Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-983/2021 12.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta ödənişinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta ödənişinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun hərbi xidmət dövründə xəsarət almağı ilə bağlı qanunla nəzərdə tutulan 8.800 manat məbləğində dövlət icbari şəxsi sığorta məbləğinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 1993-cü ildə Sumqayıt şəhəri Hərbi Komisarlığı tərəfindən hərbi xidmətə çağırılmış, həmin vaxtdan da cəbhə bölgəsində erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etmişdir. xx xxxxxx 1994-cü il tarixdə Ağdam rayonu Papravənd kəndində sol ayağından güllə yarası almışdır. xx xxxxx 1994-cü il tarixində Ağdərə rayonu uğrunda aparılan döyüş əməliyyatları zamanı minatan mərmisinin partlayışı zamanı hər iki ayağından və bütün bədən nahiyəsindan ağır qəlpə yaraları almış və həmçinin yanında partlayan minamyot mərmisinin nəticəsinda uzun müddət cərrahiyə əmaliyyatları keçirmiş, müalicələr aİmışdır. Hətta dəfələrlə xarici ölkələrdə müalicələr almışdır. xx.xx.1994-cü il tarixdə həkim komissiyasının hərbi poliknikasında şəhadətləndirilmiş və xəsarəti Azarbaycan Respublikasının ərazi bütövlüyünün qorunması vaxtı aİınması göstərilmiş və hərbi xidmətə yararsız hesab edilmişdir. xx.xx.1994-cü il tarixdə ordu sıralarından tərxis edilmişdir. Ona TSEK-nin qərarı ilə İ (birinci) qrup əlillik dərəcəsi verilmiş, həmçinin müharibə veteranıdır. Hesab edir ki, əlilliyi hərbi xidmətlə bağlı olduğundan ona 8.800 manat məbləğində sığorta pulu verilməlidir. Göstərilənlərə əsasən hərbi qulluqçu kimi 8.800 manat icbari sığorta pulunu cavabdeh Azərbaycan Respublikası Dövlət Şirkətindən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı xx.xx.1975ci il tarixdə ermənistan, Krasnoselo rayonu, Əmirxeyir kəndində doğulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu piblik hüquqi şəxs 1 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu piblik hüquqi şəxs 1 saylı regional ərazi filialında xx.xx.1994-cü il tarixdən müddətsiz 1-ci qrup əlilliyə görə (hərbi əməliyyatlar keçirilən zonada olmaqla) əmək pensiyası, xx.xx.2008-ci il tarixdən müddətsiz Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 1-ci qrup əlilliyə görə təqaüd alan kimi qeydiyyatdadır və pensiyanın məbləği 300,96 manat, təqaüdün məbləği 400 manat təşkil edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-tədqiqat travmatalogiya və ortopediya institutunun xx.xx.2009-cu il tarixli, 314 saylı epikrizindən görünür ki, xəstə Mansurov T.Q., 1975-ci il təvəllüdlü, ETTOİ-na hər iki aşağı ətrafda periodik ağrılardan, sol budun aşağı 1/3-də irinli-ifrazatlı fistula şikayətləri ilə müraciət edib. 1994-cü ildə Qarabağ müharibəsi zamanı hər iki aşağı ətrafın, döş qəfəsi və başın güllə və qəlpə yaraları almışdır. Yaralanma zamanı hər iki oturaq sinirləri zədələnmışdır. Kəllə-beyin travması, baş beynin silkələnməsi, hemipnevmatoraks olmuşdur. Müxtəlif klinikalarda mütəmadi müalicə alıb. Obyektiv olaraq sol budun aşağı 1/3-də, arxa bayır səthində irinli-ifrazatlı fistula aşkar olunur. Hər iki aşağı ətraf əzələlərində atrofiya mövcuddur. Hər ki pəncədə hissəvi hissiyat pozğunluğu aşkar olunur. Rentgenoloji olaraq hər iki aşağı ətrafda çoxsaylı qəlpələr vardır. Qeyd olunan məlumatlar müfəssəl şəkildə tibbi sənədlərdə göstərilmişdir. Tibbi sənədlərə əsasən İddiaçı İ qrup müddətsiz əlillik dərəcəsi təyin edilmişdir. Əlilliyin səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı aldığı yaralanma, travmadır. İddiaçıya müvafiq vəsiqələr təqdim olunmuşdur. İddiaçı Dövlət Sığorta Kommersiya Şirkətindən ona çatası sığorta məbləğinin verilməsini xahiş etmişdir. Dövlət Sığorta Kommersiya Şirkətinin xx.xx.2018-ci il tarixli 07-07-177 saylı məktubundan görünür ki, İddiaçı səhhəti (Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı yaralanma və bunun nəticəsində əlillik dərəcəsi təyin olunması) ilə əlaqədar sığorta ödənişinin verilməsi barədə həmin Şirkətə ünvanlanmış ərizəsinə cavab verilmişdir. Bildirilmişdir ki, qeyd olunan məsələyə Milli Məclis tərəfindən müvafiq normativ hüquqi akt qəbul edildikdən sonra baxılacaqdır. Beləliklə, mübahisəsiz qaydada İddiaçı hərbi vəzifəsinin yerinə yetirilməsi zamanı aldığı travma ilə bağlı birinci qrup müddətsiz əlillik dərəcəsinin verilməsi təsdiq olunur. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində şəxslərin maddi və sosial deyil, hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların geriyə qüvvəsindən bəhs edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 7.3-cü maddəsinə əsasən mülki hüquq subyektlərinə ziyan vurursa və ya onların vəziyyətini pisləşdirirsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə əsasən hərbi xdmət vəzifələrinin icrası dövründə həlak olmaq (vəfat etmə), xəsarət almaq (yaralanmaq, kontuziya olmaq), səhhəti korlanmaq, hərbi xidmət keçməsi ilə bağlı bədbəxt hadisələr və xəstəliklər ehtimalına qarşı hərbi qulluqçular hərbi xidmətə daxil olduqları andan dövlət tərəfindən məcburi şəxsi Sığortalanmalıdır. Azərbaycan Respublikasının xx.xx.1997-ci 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 151-ci maddəsinə əsasən hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Hərbi xidmət keçərkən əmək qabiliyyətini itirmiş şəxslərə qüvvədə olan qanunvericiliyə uyğun olaraq, dövlət tərəfindən sosial təminat zəmanəti verilir. xx.xx.1997-ci il tarixdə qəbul edilmiş və xx.xx.1997-ci il tarixdə qüvvəyə minmiş «Hərbi qulluqçuların dövlət icbari şəxsi Sığortası haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən hərbi qulluqçuların dövlət icbari şəxsi Sığortası bu Qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, «Sığorta fəaliyyəti haqqında» Qanunu və digər qanunları ilə, müvafiq icra hakimiyyəti orqanlarının bu Qanuna uyğun olaraq qəbul etdikləri normativ aktlarla tənzimlənir. Həmin Qanunun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində Sığorta edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən sığorta hadisələri baş verdikdə Sığorta məbləğinin faizlə aşağıdakı Sığorta ödənişləri verilir: Bənd ç) xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar olaraq Sığorta edilənə xidmətdən (toplanışdan) buraxıldığı gündən üç il müddətində əlillik təyin olunduqda: İ qrup — 80 faiz. İddiaçının İ qrup əlil olması, əlilliyi hərbi vəzifələrini yerinə yetirərkən almış olduğu travma nəticəsində alması faktı aşkardır, ona müvafiq qaydada və məbləğdə sığorta ödənişi verilməlidir, iddia tələbi əsaslı olduğundan, təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 8.800 (səkkiz min səkkiz yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 8.800 (səkkiz min səkkiz yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-983/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-983/2021
12.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver