Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-987/2022 05.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2, Üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı «əmək haqqının ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı «əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 16 iyul 2019-cu il tarixdən 2020-ci ilin mart ayına qədər "xxxx" QSC-nin İnfrastruktur departamentinin işarəvermə və rabitə xidməti 3 nömrəli Bakı İşarəvermə və rabitə sahəsinin 5 saylı işarəvermə və bloklama sexində elektromexanik vəzifəsində çalışdığı müddətdə ödənilməli əmək haqqının, istifadə edilməyən əmək məzuniyyətinə görə ödənilməli əmək haqqının, istirahət, bayram və ümumxalq hüzn günlərində işə cəlb edildiyi günlərin əmək haqqının, iş vaxtından artıq vaxt ərzində işə cəlb edildiyi müddət ərzində ödənilməli olan əmək haqqının, hər gecikdirilmiş gün üçün ona əmək haqqının azı bir faizi məbləğində ödəncin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, 14 avqust 2020-ci il tarixdən 2021-ci ilin may ayının 05-nə qədər "xxxx" QSC-nin İnfrastruktur departamentinin işarəvermə və rabitə xidməti 3 nömrəli Bakı İşarəvermə və rabitə sahəsinin 5 saylı işarəvermə və bloklama sexində elektromexanik vəzifəsində çalışdığı müddətdə ödənilməli əmək haqqının, istifadə edilməyən əmək məzuniyyətinə görə ödənilməli əmək haqqının, istirahət, bayram və ümumxalq hüzn günlərində işə cəlb edildiyi günlərin əmək haqqının, iş vaxtından artıq vaxt ərzində işə cəlb edildiyi müddət ərzində ödənilməli olan əmək haqqının, hər gecikdirilmiş gün üçün ona əmək haqqının azı bir faizi məbləğində ödəncin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsi mübahisə predmeti irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 16 iyul 2019-cu il tarixdən hazırki vaxtadək "xxxx" QSC-nin İnfrastruktur departamentinin işarəvermə və rabitə xidməti 3 nömrəli Bakı İşarəvermə və rabitə sahəsinin 5 saylı işarəvermə və bloklama sexində elektromexanik vəzifəsində çalışır. Əmək haqqı 411 manat təşkil edir. 14 avqust 2020-ci il tarixdən 2021-ci ilin 05 may tarixədək həftənin ilk beş günü axşam saat 20:00dan səhər 08:00-a qədər, həftənin cümə günləri isə axşam 20:00-dan həftənin birinci günü saat 08:00-a qədər "xxxx" QSC-nin İnfrastruktur departamentinin işarəvermə və rabitə xidməti 3 nömrəli Bakı İşarəvermə və rabitə sahəsinin 5 saylı işarəvermə və bloklama sexində elektromexanik vəzifəsində çalışsa da, ona əmək haqqı verilməmişdir. Bu barədə X5 Xidmətinə şikayət ərizəsi ilə müraciət etmiş və araşdırma zamanı "xxxx" QSC-nin işarəvermə və rabitə xidmətinin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Əmək haqqının ödənilməsi ilə bağlı X5 tərəfindən "xxxx" QSC-yə müraciət olunsa da, hazırki vaxtadək əmək haqqı ödənilməmişdir. Həmçinin qeyd edir ki, 14 avqust 2020-ci il tarixdən 2021-ci ilin 05 may tarixədək işlədiyi müddətdə ona əmək məzuniyyəti verilməmiş, həmçinin istirahət, bayram və ümumxalq hüzn günlərində işə cəlb edilmişdir. Bundan başqa, iş vaxtından artıq vaxt ərzində işlədilmişdir. Onun 16 iyul 2019cu il tarixdən 2020-ci ilin mart ayına qədər "xxxx" QSC-nin İnfrastruktur departamentinin işarəvermə və rabitə xidməti 3 nömrəli Bakı işarəvermə və rabitə sahəsinin 5 saylı işarəvermə və bloklama sexində elektromexanik vəzifəsində çalışdığı müddətdə ödənilməli əmək haqqının, istifadə edilməyən əmək məzuniyyətinə görə ödənilməli əmək haqqının, istirahət, bayram və ümumxalq hüzn günlərində işə cəlb edildiyi günlərin əmək haqqının, iş vaxtından artıq vaxt ərzində işə cəlb edildiyi müddət ərzində ödənilməli olan əmək haqqının, hər gecikdirilmiş gün üçün ona əmək haqqının azı bir faizi məbləğində ödəncin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı «əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia tələbində qeyd etmişdir ki, 16.07.2019-cu il tarixdən hazırki vaxtadək "xxxx" QSC-nin İnfrastruktur departamentinin işarəvermə və rabitə xidməti 3 nömrəli Bakı İşarəvermə və rabitə sahəsinin 5 saylı işarəvermə və bloklama sexində elektromexanik vəzifəsində işləyir. 16.07.2019-cu il tarixindən 2020-ci ilin mart ayına qədər işlədiyi müddətdə ona əmək haqqı və əmək məzuniyyəti verilməmişdir. Eyni zamanda işlədiyi müddətdə istirahət, bayram, ümumxalq hüzn günlərində işə cəlb edilmiş və iş vaxtından artıq vaxt ərzində işlədilmişdir. Qeyd edir ki, "xxxx" QSC iddianı etiraf etmir. Hesab edir ki, iddia tələbi əsassızdır və rədd olunmalıdır. Belə ki, İddiaçı "xxxx" QSC-nin İnfrastruktur departamentinin 3 nömrəli Bakı İşarəvermə və rabitə sahəsinin 5 saylı İşarəvermə mərkəzində bloklanma sexində elektromexanik vəzifəsində işlədiyi müddət ərzində ona əmək haqqı tam ödənilmiş və əmək məzuniyyəti verilmişdir. İddiaçı 16.07.2019-cu il tarixdən 31.03.2020-ci il tarixədək olan dövr ərzində 3.032,91 manat əmək haqqı ödənilmişdir. Sözügedən əmək haqqının ödənilməsi eyni zamanda iddiaçının iddia ərizəsinə əlavə etdiyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemindən çıxarışla təsdiq olunur. "xxxx" QSC İnfrastruktur departamenti 3 nömrəli Bakı işarəvermə və rabitə sahəsinin 11.06.2020-ci il tarixli, 21 nömrəli əmri ilə İddiaçı 30 təqvim günü müddətinə, yəni 16.06.2020-ci il tarixdən 17.07.2020-ci il tarixədək əmək məzuniyyəti verilmişdir. Sözügedən əmək məzuniyyəti 16.07.2019-16.07.2020-ci iş illərini əhatə edir. Eyni zamanda məhkəmənin nəzərinə çatdırır ki, "xxxx" QSC İnfrastruktur departamenti 3 nömrəli Bakı işarəvermə və rabitə sahəsinin 16.05.2021-ci il tarixli 101 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən iddiaçı ilə bağlanılmış əmək müqaviləsi ləğv edilmişdir. Həmin əmrə əsasən son haqq-hesab aparılarkən işlədiyi dövrdə istifadə etmədiyi 25 təqvim günü əmək məzuniyyətinə görə kompensasiya hesablanaraq ödənilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin "xxxx" QSC-nin İnfrastruktur Departamentinin İşarəvermə və Rabitə Xidmətinin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikası İXMnin 192.4-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərarı ilə bağlı bildirir ki, sözügedən qərar İddiaçı işin zərərliyinə görə ödənilməli olan 8 faiz məbləğində əmək haqqının ödənilməməsinə görə verilmişdir. Qeyd edir ki, həmin faiz məbləği iddiaçıya 2020-ci ilin aprel və iyul aylarında tam ödənilmişdir. Xüsusilə qeyd etmək istəyir ki, iddiaçı iş vaxtından artıq vaxt ərzində və istirahət, bayram, ümumxalq hüzn günlərində heç bir işə cəlb edilməmişdir. Bu barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut da təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinə əsasən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hesab edir ki, işin obyektiv həll edilməsi üçün İddiaçı "xxxx" ASC-dən əmək haqqı kartının hesabdan çıxarışının əldə edilməsi zəruri əhəmiyyət daşıyır. Cavabdeh tərəf banka müraciət etsə də, vətəndaşların şəxsi hesabları barədə məlumatların verilməsi kommersiya sirri olduğundan sübutları əldə etmək mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-nin 154.2.6-cı maddəsini rəhbər tutaraq İddiaçı məxsus əmək haqqı kartı hesabından 16.07.2019-cu il tarixdən 2020-ci ilin mart ayınadək olan dövrün hesabdan çıxarışlarını "xxxx" ASC-dən tələb edilməsini xahiş edir. Qeyd olunanlardan göründüyü kimi İddiaçı hazırda tələb etdiyi əmək haqqı ona tam ödənilmiş, əmək məzuniyyəti verilmiş və iş vaxtından artıq vaxt ərzində istirahət, bayram, ümumxalq hüzn günlərində heç bir işə cəlb edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 154-cü maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Qeyd olunanları əsas tutaraq, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı «əmək haqqının ödənilməsi» tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi X3 məhkəmə iclasında izahatında bildirdi ki, vətəndaş İddiaçı rəsmi qaydada şikayət ərizəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər idarəsinə müraciət etmişdir. Şikayətdə qeyd edilmişdir ki, vətəndaşa işlədiyi yerdə əlavə iş saatlarına görə əmək haqqı ödənilməmiş, həmçinin 8 % zərərli iş sahəsinə görə ödənilməli olan məbləğlər də ödənilməmişdir. O, vətəndaşa rəsmi məktub göndərərək, onu Xidmətin Bakı şəhər idarəsinə dəvət etmişdir. Dəvət məktubunda qeyd etmişdir ki, vətəndaş gələrkən, özü ilə şəxiyyət vəsiqəsini, əmək haqqı barədə bank çıxarışlarını və digər zəruri sənədləri gətirsin. O, idarəyə gələrək izahat verdi. Həmçinin o, əmək haqqı barədə bank çıxarışları və əlavə iş saatı işləməsi ilə bağlı jurnalı təqdim etdi. Daha sonra o, "xxxx" QSC-yə müraciət edərək, onlarda olan vətəndaş İddiaçı barəsində olan bütün sənədlərin Xidmətin Bakı şəhər idarəsinə göndərilməsini xahiş etmişdir. "xxxx" QSC həmin sənədləri idarəyə göndərmişdir. Həmin sənədlərdə iş vaxtının uçotu tabeli də var idi. Sənədlər əsasında müəyyən etmişdir ki, vətəndaşa 8 % zərərli iş sahəsində işlədiyinə görə ödənilməli olan ödənişlər ödənilməmiş, əmək haqqının ödənilməsində isə gecikmələr olmuşdur. Lakin əlavə iş saatları ilə bağlı ödənişlərin edilməməsi və əmək məzuniyyəti dövründə işləməsi ilə bağlı ödənişlərin edilməməsi təqdim edilmiş sənədlərdə öz əksini tapmamışdır. "xxxx" QSC-nin nümayəndəsi ödəmələrin gecikməsini qəbul etmiş və o, bu barədə protokol tərtib etmişdir. 09.08.2021-ci il tarixdə "xxxx" QSC-nin İnfrastruktur Departamentinin İşarəvermə və Rabitə Xidmətinin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. "xxxx" QSC-nin İnfrastruktur Departamentinin İşarəvermə və Rabitə Xidmətinə vətəndaşın pozulmuş hüquqlarının aradan qaldırılması barədə məlumat göndərmişdir. Həmçinin vətəndaşa da bu barədə məlum vermişdir. Məhkəmə, iddiaçının, cavabdehin nümayəndəsinin və 3-cü şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara (əmək haqqının ödənilməməsi, iş vaxtından əlavə vaxtlarda əməyə cəlb edilməsi və s.) dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, iş materiallarında olan sənədlərdən görünür ki, cavabdeh tərəfindən iddiaçının əmək haqqı ödənilmiş, iddiaçıya əmək məzuniyyəti verilmişdir. Göründüyü kimi, iddia əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı «əmək haqqının ödənilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı «əmək haqqının ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-987/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-987/2022
05.04.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver