Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-898/2022 16.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Sığorta Şirkəti ASC-yə qarşı "pul" tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" Sığorta Şirkəti ASC-yə qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh sığorta şirkəti ilə müqaviləyə xitam verilməsini və daha Cavabdeh sığorta şirkəti 2028-ci ildə onun həyatını sığortalamayacağını nəzərə alıb, qaytarılmayan 183,41 manat məbləğ cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh sığorta şirkəti ASC ilə bağlanmış 13.06.2018-ci il tarixli MAP-187048 nömrəli həyat sığortası şəhadətnaməsinə (müqaviləsinə) əsasən mənzilini sığortalayarkən 2028-ci il üçün də ondan əvvəlcədən 339,96 manat məbləğ tələb etdilər və o da ödədi. Bunun səbəbini soruşduqda ona bildirdi ki, qayda belədir. Əgər vaxtından əvvəl ipoteka kreditini tam ödəsə, borcu bağlasalar və sığorta müqaviləsinə xitam versələr, həmin məbləğ onlara tam geri qaytarılacaq. O, adına olan ipoteka kreditini vaxtından əvvəl 26.02.2021-ci ildə tam ödəyib qurtardı, sığorta müqaviləsinə xitam verildi, lakin ona məxsus 339,96 manat deyil, 156,55 manat məbləğ qaytarıldı, 183,41 manat məbləğ isə qaytarılmır. Dəfələrlə müraciət etdi, bildirdilər ki, 25 faiz administrator xərcləri və 25 faiz filan-filandır. Nəzərə çatdırır ki, 1) bunlar heç biri onunla bağlanmış müqavilədə olmayıb. 2) sığorta və digər xərclər üçün o, bugünədək 934,99 manat ödəmişdir (hər ay 28,33 manat, yalnız bu məbləğ ödənildikdən sonra sistem əsas ipoteka kreditini ödəmək üçün açılırdı). Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda göstərilən məzmunda izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 məhkəməyə iddiaya etiraz ərizəsi ünvanlayarq, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iş iddiaçı ipoteka kreditləri üzrə borcalanların həyat sığortası üzrə 13 iyun 2018-ci il tarixli MAP-187048 saylı “Həyat Sığorta Şəhadətnaməsi" (bundan sonra “sığorta şəhadətnaməsi” adlandırılacaq) əsasında sığorta olunmuş və sığorta müqaviləsinə özünün 26 fevral 2021 -ci il tarixli ərizəsi əsasında xitam verilmişdir. Sığorta müqaviləsinə xitam verilərkən Sığortalıya qaytarılan sığorta haqqından işlərin aparılması xərcinin çıxılması və sığorta haqqının müqavilənin qurtarmamış müddətinə mütənasib olan hissəsinin qaytarılması Azərbaycan Respublikası Mülki Məcəllənin 921.1 və iddiaçı ilə bağlanmış sığorta müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təsdiq etdiyi “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından” Sığorta Qaydalarının (bundan sonra “Sığorta Qaydaları”) 12-ci maddələrinə uyğun olaraq həyata keçirilir. Belə ki, Mülki Məcəllənin 921.1 -ci maddəsinə əsasən, Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığortaçı həmin müqavilə üzrə (qrup halında sığorta zamanı isə müqavilənin hər hansı sığorta predmeti ilə bağlı sığorta haqqına mütənasib olan) sığorta haqqının qaytarılan hissəsindən işlərin aparılması xərclərinin müqavilənin qurtarmamış müddətinə mütənasib hissəsini çıxmaqla həmin müddət üçün sığorta haqlarını ona qaytarır. Sığorta Qaydalarının 12-ci maddəsinə əsasən, Sığorta müqaviləsinə sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığortaçı həmin müqavilə üzrə sığorta haqqının qaytarılan hissəsindən işlərin aparılması xərclərinin müqavilənin qurtarmamış müddətinə mütənasib hissəsini çıxmaqla həmin müddət üçün sığorta haqlarını ona qaytarır. Qanunvericiliyin yuxarıda qeyd olunan maddələrinin məzmunundan da aydın olur ki, sığorta müqaviləsinə sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə sığortaçı müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını ona qaytarır. Bu halda sığortaçı sığorta haqqının qaytarılan hissəsindən sığorta müqaviləsi üzrə işlərin aparılması xərclərinin həmin müqavilənin qurtarmamış müddətinə mütənasib hissəsini çıxır. Bu zaman, işlərin aparılması xərclərinin qaytarılan sığorta haqqı məbləğindən çıxılan hissəsi həmin məbləğin 25 faizindən artıq olmayan həddə müəyyən edilir. Baxılan halda iddiaçı ilə bağlanmış müqavilə 14 iyun 2018-ci il tarixində qüvvəyə minmiş və onun 26 fevral 2021-ci il tarixli ərizəsi əsasında müqavilə 26 fevral 2021-ci ildə xitam edilmişdir. Qanunvericiliyin yuxarıda qeyd edilən tələbi üzrə bu zaman sığorta haqqı xitam tarixi nəzərə alınmaqla müqavilənin qurtarmamış müddətinə mütənasib olaraq hesablanır və həmin sığorta haqqının qaytarılan hissəsindən 25 faizindən artıq olmayan həddə sığorta müqaviləsi üzrə işlərin aparılması xərcləri çıxılır. Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərini nəzərə alaraq sığorta haqqının müqavilənin qurtarmamış müddətinə mütənasib hissəsindən 25 faiz işlərin aparılması xərci çıxılmaqla müqavilənin qurtarmamış müddəti üçün qaytarılacaq sığorta haqqı məbləği 156,55 manat hesablanmışdır. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 13.06.2018-ci il tarixli Həyat Sığortası Şəhadətnaməsinin surətindən görünür ki, Sığorta 14.06.2018-ci il tarixdən 13.06.2028-ci il tarixədək qüvvədədir. Cəmi sığorta haqqı 3,399.60 AZN təşkil edir. İlkin ödəniləcək sığorta haqqı və ödəniş tarixi 339.96 AZN, ödəniş tarixi isə 14.06.2018 olmalı, növbəti dövrlər üzrə 28.33 AZN olmaqla, ödəniş tarixi 01.07.2018-ci il – 01.06.2027-ci il (hər iki tarix daxil olmaqla, hər dövrdə ayın ilk 5 günü ərzində ödəniləcək), sonuncu sığorta haqqı 28,33 AZN olmaqla, sonuncu ödəniş tarixi 01.06.2027-ci ildir. Sığorta müqavilələri üzrə sığorta haqlarının ödənişi birinci il qabaqcadan tam ödənilmək şərti ilə, növbəti illər üzrə isə ödəniş cədvəlinə uyğun olaraq ilk aydan etibarən annuitet ödənişlərlə birlikdə həyata keçirilir. Cavabdeh sığorta şirkətinə olunmuş ödəniş cədvəlindən görünür ki, iddiaçının cəmi ödədiyi məbləğ 2018-ci il üzrə 169,98 manat, 2019-cu il üzrə 339,96 manat, 2020-ci il üzrə 339,96 manat, 2021-ci il üzrə 84,99 manat olmaqla, cəmi 934,99 manat təşkil edir. İddiaçı tərəfindən Cavabdeh Sığorta Şirkəti ASC-yə ünvanlanmış 26.02.2021-ci il tarixli ərizənin surətindən görünür ki, İddiaçı 13.06.2018-ci il tarixli MAP-187048 saylı sığorta müqaviləsinə 26.02.2021-ci il tarixdən etibarən xitam verilməsini xahiş etmişdir. Mülki işin məhkəmə baxışı zamanı aydınlaşdırılan hallarından görünür ki, sığortalı İddiaçı Qara oğlu sığorta müqaviləsini mənzilinin ipoteka ilə təmin edilmiş kredit müqaviləsi ilə əlaqədar bağlamışdır. Onun kredit müqaviləsi üzrə öhdəliklərinə həmin öhdəliyin kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində onunla bağlanan 13.06.2018-ci il tarixli, MAP-187048 saylı həyat sığortası müqaviləsinə sığortalının 26.02.2021-ci il tarixli ərizəsi ilə həmin tarixdə xitam verilmişdir. İddiaçı – sığortalı sığorta şəhadətnaməsində göstərilən ilkin ödəniləcək sığorta haqqı olan 339,96 AZN məbləği vaxtında ödəmiş və sığorta müqaviləsi üzrə növbəti ödənişləri də həmin müqaviləyə onun 26.02.2021-ci il tarixli ərizəsi ilə xitam verilənədək vaxtlı-vaxtında ödəmişdir. Belə ki, bu ödənişlərin edildiyi dövr və müqaviləyə xitam verilmə ilə bağlı hallar cavabdeh tərəfindən indiyədək hər hansı formada mübahisələndirilməmişdirvə bu barədə mübahisə yoxdur. Hazırda iddiaçı sığorta şəhadətnaməsi üzrə 14.06.2018-ci il tarixdə ödədiyi 339,96 AZN məbləğində ilkin ödənişin cavabdeh tərəfindən ödənilməsini Məhkəmədən xahiş edir. Qeyd edilməlidir ki, cavabdeh özünün iddiaya etirazını Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 04.10.2014-cü il tarixdə qüvvəyə minmiş qərarı ilə təsdiq etdiyi “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası qaydaları”nın 12.1-ci maddəsi və Azərbaycan Respublikası Mülki Məcəllənin 921.1-ci maddəsi ilə əsaslandıraraq işlərin aparılması xərclərinin qaytarılan sığorta haqqı məbləğindən çıxılan hissəsi həmin məbləğin 25 faizindən artıq olmayan həddə müəyyən edildiyini göstərmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 04.10.2014-cü il tarixdə qüvvəyə minmiş qərarı ilə təsdiq etdiyi “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası qaydaları”nın 12.1-ci maddəsinə əsasən sığorta müqaviləsinə sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığortaçı həmin müqavilə üzrə sığorta haqqının qaytarılan hissəsindən işlərin aparılması xərclərinin müqavilənin qurtarmamış müddətinə mütənasib hissəsini çıxmaqla həmin müddət üçün sığorta haqlarını ona qaytarır. Sığortalının sığorta müqaviləsinə xitam verilməsi ilə bağlı tələbi sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı sığorta haqlarını bütünlüklə sığortalıya qaytarır. Qeyd edilməlidir ki, iddiaçı müqavilənin qurtarmamış müddətinə mütənasib olaraq aylıq ödənişlərini etmişdir (cəmi 934,99 manat). Hazırda iddiaçı həmin məbləği deyil, avans məbləğinin qaytarılmasını istəyir. Belə ki, cavabdeh tərəfdən etiraz ərizəsinə əlavə edilmiş materiallarda sığorta şəhadətnaməsi üzrə 1246,52 AZN ödənildiyi, bu məbləğin 311,63 AZN-inin avans təşkil etdiyi, qaytarılan sığorta haqqının isə 156,55 AZN təşkil edəcəyi göstərilmişdir. Cavabdeh tərəfindən qeyd edilən tutmanın hansı səbəbdən avansa aid edilməsi, müvafiq məbləğin hesablanma proseduru və hansı işlərin aparılması xərclərinə aid edilməsi əsaslandırılmamışdır. Həmçinin qeyd olunmalıdır ki, tərəflər arasında müqaviləyə artıq xitam verildiyindən iddia ərizəsində həmin hissəyə məhkəmə tərəfindən hüquqi qiymət verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 921.1-ci maddəsinə əsasən Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığortaçı həmin müqavilə üzrə (qrup halında sığorta zamanı isə müqavilənin hər hansı sığorta predmeti ilə bağlı sığorta haqqına mütənasib olan) sığorta haqqının qaytarılan hissəsindən işlərin aparılması xərclərinin müqavilənin qurtarmamış müddətinə mütənasib hissəsini çıxmaqla həmin müddət üçün sığorta haqlarını ona qaytarır. Sığortalının sığorta müqaviləsinə xitam verilməsi ilə bağlı tələbi sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı sığorta haqlarını (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə sığortalıya qaytarır. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 04.10.2014-cü il tarixdə qüvvəyə minmiş qərarı ilə təsdiq etdiyi “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası qaydaları”nın 2.0.6-cı maddəsinə əsasən sığorta şəhadətnaməsi sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən, sığortaçı tərəfindən sığortalıya və (və ya sığorta olunana) verilən sənəddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 04.10.2014-cü il tarixdə qüvvəyə minmiş qərarı ilə təsdiq etdiyi “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası qaydaları”nın 10.1.4-cü maddəsinə əsasən sığortalı və ya sığortaçı sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi tələbi ilə çıxış etdikdə sığorta müqaviləsinə xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 183,41 manat məbləğində ilkin sığorta ödənişi sığortaçı Cavabdeh Sığorta Şirkəti ASC-dən alınaraq sığortalı İddiaçı ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 183,41 manat məbləğində ilkin sığorta ödənişi sığortaçı Cavabdeh Sığorta Şirkəti ASC-dən alınaraq sığortalı İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-898/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-898/2022
16.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver