Məhkəmə qərarları › İş №2(006)-943/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-943/2021

11.02.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-943/2021 11.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, Cavabdeh Nadirov Ramiz Mövlud oğlunun nümayəndəsi və vəkili Cavabdeh3 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 9 saylı notarial kontoruna qarşı «müqavilənin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 9 saylı notarial kontoruna qarşı «müqavilənin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə aralarında xx.xx.2017-ci il tarixdə «kredit müqaviləsi» bağlanılmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 3 ay müddətinə xx.xx.2017-ci il tarixdə qaytarmaq şərti ilə pul alınmışdır. Cavabdeh1 ilə aralarında hər hansı bir münasibətlər olmamışdır. Belə ki, onun Cavabdeh1 ilə nə şərikli işi, nə tanışlığı olmamış, nə də ondan hər hansı bir məbləğdə pul almamışdır. Hazırki mübahisələndirilən müqavilə Cavabdeh1 təşəbbüsü ilə alarında olan pul münasibətlərdən dolayı bağlanılmışdır. Lakin sonradan Cavabdeh1 hazırki kredit müqaviləsini real qəbul edərək ondan vermədiyi pulu tələb edir. Mübahisələndirilən müqavilənin ləğv edilməsinin əsası onun tərəfindən müqavilə üzrə alınmış pul məbləğinin bir hissəsinin ödənilməsi və qalıq hissəsinin isə əmlak (torpaq sahəsi) təqdim edilməklə öhdəliklər tam şəkildə icra edilmişdir. Buna baxmayaraq, cavabdeh yenə də müqavilə öhdəlikləri üzrə ödəniş tələb edir. Onun tərəfindən müqavilənin ləğvi barədə bildirişə də heç bir münasibət bildirilməmişdir. Göstərilənlərə əsasən, Cavabdeh1 ilə İddiaçı arasında bağlanılmış xx.xx.2017-ci il tarixli «kredit müqaviləsi»nin ləğv edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəməyə iddiaçı tərəfindən teleqram daxil olaraq iclasın təxirə salınmağını xahiş etmişdir. Lakin təxirə salınmasını əsas gətirən heç bir üzrlü səbəb barədə sübut təqdim etməmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 nümayəndəsi və vəkili Cavabdeh3 mülki işə mahiyyəti üzrə baxılmasını tələb etdi. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh Bakı şəhəri 9 saylı notariat kontorunun nümayəndəsi qanunla müəyyənləşdirilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili Cavabdeh3 iddia tələbini qəbul etməmiş və bununla bağlı etiraz ərizəsi təqdim edərək, bildirmişdir ki, hazırda notariat kontorunun icra qeydi əsasında 2017-ci ildən icra işi Nəsimi rayon icra və probasiya şöbəsinin icraatındadır. Nəsimi rayon icra və probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli məktubunda göstərilmişdir ki, notariat kontorunun 7E-2172 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən borclu İddiaçı 46450 manat pul vəsaiti tutularaq tələbkar Cavabdeh1 xeyrinə ödənilməsi qət edilmişdir. Qeyd olunan icra sənədi xx.xx.2017-ci il tarixdə Nəsimi rayon İcra və Probasiya Şöbəsində icraata daxil olmuş və qeyd olunan icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin icrası barədə borcluya bildiriş göndərilmişdir. xx.xx.2018-ci il tarixli qəbzə əsasən icra sənədi üzrə borc məbləğindən borclu İddiaçı tərəfindən Cavabdeh1 xeyrinə 2000 manat məbləğində ödəniş edilmişdir. xx.xx.2020-ci il tarixdə isə borclu İddiaçı şöbəyə gələrək ondan izahatı alınmış və o, izahatında icra sənədi üzrə tələbi tam şəkildə ödəmək iqtidarında olmadığını bildirmişdir. Borclu İddiaçı icra şöbəsində verdiyi izahatında borclu olduğunu və ödəmək iqtidarında olmadığını etiraf etmişdir. Lakin buna baxmayaraq, borclu bilərəkdən Cavabdeh1 və Notariat Kontoruna qarşı «əqdin etibarsız hesab edilməsi tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hətta bununla bağlı icra şöbəsinə də məlumat vermişdir. Nəsimi rayon Məhkəməsinin 2(006)-2890/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası rədd edilmişdir. Qətnamədən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Nəsimi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, borclu İddiaçı indi də «xx.xx.2017-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi» tələbi ilə məhkəməyə müraciət etmişdir. Məqsəd borcun ödənilməməsi ilə bağlı vaxtı uzatmaq və bu yolla borcdan yayınmaqdır. Bundan başqa, İddiaçı xx.xx.2017-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsini tələb edir, kredit müqaviləsindən görünür ki, həmin müqavilə 3 ay müddətinə bağlanmışdır, yəni xx.xx.2017-ci il tarixdən sonra öhdəlik münasibətləri yaranır. Kredit müqaviləsinə əsas yoxdur. Göstərilənləri nəzərə alaraq cavabdehin nümayəndəsi və vəkili iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin və vəkilin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İşdə olan “Borc verən” qismində Cavabdeh1 ilə “Borc alan” qismində İddiaçı arasında bağlanılmış və Bakı şəhəri 9 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2017ci il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı 27.000 ABŞ dolları şəklində verilmiş, xx.xx.2017-ci il tarixli manatla kurs üzrə (1 ABŞ dolları=1.75 manat) 47250 manat məbləğində borc pul vermiş, İddiaçı krediti xx.xx.2017-ci il tarixədək Cavabdeh1 qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan Bakı şəhəri 9 saylı notariat kontoru tərəfindən İsmayıllı rayon Notariat kontoruna ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 və İddiaçı arasında xx.xx.2017-ci il tarixli 3-M-468 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş kredit müqaviləsini borc qaytarmadığına görə icra qeydi aparılması üçün göndərilmişdir. İşdə olan Cavabdeh1 tərəfindən 9 saylı notariat kontoruna yazılmış ərizənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, o, xx.xx.2017-ci il tarixdə rəsmiləşdirilmiş 3M-468 reyestr nömrəsi ilə kredit müqaviləsinə əsasən İddiaçı 27.000 ABŞ dolları, kurs üzrə manatla (1 ABŞ dolları=1,75 manat) 47.250 manat məbləğdə borc pul vermiş və İddiaçı xx.xx.2017-ci il tarixədək həmin pul məbləğini qaytarmalı idi. Bu günə kimi həmin pul məbləğindən heç bir məbləğ qaytarılmayıb. Borc müqaviləsinə icra qeydinin aparılmasını xahiş etmişdir. İşdə olan Bakı şəhəri 9 saylı notariat kontoru tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə rəsmiləşdirilmiş 3-M-468 reyestr nömrəsi ilə kredit müqaviləsinə əsasən 27.000 ABŞ dolları, kurs üzrə manatla (1ABŞ dolları=1,75 manat) 47.250 manat məbləğdə borc pulu götürüb xx.xx.2017-ci il tarixədək həmin pul məbləğini qaytarmalı idi. xx.xx.2017-ci il tarixdə Cavabdeh1 kontora yazılı ərizə ilə müraciət edərək bu günə kimi həmin pul məbləğindən heç bir miqdarının qaytarılmadığını bildirmişdir. 30 gün müddətində borc götürdüyü pulu qaytarmasını xahiş etmişdir. Əks təqdirdə borc müqaviləsində icra qeydi aparılmasını göstərilmişdir. İş üzrə İddiaçı tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2020-ci il tarixli təklifindən görünür ki, aralarında xx.xx.2017-ci il tarixli «kredit müqaviləsi» bağlanılmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 müəyyən məbləğdə rəsmi və qeyri-rəsmi qaydada bir neçə dəfə pullar ödənilmişdir. Borcun qalıq hissəsini isə Cavabdeh1 təqdim edilmiş torpaq sahəsinin dəyəri tamamilə ödəyir. İddiaçı aralarında bağlanılmış xx.xx.2017-ci il tarixli «kredit müqaviləsi»nin ləğv edilməsi üçün 5 gün müddətində müqaviləni bağlamış notariat kontoruna gəlməsini təklif edir. Əks təqdirdə tələb məhkəmə qaydasında ediləcəyini göstərilmişdir. İşdə olan Bakı şəhəri Nəsimi rayon icra və probasiya şöbəsi tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubun surətindən görünür ki, İsmayıllı rayon Notariat Kontorunun 7E-2172 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən borclu İddiaçı 46.450 manat pul vəsaiti tutularaq tələbkar Cavabdeh1 xeyrinə ödənilməsi qət edilmişdir. Qeyd olunan icra sənədi xx.xx.2017-ci il tarixdə icraata daxil olmuşdur və qeyd olunan icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin icrası barədə borcluya bildiriş göndərilmişdir. İcra sənədlərində göstərilən tələbin ödənilməsini təmin etmək məqsədi ilə borclunun adına qiymətli əmlakların olub-olmamasını müəyyən etmək üçün müvafiq orqanlara sorğular göndərilmiş, lakin tələbin yönəldilə biləcəyi hərhansı bir əmlak aşkar edilməmişdir. xx.xx.2018-ci il tarixdə borclu İddiaçı ərizə ilə şöbəyə müraciət edərək, səhhətində yaranmış problemlərlə bağlı müalicə aldığını və bu səbəbdən şöbəyə gələ bilmədiyini bildirərək, ona müalicəsi bitənə qədərə möhlət verilməsini xahiş etmişdir. xx.xx.2018-ci il tarixdə borclu barəsində məcburi qaydada şöbəyə gətirilməsi ilə bağlı qərar qəbul edilərək məlumat üçün ünvanına göndərilmişdir. xx.xx.2018-ci il tarixli qəbzə əsasən icra sənədi üzrə borc məbləğindən borclu İddiaçı tərəfindən Ramiz Nadirovun xeyrinə 2000 manat məbləğində ödəniş edilmişdir. xx.xx.2018-ci il tarixdə borclu İddiaçı ərizə ilə şöbəyə müraciət edərək Cavabdeh1 və Notariat Kontoruna qarşı «əqdin etibarsız hesab edilməsi tələbinə dair» iddia ərizəsi ilə Məhkəməyə müraciət etdiyini bildirmişdir. Nəsimi rayon Məhkəməsinin 2(006)-2890/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə İddiaçı iddiası rədd edilmişdir. Nəsimi rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Nəsimi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2020-ci il tarixdə borclu İddiaçı şöbəyə gələrək ondan izahat alınmış və o, izahatında icra sənədi üzrə tələb tam şəkildə ödəmək iqtidarında olmadığını bildirmişdir. Borclu barəsində məcburi qaydada şöbəyə gətirilməsi ilə bağlı qərar qəbul edilərək ünvanına göndərilmiş, həmin qərardan şikayət verilməmişdir. xx.xx.2020-ci il tarixdə borclunun məcburi gətirilməsi barədə təqdimat yazılaraq, baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilmişdir. Nəsimi rayon Məhkəməsinin 8(006)- 317/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadla icra məmurunun təqdimatı təmin edilmiş, qərardad məlumat üçün şöbəyə daxil olmuşdur. İcra sənədi üzrə borclu İddiaçı tərəfindən iddia qaydasında mübahisə qaldırıldığından xx.xx.2020-ci il tarixdə «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 17.1.4-cü maddəsinə əsasən icra məmuru tərəfindən icra sənədi üzrə icraatın məcburi olaraq dayandırılması barədə qərar qəbul edilmişdir. İşdə olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixdli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 9 saylı Notariat Kontoruna qarşı “əqdin etibarsız hesab edilməsi tələbinə dair” ilk, Cavabdeh1 İddiaçı qarşı “pul tələbinə dair” qarşılıqlı iddia ərizəsi üzrə 2(006)-2890/2018 saylı mülki işin Cavabdeh1 İddiaçı qarşı “pul tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə bağlı olan hissəsinin icraatına xitam verilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh1 ilə İddiaçı arasında xx.xx.2017-ci il tarixədək qaytarmaq şərti ilə borc pulun verilməsi barədə xx.xx.2017-ci il tarixdə kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən Cavabdeh1 tərəfindən İddiaçı 27.000 ABŞ dolları, kurs manatla (1 ABŞ dolları=1.75 manat) 47.250 manat məbləğində borc pul verilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, İddiaçı götürülən pul məbləğini müqavilədə nəzərdə tutulmuş müddətdə qaytarmalı olduğu halda, bunu etməmiş və xx.xx.2017-ci il tarixli icra qeydinə əsasən borclu İddiaçı 46.450 manat pul vəsaiti tutularaq tələbkar Cavabdeh1 xeyrinə ödənilməsi qət edilmişdir. Nəsimi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh1 və Notariat Kontoruna qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair iddiasına xitam verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Nəsimi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, müqavilə üzrə alınmış pul məbləğinin bir hissəsini ödəmiş və qalıq hissəsini isə əmlak (torpaq sahəsi) təqdim etməklə öhdəlikləri tam şəkildə icra etmişdir. Lakin cavabdeh müqavilə üzrə öhdəlikləri üzrə ödəniş tələb edir. Bu səbəbdən iddiaçı xx.xx.2017-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iddianın hüquqi tərəfləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Yuxarıda qeyd olunduğu kimi İddiaçı kredit müqaviləsi və əlavə sazişlərdə göstərilən şərtlərlə razılaşaraq cavabdehlə həmin müqaviləni bağlamış və qeyd olunan müqavilə əsasında öz üzərinə kredit borcunun ödənilməsi üzrə öhdəlik götürmüşdür. Bundan əlavə, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 421.1-maddəsində qeyd olunur ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Qeyd olunan Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 423.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Həmin Məcəllənin 423.2-ci maddəsində qeyd edilir ki, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Mülki Məcəlləsinin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Mülki Məcəllənin 399.3-ci maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Mülki Məcəllənin 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Məhkəmə qeyd edir ki, xx xxxxx 2017-ci il tarixlikredit müqaviləsinin müddəti 3 ay müəyyən edilmişdir və bu müddət xx xxxx 2017-ci tarixdə başa çatmışdır. Məhkəmə hesab edir ki, iddiaçının göstərilən müqavilə üzrə öhdəliyi mövcud olsaydı belə, həmin müqavilənin müddəti bitdiyindən onun məhkəmə qaydasında ləğv edilməsinə lüzum yoxdur. Yalnız borc olsaydı belə müddət bitdiyinə görə müqavilə ləğv edildikdən sonra onun müqavilə üzrə öhdəlik institutundan irəli gələn tələbləri mövcud olardı. Odur ki, xx xxxxx 2017-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə iddia tələbi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının kredit müqaviləsinin ləğv edilməsi ilə bağlı istinad olunan əsaslar kredit müqaviləsinin etibarsız hesab edilməsinə yönəlmişdir. Bununla bağlı isə Nəsimi Rayon Məhkəməsi tərəfindən xx.xx.2018-ci il tarixdə 2(006)- 2890/2018 saylı qərardadı ilə qeyd olunan əqdin etibarsızlığına da qiymət verilərək hazırki iş üzrə cavabdehin iddiası üzrə mülki işin icraatına xitam verilmişdir. Bu halın özü isə bu mülki iş üzrə predusial əhəmiyyətə malikdir. Göstərilənlərə əsasən, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 9 saylı Notariat Kontoruna qarşı «müqavilənin ləğv edilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 9 saylı Notariat Kontoruna qarşı «müqavilənin ləğv edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar