Məhkəmə qərarları › İş №2(103)-2466/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2466/2021

26.01.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənzil mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənzil münasibətləri üzrə sair
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2466/2021 26.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, onların vəkili Vəkil2, Cavabdehin nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçılar İddiaçı2 və qeyrilərinin cavabdeh “xxxx” MTK-ya qarşı əşyaların qaytarılması və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)-4738/2020 saylı qərardadından İddiaçı2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh “xxxx” Mənzil-Tikinti Kooperativinə qarşı əşyaların qaytarılması və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xxxx” MTK tərəfindən ünvan 3 1-də yerləşən 65 və 66 saylı mənzillərdən götürülmüş, iddia ərizəsinə əlavə olunmuş siyahıda qeyd olunan əşyaların iddiaçılara qaytarılması, həmin əşyalar olmadıqda və ya yararsız vəziyyətdə olduqda, onların dəyərinin ödənilməsi və mənəvi zərərin əvəzi kimi 150000 manat pulun cavabdehdən alınıb iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)- 4738/2020 saylı qərardadı ilə mülki işin aidiyyəti üzrə Qazax Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardad belə əsaslandırılmışdır ki, “xxxx” Mənzil-Tikinti Kooperativinin hüquqi ünvanı Qazax rayonunda yerləşdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən mülki işə Qazax Rayon Məhkəməsində baxılmalıdır. Həmin qərardaddan İddiaçı2 şikayət verərək qərardadın ləğv edilməsini və işin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, tərəflər arasında əvvəllər də müxtəlif instansiyalarda məhkəmə çəkişmələri olmuşdur və cavabdeh MTK məhkəmələrə, müvafiq təşkilatlara, onlara ünvanladıqları sənədlərdə öz ünvanını ünvan 3 1 mənzil 71/76 kimi qeyd etmişdir. Onların Bakı şəhəri Nəsimi rayonunda yerləşmiş evləri “xxxx” MTK tərəfindən iradələrinə zidd olaraq sökülmüş və onlara məxsus əmlaklar MTK-ya təhvil verilmişdir. Həmin əmlaklar Qazax rayonunda deyil, Bakı şəhərində yerləşir. Belə olduğu halda, məhkəmə mübahisənin düzgün və vaxtında həlli üçün iş üzrə tərəflərə maksimum dərəcədə əlverişli şərait yaratmalıdır. Belə bir şəraitin məhkəmə tərəfindən yaradılması, iş üzrə sübutların toplanılmasını və prosesin digər məsələlərinin tez bir zamanda həllini asanlaşdırar və bu səbəbdən iş üzrə tərəflərin maddi, mənəvi tələbatları nəzərə alınardı. Bundan əlavə, müvafiq mülki iş üzrə tərəflər məhkəmə prosesində mübahisənin Nəsimi Rayon Məhkəməsində baxılmasını istədiklərini bildirmişlər. Cavabdehin faktiki ünvanının Bakı şəhərində olmasını, koronavirus infeksiyasının yayılması ilə əlaqədar Qazax şəhərinə gedib-gəlməklə hər prosesdə iştirak etmək üçün 1000 kilometr məsafəni qət etmək məcburiyyətində qalmalarını nəzərə alaraq, mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmasını zəruri hesab edirlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)- 4738/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iş üzrə iddiaçılar, onların vəkili və cavabdehin nümayəndəsi məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Bundan əlavə, həm iddiaçılar, həm də cavabdeh vəsatətlə məhkəməyə müraciət edərək iddiaçılara məxsus olan, qaytarılması tələb olunan əşyaların Bakı şəhəri Nəsimi rayonu ərazisində kirayə götürülmüş mənzildə yerləşdiyini bildirmiş, buna görə də mülki işə sübutların hamısının olduğu yerin məhkəməsində, yəni Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)-4738/2020 saylı qərardadı ləğv edilməli, iddiaçılar İddiaçı2 və qeyrilərinin cavabdeh “xxxx” MTK-ya qarşı əşyaların qaytarılması və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalıdır. İş materiallarından görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Bakı şəhəri Nəsimi rayonunda pasport qeydiyyatında olmaqla yaşayırlar. Cavabdeh “xxxx” Mənzil- Tikinti Kooperativinin hüquqi ünvanı əvvəllər ünvan 5 ünvanındadır. Cavabdeh təşkilat faktiki olaraq ünvan 6əxsus olan və qaytarılması tələb olunan əşyalar Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşir. Hər iki tərəf işə sübutların əksər hissəsinin olduğu yerin məhkəməsində baxılması barədə vəsatət vermişdir. İddia ərizəsinin məzmunundan görünür ki, iddia tələbi cavabdeh MTK-dan əşyaların alınıb iddiaçılara qaytarılması və mənəvi zərərin əvəzinin ödənilməsi barədədir. Bu kateqoriyadan olan tələblər müstəsna aidiyyət qaydasında baxılan tələblərə aid deyil. Bundan əlavə, tərəflər öz aralarındakı sazişlə mübahisəli işin ərazi aidiyyətini dəyişdirməmişlər. Həmçinin bu tələblər üzrə iddiaçının seçməsinə görə aidiyyət müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 44.2.5-ci maddəsində qeyd olunur ki, hər iki tərəf işə sübutların əksər hissəsinin olduğu yerin məhkəməsində baxılması barədə vəsatət vermişdirsə, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Göstərilən norma məhkəmənin öz icraatına qəbul etdiyi işi başqa məhkəməyə verməsi hallarını nəzərdə tutsa da, məhkəmə kollegiyası hesab edir ki, qanunvericilik hər iki tərəfin vəsatəti olduqda işə sübutların əksər hissəsinin olduğu yerin məhkəməsində baxılması üçün məhkəmənin işi öz icraatında saxlamaq imkanını da istisna etməmişdir. Mülki işə bu qaydada baxılması ədalət mühakiməsinin səmərəliliyi baxımından da mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı2 şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)- 4738/2020 saylı qərardadı ləğv edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh “xxxx” Mənzil-Tikinti Kooperativinə qarşı əşyaların qaytarılması və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar