Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-88/2022 14.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əmək haqqı və digər ödənişlərin ödənilməsi barədə” iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdehin arasında bağlanmış 17 sentyabr 2008-ci il tarixli müqaviləyə 01 iyul 2020-ci il tarixdən xitam verilməsi, ona məxsus əmək kitabçasının və digər haqq-hesab sənədlərinin ona qaytarılması vəzifəsinin cavabdehə həvalə edilməsi, boşdayanmaya görə 11853 manat məbləğində əmək haqqının və istifadə edilməmiş məzuniyyət günlərinə görə 11500 manat məbləğində kompensasiyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 07 avqust 2020-ci ildə məhkəməyə iddianı təmin etmə tədbiri barədə ərizə təqdim edərək, cavabdehin "xxxx" ASC-nin Mərkəz filialında olan AZ12AİİB******************** hesabındakı 23353 manat məbləğinə həbs qoyulması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin 10 avqust 2020-ci il tarixli qərardadı ilə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş ərizə rədd edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 həmin qərardaddan narazı qalaraq şikayət vermişdir. Nəsimi Rayon Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət iş materialları ilə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 oktyabr 2020-ci il tarixli 2(103)-7924/2020 nömrəli qərardadı ilə şikayət təmin olunmuş, Nəsimi Rayon Məhkəməsinin 10 avqust 2020-ci il tarixli qərardadı ləğv edilmiş, iddiaçının nümayəndəsi və vəkili Vəkil1nin iddianı təmin tədbirinin tətbiqinə dair ərizəsi təmin edilmiş, "xxxx" MMCnin Azərbaycan Respublikasındakı filialının "xxxx" ASC-nin Mərkəz filialında olan AZ12AİİB******************** hesabındakı pul vəsaitlərinin üzərinə iddia tələbinin həcmində, yəni 23353 manat məbləğinə həbs qoyulmuşdur. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 MPM-nin 53-cü maddəsinə əsasən ərizə təqdim edərək, iddiaçı cavabdehin arasında bağlanmış 17 sentyabr 2008-ci il tarixli müqaviləyə 30 sentyabr 2019-cu il tarixdən xitam verilməsi, iddiaçıya məxsus əmək kitabçasının və digər haqq-hesab sənədlərinin ona qaytarılması vəzifəsinin cavabdehə həvalə edilməsi, cavabdehin hərəkətsizliyi nəticəsində (2019 oktyabr-2021 yanvar 16 ay x 1445,78) iddiaçıya dəymiş ziyanın əvəzi 23132,48 manat məbləğində pulun və istifadə edilməmiş 247 əmək məzuniyyəti günlərinə görə 11747,32 manat (247 gün x 47,56 manat (bir məzuniyyət günü üçün əmək haqqı)) məbləğində ödənişin, 30 manat dövlət rüsumunun, cəmi 34909,8 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 “iddianın əmək kitabçası ilə bağlı hissəsindən imtina” barədə ərizə təqdim edərək bildirmişdir ki, iddiaçı ilə cavabdehin arasında olan əmək müqaviləsinə 14 dekabr 2020-ci il tarixdə xitam verildiyini, əmək kitabçasının, əmrin və bildirişin 09 fevral 2021-ci il tarixdə qaytarıldığını nəzərə alaraq, iddianın həmin hissəsindən, yəni 17 sentyabr 2008-ci il tarixli müqaviləyə 30 sentyabr 2019-cu il tarixdən xitam verilməsi, iddiaçıya məxsus əmək kitabçasının və digər haqqhesab sənədlərinin ona qaytarılması vəzifəsinin cavabdehə həvalə edilməsi hissəsindən imtina edir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmədə iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, iddiaçı ilə cavabdehin arasında 17 sentyabr 2008-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanaraq iddiaçı ilkin olaraq ofis menecer vəzifəsinə, daha sonra media menecer, media qrupunun rəhbəri və s.vəzifələrdə çalışmışdır. Daha sonra iddiaçı işdən çıxmaq barədə rəhbərliyə müraciət etməsinə baxmayaraq iddiaçı işdən çıxarılmamış və bununla bağlı ona heç bir rəsmi cavab verilməmişdir. Bu azmış kimi iddiaçının sənədləridə ona qaytarılmamış və indiyədək həmin şirkətdə rəsmi olaraq işçi kimi qeydiyyatda keçir. İddiaçıya 30 sentyabr 2019-cu il tarixdən əmək haqqı ödənilmir, aylıq əmək haqqı 1317 manat olmaqla bu məbləğ 11853 manat təşkil edir (oktyabr 2020-iyun 2020). Bundan əlavə iddiaçıya istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiyada ödənilməmişdir. İddiaçı tərəfindən istifadə edilməmiş məzuniyyət günlərinə görə ona 11500 manat məbləğində kompensasiya ödənilməlidir. İddiaçı tərəfindən 30 yanvar 2020-ci il tarixdə Azərbaycan Respublikası ƏƏSMN yanında X2 Xidməti Bakı şəhər İdarəsinə müraciət edilmiş, müfəttişliyə bank hesabından çıxarış və izahat təqdim edilmişdir. Bunun nəticəsində cavabdehin direktoru X1 barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü bəndi (işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən noqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə) ilə protokol tərtib olunmuşdur. İddiaçı işəgötürənin təqsirindən indiyədək başqa işə qəbul oluna bilmir. Çünki cavabdeh iddiaçını işdən azad etmir, əmək müqaviləsinə xitam vermir, iddiaçıya məxsus sənədləri və ödənişləri etməkdən imtina edir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda iddiaçının nümayəndəsi və vəkili Vəkil1 Məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmədə iddianı qəbul etməyərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçıların izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı "xxxx" MMC-nin Azərbaycandakı filialına 15 avqust 2019-cu ildə ərizə ilə müraicət edərək, onu öz xahişi ilə 30 sentyabr 2019-cu il tarixindən tutduğu vəzifədən azad edilməsini və onunla bağlanılmış əmək müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdeh "xxxx" MMC-nin Azərbaycandakı filialı arasında 17 sentyabr 2008-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanaraq iddiaçı ilkin olaraq ofis menecer vəzifəsinə, daha sonra media menecer, media qrupunun rəhbəri və s.vəzifələrdə çalışmışdır. Daha sonra İddiaçı "xxxx" MMC-nin Azərbaycandakı filialına 15 avqust 2019cu ildə ərizə ilə müraicət edərək, 30 sentyabr 2019-cu il tarixindən tutduğu vəzifədən azad edilməsini və onunla bağlanılmış əmək müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. Hazırda iddiaçı cavabdehin hərəkətsizliyi nəticəsində (2019 oktyabr-2021 yanvar 16 ay x 1445,78) ona dəymiş ziyanın əvəzi 23132,48 manat məbləğində pulun və istifadə edilməmiş 247 əmək məzuniyyəti günlərinə görə 11747,32 manat (247 gün x 47,56 manat (bir məzuniyyət günü üçün əmək haqqı)) məbləğində ödənişin tutulmasını tələb edir. İddiaçının “cavabdehin hərəkətsizliyi nəticəsində (2019 oktyabr-2021 yanvar 16 ay x 1445,78) ona dəymiş ziyanın əvəzi 23132,48 manat məbləğində pulun” tutulması ilə bağlı məhkəmə qeyd edir ki, həmin tələb təmin edilə bilməz. Belə, cavabdehin nümayəndəsi və vəkili tərəfindən məhkəmə iclası zamanı təqdim edilmiş 21 yanvar 2021-ci il tarixli arayışdan görünür ki, "xxxx" MMC-nin Azərbaycandakı filialının əməkdaşı olan Mehtiyeva (Piskunova) Angelina Sergeyevna 17 sentyabr 2008-ci il tarixində 240,96 manat əmək haqqı olmaqla işə qəbul edilmişdir. 01 fevral 2009-cu il tarixindən İddiaçı əmək haqqı 421,69 manat, 01 iyul 2010-cu il tarixindən 542,17 manat, 01 fevral 2011-ci il tarixindən 783,13 manat, 01 aprel 2012-ci il tarixindən 963,86 manat, 01 sentyabr 2012-ci il tarixindən 1024,10 manat, 01 may 2013-cü il tarixindən 1204,82 manat, 01 noyabr 2016-cı il tarixindən 1445,78 manat olmuşdur. 17 sentyabr 2018-ci il tarixindən 2019-cu ilin oktyabr ayınadək Mehtiyeva (Piskunova) Angelina Sergeyevnaya 134232,08 manat məbləğində əmək haqqı, o cümlədən məzuniyyət haqqı, hesablanaraq ödənilmiş, həmin məbləğdən sosial ödənişlər və gəlir vergisi tutulduqdan sonra 112999,79 manat vəsait köçürülmüşdür. Mehtiyeva (Piskunova) Angelina Sergeyevnanın 17 sentyabr 2018-17 sentyabr 2019-cu iş il dövrü üçün 24 təqvim günü istifadə etmədiyi əmək məzuniyyəti qalmışdır. Mehtiyeva (Piskunova) Angelina Sergeyevnaya 2019-cu ilin noyabr ayından etibarən işdə olmadığı səbəbindən əmək haqqı hesablanmamışdır. Həmçinin 2020-ci ilin mart ayından isə pandemiya ilə əlaqədar filialın fəaliyyəti olmadığından və zərər çəkən sahə olaraq dövlət dəstəyi almadığından filialda ümimiyyətlə əmək haqqı hesablanmamışdır (həmin arayış sübut kimi iş materiallarına əlavə edilmişdir). Arayışdan göründüyü kimi, Mehtiyeva (Piskunova) Angelina Sergeyevnaya 23132,48 manat məbləğində pul köçürülmüşdür. Bundan başqa iddiaçının “istifadə edilməmiş 247 əmək məzuniyyəti günlərinə görə 11747,32 manat (247 gün x 47,56 manat (bir məzuniyyət günü üçün əmək haqqı)) məbləğində ödənişin” tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin tələb əsaslı olduğuna görə və iddiaçı tərəfindən sübuta yetirildiyinə görə təmin edilməlidir. Belə ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 129.1-ci maddəsinə əsasən ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir; Həmin Məcəllənin 129.2-ci maddəsinə əsasən işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər; Həmin Məcəllənin 154-cü maddəsinə əsasən əmək haqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur; Həmin Məcəllənin 178-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir; Həmin Məcəllənin 195-ci maddəsinin “d” bəndinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi, maddə 14.2, 77.1 və 88 maddələri). Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin Vİİ hissəsinə görə isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Bu prinsip Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Krçmarın Çex Respublikasına qarşı” işi üzrə 03 mart 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, ədalətli araşdırma anlayışını daha da genişləndirən elementlərdən biri olan tərəflərin bərabərliyi prinsipi hər tərəfə, onu qarşı tərəfə nisbətən əhəmiyyətli dərəcədə əlverişsiz şəraitdə qoymayan şəkildə öz işini təqdim etmək imkanının verilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Yakovlev Rusiya Federasiyasına qarşı işdə” qeyd etmişdir ki, Konvensiya nəzəri və ya xəyali hüquqların deyil, praktiki və səmərəli hüquqların təmininə yönəlmişdir. Məhkəmədə çəkişmə prinsipi prosessual funksiyaların ciddi olaraq fərqləndirilməsində, tərəflərin prosessual bərabərliyində və məhkəmənin tərəflərə münasibətdə müstəqil vəziyyətində təzahür edir. Çəkişmə və tərəflərin bərabərliyi prinsipi tərəflərə bərabər prosessual imkanların verilməsini nəzərdə tutmalıdı. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, istifadə edilməmiş 247 gün əmək məzuniyyəti günlərinə görə 11747,32 manat (247 gün x 47,56 manat) (bir məzuniyyət günü üçün əmək haqqı) məbləğində ödəniş və 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İstifadə edilməmiş 247 gün əmək məzuniyyəti günlərinə görə 11747,32 manat (247 gün x 47,56 manat) (bir məzuniyyət günü üçün əmək haqqı) məbləğində ödəniş və 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-88/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-88/2022
14.01.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver