Məhkəmə qərarları › İş №2(006)-961/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-961/2022

04.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-961/2022 04.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı "sabit pul məbləğində aliment tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "alimentin ödənilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, tərəflər 15 yanvar 2016-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar. Tərəflərin birgə nikahlarından 05 dekabr 2016-cı il təvəllüdlü X5 və 25 may 2021-ci il təvəllüdlü X4 anadan olmuşlar. Cavabdeh bir ilə yaxındır ki, uşaqları ilə maraqlanmır. O, hərbiçidir. Onun rəsmi əmək haqqının məbləği 1800 manatdır. Bundan əlavə, o, 600 manat ezamiyyət pulu, 400 manat kirayə pulu, 100 manat ərzaq pulu alır. Həmçinin, cavabdehin özünün iki mənzili vardır. Həmin mənzilləri kirayəyə vermişdir. Eyni zamanda, onun avtomobil yuma məntəqəsi vardır. Onun aylıq gəliri 4000-4500 manat arası təşkil edir. Göstərilənlərə əsasən Cavabdeh 05 dekabr 2016-cı il təvəllüdlü X5 və 25 may 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa 1000 manat, cəmi 2000 manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, o, hər uşağa görə hər ay 650 manat, cəmi 1300 manat məbləğində aliment ödəyə bilər. Öz növbəsində, İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək, iddianın qismən təmin olunmasına və cavabdeh tərəfindən hər bir uşaq üçün 650 manat, cəmi 1300 manat sabir pul məbləğində alimentin ödənilməsinə razıdır. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. İşin materiallarında olan Füzuli rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 090772 saylı, 15 yanvar 2016-cı il tarixli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X2 nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 12 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Ələkbərova soyadı verilmişdir. İşin materiallarında olan 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 12.12.2016-cı il tarixdə verilmiş AZ-İİİ № 874212 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X5 05 dekabr 2016-cı il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçıdır. İşin materiallarında olan 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 01.06.2021-ci il tarixdə verilmiş AZ-İV № 603282 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X4 25 may 2021-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçıdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflərin birgə nikahlarından iki övladları dünyaya gəlmişdir. Tərəflərin münasibətləri pozulmuş və ayrı yaşayırlar. Yetkinlik yaşına çatmamış uşaqları anaları İddiaçı himayəsində qalırlar. Hal-hazırda iddiaçı uşaqların saxlanması üçün aliment tələb edir, cavabdeh iddia tələbi ilə qismən razıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də, Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Məhkəmə Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, eyni zamanda uşaqların mənafelərini, cavabdehin ərizəsini, iddiaçı tərəfin razılığını, alimentin miqdarını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli və Cavabdeh övladları 05 dekabr 2016-cı il təvəllüdlü X3 və 25 may 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa 650 (altı yüz əlli) manat, cəmi 1300 (bir min üç yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Mülki işin materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə 08 dekabr 2021-ci il tarixdə daxil olmuşdur. Ona görə də məhkəmə belə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli və Cavabdeh 08 dekabr 2021-ci il tarixdən başlayaraq, 05 dekabr 2016-cı il təvəllüdlü X3 və 25 may 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa 650 (altı yüz əlli) manat, cəmi 1300 (bir min üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 08 dekabr 2021-ci il tarixdən başlayaraq, 05 dekabr 2016-cı il təvəllüdlü X3 və 25 may 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa 650 (altı yüz əlli) manat, cəmi 1300 (bir min üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar