Məhkəmə qərarları › İş №2(006)-874/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-874/2020

06.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-874/2020 06.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X6 iştirakı ilə, iddiaçı Hacıyev Raqı̇b Hacvəlı̇ oğlunun cavabdeh Azərbaycan Respublı̇kası Dövlət Sığorta Kommersı̇ya Şı̇rkətı̇nə qarşı "sığorta ödənişinin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Hacıyev Raqı̇b Hacvəlı̇ oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərbi xidmət dövründə xəsarət almağı ilə bağlı qanunla nəzərdə tutulmuş 6600 manat məbləğində dövlət icbari şəxsi sığorta məbləğinin Azərbaycan Respublikası Dövlət X2 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Nəsimi RHK tərəfindən 1994-cü ilin aprel ayında hərbi xidmətə çağırılmış, N saylı hərbi hissənin şəxsi heyət siyahısına salınmış və həmin vaxtdan da cəbhə bölgəsində erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etmişdir. xx.xx.1994-cü il tarixdə Ağdam rayonunda gedən döyüşdə güllə yarası alaraq yaralanmış, bununla bağlı hərbi hospitalda müalicə olunmuşdur. Hərbi Həkim Komissiyası tərəfindən xx xxxxxxx 1994-cü il tarixdə şəhadətləndirilmiş və hərbi xidmətə yararsız hesab edilməklə hərbi hissə komandirinin əmri ilə ordu sıralarından tərxis edilmişdir. Ona 2-ci qrup əlillik dərəcəsi verilmişdir. Əlilliyin Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması göstərilmişdir. Ona sığorta ödənişinin verilməsi ilə bağlı cavabdeh tərəfə müraciət etmiş, lakin heç bir tədbir görülməmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X10 iddia tələbini müdafiə edərək yuxarıdakı məzmunda izahat vermiş, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib və mülki işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi RHK tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, 4/182 nömrəli hərbi bilet əvəzi arayışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Ağdam istiqamətində gedən döyüşlərdə iştirak etmiş və yaralanmışdır. xx.xx.1994-cü ildə Azərbaycan Respublikası MN-nin MHHK nəzdindəki komissiya tərəfindən Xəstəliklər cədvəlinin 1-ci qrafasının 39a maddəsinə əsasən “hərbi qeydiyyatdan çıxarılmaqla, hərbi xidmətə yararsız” müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi 4 nömrəli zona X1 TSE-0 seriyalı, AR№934538 nömrəli arayışından görünür ki, təkrar müayinə nəticəsində 1961-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz ikinci qrup əlillik müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi- Həkim Komissiyası tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli, 11055 saylı Xəstəlik haqqında şəhadətnamənin surətindən görünür ki, 1961-ci il təvəllüdlü İddiaçı Nəsimi RHK tərəfindən 1994-cü ilin aprel ayında hərbi xidmətə çağırılmış, xx.xx.1994-cü ildə Ağdam rayonu ərazisində gedən döyüş əməliyyatları zamanı sağ çiynindən odlu güllə yarası almışdır. Yaralanma Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət X5 Hacıyev Raqı̇b Hacvəlı̇ oğluna ünvanladığı xx.xx.2019-cu il tarixli, 07-07-820 saylı məktubundan görünür ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair xx xxxxxx 2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” xx xxx 1997-ci il tarixli Qanun qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin hal-hazıra qədər sığorta məbləğini almamış hərbi qulluqçulara, həmin məbləğin ödənilməsi qaydasının və şərtlərinin qısa müddətdə müəyyən edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmişdir.Bu məsələyə Azərbaycan Respublikası Milli Məclisi tərəfindən müvafiq normativ hüquqi akt qəbul edildikdən sonra baxılacaqdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi Nəsimi rayonu ƏSMM tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş 089836 nömrəli vəsiqənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar ikinci qrup əlildir. Ona 2-ci qrup ömürlük əlillik verilib. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Sığorta haqqı sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda: - İ qrup əlilliyə görə — 80 faiz; - İİ qrup əlilliyə görə — 60 faiz; - İİİ qrup əlilliyə görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı Hacıyev Raqı̇b Hacvəlı̇ oğlu hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəsarət almış və nəticədə ikinci qrup əlil olmuşdur. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi” barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli Fərmanının 2-ci maddəsinə əsasən həmin dövlət sığorta orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət X7 həyata keçirir. İşin faktiki hallarına əsasən müəyyən olunur ki, Hacıyev Raqı̇b Hacvəlı̇ oğlu hərbi qulluqçu kimi hərbi xidmətə daxil olduğu andan qanunvericilik əsasında dövlət tərəfindən məcburi şəxsi sığortalanmış, o hərbi xidmətdə olduğu dövrdə sığorta hadisəsi baş vermiş, ona 2-ci qrup əlillik dərəcəsi təyin olunmuş, beləliklə də Dövlət X5 müvafiq sığorta ödənişini ödəmək öhdəliyi yaranmışdır. Belə olan halda, iddiaçı haqlı olaraq hazırki tələblə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən müddəlarını əsas götürərək hesab edir ki, 11.000 manat sığorta məbləğinin 60 faizi, yəni 6600 manat iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə,məhkəməhesabedirki, iddiaərizəsitəminolunmaqla, cavabdeh Azərbaycan Respublikası Dövlət X3 6600 manat məbləğində sığorta ödənişi alınaraq iddiaçı Hacıyev Raqı̇b Hacvəlı̇ oğluna ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət X3 6600 (altı min altı yüz) manat məbləğində sığorta ödənişi alınaraq iddiaçı Hacıyev Raqı̇b Hacvəlı̇ oğluna ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar