Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-991/2022 01.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı ona ödənilməli olan 6600 (altı min altı yüz) manat sığorta ödənişinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 20.10.1999-cu ildən 27.04.2004-cü ilə kimi N saylı hərbi hissədə gizir vəzifəsində həqiqi hərbi xidmət keçmişdir. 23.07.2003-cü ildən 29.07.2003-cü ilə kimi N saylı hərbi hissədə kəşfiyyat bölüyündə xidməti vəzifəni yerinə yetirərkən sağ budun aşağı 3/1-nin dişlənmiş yaraları diaqnozu ilə xəsarət almışdır. Həmin qərara əsasən onun aldığı xəsarət hərbi travmadır, hərbi xidmət vəzifəni yerinə yetirilməsi zamanı alınmışdır. Xəsarət alması səbəbillə ona ikinci qrup əlil statusu verilmişdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığorta haqqında” Azərbaycan Respublikasının qanunu ilə onlara verilən sığorta Kommersiya Şirkətinə müraciət etdi. Qurumdan ona verilən cavabla ona sığorta ödənişinin edilməsindən imtina edilmişdir. Qeyd edilən imtina onun hüquqlarının pozulmasıdır. Odur ki, hüquqlarının bərpa edilməsi məqsədi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd olunan məzmunda izahat vermiş və göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 məhkəməyə iddiaya etirazla müraciət edərək, İddiaçı tərəfindən verilmiş iddia ərizəsinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən ikinci dərəcəli əlil olduğuna görə ona 6600 (altı min altı yüz) manat sığorta ödənişinin verilməsi tələbilə bağlı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Bildirirlər ki, iddianı qəbul etmirlər və hesab edirlər ki, əsassızdır, rədd edilməlidir. Belə ki, iddiaçının təqdim etdiyi vətəndaşın hərbi xidmət keçməsinə dair arayışdan məlum olur ki, şəxs həqiqətən 18.10.1995 - 10.07.1998, 20.10.1999 - 17.04.2004-cü il tarixlərində hərbi xidmətdə olmuşdur. İddiaçının təqdim etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 1061 nömrəli qərarından məlum olur ki, şəxsin aldığı travma hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır. İddiaçının təqdim etdiyi TSEK-nin arayışından aydın olur ki, şəxsə 19 sentyabr 2017-ci il tarixində ikinci dərəcəli əlillik təyin edilmişdir. İddia ərizəsinin və təqdim olunmuş sənədlərin təhlili göstərir ki, şəxs hərbi xidmətdə olarkən xəsarət almış, 17.04.2004-cü ildə hərbi xidmətdən tərxis olunmuş, əlillik dərəcəsi şəxsə 19.09.2017-ci ildə təyin edilmişdir. Bildirmək istəyirik ki, hərbi qulluqçuların həyatının və səhhətinin dövlət icbari şəxsi sığortası qaydaları və şərtləri “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Həmin Qanunun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Yenə həmin Qanununı 5-oi maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: və həmin maddənin "xxxx" bəndinə əsasən hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxddığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə. Qanuna əsasən qeyd edilməlidir ki, hərbi qulluqçunun hərbi xidmət dövründə xəstələnməsinin Qanuna müvafiq olaraq sığorta hadisəsi hesab edilməsi üçün hərbi qulluqçuya hərbi xidmətdən tərxis olunduqdan sonra hərbi xidmət dövründə aldığı xəstəliyə görə 3 il müddətində əlillik təyin edilməlidir. Lakin şəxs hərbi xidmətdən tərxis olunduqdan sonra Qanunla müəyyən edilmiş müddəti ötürmüş və əlillik dərəcəsi şəxsə 3 il müddət ötürüldükdən sonra təyin edilmişdir. Adıçəkilən Qanunun 1.1-ci maddəsinə əsasən hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası bu Qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, "Sığorta fəaliyyəti haqqında Qanunu, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu və digər qanunları ilə, müvafiq icra hakimiyyəti orqanlarının bu Qanuna uyğun olaraq qəbul etdikləri normativ aktlarla tənzimlənir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 14.2 və 14.2.3-cü maddəsinə əsasən zərərçəkənin bədən xəsarəti alması, zəhərlənməsi, yaxud kontuziya olması nəticəsində sığorta hadisəsi baş verdiyi tarixdən 3 il ərzində onun əlilliyinin, o cümlədən sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması halında sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan zərərin əvəzi sığorta məbləğinin müvafiq nisbətlərində ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935-ci maddəsi sığortaçı tərəfindən sığorta ödənişinin verilməsindən imtina əsaslarını təsbit edir və həmin Məcəllənin 935.1.8-ci maddəsinə görə baş vermiş hadisənin qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi; Yenə həmin Məcəllənin 935.1.10-cu maddəsinə görə icbari sığorta qanunlarında nəzərdə tutulmuş digər hallarda sığorta ödənişinin verilməsindən imtina edilir. Əlavə olaraq bildirməliyik ki, analoji mübahisə ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin 2( 102)-3212/2021 saylı, 19.08.2021 -ci il tarixli Qərarı mövcuddur və həmin Qərarın 44- cü bəndində bu mübahisəyə münasibət bildirilmişdir. Həmin bənddə qeyd olunur ki, “Yuxarıda qeyd edilən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 20 may 1997-ci il tarixli Qanununun 5-ci maddəsinin "xxxx" bəndinin məzmunundan göründüyü kimi hərbi qulluqçu yalnız o halda qismən sığorta ödənişi almaq hüququna malikdir ki, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində əlilliyi müəyyən edilsin”. Qeyd olunan bənddən aydın olduğu üzrə Qanunla müəyyən olunmuş müddətin ötürülməsi birmənalı olaraq sığorta ödənişinin verilməsindən imtina edilməsinə əsas verir. Göründüyü kimi, şəxsə sığorta ödənişinin verilməsindən imtina edilməsi qanunvericiliyə və məhkəmə təcrübəsinə tam uyğundur və bu səbəbdən iddia tam əsassızdır. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın surətindən görünür ki, İddiaçı 19.09.2017 – 19.09.2022-ci il tarixləri üçün hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar ikinci dərəcəli əlil olaraq müəyyən edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Həkim Komissiyası tərəfindən 26.10.2016-cı il tarixdə verilmiş 1061 nömrəli qərarın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Qobustan RHK tərəfindən 1995-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı hərbi xidmət dövründə aldığı və 23.07.2003-cü ildən 29.07.2003-cü ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunduğu yaralanma – diaqnoz: “Sağ budun aşağı 1/3-nin dişlənmiş yaraları” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon idarəsinin 02.08.2010-cu il tarixli 4/360 nömrəli göndərişi, 28.09.2010-cu il tarixli 4/71 nömrəli arayışı, N saylı hərbi hissədən verilmiş 29.07.2003-cü il tarixli çıxarış epikrizi, 314 nörməli xəstəlik tarixindən çıxarışlar, vətəndaşın ərizəsi, MN MHHK-nın həkim mütəxəssislərinin rəyi ilə təsdiq edilir), “HƏRBİ TRAVMADİR, HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİ (XİDMƏTİ VƏZİFƏLƏRİ) YERİNƏ YETİRƏRKƏN ALİNMİŞDİR” Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal Rayon İdarəsi tərəfindən verilmiş 09.12.2021-ci il tarixli 283 nömrəli arayışdan görünür ki, İddiaçı 18.10.1995-ci ildən 10.07.1998-ci ilədək, 20.10.199-cu ildən 17.04.2004-cü ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmədə olmuş və MN-nin 040 saylı 17.04.2004-cü il tarixli əmrinə, “Hərbi Xidmətkeçə haqqında” Əsasnamənin 158-ci maddəsinin “b” bəndinə (törətdiyi cinayətə görə azadlıqdan məhrum edilməklə bağlı olmayan cəzaya məhkum olunduğu üçün) əsasən ehtiyata tərxis olunmuşdur. Arayış Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə təqdim edilmək üçün verilmişdir. Xəstəlik haqqında sənədin surətindən görünür ki, İddiaçı Knyaz oğlu 23.01.2003-cü il tarixdə əməliyyat olunmuş, ona sağ baldırın aşağı 1/3 hissəsinin dişlənmiş yarası diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin İddiaçı ünvanladığı 29 noyabr 2021-ci il tarixli, 07-07-1647 nömrəli cavabından görünür ki, iddiaçının ərizəsinə cavab olaraq bildirilmişdir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 20 may 1997-ci il tarixli Qanununun 5-ci maddəsinin "xxxx" bəndinə əsasən xidmət vəzifəsini yerinə yetirməsi ilə əlaqədar olaraq sığorta olunana xidmətdən (toplanışdan) buraxıldığı gündən 3 il müddətində əlillik təyin olunduqda, o sığorta məbləğini almaq hüququna malikdir, sənədlərdən göründüyü kimi, o, 27.04.2004cü ildə hərbi xidmətdən tərxis olunmuşdur və bu hadisədən 17 ildən artıq müddət keçdiyinə görə, ona səhhəti ilə əlaqədar sığorta ödənişinin verilməsi qeyri-mümkündür. Belə ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində sığorta olunana və ya onun vərəsələrinə sığorta məbləğinin verilməsindən hansı hallarda imtina edilməsi qeyd olunub və Şirkətin istinad etdiyi əsas həmin maddənin məzmununda öz əksini tapmır. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, sığorta olunana və ya onun vərəsələrinə sığorta məbləğinin verilməsindən aşağıdakı hallarda imtina edilir: sığorta edilənin sığorta hadisəsi ilə birbaşa bağlı olan qəsdən cinayət törətdiyi barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda, yaxud sığorta edilən alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə hərəkət etdikdə, habelə sığorta olunan və ya onun vərəsələri tərəfindən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq sənədlər təqdim olunmadıqda. Həmin Qanunun 7-ci maddəsinə görə, əlillik halında sığorta ödənişlərinin alınması üçün sığorta olunan dövlət sığorta orqanlarına və ya yaşadığı ərazi üzrə həmin orqanın bölmələrinə müəyyən olunmuş formada ərizəsi və şəxsiyyətini təsdiq edən sənədi ilə birlikdə aşağıdakı sənədləri təqdim edir: - əlilliyin təyin edilməsi haqqında (əlilliyin qrupu, səbəbi və təyin edilməsi tarixini göstərməklə) tibbi-sosial ekspert komissiyasının arayışının surəti; - hərbi bilet (yaxud onu əvəz edən sənəd); - sığorta olunanın həqiqi hərbi xidmətdə olarkən xəstələnməsi və ya xəsarət (yaralanma, travma, kontuziya) alması faktını təsdiq edən hərbi həkim komissiyasının qərarının surəti. İş materiallarından göründüyü kimi, İddiaçı “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində qeyd olunan sənədləri məhkəməyə təqdim etmişdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin Qanunun 27-ci maddəsinə müvafiq olaraq, hərbi xidmət vəzifələrinin icrası dövründə həlak olmaq (vəfat etmə), xəsarət almaq (yaralanmaq, kontuziya olmaq), səhhəti korlanmaq, hərbi xidmət keçməsi ilə bağlı bədbəxt hadisələr və xəstəliklər ehtimalına qarşı hərbi qulluqçular hərbi xidmətə daxil olduqları andan dövlət tərəfindən məcburi şəxsi sığortalanmalıdır. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası bu Qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Sığorta fəaliyyəti haqqında” Qanunu və digər qanunları ilə, müvafiq icra hakimiyyəti orqanlarının bu Qanuna uyğun olaraq qəbul etdikləri normativ aktlarla tənzimlənir. Həmin Qanunun 2-ci maddəsinin tələbinə görə, sığorta edilən hərbi qulluqçulara Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, milli təhlükəsizlik və daxili işlər orqanlarının şəxsi heyəti, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış digər qoşun birləşmələrində hərbi xidmətdə olan və toplantılarda olan hərbi vəzifəlilər aid edilirlər. Həmin Qanunun 4-cü maddəsinə əsasən, bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Həmin Qanunun 5-ci maddəsinin "xxxx" bəndinə görə, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana İİ qrup əlillik təyin olunduqda, ona sığorta məbləğinin 60 faizi miqdarında sığorta ödənişi ödənilir. Azərbaycan Respublikasının 03.10.1997-ci il, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 151-ci maddəsinə müvafiq olaraq, hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Hərbi xidmət keçərkən əmək qabiliyyətini itirmiş şəxslərə qüvvədə olan qanunvericiliyə uyğun olaraq, dövlət tərəfindən sosial təminat zəmanəti verilir. Azərbaycan Respublikası Prezidentinin 20 sentyabr 1991-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında fəaliyyət göstərən Dövlət Sığortası İdarə Heyətinin bazasında Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti yaradılmış və Respublikada icbari sığortalamanın bütün növlərini həyata keçirmək həmin Şirkətə həvalə edilmişdir. Hazırkı iş üzrə İddiaçı hərbi qulluqçu kimi hərbi xidmətə daxil olduğu andan qanunvericilik əsasında dövlət tərəfindən məcburi şəxsi sığortalanmışdır. O, hərbi xidmətdə olduğu dövrdə sığorta hadisəsi baş vermiş və bununla da normativ hüquqi aktlarla sığorta tədiyyələrinin vaxtında və tam ödənilməsinə nəzarətin həvalə edildiyi Dövlət Sığorta Kommersiya Şirkətinin müvafiq sığorta ödənişini ödəmək öhdəliyi yaranmışdır. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının müdafiəsi zamanı aldıqları xəsarətlər nəticəsində əlil olmuş şəxslərə sığorta ödənişlərinin verilməsindən formal səbəblərə görə imtina edilməsi, onlara, müharibə əlilləri statusuna malik olan şəxslər kimi, dövlət tərəfindən faktiki olaraq verilmiş hüquqların əsassız olaraq müəyyən çərçivələrə salınmasına gətirib çıxarır. Bu status isə tək hər hansı maddi nemətlərin alınmasına qarant kimi çıxış etmir, həmçinin Azərbaycan Respublikasının bütövlüyünün müdafiəsi zamanı əlil olmuş şəxslərin Azərbaycan Respublikası qarşısında olan xidmətlərinin dövlət və cəmiyyət tərəfindən tanınmasının təcəssümüdür. Müharibə əlilləri ölkədə sosial qayğıya ehtiyacı olan əsas təbəqələrdən biridir və hər zaman diqqət mərkəzində olublar. Onların sosial problemlərinin həlli, gündəlik həyat şəraitinin yaxşılaşdırılması üçün dövlət səviyyəsində mütəmadi addımlar atılır. Bu, dövlət siyasətidir, ədalətli siyasətdir və yuxarıda qeyd olunan normaların məzmunundan göründüyü kimi, qanunvericiliyin tələblərində də öz əksini tapmışdır. Beləliklə, məhkəmə hesab edir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin "xxxx" bəndinə əsasən, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən İddiaçı 6.600 manat sığorta ödənişi ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddiası təmin edilsin. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 6.600 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-991/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-991/2022
01.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver