Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-936/2021 20.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta ödənişinin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta ödənişinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı həyat yoldaşı X3 ilə 29.12.1992-ci ildə rəsmi nikaha daxil olmuşdur. O, Bakı şəhəri Yasamal RHK tərəfindən 16.11.1993-cü ildə həqiqi hərbi xidmətə çağırılmış və 21.09.1995-ci ilədək N saylı hərbi hissədə xidmətdə olmuşdur. 19.01.1994-cü ildə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı, «Döş qəfəsinin sağ yarısını dəlib keçən və sağbazuda yumşaq toxumalarda qalan güllə yarası. Sağ ağ ciyərin orta payının yaralanması» diaqnozu ilə yaralanmışdır. 21.01.1994-cü ildə təcili operasiya olunub. AR MN 260-87 nömrəli əmrinin 34 V maddəsinə əsasən 23.05.1995-ci il tarixli qərarı ilə hərbi xidmətə yararsız hesab edilmişdir. Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı yaraların təsiri nəticəsində Azərbaycan Respublikası ƏƏSM Nazirliyinin, Bakı şəhəri, Binəqədi rayonu, TSEK-nin 22.01.1996-cı il tarixli, 126 nömrəli aktı ilə əmək qabiliyyətsiz kimi ona ilk dəfə İİ qrup əlillik təyin olunmuşdur. Sonuncu dəfə Bakı şəhəri, Binəqədi rayonu, TSEK-nın 23.02.1999-cu il tarixli, 325 nömrəli qrarına əsasən əmək qabiliyyətsiz kimi müddətsiz İİ qrup əlil kimi təyin edilmişdir. İddiaçının həyat yoldaşı X3 aldığı yaraların səbəbindən də 29 iyul 1999-cu ildə vəfat etmişdir. Sağlığında da sığorta ödənişi almamışdır. Onun valideynləri də vəfat etdiklərində həyat yoldaşının yeganə varisi iddiaçıdır. Hərbçi olaraq qanunla həyat yoldaşına verilməli olan (əlil olduğuna görə) icbari sığorta ödənişi ilə bağlı Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinə müraciət etsə də, sığorta ödənişini ala bilməmişdir. Sığorta ödənişinin verilməsində iddiaçıya köməklik göstərilməsi üçün «Qanunun hədəfində» Beynəlxalq ictimai-siyasi və hüquq qəzeti redaksiyasına ərizə ilə müraciət etmişdir. Redaksiyanın Dövlət Sığorta Kommersiya Şirkətinə ünvanladığı müraciətinə cavab olaraq DSKŞ 03.06.2014-cü il tarixli, 07-07-1501 saylı məktubu ilə bildirmişdir ki, ««Hərbi qulluqçuların dövlət sığortası haqqında» Azərbaycan Respublikasının Qanununun bəzi müddəalarını şərh olunmasına dair 28.01.2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən «Hərbi qulluqçuların dövlət sığortası haqqında» Azərbaycan Respublikasının 20.05.1997ci il tarixli Qanunun qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin hal-hazıra qədər sığorta məbləğini almamış hərbi qulluqçulara, həmin məbləğin ödənilməsi qaydasının və şərtlərinin qısa müddətdə müəyyən edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyyə edilmişdir. Bu məsələ ilə əlaqədar Milli Məclisdə müvafiq normativ hüquqi akt qəbul edildikdən sonra həmin qulluqçu müraciət etdikdən sonra sığorta ödənişinin verilib-verilməməsi məsələsinə baxılacaqdır. Ona görə də bu məsələ ilə bağlı təkrar müraciət etməməniz Sizdən xahiş olunur». Bundan sonra «Qanunun hədəfində» Beynəlxalq ictimai-siyasi, hüquq qəzeti redaksiyasının Qarabağ müharibəsi əlillərinə sosial sığortanın verilməsi barədə müraciətinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Müdafiəsi Nazirliyində aidiyyatı üzrə baxılmışdır. «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə uyğun olaraq, hərbi qulluqçuların sığortası Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətidir. Bunları nəzərə alaraq sığorta ödənişinin verilməsi ilə bağlı məsələyə aydınlıq gətirilməsi məqsədilə Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etməsini tövsiyyə olunmuşdur. İddiaçının həyat yoldaşının bu günə qədər sığorta ödənişinin ala bilməməsinin səbəbi xəsarət aldıqdan sonra sağlam mühitə qayıtmağı üçün illərlə ciddi müalicəyə mənəvi və psixoloji reabilitasiya dövrü keçməyi olub. Bu dövr ərzində isə heç bir əlil , o cümlədən də o, dövlətin əlillərə ödəməli olduğu «qanpulu» barədə nə ala bilməyib, nə də ki bu barədə heç düşünməmişdir. Müvafiq icra hakimiyyəti orqanlarının, dövlət sığorta orqanlarının və onların bölmələrinin rəhbərləri və digər vəzifəli şəxsləri AR-nın qanunvericiloiyinə uyğun olaraq həmin ödənişləri Vətənin azadlığı uğrunda canlarını əsirgəməyən əlillərinə və Şəhid ailələrinə təqdim etməli idilər. Göstərilənlərə əsasən iddiaçının həyat yoldaşının əlilliyi hərbi xidmətlə bağlı olduğundan İİ qrup əlil kimi ona verilməsi olan 6600 manat məbləğin iddiaçıya ödənilməsi vəzifəsini Dövlət Sığorta Kommesriya Şirkətinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ünvanlanmış ərizədə iddia tələbinin təmin edilərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşdə olan Xətai rayon VVAQ şöbəsi tərəfindən verilmiş 29 dekabr 1992-ci il tarixli Vİ- JQ № 307040 seriya nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X3 ilə İddiaçı 29 dekabr 1992-ci il tarixdə nikahlarını bağlamışlar, bu barədə nikah haqqında akt qeydləri kitabında 1396 nömrə ilə nikah qeydə alınmışdır. Nikah bağlandıqdan sonra arvada Məlikova soyadı verilmişdir. İşdə olan 15.09.1999-cu il tarixli AZ № 018614 seriya nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X3 29.07.1999cu ildə 37 yaşında ölmüşdür, bu barədə 15.09.1999-cu ildə ölüm haqqında akt qeydləri kitabında 669 nömrə ilə qeyd edilmişdir. Ölüm səbəbi kəskin ürək damar çatmamazlığıdır. İş materiallarında olan Bakı şəhəri Kirov rayon VVAQ şöbəsi tərəfindən verilmiş 25.04.1979-cu il tarixli, İV-JQ № 345970 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 04.10.1971-ci il tarixdə İsmayıllı rayonu Lahıc kəndində anadan olmuş, atası X5, anası X2r. İş materiallarında olan Bakı şəhəri Kirov rayon VVAQ şöbəsi tərəfindən verilmiş 25.04.1979-cu il tarixli, İV-JQ № 345970 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 04.10.1971-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 17.09.2008-ci il tarixli, AZ-İ № 324691 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 11.09.2008-ci il tarixdə vəfat etmişdir. İş materiallarında epikrizin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, yaralı X3 20.01.1994-cü ildən 02.05.1994-cü ilə kimi ETKECİ-nun döş qəfəsi cərrahi şöbəsində müalicədə olunmuşdur. Diaqnoz: «Döş qəfəsinin sağ yarısını gəlib keçən və sağ bazuda yumşaq toxumalarda qalan güllə yarası. Sağ ağ ciyərin orta payının yaralanması». İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Binəqədi rayon TSEK-nın BTE-9 seriyalı 061469 nömrəli və 4 saylı zona TSEK-nın TSE-0 seriyalı 199673 nömrəli arayışlardan görünür ki, X3 Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci qrup əlilidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyinin «Qanunun hədəfində» beynəlxalq ictimai-siyasi hüquq qəzetinə ünvanlanmış 11.01.2019-cu il tarixli məktubun surətindən görünür ki, sığorta ödənişinin verilməsi ilə bağlı məsələyə aydınlıq gətirilməsi məqsədilə Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etməsi tövsiyyət olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin «Qanunun hədəfində» beynəlxalq ictimai-siyasi hüquq qəzetinə ünvanladığı 03.06.2014-cü il tarixli məktubundan görünür ki, sabiq hərbi qulluqçulara sığorta ödənişinin verilməsi ilə əlaqədar Milli Məclisdə müvafiq normativ hüquqi akt qəbul edildikdən sonra həmin hərbi qulluqçulara mürciət etdikdən sonra sığorta ödənişinin verilib-verilməməsi məsələsinə baxılacaqdır. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Sığorta haqqı sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda: - İ qrup əlilliyə görə — 80 faiz; - İİ qrup əlilliyə görə — 60 faiz; - İİİ qrup əlilliyə görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının həyat yoldaşı X3 hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəsarət almış və nəticədə ikinci qrup əlil olmuşdur. Belə olan halda, iddiaçı haqlı olaraq hazırki tələblə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən müddəlarını əsas götürərək hesab edir ki, 11.000 manat sığorta məbləğinin 60 faizi, yəni 6600 manat iddiaçıya (həyat yoldaşı X1 vərəsəsi kimi) ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsi təmin olunmaqla, İddiaçı (həyat yoldaşı X1 vərəsəsi kimi) 6600 (altı min altı yüz) manat sığorta ödənişinin verilməsinə dair müvafiq öhdəlik cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı (həyat yoldaşı X1 vərəsəsi kimi) 6600 (altı min altı yüz) manat sığorta ödənişinin verilməsinə dair müvafiq öhdəlik cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin üzərinə qoyulsun. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-936/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-936/2021
20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver