavilə bağlanmışdır. - "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli 209/13/PBŞ/AAF saylı kredit (borc) müqaviləsindən görünür ki, bank borc alana illik faiz dərəcəsi 29% olmaqla 24 ay müddətinə 8000 manat kredit verməyi, borc alan isə vaxtıvaxtında təqdim edilmiş cədvəl üzrə borcu və faizləri ödəməyi öhdəsinə götürmüşdür. - İddiaçı ilə Cavabdeh1 BOKT ASC arasında bağlanmış xx.xx.2010-cu il tarixli 965/10/AAF saylı ipoteka müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən 3 otaqlı, 61.04 kv.m ümumi, 48.02 kv.m yaşayış, 13.02 kv.m-dən ibarət olan 3 otaqlı, 36 saylın mənzilin dəyəri 21.000 manat müəyyən edilmişdir. - İşdə olan xx.xx.2013-cü il tarixli 209/13/PBŞ/AAF N kredit müqaviləsinin təminatı olaraq ünvan 3 ünvanda yerləşən İddiaçı adına mülkiyyət hüquqi üzrə dövlət reyestrində qeydə alınmış 3 otaqlı, 61.04 kv.m ümumi, 48.02 kv.m yaşayış, 13.02 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi xx.xx.2013-cü il tarixli "xx.xx.2010-cu il tarixli 965/10/AAF № ipoteka müqaviləsinə 2 saylı əlavə"-yə əsasən ipoteka müqaviləsi ilə yüklü edilmiş ipotekanın predmeti 19.000 manat qiymətləndirilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/12 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən hesabdan çıxarış məlumatları və "xxxx" ASC ilə X11 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 209/13/PBŞ/AAF nömrəli kredit müqaviləsi üzrə "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" xx.xx.2019-cu il tarixli Fərmanına əsasən X6 hesablanmış kompensasiya 427,59 manat məbləğində olması müəyyən edilir.Hesablanmış kompensasiya məbləğini yəni 427,59 manatı qalıq qalmış əsas borc məbləğindən çıxdıqda X5 banka olan xx.xx.2020-ci il tarixinədək 1439,39 manat əsas manat faiz borc 1818,62 manat cərimə borcu təşkil edir. İş materiallarına əlavə olunmuş Şirvan şəhər Məhkəməsinin 2(032)-05/2022 saylı, 17 may 2022-ci il tarixli qətnaməsi ilə, iddiaçı Cavabdeh1 BOKT ASC-nin cavabdehlər İddiaçı, X6, X4, X8 və X10 qarşı xx.xx.2013-cü il tarixli 209/13/PBŞ/AAF saylı kredit müqaviləsinə əsasən 1535,29 manat əsas borc, 6155,38 manat hesablanmış faiz, 8710,34 manat hesablanmış dəbbə olmaqla, cəmi 16401,01 manat kredit borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, kredit müqavilələri üzrə tələbin İddiaçı özünə məxsus ünvan 3 ünvanda yerləşən 3 otaqlı, 61.04 kv.m ümumi, 48.02 kv.m yaşayış, 13.02 kv.m yardımçı sahədən ibarət mənzilə yönəldilməsi, fərdi yaşayış evin açıq hərracda satılaraq tələb edilən borca yönəldilməsi, mənzil hərracda satıldıqdan sonra 1 ay müddətində həmin mənzildən İddiaçı, X5, X2, X7 və X9 çıxarılması və fərdi yaşayış evinin boşaldılması barədə iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1730/2022 saylı, 08 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə, iddiaçı Cavabdeh1 BOKT Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, Şəhər Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2(032)-05/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Hazırki iddia tələbi ilə bağlı isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Şirvan şəhər Məhkəməsinin 2(032)-05/2022 saylı, 17 may 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2013-cü il tarixli 209/13/PBŞ/AAF nömrəli Kredit müqaviləsinə əsasən borc alan qismində öhdəsinə götürdüyü vəzifələri yerinə yetirməmiş, yəni kredit müqavilələrinə əlavə edilmiş ödəniş cədvəli üzrə aylıq ödənişi və faiz borcu da daxil olmaqla göstərilən ödənilməli olan aylıq məbləği kreditor "xxxx" BOKT ASC-yə ödəmədiyi üçün müqavilə şərtlərini pozmuş, müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2013-cü il tarixli 209/13/PBŞ/AAF saylı rəyinə əsasən cavabdeh İddiaçı xx.xx.2013-cü il tarixli 209/13/PBŞ/AAF nömrəli kredit müqaviləsi üzrə 1439,39 manat əsas, 3080,11 manat faiz borcu tutularaq iddiaçı Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatı ASC-yə ödənilməli olmasına baxmayaraq, cavabdehin kredit pulunu qaytarmadığına görə Cavabdeh1 BOKT ASC 3 ildən artıq müddət keçdikdən, yəni iddia müddətinin xx.xx.2018-ci ildə bitməsindən sonra, 2021-ci ilin yanvar ayının 7-də məhkəməyə müraciət etdiyinə və bununla da iddia müddətinin ötürüldüyünə görə iddiçının tələbi təmin edilməmişdir. Məhkəmə hesab edir ki, yuxarıda adı çəkilən Şirvan şəhər Məhkəməsinin 2(032)-05/2022 saylı, 17 may 2022-ci il tarixli qətnaməsi hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Pespublikasının Mülki Məcəlləsinin (bundan sonra - MM) 307.1-ci maddəsinə əsasən “İpoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer, tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir. Azərbaycan Pespublikasının Mülki Məcəlləsinin 309.1 –ci maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 fevral 2022-ci il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu maddəsinə uyğun olaraq, ipoteka hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əsas tələb üzrə iddia müddətinin keçməsi ipotekanın xitamına və ipoteka predmetinin yüklülükdən azad olmasına səbəb olmur. Belə ki, “İpoteka haqqında” Qanunun 48.1-ci maddəsinə əsasən, ipotekaya ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; əsas öhdəliyə xitam verildikdə, tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; ipoteka predmeti məhv olduqda, bu Qanunla nəzərdə tutulmuş digər hallarda xitam verilir. Göründüyü kimi, qanunverici borc müqaviləsi üzrə iddia müddətinin keçməsini ipotekaya xitam verən halları sırasına daxil etməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı iddia tələbində Şirvan şəhər Məhkəməsinin 2(032)-05/2022 saylı, 17 may 2022-ci il tarixli qətnaməsinə istinad etsədə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair» 15 fevral 2023-cü il tarixli qərarındakı hüquqi mövqe ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlərin hüquqi təbiəti baxımından iddia müddətləri olması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 551ci maddəsi ilə nəzərdə tutulan “bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir” və “aşağdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir” ifadələrində tələb dedikdə, məhz cavabdeh üçün tanınan prosessual müdafiə vasitəsi olaraq öhdəliklərin məhkəmə qaydasında məcburi icrası ilə bağlı tələblər nəzərdə tutulur. Odur ki, bu müddətlər (551.2.4-cü maddə ilə nəzərdə tutulmuş müddət istisna olmaqla) iddia müddətləri olaraq qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan müddətlərin keçməsindən sonra öhdəliklər xitam olunmur. Belə öhdəliklər mövcud, lakin iddia ilə təmin edilməyən (natural) öhdəlik xarakteri almış olması müəyyən edilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair» 15 fevral 2023-cü il tarixli qərarındakı hüquqi mövqeyə görə iddiaçının öhdəliyi bitməmiş və tam icra edilməmişdir. Yalnız tələbkarın iddia müddətini keçirməsi iddiaçını qeyd olunan hüquqi mövqeyə görə üzərinə götürmüş olduğu öhdəliyindən azad etmir. Yuxarıda qeyd olunanlardan görünür ki, iddiaçının hal-hazırki vaxtadək bağlanılmış kredit müqavilələri üzrə ödənilməmiş əsas və faiz borcları mövcud olduğundan ipoteka ilə yüklü edilmiş əmlakın yüklülükdən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən iddia tələbinin təmin edilməsi mümkün deyil. Məhkəmə həmçinin hesab edir ki, İddiaçı ona məxsus ünvan 1 ünvanlı yaşayış sahəsi üzərindən ipoteka yüklülüyünün götürülməsi tələbini əsassız olduğundan, ipoteka yüklülüyünə dair dövlət qeydiyyatının ləğv edilməsi və həmin yaşayış sahəsinə aid sənədlərin özünə qaytarılması tələbləri də ilk tələblə birbaşa bağlı olduğundan prosessual qənaət prinsipini nəzərə almaqla rədd edilməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər "Para BOKT" Açıq Səhmdar Cəmı̇ yyətinə, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “ipoteka müqaviləsi üzrə mübahisələr tələbinə dair” iddiası əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki halda iddia tələbi təmin edilmədiyindən, məhkəməyə müraciət edilməsi üçün çəkilmiş xərclər iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər "Para BOKT" Açıq Səhmdar Cəmı̇ yyətinə, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “ipoteka müqaviləsi üzrə mübahisələr tələbinə dair” iddiası rədd edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar