Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-96/2023 22.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta ödənişinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta ödənişinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 27 oktyabr 2021-ci il tarixdə iddiaçıya məxsus olan «X11» markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobili VAZ- 21074 markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil vuraraq qəza törətmiş və nəticədə sığorta hadisəsi baş vermişdir. Avtomobilinə dəymiş zərər hesablanmış, qüsur aktına əsasən zərərin miqdarı 2070 manat təşkil etmiş və Toyota servisi tərəfindən buna dair akt tərtib edilmişdir. Hadisə ilə bağlı cavabdehin nümayəndəsi hadisədə iştirak etmiş və bütün sənədlər ona iddiaçı tərəfindən təqdim edilmişdir. Hazırda avtomobilinə dəymiş zərərin iddiaçıya ödənilməsi ilə bağlı şifahi olaraq 405 manat pul ödəniləcəyi bildirilmişdir. Bu baxımdan iddiaçıya dəymiş zərər tam ödənilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Göstərilənlərə əsasən iddiaçıya dəymiş 2070 (iki min yetmiş manat) icbari sığorta haqqının, ödənilmiş dövlət rüsumunun iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddia tələbini qismən qəbul edərək və iddiaya qarşı yazılı etiraz məhkəməyə təqdim edərək izahatında göstərmişdir ki, 27 10.2021-ci il, saat 14:40-da Gəncə şəhərində yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı Şirkətdə ‘'Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbarı sığortası" müqaviləsi ilə sığortalanmış X2 tərəfindən idarə olunan “VAZ 21074 MİNİK” markalı, 55BP893 dövlət qeydiyyat nömrəli avtomobillə İddiaçı tərəfindən idarə olunan "X11 Prado Minik markalı, 20- DH- 940 dövlət qeydiyyat nömrəli avtomobil toqquşmuş, nəticədə sonuncuya maddi ziyan dəymişdir. Baş vermiş sığorta hadisəsi ilə əlaqədar dərhal Şirkətin qəza komissarı hadisə yerinə gəlmiş, hadisəni qeydə almışdır. Sığorta hadisəsi ilə əlaqədar zərərçəkənə məxsus avtomobilə dəymiş zərərin qiymətləndirilməsi üçün lazımi tədbirlər görülmüş və qanunvericiliklə müəyyən edilmiş müddət ötürülmədən “X11 Prado Minik” markalı, **-DH-*** dövlət qeydiyyat nömrəli avtomobilə dəymiş zərər şirkət tərəfindən tərtib olunmuş qüsur aktına əsasən 405 manat məbləğində müəyyən edilmişdir. Lakin zərərçəkən avtomobilə dəymiş zərərə görə Şirkətin müəyyən etdiyi məbləğlə razılaşmadığından zərərin qiymətləndirilməsi üçün “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müstəqil ekspertin təyin olunması ilə bağlı ərizə ilə Şirkətə müraciət etmiş, ərizəyə əsasən, zərərin qiymətləndirilməsi üçün müstəqil ekspert X1. Sözügedən ekspert tərəfindən çıxarılmış xx.xx.2021-ci il tarixli qüsur aktına əsasən, avtomobilə dəymiş zərər 545 manat müəyyən edilmişdir. Zərərçəkən ona məxsus nəqliyyat vasitəsinə dəyən zərərin müəyyənləşdirilməsi məqsədilə, bilavasitə öz təşəbbüsü ilə X8 müraciət etmiş və mərkəzin tərtib etdiyi xx.xx.2021 -ci il tarixli qüsur aktına əsasən sözügedən nəqliyyat vasitəsinə 2070 manat zərər dəymişdir. İddiaçının bu davranışı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinin kobud şəkildə pozulması faktıdır. Belə ki, istinad olunan maddəyə görə, sığortaçı sığorta nadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya "Sığorta fəaliyyəti naqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır.İndiki halda iddiaçının şirkəti, yaxud onun səlahiyyətli nümayəndəsini məlumatlandırmadan avtomobilə dəyən zərərin müəyyənləşdirilməsinə təşəbbüs göstərməsi istinad olunan maddənin tələbləri baxımından yanlışdır. Qanunun istinad olunan maddəsi imperativ qaydada müəyyən etmişdir ki, zərərin miqdarının qiymətləndirilməsi qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. Bu fəaliyyətlə Azərbaycan Respublikası Mərkəzi Bankının reyestrinə daxil olan, sığorta sahəsində yardımçı fəaliyyət göstərən ekspert qurumları və ya fiziki şəxs olan ekspertlər məşğul ola bilər. X9 sığorta sahəsində yardımçı fəaliyyət göstərən müstəqil ekspert deyildir, eyni zamanda Azərbaycan Respublikası Mərkəzi Bankının reyestrinə daxil deyildir. Bu səbəbdən, istinad olunan maddənin tələblərinə zidd olduğundan, mərkəzin avtomobilə dəymiş zərəri qiymətləndirməyə ixtiyarı yoxdur, qiymətləndirilmiş olsa belə iş üzrə əhəmiyyət kəsb edə bilməz.Buna görə də hesab edirəm ki, məhkəmə tərəfindən işə baxılması zamanı X9 tərəfindən tərtib olunmuş qüsur aktı məhkəmə tərəfindən mörəbər sübut qismində nəzərdən keçirilə bilməz. Cavabdehin nümayəndəsi həmçinin göstərmişdir ki, iddia tələbini qismən 545 manat aralığında qəbul edirlər və həmin hissədə təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
6. Belə ki, iş materiallarında olan AR DİN BDYPİ Gəncə RQİ və TBŞ tərəfindən verilmiş AC N 178060 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** DH *** qeydiyyat nişanlı «Toyota Prado» minik markalı nəqliyyat vasitəsi İddiaçı adına qeydiyyata alınmışdır.
7. İş materiallarında olan «X9» MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli qüsur aktından görünür ki, «Toyoto Prado» markalı, ** DH *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə baxış keçirilmiş və avtomobilin təmiri və ehtiyyat hissələrinin dəyişdirilməsi üçün 1290.00 AZN manat, işçi qüvvəsi 780.00 AZN, cəmi 2070 manat vəsait hesablanmışdır.
8. İş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilən № DS061207 nömrəli müstəqil ekspert rəyində qeyd olunmuşdur ki, müstəqil ekspert Talıblı Əhməd tərəfindən İddiaçı mülkiyyətində olan avtomobilə dəyən ziyanın müəyyən edilməsi üçün yerində baxış keçirilmiş və «Toyoto Prado» markalı, ** DH *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dəyən ziyanın məbləği 545 AZN manat müəyyən edilmişdir.
8. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 9/4369 nömrəli ekspert rəyinin surətindən görünür ki, 2013-cü il buraxılış ili olan, «Toyota Prado» markalı **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 1791,0 manat müəyyən olunur.
9. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 9/7545 nömrəli ekspert rəyinin surətindən görünür ki, 2013-cü il buraxılış ili olan, «Toyota Prado» markalı **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 1791,0 manat müəyyən olunur.
10. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən məhkəməyə daxil olan 02/238 nömrəli, 26 aprel 2022-ci il tarixli etiraz məktubunda müstəqil ekspert Talıblı Əhməd tərəfindən İddiaçı mülkiyyətində olan avtomobilə dəyən ziyanın müəyyən edilməsi üçün yerində baxış keçirilmiş və «Toyoto Prado» markalı, ** DH *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dəyən ziyanın məbləği 545 AZN manat müəyyən edilmişdir. İddia tələbinin qismən 545 manat aralığında qəbul edildiyinin və həmin hissədə təmin olunması, ödənilmiş dövlət rüsumunun isə iddiaçıya aid edilməsi barədə qətnamə çıxarılması qeyd olunmuşdur.
10. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, VAZ 21074 markalı ** BP *** dövlət qeydiyyat nişanlı avtomobil ilə 27 oktyabr 2021-ci il tarixdə Gəncə şəhəri ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı İddiaçı məxsus Toyota Land- Cruiser- Prado markalı, 20 – DH- 940 dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəyməsi barədə müraciətə baxılmışdır.Avtomobilə dəymiş zərər İddiaçı tərəfindən seçilən müstəqil ekspert Talıblı Əhməd tərəfindən hesablanaraq 545( beş yüz qırx beş) manat məbləğində müəyyən edilmişdir.
11. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, 27 oktyabr 2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı İddiaçı məxsus Toyota Land- Cruiser- Prado markalı, 20-DH- 940 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin zədələnməsi ilə əlaqədar hesablanmış qiymətlə vətəndaş razılaşmadığı üçün ona müstəqil ekspertlərin siyahısı təqdim olunmuşdur. İddiaçı müstəqil ekspert Əhməd Talıblını seçmişdir. Müstəqil ekspertin rəyinə əsasən nəqliyyat vasitəsinə baxış keçirərək dəyən zərər 545 ( beş yüz qırx beş) manat hesablanaraq razılıq aktına imza etmək üçün Gəncə şəhəri Kəpəz filialına göndərilmişdir.
14. İş materiallarına əlavə edilmiş mədaxil qəbzinə əsasən məhkəməyə müraciət etdiyinə görə iddiaçı 40 manat dövlət rüsumu ödəmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
15. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, 27 oktyabr 2021-ci il tarixdə iddiaçıya məxsus olan «X12» markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobili VAZ- 21074 markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil vuraraq qəza törətmiş və nəticədə sığorta hadisəsi baş vermişdir. Avtomobilinə dəymiş zərər hesablanmış, qüsur aktına əsasən zərərin miqdarı 2070 manat təşkil etmiş və Toyota servisi tərəfindən buna dair akt tərtib edilmişdir. İddiaçı baş vermiş hadisə ilə bağlı sığorta ödənişinin alınması üçün cavabdehə müraciət etmiş lakin sığorta şirkəti dəymiş ziyanı 545 manat məbləğində qiymətləndirilmişdir. İddiaçı avtomobilə dəymiş zərərə görə müəyyən olunmuş qiymətlə razılaşmadığından «X9» MMC-yə müraciət etmiş və «X9» MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli qiymətləndirmə aktı ilə iddiaçının avtomaşınına dəymiş ziyan 2070 manat təşkil etmişdir. İş üzrə keçirilmiş xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, «Toyota Prado» markalı **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 1791,0 manat təşkil etmişdir. Hazırda iddiaçı cavabdehdən vurulmuş ziyanın əvəzi kimi dəymiş 2070 ( iki min yetmiş manat) məbləğində sığorta ödənişinin, həmçinin 40 manat ödənilmiş dövlət rüsumunun tutulmasını xahiş etmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
17. Məhkəmə ilk növbədə qeyd edir ki, baş vermiş yol-nəqliyyat hadisəsi sığorta hadisəsi hesab olunması ilə bağlı tərəflər arasında hər hansı mübahisə yoxdur və yaranmış mübahisə göründüyü kimi vurulmuş ziyan məbləği ilə əlaqədar olmuşdur.
18. Məhkəmə digər tərəfdən qeyd edir ki, sığorta şirkəti tərəfindən iddiaçıya sığorta ödənişinin ödənilməsi təklif olunsa da, həmin ödənişlə iddiaçı razı olmadığından, o vurulmuş ziyanın tam həcmdə ona ödənilməsi ilə bağlı sığorta şirkətinə qarşı məhkəmədə tələb irəli sürməkdə haqlı olmuşdur.
19. Belə ki, «X9» MMC tərəfindən tərtib edilmiş xx.xx.2021 -ci il tarixli qüsur aktına əsasən **-DH-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə baxış keçirilmiş və avtomobilin təmiri və ehtiyyat hissələrinin dəyişdirilməsi üçün 1290.00 AZN manat, işçi qüvvəsi 780.00 AZN, cəmi 2070 manat təşkil edir.
20. Məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli məhkəməəmtəəşünaslıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, «Toyota Prado» markalı **- DH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 1791,0 manat təşkil etmişdir.
20. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında cavabdeh şirkət tərəfindən iddia tələbinin qismən, yəni avtomaşına vurulmuş ziyanın məbləği 545 manat qəbul edilsə də, iddiaçı tərəfindən təqdim edilmiş avtomaşının bərpa edilməsinə dair qiymətləndirmə aktına əsasən həmin məbləğ 2070 manat təşkil edir.
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.
23. Həmin Məcəllənin 923.1-ci maddəsinin tələbinə görə sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda, həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir.
24. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
25. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
26. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur.
27. “İcbari sığorta haqqında” AR Qanununun 3.1.2-ci maddəsinə əsasən sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu Qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsinin təminatı icbari sığortaların əsas prinsiplərindən biridir.
28. Həmin Qanunun 4.1-ci maddəsiən əsasən bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növləri fiziki və hüquqi şəxslərin əmlak mənafeləri ilə bağlı məruz qaldıqları zərərlərin əvəzinin ödənilməsini təmin etmək məqsədi ilə tətbiq edilir.
29. Qeyd edilən Qanunun 15.1-ci maddəsinə əsasən icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir.
30. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində göstərilmişdir ki, «Toyota Prado» markalı **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 1791,0 manat müəyyən edilmişdir.
31. Məhkəmə qeyd edir ki, iş üzrə keçirilmiş xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizalarının hər iki rəyi qənaətbəxş deyildir.
32. Belə ki, məhkəmənin xx.xx.2022-ci il tarixli təkrar məhkəmə - əmtəəşünaslıq ekspertizası təyin edilməsi barədə qərardadında ekspert qarşısında “ X9”nin xx.xx.2021-ci il tarixli və müstəqil ekspert X4 tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli hər iki qüsur aktları və fotoşəkillər nəzərə alınmaqla 27 oktyabr 2021-ci il tarixində baş vermiş hadisə nəticəsində “Toyota Prado minik” markalı, ** DH *** dövlət qeydiyyat nişanlı avtomobilə hansı məbləğdə ziyan dəymiş olmasının müəyyən edilməsi barədə sual qoyulmasına baxmayaraq ekspertiza mərkəzi tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2022-ci il tarixli təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi , məhkəməyə ilkin təqdim edilən xx.xx.2022-ci il tarixli ekspert rəyi ilə birə bir eynilik (köçürülməklə) təşkil etmişdir.
33. Belə ki, məhkəməyə təqdim edilən xx.xx.2022-ci il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, «X9» MMC tərəfindən tərtib edilmiş xx.xx.2021 -ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtomobilə dəymiş ziyanın məbləği 1791,0 manat müəyyən edilmişdir. Ekspert rəyində müstəqil ekspert X4 tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli qüsur aktı ümumiyyətlə nəzərə alınmamışdır.
34. Bu halda məhkəmə hesab edir ki, birinci tərtib edilən ekspert rəyinin özü də natamam olmuş (hər iki qüsurların və təqdim edilmiş fotoşəkillərin nəzərə alınması qeyd edilmişdir) , ikinci dəfə təyin edilən təkrar ekspertiza rəyində isə birinci tərtib edilmiş rəy köçürüldüyündən məhkəmə hər iki ekspert rəylərini əsassız olunmalıdır.
35. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
36. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır.
37. Məhkəmə iddiaçıya məxsus avtomaşına dəymiş ziyan məbləğini ümumi hesablamaqla 1.308 manat ( 2070 manat (birinci akt) -545 manat (ikinci akt) = 1.525 manat (yaranmış fərq) ; 1525 manat (hər iki qüsur aktı arasında yaranmış fərq) : 2= 762,5 manat ; 762,5 manat + 545 manat (ən minimal hesablanan akt üzrə məbləğ) = 1.307, 50 manat ) həddində olmasını və belə olan halda sığorta şirkəti tərəfindən təklif olunan sığorta ödənişinin avtomaşına vurulmuş ziyanın aradan qaldırılması üçün kifayət etmədiyini nəzərə alaraq hesab edir ki, iddia tələbi maddi ziyanın ödənilməsi hissəsində qismən təmin edilməli və cavabdehdən dəymiş ziyan kimi iddiaçının xeyrinə 1.307,50 manat məbləğində pul tutulmalıdır.
38. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
39. Həmin Məcəllənin 121-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. (məhkəmənin elektron informasiya sistemindən görünür ki, iddiaçı rüsum qəbzini elektron qaydada məhkəmənin elektron bazasına yükləmişdir.)
40. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi 1307,50 manat (iddia tələbinin 63 %) məbləğində maddi ziyanın tutulması həddində təmin edildiyindən, həmçinin iddiaçı tərəfindən dövlət rüsumunun ödənilməsini təsdiq edən sübut məhkəməyə təqdim edildiyindən, dövlət rüsumunun əvəzi kimi 40 manatın 25,20 manatı (63 %) cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən, 14,80 manatı (37%) isə iddiaçıya aid edilməli, iş üzrə keçirilmiş hər iki məhkəmə ekspertizasının dəyəri olan 200 manatın isə məhkəmə tərəfindən əsassız hesab ediliyindən qeyd olunan ekspertiza xərci Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin özünə aid edilməklə tərəflər arasında mütənasib qaydada bölüşdürülməməlidir.
41. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən İddiaçı məxsus olan 2013-cü il buraxılışlı «Toyota Prado» markalı , ** DH *** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyan kimi 1307,50 ( bir min üç yüz yeddi manat, 50 qəpik) manat, dövlət rüsumunun əvəzi kimi 25,20 ( iyirmi beş manat iyirmi qəpik) manat tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
42. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Həmin Məcəllənin 76.1-ci və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
44. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
45. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
47. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
48. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən İddiaçı məxsus olan 2013-cu il buraxılışlı «Toyota Prado» markalı, **-DH-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyan kimi 1307,50 (bir min üç yüz yeddi manat, əlli qəpik) manat, dövlət rüsumunun əvəzi kimi 25,20 ( iyirmi beş manat iyirmi qəpik) manat tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov