Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-890/2022 18.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsi Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Dadaşov Kənan İlqar oğlunun katibliyi, İddiaçı, cavabdeh "xxxx" ASC-nin nümayəndələri Aslanov Ceyhun Təyyar oğlunun, Hüseynova Rasimə Tofiq qızının və Babayeva Sona Orucəli qızının iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ali-magistr təhsilli mühəndismexanikdir, Azərbaycan Dövlət Aqrar Universitetini bitirmişdir. 10 fevral 2021-ci il tarixli 10/21-00582 saylı əmrlə 2 ay sınaq müddəti ilə "xxxx" ASC-nin sədrinin müvafiq əmri ilə Binəqədi RETSİ-nin Enerji Satış şöbəsinə 3 nömrəli sahənin, 3 saylı ərazisinə nəzarətçimühəndis işinə təyin olunmuşdur. Daha sonra müddətsiz əmək müqaviləsi əsasında qurum tərəfindən eyni vəzifədə saxlanılmaqla fəaliyyətini davam etdirmişdir. Əmək haqqı ştat cədvəlinə uyğun olaraq 635 manat almışdır. İşlədiyi müddətdə işinin öhdəsindən layiqincə gəlmiş, üzərinə düşən öhdəlikləri vaxtında icra etmiş, barəsində heç bir cəza və töhməti olmamışdır. "xxxx" ASC-nin sədri V.Əhmədovun 06.10.2021-ci il tarixli 10/21- 05551 nömrəli əmri ilə iddiaçı tutduğu vəzifədən azad olunmuşdur. İşdən azad olunmasının səbəbi odur ki, 2021-ci ilin oktyabr ayının əvvəlində işlədiyi Binəqədi RETSİnin müdiri T.Ağazadə iddiaçını öz iş otağına çağıraraq bildirdi ki, iddiaçıdan şikayətlər var, onunla işləmək istəmir və onun başqa yerə köçürülməsini və ya işdən azad olunmasını istəyir. T.Ağazadə ilə bir neçə dəfə görüşdükdən sonra o, iddiaçıdan hədə-qorxu ilə iki nüsxədə ərizə aldı. Ərizənin biri işdən çıxma barədə, digəri isə özünün razılaşdığı kimi başqa idarəyə köçürülmə barədə yazıldı. İddiaçı çıxılmaz vəziyyətdə qalaraq 05.10.2021ci il tarixdə məcburi şəkildə "xxxx" ASC-nin adına ərizələr yazmışdır. Sonradan rəis qurumun rəhbərliyinə və müvafiq departamentə yalnız iddiaçının öz ərizəsi ilə işdən çıxarılması barədə olan ərizəsini təqdim etdi. Nəticədə, cəmi 24 saat sonra, yəni 06.10.2021-ci il tarixdə "xxxx" ASC-nin sədri V.Əhmədovun təsdiq etdiyi əmrlə qanunsuz olaraq işdən azad edilmişdir. İddiaçını işdən azad edənlər onun məcburi köçkün olmasını, 3-cü qrup əlil olmasını, xəstə ata-anasının maddi ehtiyaclarını ödəyən yeganə övlad olduğunu, ailə tərkibini belə nəzərə almayıblar. Göstərilənlərə əsasən cavabdeh "xxxx" ASC-nin 06.10.2021-ci il tarixli əmrin ləğv edilməsi, iddiaçının Binəqədi RETSİ-də əvvəl işlədiyi vəzifəyə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Aslanov Ceyhun Təyyar oğlu iddia tələbinə etiraz edərək, tələbin əsassız olduğuna görə təmin edilməməsini məhkəmədən xahiş etmiş və bildirmişdir ki, iddiaçı öz ərizəsi ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işdən azad olunmuşdur. Ona qarşı heç bir təzyiq və hədə-qorxu göstərilməmişdir. Cavabdeh "xxxx" ASC-nin digər nümayəndələri Hüseynova Rasimə Tofiq qızı və Babayeva Sona Orucəli qızı digər nümayəndənin verdiyi izahatın məzmununa uyğun izahatlar verərək, məhkəmədən iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilə bilməz. İşin materiallarında olan İddiaçı "xxxx" ASC-yə ünvanladığı 01.10.2021-ci il tarixli ərizədən görünür ki, o, 06.10.2021-ci il tarixdən işdən azad edilib, əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. İşin materiallarında olan "xxxx" ASC-nin k/21-05551 №-li, 06 oktyabr 2021-ci il tarixli «Əmək müqaviləsinə xitam verilməsi haqqında» əmrindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin «a» yarımbəndinə əsasən Binəqədi RETSİ-nin Enerji satış şöbəsinin nəzarətçi-mühəndisi İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış əmək müqaviləsinə 06.10.2021-ci il tarixindən xitam verilmişdir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək hüquqları vardır. Eyni Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinin «a» bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinin «c» bəndinə əsasən əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir. Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 69-cu maddəsinin 3-cü bəndinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Göstərilən Məcəllənin 69-cu maddəsinin 4-cü bəndinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Həmçinin, Əmək Məcəlləsinin 69-cu maddəsinin 5-ci bəndinə görə işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Göründüyü kimi qüvvədə olan əmək qanunvericiliyi xəbərdarlıq müddətinin qısaldılmasına yol verir. Buna görə də işəgötürən işçinin tələbi ilə xəbərdarlıq müddəti bitdikdən sonra deyil, müəyyən hallarla əlaqədar işi davam etdirməsinin qeyri-mümkün olması səbəbindən işçinin istədiyi (arzu etdiyi) müddətdə əmək müqaviləsini ləğv etməyə borcludur. Yuxarıda qeyd olunduğu kimi əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda işçi ilə əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada xəbərdarlıq etməmiş olsun. Əmək Məcəlləsinin 69-cu maddəsi ilə əmək müqaviləsi ləğv edildikdən sonra işçinin peşmançılıq çəkərək əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətinin (verilən ərizənin) heç bir hüquqi qüvvəsi yoxdur. Göründüyü kimi İddiaçı könüllü şəkildə 01.10.2021-ci il tarixdə cavabdeh "xxxx" ASC-yə müraciət edərək, 06.10.2021-ci il tarixdən işdən azad olunmasını xahiş etmişdir. İddiaçı birinci ərizənin etibarsız hesab olunması haqqında ikinci ərizə ilə işəgötürənə müraciət etməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh təşkilatın iddiaçının işdən azad olunmasına əsas kimi təqdim etdiyi 01.10.2021-ci il tarixli ərizənin iddiaçıya təzyiqlə yazdırılması faktı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. İşin sadalanan hallarından və yuxarıda qeyd olunan hüquq normalarından da göründüyü kimi işəgötürən – "xxxx" ASC tərəfindən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən vəzifədən azad olunması qanunamüvafiqdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbi”nə dair iddia tələbi əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbi”nə dair iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-890/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-890/2022
18.01.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver