Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-994/2022 21.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «subroqasiya qaydasında pul tələbi»nə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsvri hissə:
1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «subroqasiya qaydasında pul tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 21.01.2020-ci il tarixində Yasamal rayonu, Moskva prospekti ünvanında "xxxx" ASC-də mülki məsuliyyəti PAZ********** saylı müqavilə ilə icbari sığorta olunmuş sürücü Cavabdeh «Chevrolet Cruze» minik markalı, **- GC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə sürücü X1 idarə etdiyi «İveco Crealis» markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər vuraraq hadisə yerindən yayınmışdır. Baş vermiş hadisə ilə bağlı Bakı şəhəri Yasamal RPİ-də inzibati xəta haqqında iş üzrə araşdırma aparılmış, hadisəni törədən sürücü (cavabdeh) Cavabdeh barəsində AR İXM-nin 327.1 və 327.6-cı maddəsi ilə İXP ******* nömrəli protokol yazılaraq cərimə edilmişdir. «İveco Crealis» markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 183.79 AZN (bir yüz səksən üç manat, yetmiş doqquz qəpik) məbləğində sığorta ödənişi verilmişdir.
3. Göstərilənlərə əsasən, Cavabdeh 183.79 AZN (bir yüz səksən üç manat, yetmiş doqquz qəpik) pul vəsaitinin və 30 AZN (otuz manat) məbləğində dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
Əsaslandırıcı hissə:
4. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.
6. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, bildiriş ünvana çatdırılmadan məhkəməyə geri qaytarılmışdır.
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər.
8. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.
a) Mülki işin materialları:
9. İş materiallarında olan AR DİN BDYPİ tərəfindən verilmiş AC seriyalı 481259 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin kserosurətinə əsasən «İveco Crealis» markalı, **-JH-*** dövlət nömrə nişanlı avtobus "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına qeydiyyata alınmışdır.
10. İş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, «Chevrolet Cruze» minik markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 26.06.2019-cu il tarixindən 26.06.2020-ci il tarixinədək sığortalanmışdır.
11. İş materiallarında olan Bakı şəhər DYPİ tərəfindən tərtib edilmiş 28.07.2020-ci il tarixli inzibati xəta haqqında protokolun və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərarın surətlərindən görünür ki, Cavabdeh barəsində AR İXM-nin 327.1 və 327.6-cı maddələri ilə cərimə edilmişdir.
12. İş materiallarında olan 5331 saylı zərər aktından görünür ki, «İveco Crealis» markalı, **- JH-*** nömrə nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər 183,79 AZN təşkil edir.
13. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 11.02.2021-ci il tarixli sığorta aktından görünür ki, «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü üzrə sığortalanmış «Chevrolet Cruze» minik markalı, 99- GC-429 dövlət qeydiyyat nişanlı avtomobil 26.06.2019-cu ildən 26.06.2020-ci il tarixinədək sığortalanmış, həmin nəqliyyat vasitəsi «İveco Crealis» markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə «Chevrolet Cruze» minik markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 183,79 AZN ziyan dəymiş və bununla bağlı 183,79 AZN sığorta ödənişi həyata keçirilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
14. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, «Chevrolet Cruze» minik markalı, **- GC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 26.06.2019-cu il tarixində "xxxx" ASC tərəfindən «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta» növü üzrə sığortalanmışdır. 21.01.2020-ci il tarixində Cavabdeh idarə etdiyi «Chevrolet Cruze» minik markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə «İveco Crealis» markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə yol nəqliyyat hadisəsi zamanı zərər vurmuşdur. "xxxx" ASC tərəfindən tərtib olunmuş hesabata əsasən, «İveco Crealis» markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 183,79 AZN məbləğində müəyyən edilmiş və həmin ziyanın məbləği olan 183,79 AZN "xxxx" ASC tərəfindən ödənilmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
15. Məhkəmə iddianın hüquqi cəhətdən əsaslı olduğu qənaətinə gəlmişdir.
16. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
17. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.
18. Qeyd olunan Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
19. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
20. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.
21. Habelə, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının sığortalıya və (və ya) sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.
22. Bundan əlavə, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
23. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı halda məhkəmə xərcləri Cavabdeh aid edilməlidir.
24. Məhkəmə iddia tələbinə qeyd olunan maddi hüquq normalarını tətbiq edərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilərək, Cavabdeh subroqasiya hüququ əsasında 183,79 AZN (bir yüz səksən üç manat, yetmiş doqquz qəpik) manat məbləğində pul və 30 AZN (otuz manat) məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
26. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.
27. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh subroqasiya hüququ əsasında 183,79 AZN (bir yüz səksən üç manat, yetmiş doqquz qəpik) manat məbləğində pul və 30 AZN (otuz manat) məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov