Məhkəmə qərarları › İş №2(006)-97/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-97/2022

18.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənzil mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənzil münasibətləri üzrə sair
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-97/2022 18.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçılar və qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3, onların nümayəndəsi və vəkili Vəkil2, İlkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativinin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İlkin iddia üzrə iddiaçılar və qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinə qarşı «əmlakın qaytarılması, maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair, ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativinin cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşı «vurulmuş real ziyanın tutulması» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinə qarşı «əmlakın qaytarılması, maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən Nəsimi rayonu, Ak.Feyzulla Qasımzadə, ev 1, mənzil 65 və 66 saylı mənzillərdən götürülmüş əşyaların iddiaçılara qaytarılması, həmin əşyalar olmadıqda və ya yararsız vəziyyətdə olduqda, onların dəyərinin ödənilməsinə və iddiaçılara dəyən mənəvi zərər əvəzinə 150000 manat məbləğində konpensasiya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" Mənzil-Tikinti Kooperativi cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşı «vurulmuş real ziyanın tutulması» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçıya vurulmuş 157690 manat real ziyanın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonra iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 məhkəməyə iddia ərizəsinə əlavə ilə müraciət edərək, cavabdehin iddiaçılara qarşı etmiş olduğu qanunsuz hərəkətlərinə hüquqi qiymət verilməsi, cavabdeh tərəfindən dəyən mənəvi zərər əvəzinə 225000 manat məbləğində kompensasiyanın iddiaçılara ödənilməsi, cavabdehdən İddiaçı2 əlilliyə görə əmək pensiyası almaq üçün əmək pensiyasının baza hissəsində olan məbləğin 145000 manatın alınaraq verilməsi, cavabdeh tərəfindən Nəsimi rayonu, Ak.Feyzulla Qasımzadə, ev 1, mənzil 65 və 66 saylı mənzillərdən götürülmüş əşyaların iddiaçılara qaytarılması, həmin əşyalar olmadıqda və ya yararsız vəziyyətdə olduqda, onların dəyərinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə iddiaçılar və qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 ilkin iddia ərizəsini onunla əsaslandırmışlar ki, Bakı şəhər Nəsimi rayon məhkəməsinin 19 mart 2019- cu il tarixli qətnaməsi ilə iddiaçı “Gözəl Bakı" MTK-nın cavabdehlər X4, İddiaçı3 və digərlərinə qarşı mənzildən köçürülmə tələbinə dair iddiası təmin edilərək Bakı şəhəri, Nəsimi rayonu, Ak.Topçubaşov Abbas Səhhət, Xan Şuşinski və Feyzulla Qasımzadə küçələrinin kəsişmələrində yeni hündür mərtəbəli çoxmənzilli yaşayış binasının tikilməsi üçün gözəl Bakı MTK-ya ayrılmış torpaq sahəsində Bakı şəhəri, Nəsimi rayonu, Ak.Feyzulla Qasımzadə küçəsi 1 saylı evin 65 saylı mənzilinin mülkiyyətçisi İddiaçı3, həmin evin 66 saylı mənzilinin mülkiyyətçisi X3 və digər cavabdehlər X8, İddiaçı1, İddiaçı2 əşyaları ilə birlikdə; Gözəl Bakı MTK-nın vəsaiti hesabına aylıq bir otaq üçün 350 manat, iki otaq üçün 400 manat müavinət verilməklə və gələcəkdə həmin ünvanda inşa ediləcək yaşayış binasında onların hazırkı yaşayış mənzilləri sənədlərinə uyğun olan sahə ərinə 50 faiz əlavə edilərək orta təmirli mənzil sahəsi ilə təmin edilmələri şərti ilə çıxarılmaları qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 iyul 2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi ravon Məhkəməsinin 19 mart 2019cu il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli Qərarına əsasən kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 iyul 2019-cu il tarixli qətnaməsi Salamovlara gələcəkdə verilməsi qət olunmuş mənzillərin ölçüsünə münasibətdə dəyişdirilərək, veriləcək mənzillərin ölçüsü faktiki istifadələrində olan sahə və üstəgəl əlavə olaraq həmin sahənin 50 faizi həcmində müəyyən edilmişdir. Ali Məhkəmənin 2(102)-7595/19 saylı xx.xx.2019-cu il tarixli icra sənədi üzrə borcluların Nəsimi rayonu, Ak.Feyzulla Qasımzadə, ev 1, mənzil 65 və 66 saylı mənzillərdən çıxarılması və mənzillərin boşaldılaraq təhvil verilməsi nəzərdə tutulmuşdur. 21 yanvar 2020-ci il tarixdə Nəsimi rayon icra və probasiya şöbəsinin icra məmurları Nəsimi rayonu, Ak.Feyzulla Qasımzadə, ev 1, 65 və 66 mənzillərin boşaldılması ilə əlaqədar icra tədbirləri keçirmişlər. Həmin icra tədbirləri keçirilən zaman icra tədbiri xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə evdə olan əşyaların könüllü olaraq iddiaçılar tərəfindən daşınması üçün təxirə salınmışdır və bununla əlaqədar icra məmurları tərəfindən xx.xx.2020-ci il tarixli Akt tərtib edilmişdir. Həmin aktda evlərində olan əşyaların iddiaçılara təhvil verilməsi qeyd olunsa da, həmin əşyalar iş üzrə cavabdehdədir. Ən maraqlısı isə bütün mərhələlərdə, o cümlədən məhkəmələrdə və bütün strukturlarda ilkin olaraq normal münasibət göstərilirdi və kömək etmək niyyəti nümayiş etdirilirdi, lakin sonra hansısa nəhəng gözə görünməyən qüvvə məsələyə qarışırdı və hər şey iddiaçılara qarşı dönürdü. Bu onu göstərir ki, MTK arxasında geniş imkanlara malik insanlar durmuşdur. Binanın yalnız mənzilləri yerləşən bloku qalmışdır. Binanın digər hissəsi sakinlər tam köçürülmədən sökülmüşdür. Tikinti şirkətinin vətəndaşların bir qismi ilə razılaşandan sonra həmin mənzilləri, binanın aparıcı konstrukisyalarını, hətta binanın əksər hissəsini, kommunikasiyaları sökərək faktiki olaraq digər vətəndaşların (yəni iddiaçıların) həyatlarını təhlükəyə atıb onları razılığa məcbur edirlər. Bu tamamilə qanuna ziddir və burada əmlakın qəsdən məhv edilməsi cinayətinin əlamətləri vardır. Bu keçirdiyləri stres problemsiz ötüşməmişdir. İddiaçı2 şəkərli diabet xəstəliyinə düçar olmuşdur. Diabet isə öz növbəsində fəsad yaradaraq gözlərinə təsir edib. Hal-hazırda onun sağ gözünün görmə qabiliyyəti 30%, sol gözünün isə 3% təşkil edir. Cari ilin 21 yanvar tarixinə Nəsimi rayonun İcra və Probasiya şöbəsi tərəfindən Ali Məhkəmənin iddiaçılara aid qərarının icrası planlaşdırılmışdır. Həmin gün adı çəkilən şöbənin məmurları başda Ramin Quliyev olmaqla öz işlərini başladılar. 20-ci polis bölməsinin əməkdaşları və "xxxx" MTK-nın nümayəndələri də gəlmişdilər. Təxminən bir saat sonra icra və Probasiya şöbəsinin əməkdaşları iddiaçıların əşyalarının evdə hələ də qaldığını və xahişlərini nəzərə alaraq, rəhbərlikləri ilə razılaşdırandan sonra icraatı üç gün təxirə salmağı və istirahət günləri nəzərə alaraq icraatı yanvarın 27-nə təyin etdilər. Bu barədə müvafiq akt tərtib edildi. Bir az sonra MTK-nın fəhlələri təqribən 20-30 nəfər qışqıra-qışqıra mənzilə daxil olmağa cəhd etdilər. İcraatı həyata keçirən Ramin Quliyevlə birlikdə onları dayandırmağa çalışsalar da qüvvələr bərabər deyildi. Fəhlələr bağlı qapını lomlar və perforator vasitəsilə çərçivə qarışıq çıxarıb naməlum istiqamətdə apardılar. Ramin Quliyevin rəsmi xidmət geyimi də hücum edənlər üçün dayandırıcı amil olmadı. 20-ci bölmənin polisləri ümumiyyətlə qarışmadılar və bunu onların ixtiyarlarının olmadığı ilə izah etdilər. Onlar kənardan baş verənlərə tamaşa edirdilər və elə bil gözləyirdilər ki, vəhşiliyə kəskin müqavimət göstərsinlər və onlar iddiaçıları həbs edib aparsınlar. Yerində 4-5 polis ola-ola 102 telefon nömrəsi ilə digər polisləri çağırmağa məcbur olmuşlar. Yeri gəlmişkən həmin gün polisə 4- 5 dəfə zəng edildi və hər dəfə cavab verilirdi ki, “gözləyin, Siz növbədə 11-ci ya da 12cisiz”. Zənglə gələn polislər müvəqqəti də olsa hücumu dayandırdılar. Həmin vaxt artıq 65 nömrəli mənzilin balkonu buldozerlə dağıdılmışdı. Polislər İddiaçı1 ərizə və izahat yazdırıb soruşdular ki, xəsarəti yoxdursa niyə deyib ki, onu döyüblər. İddiaçı1 onun üstünə 20-30 nəfər lomla hücum edəndə zəng etdiyini bildirdi. Hücum edənlərin içində xüsusilə özünü gah Elçin, gah Elşən fəhlələrin “starşisi” kimi təqdim edən yekəpər bir nəfər idi. Kəskin davranışı, söyüşlə, bol qışqırığı ilə peşəkar təxribatçı təəsuratını bağışlayırdı. İcra şöbəsinin icraçıları MTK-ya işlərini yanvarın 27-də davam etdirəcəklər bildirdilər və aktlarını götürüb getdilər. Ondan sonra fəhlələr hücumlarını davam etdirdilər. Bütün əşyaları vəhşicəsinə dağıdılaraq naməlum istiqamətdə aparıldı. Üç ailəyə məxsus servizləri, mərhum anasının gəlinlik cehizindən qalanlar, on illərlə qoruyub saxladıqları əşyalar bir saatın içində oğurlanıb dağıdıldı. Neçəsi ayaq altında qırıldı. Növbəti gün yaşadıqları binanın MTK tərəfindən artıq uçurulduğunun şahidi olmuşlar. Nəsimi rayon İcra Hakimiyyəti nümayəndələri hadisə yerində heç görsənmədilər. İddiaçılar həyatda çox şey görüb eşitmiş, amma bu cür həyasızlıq, özbaşnalıq yox!!! Azər İddiaçı1baycan Silahlı Qüvvələri və Qarabağ veteranı, ehtiyyatda olan polkovnikdir. Deyir ki, ömründə özünü bu cür aciz hiss etməmişdir. Hamı dəhşət şokdadılar. Görəsən dövlətdə bir struktur tapılacaqmı ki, bu üzdəniraq “biznesmenlərə" başa salsın ki, ölkədə qanun deyilən anlayış var və onu pozmaq olmaz. Əgər yol hərəkətini tənzimləmək üçün svetofor yaradılıbsa, hamı bilir ki, qırmızı işıqda dayanıb, yaşıl işıqda isə getmək olar. “Gözəl Bakı" MTK sahibləri nəinki qırmızı işığa keçməyə özlərinə haqq qazandırırlar, hətta qırmızı və ya yaşıl işığı yandırmağı özləri həll edirlər. Ən acınacaqlı odur ki, onlarda bu alınır. Axı necə ola bilər ki, hansısa MTK, hətta arxasında çox böyük adamlar dursa belə, 20-ci polis bölməsini, məhkəmələri istədiyi kimi idarə etsin. Bunlar sanki hamıya eşitdirillər - kim bunlarla razılaşmayacaq, kim fikirləşirsə ki çox “ağıllıdır", yaxud hüquqlarını yaxşı bilir bax bu günə qalacaq. Cavabdeh tərəfindən evlərindən aparılan əşyaların siyahısı aşağıdakılardır: Kondisioner (LG) (40 kv.m)- 2 ədəd- 1500 m., Lyustra- (Türkiyə) (16 şamlı)- 2ədəd, 6 şamlı-5 ədəd -2500m., Televizor (supra, 54 cm.)-1ədəd-200m., peyk antena (tüner və kabel)-1 dəst-150m., fotoaparat (Xarkov)-1 ədəd-100m., foto böyüdən-1 ədəd-100m., qapı (bayır)(çin)-2 ədə-800m., qapı (plastik) (Bakı)-2 ədəd -350m., qapı (taxta) (Bakı)-2 ədəd-800 m., pəncərə (plastik, Bakı) 3 böyük, 5-balaca -1800 m., duş kabini (Bakı)-1 ədəd- 350m., Hamamda su bakı (250 litr)-1 ədəd-100m., Vanna-1ədəd-300 m., Tülpan (Türkiyə) -1 ədəd-150m, Unitaz (Türkiyə)-1ədəd-150m., Su qızdırıcısı (samsunq, 15 litr)-1ədəd-100m, Qaz plitəsi (Türkiyə)-1ədəd-400m, Mətbəx mebeli (dəst)- Mətbəx şkafı, Mətbəx moykası-250m., Mebel qonaq otağı dəsti(türkiyə)-400m., Mebel yataq otağı dəsti (Çarpayı, şifoner, yataq dəsti)-500m., Pərdələr (Türkiyə)-3 dəst-300m., Süfrələr-5 balaca, 4 böyük-200m., Yumşaq mebel (dəst)-(divan 2 kreslo)-300m., Pianino (Rostov)-lədəd- 300m., Yığma masa və 4 oturacaq (dəsti, Bakı)-300m., Plastik masa və 5 kreslo (plastik)-100m., Trümo (Bakı)-1ədəd-100m., Parket və taxta döşəmə-70 kv.m.- 2000m., Asma tavan (hamam+tualet)-21 kv m.-350m., Qazanlar (Türkiyə, Çin)-10 əd.- 300m, Tavalar (Türkiyə, Çin)-6 əd.200m., Boşqablar (dərin, dayaz)-80m., Bıçaqlar, qaşıqlar, çəngəllər (melkiyor)-36 əd.-300m., Gümüş bıçaq, qaşıq, çəngəl dəsti (12 person)-2 dəst-500m., Madonna serviz (nahar, çay və kofe dəstləri)-2000m., Büllur vazalar-8 əd.-500m., Ayyaqqabı (42 və 43 ölçüdə, Türkiyə) -2 cüt-150m., ingilis nahar dəsti 912 person)-700m., Skorovarka (yeni qutuda) -1əd -100m., Multivarka (yeni qutuda), El. ətçəkən maşını-60m., Mətbəx kombaynı-150m., Tozsoran (rusiya)-120m., Manqal (şiş dəsti)-100m., Samovar (qədim, rusiya) 5 litr-1200m., Xalçalar (türkiyə, 2x3 və Almaniya 2x3)- 2 ədəd-500m., Xalça qədim əl işi. -(Azərbaycan, 2x3)-2000m., Xalça əl işi- (Azərbaycan, 1x2)-300m, Paltolar (Türkiyə)-2 ədəd-400m., Plaşlar (Rusiya)-1əd.-180m., Dublyonka (Türkiyə)-300m., Şuba-1200m., Köynəklər 10 əd.-300m., Kostyumlar- 3 ədəd- 400m., Kostyum (təzə, İsveçrə) "Strelsson” -700m., Ayaqqabı və krossovka-6 cüt 420m., Parfüm yağı 6-7 litr (1gram - 1 man.)-6000m., Duxular yeni Fransa 20 ədəd-1200m., Çap makinası “Robotron” Almaniya-1əd.120m., Misirin görüntüləri - qədim otkrıtka albomları-3 ədəd-150m., Poçt marka klyasseri - təsviri incəsənət (atlar, məşhur insanlar, şaxmat və SSRİ xronologiya 1975-1982 -3 ədəd) -3000 m., SSRİ-nin cilalanmış sikkələr (1,3, 5 rub.)- 120-dən çox, SSRİ-n sikkələri (1, 3, 5 rub.)-160-dan çox və Xarici sikkələr-300-dən çox)- 9000m., Ozonator Tpo3a (Rusiya) yeni-12 ədəd-6000m, Drel dəsti çemodanda-2 dəst- 300m, Kitablar -300 əd. -3000m, Köynəklər -10 əd. 300m., Çap makinası “Robotron” Almaniya-250m, İşıq söndürücüsü -37 ədəd-200m., Almaz kəsmə dairəsi 250mm yeni, Kiyev-5 ədəd-250m., Almaz kəsmə dairəsi 320mm yeni, Kiyev-5 ədəd-400m., Çemodan (Türkiyə)-5 ədəd-500m., Sviterlər-4 əd. 250m., Qızıl lom (qol bağı, üzüklər, diş koronka) 585 əyarlı-40 qr.-3000m., Foto obyektiv Canon EF 70-200mm f/2.8L USM (Yaponiya)- 900m., Foto obyektiv Canon EF 50mm f 1.8 STM (Yaponiya)-230m., Lüğətlər ixtisaslaşdırılmış (ingilis və yapon)-200 əd. -3000m., Koftalar -10 əd. -500m., Hərbi geyim və əşyalar (Şinel, plaş, buşlat, kamuflyaj səhra geyimi-2 dəst, furajka-2 ədəd, hərbi çanta böyük, hərbi çanta kiçik, portupeya)-1000m., Digər əşyalar - 1000 m. Nəsimi rayon İcra Hakimiyyəti "xxxx" Mənzil Tikinti Kooperativinin özbaşınalığına və qanunsuz hərəkətlərinə “göz" yummuşdur. Bütün normativ və elementar insan normalarına zidd olaraq məhəllədə söküntü işləri sakinlər tam köçürülmədən aparılmışdır. Baxmayaraq ki, Nəsimi rayon İcra Hakimiyyəti ilə "xxxx" Mənzil Tikinti Kooperativi arasında 21 aprel 2017-ci il tarixdə imzalanmış müqavilənin 1.2-ci bəndinə əsasən tikiləcək binanın İcra hakimiyyəti tərəfindən layihələrinə razılıq, həmin binaların yerləşdiyi ərazidəki, dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə verilməsi həmin ərazidəki sakinlərlə MTK arasındakı razılaşmalar əldə olunduqdan və müqavilələr bağlandıqdan sonra veriləcəyi qeyd edilmişdir. Buna baxmayaraq, tərəflər arasında müqavilə bağlanılmadan MTK söküləcək evdə tək olduğundan onları uzun müddət bütün kommunal xidmətlərdən məhrum etmişdilər. Baxmayaraq ki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli məktublarda həmin ərazidə olan yaşayış evlərinin sakinlərinin tam köçürülməsi təmin edilmədən və təhlükəsizlik tədbirlərinə əməl olunmadan söküntü işlərinə başlanılmasını yolverilməz hesab etmişdir. MTK-nın iddiaçılara qarşı hüquqa zidd əməl ilə uzun müddətli qeyri insani davranışları, təcavüzü nəticəsində bütün ailə üzvlərinin hamısı stress keçirmiş, bunun nəticəsində hamısı mənəvi ağrı və iztirabla üzləşmiş və bu səbəbdən İddiaçı2 şəkər xəstəliyinə tutulmuş (şəkərli diabet 2 tip), bunun nəticəsi olaraq onun gözlərində, ağır formada mərhələ-dekompensasiya, hər iki gözdə Proliferatik diabetik retinapatiya müəyyən olunmuşdur. İddiaçı2 gözdə yaşarma, sulanma, gözlərdə ağrılar, görmə qabiliyətinin kəskin zəifləməsi, baş ağrıları şikayyətləri ilə akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin şəkərli diabet şöbəsinə daxil olmuş və orada onu müayinə edən zaman zəif görmə, göz gapaqlarında ağrılar, göz dibində bir sıra patalojı hallar, o cümlədən tor gişanın üzərində yeni əmələ gələn damarlar, sol gözdə mərkəzi zonada ödem və görmə itiliyi eynəksiz sağ gözdə 30% sol gözdə 3% müəyyən olunmuşdur. Nəticədə İddiaçı2 3-cü qrup əlil olmuşdur. MTK ilə iddiaçılar arasında olan uzun məhkəmə mübahisələrinin və yaşayış tərzlərinin dözülməz olması ananın səhhətinə da az təsir etməmişdir. X1 xx.xx.2020-ci il tarixdə ürəyin ateroklorotik xəstəliyindən dünyasını dəyişmişdir. İlkin iddia üzrə iddiaçıların və qarşılıqlı iddia üzrə cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında ilkin iddia tələbini müdafiə edərək, ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ilkin iddianın təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 məhkəmə iclasında ilkin iddia tələbini müdafiə edərək, ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ilkin iddianın təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 məhkəmə iclasında ilkin iddia tələbini müdafiə edərək, ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ilkin iddianın təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı3 məhkəmə iclasında ilkin iddia tələbini müdafiə edərək, ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ilkin iddianın təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İlkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativi qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-7595/2019 saylı xx.xx.2019-cu il tarixli qərarına əsasən verilmiş icra vərəqəsi üzrə həyata keçirilmiş icra tədbirləri əsasında iddiaçıların iddia etdikləri və iddia ərizəsində göstərilən əmlakların bir qismi məhz iddiaçıların özləri tərəfindən götürülmüş, qalan hissəsi isə icra məmurları tərəfindən icra hərəkətlərinin nəticəsində aktlaşdırılaraq məhz "xxxx" MTK-nın rəhbərliyinə təhvil verilmişdir ki, məhz iddiaçıların həmin əmlakları məqsədli şəkildə götürmək istəməmələri səbəbindən "xxxx" MTK-a tərəfindən bu gündə kirayə haqqı ödəməklə saxlandığı Bakı şəhəri, Səməd Vurğun küçəsi, 116 saylı binanın həyətində Oktay və Anar adlı şəxslərə məxsus qarajda yerləşdirilmişdir. Bütün icra hərəkətləri məhkəməyə təqdim edəcəyi kağız daşıyıcılardan ibarət ərizə və aktlarda əks olunduğu kimi, icra hərəkəti eyni zamanda Nəsimi rayon İcra və Probasiya Şöbəsinin icra məmurları tərəfindən videolentə də alınmışdır ki, bunlarda məhkəmyə təqdim ediləcəkdir. Bütün bunlar isə iddia ərizəsində iddiaçıların göstərdiklərinin tamamilə əsassız olduğunu təsdiq edir. Əksinə, ilkin iddia üzrə iddiaçılar tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-7595/2019 saylı xx.xx.2019-cu il tarixli qərarına əsasən əsasən verilmiş icra vərəqəsi üzrə həyata keçirilmiş icra tədbirləri zamanı vacib və dəyərli əşyalar onların özləri tərəfindən götürülsədə, bəzi əşyalar götürülmədiyindən icra məmurları tərəfindən həmin əşyalar aktlaşdırılaraq "xxxx" MTK- ya təhvil verilmişdir. Bu günədək həmin əşyalar götürülmədiyindən MTK-nın rəhbərliyi məcburiyyət qarşısında qalaraq həmin əşyaların yerləşdirilməsi üçün Bakı şəhəri, Səməd Vurğun küçəsində 116 saylı binanın həyətində Oktay və Anar adlı şəxslərə malik olan 2 ayrı-ayrı qarajlarda yerləşdirilmişdir. Bu əşyaların yerləşdirilməsi üçün adları çəkilən şəxslərlə qaraja aid müvafiq mülkiyyət sənədlərinin olmaması səbəbindən icarə müqaviləsi bağlana bilmədiyindən 2 qaraj üçün MTK 7 aydır ki, ümumi olaraq hər ay üçün 350 manat ödəmək məcburiyyətində qalmışdır ki, bu da MTK-ya dəyən real ziyanı əks etdirir. Məhz ilkin iddiaçılar uzun müddət öz mülkiyyət hüquqlarından sui-istifadə etmələri səbəbindən 1 il 4 ay müddətinə MTK-ya 93.800 manat ziyan dəymişdir. Belə ki, ilkin iddiaçıların öz hüqlarından sui-istifadələrinin nəticəsində digər 20 sakinin MTK tərəfindən həmin ərazidə tikiləcək binada yeni mənzillə təmin olunmalarında 1 il 4 ay müddətinə gecikmə baş vermişdir ki, bu müddət ərzində MTK həmin sakinlərə əlavə olaraq əlavə pul ödəməli olmuşdur. Həmçinin ilkin iddiaçıların hüquqlarından sui-istifadə elməklə məqsədli yaratdıqları gecikmənin nəticəsi olaraq MTK 12 nəfər fəhlə üçün hər ay 320 manat əmək haqqı (əmək haqqına hesablanan sosial müdafiə fonduna ödənişlərdə daxil olmaqla) ödəməklə onlara hər ay üçün 3840 manat ödəmişdir. Bu isə 1 il 4 ay müddətinə MTK üçün 61.440 manat real ziyan olmuşdur. İlkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativinin nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında qarşılıqlı iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən götürülmüş əşyalar ilkin iddia üzrə iddiaçıların yeni mənzillərinə daşınaraq onlara təhvil verilmiş və bu proses video görüntüyə alınmışdır. Sonda nümayəndə və vəkil məhkəmədən qarşılıqlı iddianın təmin edilməsi və ilkin iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid X7 ifadəsində bildirdi ki, 2019-cu ilin oktyabr ayında İddiaçı1 ilə ünvan 1, 65 nömrəli mənzilə aid olan əşyaların 1200 manat, Nəsimi rayonu, F.Qasımzadə küçəsi, ev 1, 66 nömrəli mənzilə aid olan əşyaların isə 1500 manat müqabilində ona verilməsinə razılaşmışlar. Lakin sonradan İddiaçı2 ilə 66 nömrəli mənzilin əşyaları ilə bağlı razılığa gələ bilməmişlər. mənzildəki əşyalardan laminant, qapı, pəncərə, mətbəx mebelini götürsə də, onlar əvvəlki razılaşmanı pozaraq laminantın altındakı döşəmə taxtalarını ona verməmişlər. götürdüyü əşyaların müqabilində isə İddiaçı2 800 manat pul vermişdir. Məhkəmə iclasında şahid X9 ifadəsində bildirdi ki, "xxxx" Mənzil-Tikinti Kooperativində fəhlə işləyir. 21 yanvar 2020-ci il tarixdə icra hərəkətləri həyata keçirilən zaman mənzildən əşyaların çıxarılmasında iştirak etmiş və hal şahidi qismində xx.xx.2020ci il tarixli aktı imzalamışdır. İddiaçılara məxsus iki mənzildən biri tamamilə boş idi, digər mənzildən isə əmlaklar icraçıların və tərəflərin iştirakı ilə boşaldılaraq qaraja yığılmışdır. Məhkəmə iclasında şahid X10 ifadəsində bildirdi ki, "xxxx" Mənzil-Tikinti Kooperativində fəhlə işləyir. 21 yanvar 2020-ci il tarixdə icra hərəkətləri həyata keçirilən zaman mənzildən əşyaların çıxarılmasında iştirak etmiş və hal şahidi qismində xx.xx.2020ci il tarixli aktı imzalamışdır. Məhkəmə ilkin iddia üzrə iddiaçıların və qarşılıqlı iddia üzrə cavabdehlərin, onların nümayəndəsi və vəkilinin, ilkin iddia üzrə cavabdehin və qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: Bakı şəhər Nəsimi rayon məhkəməsinin 19 mart 2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" MTK-nın cavabdehlər X4, İddiaçı3 və digərlərinə qarşı mənzildən köçürülmə tələbinə dair iddiası təmin edilərək Bakı şəhəri, Nəsimi rayonu, AK. Topçubaşov, Abbas Səhhət, Xan Şuşinski və Feyzulla Qasımzadə küçələrinin kəsişmələrində yeni hündür mərtəbəli çoxmənzilli yaşayış binasının tikilməsi üçün "xxxx" MTK-ya ayrılmış torpaq sahəsində Bakı şəhəri Nəsimi rayonu Ak.Feyzulla Qasımzadə küçəsi 1 saylı evin 65 saylı mənzilinin mülkiyyətçisi İddiaçı3, həmin evin 66 saylı mənzilinin mülkiyyətçisi X3 və digər cavabdehlər X8, İddiaçı1, İddiaçı2 əşyaları ilə birlikdə "xxxx" MTK-nın vəsaiti hesabına aylıq bir otaq üçün 350 manat iki otaq üçün 400 manat müavinət verilməklə və gələcəkdə həmin ünvanda inşa ediləcək yaşayış binasında onların hazırkı yaşayış mənzilləri sənədlərinə uyğun olan sahələrinə 50 faiz əlavə edilərək orta təmirli mənzil sahəsi ilə təmin edilmələri şərti ilə çıxarılmaları qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 iyul 2019-cu il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 19 mart 2019-cu il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli Qərarından görünür ki, kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 iyul 2019-cu il tarixli qətnaməsi Salamovlara gələcəkdə verilməsi qət olunmuş mənzillərin ölçüsünə münasibətdə dəyişdirilərək, veriləcək mənzillərin ölçüsü faktiki istifadələrində olan sahə və üstəgəl əlavə olaraq həmin sahənin 50 faizi həcmində müəyyən edilmişdir. 21 yanvar 2020-ci il tarixli aktdan görünür ki, icra tədbirləri həyata keçirmək məqsədi ilə ünvan 1 ünvanında yerləşən 65 saylı mənzil tam boşaldılaraq tələbkar "xxxx" Mənzil- Tikinti Kooperativinə təhvil verilmişdir. Digər mənzil isə, yəni ünvan 1 ünvanında yerləşən 66 saylı mənzil borclular və tələbkar arasında mübahisədən sonra borcluların müraciəti nəzərə alınaraq xx.xx.2020-ci il tarixə icra hərəkətləri təxirə salınmışdır. Borclular həmin tarixə mənzili könüllü qaydada boşaltmadığı təqdirdə məcburi qaydada icra ediləcəyi barədə xəbərdarlıq edilmişlər. Mənzilə baxış keçirilən zaman mənzildə qiymətli kağızlar və qiymətli ziynət əşyaları aşkar edilməmişdir. İcra sənədinin icrası xx.xx.2020-ci il tarixə təxirə salınmış, tərəflər arasında razılıq əldə olunmadığından icra hərəkətləri dayandırılmışdır. Mənzildən məişət əşyaları (pianino, şkaf, stol, stul, və digər ev əşyaları, kitablar, paltarlar, numermatik kolleksiya) borclulara təhvil verilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 9/4419 saylı ekspert rəyindən görünür ki, iddia ərizəsində qeyd edilən, tədqiqata təqdim olunmayan malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq normal vəziyyətdə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 7152,0 manat müəyyən olunur. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqat hissəsində göstərilmişdir. İddia ərizəsində qeyd edilən 49 adda mallar haqqında kifayyət qədər məlumat olmadığından tədqiqat aparmaq mümkün olmamışdır. Cavabdeh tərəfindən təqdim edilən mallar haqqında kifayyət qədər məlumat olmadığından tədqiqat aparmaq mümkün olmamışdır. Ekspertiza tədqiqatlarının dəyəri 100 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/1274 saylı ekspert rəyindən görünür ki, Ekspertiza tədqiqatına “Gözəl Bakı" MTK-nın inşa etdiyi binanın təmir edilməmiş mənzillərinin birində qərardadda qeyd edilən əşyalara baxış keçirildi. Baxış zamanı aşağıdakılar müəyyən edildi: əşyalar qalaq şəklində yiğılmış, mebellər sökülmüş, üzərləri cızılıb, lak qatı qop muş vəziyyətdədir. Pianino musiqi alətinin üzəri bozarıb, mebel lakı qopub, yataq dəstləri (yorğan dəşək və,s.), rəngləri saralıb, kitablar nəmlənib və qab qaçağın dəstliyi pozulmuş vəziyyətdədir. Ümumiyyətlə təqdim edilmiş əşyalar ilkin əmtəə görünüşünü itirib və hazırda həmin əşyaların istismara yararlı olub-olmamasını müəyyən etmək mümkün deyildir. Bu səbəbdəndə qərardadda qeyd edilən malların qiymətini müəyyən etmək mümkün olmadı. Ekspertiza tədqiqatlarının dəyəri 100 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Bakı şəhər Nəsimi rayon məhkəməsinin 19 mart 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" MTK-nın cavabdehlər X4, İddiaçı3 və digərlərinə qarşı mənzildən köçürülmə tələbinə dair iddiası təmin edilərək Bakı şəhəri, Nəsimi rayonu, AK. Topçubaşov, Abbas Səhhət, Xan Şuşinski və Feyzulla Qasımzadə küçələrinin kəsişmələrində yeni hündür mərtəbəli çoxmənzilli yaşayış binasının tikilməsi üçün "xxxx" MTK-ya ayrılmış torpaq sahəsində Bakı şəhəri Nəsimi rayonu Ak.Feyzulla Qasımzadə küçəsi 1 saylı evin 65 saylı mənzilinin mülkiyyətçisi İddiaçı3, həmin evin 66 saylı mənzilinin mülkiyyətçisi X3 və digər cavabdehlər X8, İddiaçı1, İddiaçı2 əşyaları ilə birlikdə "xxxx" MTK-nın vəsaiti hesabına aylıq bir otaq üçün 350 manat iki otaq üçün 400 manat müavinət verilməklə və gələcəkdə həmin ünvanda inşa ediləcək yaşayış binasında onların hazırkı yaşayış mənzilləri sənədlərinə uyğun olan sahələrinə 50 faiz əlavə edilərək orta təmirli mənzil sahəsi ilə təmin edilmələri şərti ilə çıxarılmaları qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 iyul 2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 19 mart 2019-cu il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli Qərarına əsasən kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 iyul 2019-cu il tarixli qətnaməsi Salamovlara gələcəkdə verilməsi qət olunmuş mənzillərin ölçüsünə münasibətdə dəyişdirilərək, veriləcək mənzillərin ölçüsü faktiki istifadələrində olan sahə və üstəgəl əlavə olaraq həmin sahənin 50 faizi həcmində müəyyən edilmişdir. Ali Məhkəmənin 2(102)-7595/19 saylı xx.xx.2019-cu il tarixli icra sənədi üzrə borcluların Nəsimi rayonu, Ak.Feyzulla Qasımzadə, ev 1, mənzil 65 və 66 saylı mənzillərdən çıxarılması və mənzillərin boşaldılaraq təhvil verilməsi nəzərdə tutulmuşdur. İlkin iddia tələbinin əşyaların qaytarılması hissəsinə münasibətdə məhkmə qeyd edir ki, işin halları (icra məmurunun aktı), işə əlavə olunmuş video görüntülər (CD) və şahid ifadələri, habelə ilkin iddia üzrə cavabdehin nümayəndəsi və vəkilinin izahatı ilə müəyyən olunur ki, 65 saylı mənzil tam boşaldılaraq mənzilin əşyaları ilkin iddia üzrə iddiaçılara təhvil verilmiş, 66 saylı mənzil isə "xxxx" MTK tərəfindən boşaldılaraq əşyalar saxlanc üçün qaraja yerləşdirilmiş, sonradan "xxxx" MTK tərəfindən həmin əşyalar ilkin iddia üzrə iddiaçıların yeni mənzillərinə daşınaraq onlara təhvil verilmişdir. Bundan əlavə, məhkəmə qeyd edir ki, Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). İlkin iddia üzrə iddiaçılar iddia ərizəsində mənzillərdə olan əşyaların adlarını qeyd etsələr də, "xxxx" MTK tərəfindən qarajda saxlanılmış və sonradan ilkin iddia üzrə iddiaçılara təhvil verilmiş əşyalar istisna olmaqla, digər əşyaların mənzillərdə olduğunu, ümumiyyətlə həmin əşyaların mövcudluğunu təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişlər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ilkin iddia tələbinin əşyaların qaytarılması, həmin əşyalar olmadıqda və ya yararsız vəziyyətdə olduqda, onların dəyərinin ödənilməsi hissəsində təmin oluna bilməz. İlkin iddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsinə və İddiaçı2 əlilliyi ilə bağlı tələbə hüquqi qiymət verərək, məhkəmə aşağıdakıların qeyd olunmasını zəruri bilir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Konstitusiya Məhkəməsinin göstərilən Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Belə ki, Ali Məhkəmənin Plenumu qeyd olunan Qərarda göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı ona vurulmuş mənəvi zərərin nədən ibarət olmasını da əsaslandıra bilməmişdir. İş materiallarından göründüyü kimi, hazırda iddiaçı ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etsə də, mənəvi zərərin dəydiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. buna görə də məhkəmə hesab edir ki, iddia mənəvi zərərə aid hissədə, eyni zamanda İddiaçı2 əlilliyi ilə bağlı tələb təmin oluna bilməz. Qarşılıqlı iddiaya münasibətdə məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. "xxxx" Mənzil-Tikinti Kooperativi cavabdehlərdən 157690 manat real ziyan tələb etsə də, qeyd olunan tələbin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı bir mötəbər sübutu (kassa məxaric orderləri, hesabdan çıxarış və s.) məhkəməyə təqdim edə bilməmiş, bununla da Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələblərinə uyğun olaraq sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia təmin oluna bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə, iddia tələblərinin faktiki əsasları (faktiki hallar), tələblərin qanuni əsaslarının şərtlərinə uyğun olmadıqlarından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadıqlarından iddialar təmin oluna bilməz. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi rədd edilsin. İlkin iddia üzrə ödənilmiş dövlət rüsumu İddiaçı1, İddiaçı2 və İddiaçı3 aid edilsin. Qarşılıqlı iddia tələbi rədd edilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu "xxxx" Mənzil-Tikinti Kooperativinə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 200 (iki yüz) manat məbləğində vəsait iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 və cavabdeh "xxxx" MTK-dan müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. (X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar