Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-849/2023 07.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı "alimentin təyin edilməsi" tələbinə dair dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı "alimentin təyin edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 2010-cu ildə dini nikaha daxil olaraq, el adət-ənənəsi ilə toy edərək ailə həyatı qurmuşlar. Birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X6 anadan olublar. Əvvəllər ailədə qarşılıqlı münasibətləri yaxşı olmuşdur. Lakin daha sonra cavabdehin ona olan münasibəti tam dəyişmiş və bu səbəbdən ailədə tez-tez mübahisələr baş verirdi. O həmişə ailənin qorunub saxlanılmasına çalışmış, lakin bu mümkün olmamışdır. Əksinə olaraq münasibətlər daha da pisləşmiş və artıq birgə yaşamaları və ailə münasibətlərinin bərpa edilməsi qeyri-mümkün olmuşdur. Sonuncu dəfə 2020-ci ilin aprel ayında ailədə baş vermiş mübahisədən sonra cavabdehlə ayrılmışlar. 2020-ci ilin aprel ayından sonra cavabdeh ailəsinə maddi və mənəvi köməklik etməmişdir. Belə ki, övladlarının normal həyat yaşaması üçün hər cür qidalar, vitaminlər, uşaq əyləncələri, geyim əşyaları tələb olunur. Bütün bunlar övladları üçün təşkil etmək, təkbaşına onun üçün olduqca çətindir, hətta qeyri-mümkündür. Lakin cavabdeh bunların heç birini nəzərə almayaraq övladlarının normal yaşaması üçün maddi və mənəvi köməklik etmir. Övladlarını yetişdirmək üçün ümumi orta təhsildən əlavə olaraq həmçinin xüsusi kurslara gedirlər. Bu səbəbdən də zamanla məsrəfləri artmağa başlayır. Cavabdehə ilkin olaraq işin mediasiyada həlli üçün təklif göndərilsə də o, mediasiya prosesindən yayınmışdır və nəticədə 14 dekabr 2022-ci il tarixdə mediator tərəfindən iclas keçirilərək ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim olunmuşdur.
3. Göstərilənlərə əsasən iddianın təmin olunması, xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 220 manat olmaqla cəmi 440 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur.
4. Daha sonra xx.xx.2023-cü il tarixdə İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-849/2023 saylı, xx.xx.2023-cü il tarixli baxılmamış saxlama barədə qərardadının ləğv edilərək işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəblərini məhkəməyə bildirməmişlər.
6. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
7. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflərin qeyri-rəsmi nikahından xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X6 övladları dünyaya gəlmişlər. İddiaçı uşaqların saxlanılmasında maddi çətinlik çəkir və aliment tutulmasını tələb edir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
8. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-849/2023 saylı qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı "alimentin təyin edilməsi" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır.
9. İş materiallarında olan Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən 21 avqust 2013-cü il tarixində verilmiş AZ-İİİ № 127697 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 07 iyun 2013-cü il tarixində Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır.
10. İş materiallarında olan Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən 02 may 2012-ci il tarixində verilmiş AZ-İİ № 869389 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 20 aprel 2012-ci il tarixində Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır.
11. İş materiallarında olan Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən 02 may 2012-ci il tarixində verilmiş AZ-İ № 194421 seriya nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, 20 aprel 2012-ci il tarixində Bakı şəhərində anadan olmuş X2 atası Cavabdeh, anası İddiaçıdır.
12. İş materiallarında olan Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən 21 avqust 2013-cü il tarixində verilmiş AZ-İ № 235270 seriya nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, 07 iyun 2013-cü il tarixində Bakı şəhərində anadan olmuş X3 atası Cavabdeh, anası İddiaçıdır.
13. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməsi barədə MMŞ/1/01030 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X4 ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 7 gün əvvəlcədən poçt vasitəsi ilə məlumatlandırılmış, lakin iştirak etməmiş, yazılı şəkildə iştirak etməkdən imtina etmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
14. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.
15. Konstitusiyanın 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
16. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
17. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.
18. Məhkəmə Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, eyni zamanda uşaqların mənafeyini, iddiaçının tələb etdiyi alimentin miqdarını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia təmin edilməli və Cavabdeh övladları X2 və X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 manat (dörd yüz qırx) məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir.
19. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır.
20. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər.
21. Bundan əlavə, «Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarına görə 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.
22. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
23. Məhkəməyə təqdim edilmiş iddia ərizəsindən görünür ki, iddia ərizəsi məhkəməyə 22 dekabr 2022-ci il tarixində daxil olmuş, lakin Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-849/2023 saylı qərardadı ilə tərəflər gəlmədiyi üçün iddia ərizəsi baxılmamış saxlanılmış, daha sonra iddiaçı məhkəməyə ərizə verərək işə mahiyyəti üzrə baxılmasının tələb etdiyi üçün məhkəmə hesab edir ki, aliment ərizənin verildiyi yəni, xx.xx.2023-cü il tarixdən başlayaraq tutulmalıdır.
24. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 07 aprel 2023-cü il tarixindən başlayaraq, xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 220 manat olmaqla cəmi 440 manat məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir.
25. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi barədə iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
26. Həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsum ödənilməlidir.
27. Həmçinin iddiaçının ödəməkdən azad edildiyi 42,8 (440x12=5280- 1000=4280x1%+42,8) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır.
30. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.
31. Məhkəmə habelə hesab edir ki, alimentin tutulması hissəsində qətnamə dərhal icra edilməlidir.
32. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh 07 aprel 2023-cü il tarixindən başlayaraq, xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 220 manat (iki yüz iyirmi) olmaqla, cəmi 440 manat (dörd yüz qırx) aliment və tutularaq İddiaçı ödənilsin. Cavabdeh dövlət rüsumunun əvəzi qismində 42,8 (qırx iki manat, səksən qəpik) manat məbləğində pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentlə bağlı hissədə dərhal icra olunsun. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov