Məhkəmə qərarları › İş №2(006)-933/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-933/2022

23.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-933/2022 23.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, həyat yoldaşının ölümünə görə 11000 manat sığorta ödənişinin, hüquqi yardım üçün ödədiyi 100 manat pulun və 123 manat dövlət rüsumunun, cəmi 11223 manat pulun cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin, iddiaçı 27.01.2022-ci il tarixdə məhkəməyə iddia ərizəsinə əlavə təqdim edərək bildirmişdir ki, hərbi qulluqçuların sığortası “Hərbi qulluçuların dövlət icbari şəxsi sığortası haqqında” AR Qanunu ilə tənzimlənir. Cavabdeh həyat yoldaşının ölümünə görə sığorta ödənişinin verilməsindən yalnız həmin Qanunun 8-ci maddəsində göstərilən əsaslardan birinə istinad etməklə imtina edə bilərdi.Həmin hallar isə hazırki iş üzrə müəyyən edilməmişdir. Belə ki, mərhum sığorta edilənin sığorta hadisəsi ilə birbaşa bağlı olan qəsdən cinayət törətdiyi barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdur, yaxud alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə hərəkət etməmişdir. Əksinə, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun 27.08.2021-ci il tarixli Qərarı ilə həyat yoldaşı İlham Seyidovun ölümü üzrə cinayət hadisəsində və əməldə cinayət tərkibinin olmaması əsaslarına görə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, mərhum həyat yoldaşı polkovnik X4 01.08.1989-cu il tarixdən 28.07.2021-ci il tarixədək AR Silahlı Qüvvələrində zabit kimi xidmət keçmiş və 28.07.2021-ci il tarixdə hərbi xidmət dövrü vəfat etmişdir. Həyat yoldaşı “Hərbi Qulluqçuların Dövlət İcbari Şəxsi Sığortası haqqında” AR Qanununa müvafiq olaraq hərbi xidmətə daxil olarkən sığortalanmışdır. Həyat yoldaşı hərbi xidmət dövrü vəfat etdiyinə görə 11000 manat məbləğində sığorta ödənişinin ona verilməsi üçün o, 11.10.2021-ci il tarixdə cavabdeh AR Dövlət Sığorta Kommersiya Şirkətinə ərizə ilə müraciət etmişdir. Lakin, ərizə bu günədək cavabsız və nəticəsiz qalmışdır. Ərizənin cavablandırılmamasını cavabdeh tərəfindən imtina kimi qiymətləndirir. Qeyd olunanları nəzərə alaraq, ona cəmi 11223 manat sığorta pulunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək bildirdi ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş 07.10.2021-ci il tarixli, 8 nömrəli arayışa əsasən,, mərhum X4 01.08.1989-cu ildən 28.07.2021-ci ilədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində zabitlərin hərbi xidməti üzrə hərbi xidmət keçmiş və 28.07.2021-ci ildə “mexaniki asfiksiya asılma, boyun orqanlarının ilgəklə sıxılması” özünəqəsd nəticəsində vəfat etmişdir. Ölüm hərbi xidmət vəzifələrinin icrası ilə bağlı deyil. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” AR Qanununun 8-ci maddəsi sığorta ödənişinin verilməsindən imtina əsaslarını təsbit edir və həmin Qanunun 8.1.5-ci maddəsinə əsasən, sığorta olunan özünə qəsd etdikdə sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin verilməsindən imtina edilir. Həmçinin, AR Mülki Məcəlləsinin 935-ci maddəsi sığortaçı tərəfindən sığorta ödənişinin verilməsindən imtina əsaslarını təsbit edir və həmin Məcəllənin 935.1.8-ci maddəsinə görə, baş vermiş hadisənin qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi; yenə həmin Məcəllənin 935.1.10-cu maddəsinə görə, icbari sığorta qanunlarında nəzərdə tutulmuş digər hallarda sığorta ödənişinin verilməsindən imtina edilir. Qeyd olunanlara əsaslanaraq iddia ərizəsinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia ərizəsi rədd edilməlidir. İş materiallarında olan 29.07.2021-ci il tarixli, AZ-İİ 165251 №-li Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 28.07.2021-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 29.07.2021-ci il tarixdə 306№ ilə qeyd edilmişdir. İş materiallarında olan sığorta ödənişinin verilməsinə dair ərizədən görünür ki, İddiaçı həyat yoldaşı X2 vəfatı ilə əlaqədar “Hərbi Qulluqçuların İcbari Dövlət Şəxsi Sığortası” haqqında AR Qanunu ilə nəzərdə tutulmuş 11000 manat məbləğində sığorta ödənişinin verilməsinə dair göstəriş verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğu tərəfindən iddiaçıya ünvanlanan məktubdan görünür ki, həyat yoldaşı mərhum X2 özünü öldürməsi faktı ilə əlaqədar aparılan araşdırma üzrə 27.08.2021-ci il tarixli qərarla AR CPM-in 39.1.1 və 39.1.2-ci maddələrinin tələblərinə uyğun olaraq cinayət hadisəsi və əməldə cinayət tərkibi olmaması əsaslarına görə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan AR SHXDX-nin Zərdab Rayon Bölməsi tərəfindən verilən 07.10.2021-ci il tarixli, 8№-li Arayışdan görünür ki, X5 X1 Rabitə şöbəsinin rəisi 03.07.1972-ci il təvəllüdlü polkovnik X4 01.08.1989-cu il tarixdən 28.07.2021-cı il tarixədək Azərbaycan respublikası Silahlı Qüvvələrində zabitlərin hərbi xidməti üzrə hərbi xidmət keçmiş və 28.07.2021-ci il tarixdə “mexaniki asfiksiya asılma, boyun orqanlarının ilgəklə sıxılması” özünəqəsd nəticəsində vəfat etmişdir. Ölüm hərbi xidmət vəzifələrinin icrası ilə bağlı deyil. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Sığorta haqqı sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda: - İ qrup əlilliyə görə — 80 faiz; - İİ qrup əlilliyə görə — 60 faiz; - İİİ qrup əlilliyə görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, Sığorta ödənişlərinin alınması üçün sığorta olunan, yaxud onun vərəsələri dövlət sığorta orqanlarına və ya yaşadığı ərazi üzrə həmin orqanın bölmələrinə müəyyən olunmuş formada ərizəsi və şəxsiyyətini təsdiq edən sənədi ilə birlikdə aşağıdakı sənədləri təqdim edir: a) həlak olması (ölüm) halında; sığorta olunanın ölümü haqqında müvafiq icra hakimiyyəti orqanının şəhadətnaməsinin surəti; vərəsəlik hüququnu təsdiq edən sənəd; sığorta olunan xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə yuxarıda göstərilən sənədlərdən əlavə, həkim komissiyasının həmin faktı təsdiq edən rəyi; b) əlillik halında: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə uyğun olaraq qəbul edilmiş qərarın surəti; hərbi bilet (yaxud onu əvəz edən sənəd); “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” AR Qanununun 8-ci maddəsi sığorta ödənişinin verilməsindən imtina əsaslarını təsbit edir və həmin Qanunun 8.1.5-ci maddəsinə əsasən, sığorta olunan özünə qəsd etdikdə sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin verilməsindən imtina edilir. Həmçinin, AR Mülki Məcəlləsinin 935-ci maddəsi sığortaçı tərəfindən sığorta ödənişinin verilməsindən imtina əsaslarını təsbit edir və həmin Məcəllənin 935.1.8-ci maddəsinə görə, baş vermiş hadisənin qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi; yenə həmin Məcəllənin 935.1.10-cu maddəsinə görə, icbari sığorta qanunlarında nəzərdə tutulmuş digər hallarda sığorta ödənişinin verilməsindən imtina edilir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş 07.10.2021-ci il tarixli, 8 nömrəli Arayışdan göründüyü kimi, mərhum X4 01.08.1989-cu ildən 28.07.2021-ci il tarixədək AR Silahlı Qüvvələrində zabitlərin hərbi xidməti üzrə hərbi xidmət keçmiş və 28.07.2021-ci ildə “mexaniki asfiksiya, boyun orqanlarının ilgəklə sıxılması” özünəqəsd nəticəsində vəfat etmişdir. Beləliklə, qanunvericiliyin istinad olunan maddələrinə və iş materiallarına əsasən, sığorta olunanın özünəqəsd etməsi faktı sığorta hadisəsi hesab edilmədiyinə və bu səbəbdən sığorta təminatına daxil olmadığına görə sığortaçı tərəfindən sığorta ödənişinin verilməsindən imtina edilməsi tam qanunauyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəsini alır. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar