Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-100/2024 07.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “əmək haqqının ödənilməsi”) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, X4 qızının katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqının və maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Tələb:
1. İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqının və maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən ödənilməmiş əmək haqqı, məzuniyyət pulu və son haqq hesab olan 4956 manat məbləğində pul və 200 manat maddi ziyanın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla işəgötürən "X1 Cəmiyyət (əvvəlki adı “X6” MMC) arasında bağlanan xx.xx.2021-ci il tarixli əmək müqaviləsi əsasında əvvəlcə araşdırmaçı, daha sonra aparıcı mühəndis vəzifəsinə işə qəbul olunmuşdur. Aylıq əmək haqqı 700 manat təşkil etmişdir. Müqavilə bağlandıqdan sonra işəgötürən tərəfindən əmək haqqı vaxtlı-vaxtında ödənilməmiş, buna görə də onun təşəbbüsü əsasında əmək müqaviləsi Əmək Məcəlləsinin 68.2-ci maddəsinin "a” yarımbəndinə əsasən xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Belə ki, o, həmçinin digər işçilər işə qəbul olunduqları vaxtdan işə çıxmalarına baxmayaraq əməklərinin dəyəri tam formada ödənilməmişdir. İşə başladığı ilk aylardan əmək haqqının ödənilməsində gecikmələr olmuşdur. 2022-ci ilin iyun və iyul aylarının əmək haqqı noyabr və dekabr aylarında verilmişdir. Avqust ayından etibarən 6 ay müddətində onun əmək haqqı ödənilməmişdir. 2023-cü ilin fevralın 1-dən martın 1-dək faktiki olaraq Şirkətdə boşdayanmaya görə işə çıxmamışdır. xx.xx.2023-cü il tarixdə öz ərizəsi əsasında işdən çıxmağa məcbur olmuşdur. Cavabdeh tərəfindən ona son haqq-hesab vaxtında və düzgün hesablanmayaraq ödənilməmişdir. Beləliklə, cavabdeh tərəfindən ona 6 aylıq əmək haqqı (700 manat x 6 ay=4200 manat) 756 manat məzuniyyət pulu ödənilməmişdir. Cavabdehin qanunsuz hərəkətlərindən onunla eyni vəziyyətdə olan iş yoldaşları X3 Xidmətinin Bakı Şəhər İdarəsinə cavabdeh tərəfindən əmək hüquqlarının pozulması ilə bağlı müraciət etmişdir. Araşdırma nəticəsində əmək hüquq pozuntuları ilə bağlı şirkət rəhbərliyi barəsində inzibati tənbeh vermə haqqında qərarlar qəbul edilmişdir. Cavabdeh MMC rəhbərliyi tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilməmiş və onun əmək hüquqları ciddi surətdə pozulmuşdur. Hər dəfə Şirkət başqa müəssisələrin onlara borclarının olduğunu bəhanə gətirmişdir. Beləliklə, cavabdeh tərəfindən onunla əmək müqaviləsinə xitam verilərkən onun işlədiyi son 6 ayın əmək haqqı, 756 manat məbləğində məzuniyyət pulu son haqq hesab düzgün hesablanmamış və ödənilməmişdir. Əlavə olaraq ona 200 manat maddi ziyan (hüquqi yardım xərcləri, mediasiya xərci, nəqliyyat xə'ci və s.) vurmuşdur. Tərəflərin izahatları:
3. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş İddiaçı və onun nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermişlər və iddianın təmin edilməsini xahiş etmişlər.
4. Cavabdeh MMC-nin nümayəndəsinə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq, məhkəmə iclasına gəlməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
6. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları:
7. 0693000 nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı Cavabdeh MMC-də (əvvəlki "xxxx" Servis MMC) xx.xx.2021-ci il tarixdə araşdırmacı vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2022-ci il tarixdə “aparıcı mühəndis” vəzifəsinə keçirilmişdir. xx.xx.2023-cü il tarixdə öz ərizəsi əsasında işdən azad edilmişdir.
8. Hesabdan çıxarışdan görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı 2022-ci il tarixdə mart ayında 223,57x2 manat, aprel ayında 743,31 manat, may ayında 700 manat, iyul ayında 266 + 138,88 manat, avqust ayında 295,12 manat, sentyabr ayında 600 manat, noyabr ayında 50 manat, dekabr ayında 800 manat ödəniş edilmişdir.
9. xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh MMC nümayəndəsinin iştirakını ilkin mediasiya sessiyasında təmin etməmişdir. 50 manat ilkin mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir.
10. 08.05.2023-cü il tarixli qəbzdən görünür ki, hüquqi xidmət üçün 50 manat ödəniş edilmişdir.
11. e-sosial.az-dan çıxarılan çıxarışdan görünür ki, İddiaçı Cavabdeh MMC-də (əvvəlki "xxxx" Servis MMC) xx.xx.2021-ci il tarixdə araşdırmacı vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2022-ci il tarixdə “aparıcı mühəndis” vəzifəsinə keçirilmişdir. Aylıq əmək haqqı 784 manat təşkil etmişdir.
12. 01.03..2023-cü il tarixli, 032-AND-İR nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən işdən azad edilmişdir. xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək istifadə edilməmiş 40 məzuniyyət gününün son-haqq hesabının ödənilməsi nəzərdə tutulmuşdur.
İşin faktiki halları:
13. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Cavabdeh MMC-də (əvvəlki "xxxx" Servis MMC) xx.xx.2021-ci il tarixdə araşdırmaçı vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2022-ci il tarixdə “aparıcı mühəndis” vəzifəsinə keçirilmişdir. xx.xx.2023-cü il tarixdə öz ərizəsi əsasında işdən azad edilmişdir. Hazırda İddiaçı Cavabdeh MMC-dən ödənilməmiş əmək haqqı, məzuniyyət pulu və son haqq hesab olan 4956 manat və 200 manat məbləğinində maddi ziyanın tutulmasını xahiş edir.
Tətbiq edilən hüquq:
14. Azərbaycan Respublikası Əmək Məcəlləsinin:
42-ci maddəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. 154-cü maddəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 156-cı maddəsinə əsasən əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. 294.4-cü maddəsinə əsasən məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. 296-cı maddəsinin 4-cü hissəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.
15. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı:
Əmək mübahisələri ilə bağlı işlərin təhlili göstərir ki, işə bərpa, əmək haqqı və sair bu qəbildən olan mübahisələrlə bağlı iddiaçılar (işçilər) məhkəməyə müraciət etməzdən öncə, bir qayda olaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə (bundan sonra – X3 Xidməti) müraciət edirlər. Bu isə fərdi əmək mübahisələri zamanı qeyd edilən X3 Xidmətinin mübahisələrə məhkəməyə qədər baxan orqan kimi qəbul olunmasını şərtləndirir.
16. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı:
296-cı maddəsinin 4-cü hissəsinə əsasən, işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər.
Məhkəmənin mövqeyi:
17. Məhkəmə, əvvəllər məhkəmə iclasında iştirak etmiş iddiaçının və onun nümayəndəsinin izahatını nəzərə alıb, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verib, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
18. Göründüyü kimi İddiaçı fərdi əmək mübahisəsinin həll edilməsi üçün xx.xx.2023cü il tarixdə mediasiya şurasına müraciət etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak etmişdir, cavabdehin nümayəndəsi mediasiya sessiyasında iştirak etməmişdir bu barədə iddiaçıya arayış verilmişdir.
19. Qanunvericiliyin tələblərindən də göründüyü kimi işçiyə əmək haqqı işəgötürənlə aralarında bağlanmış əmək müqaviləsi əsasında ödənilir.
20. Məhkəmə, iddia tələbinin “ödənilməmiş əmək haqqının, məzuniyyət pulunun və son haqq hesabın ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə təmin edilməlidir. Belə ki, iddiaçı Cavabdeh MMC-də xx.xx.2021-ci il tarixdə “araşdırmacı” vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2022-ci il tarixdə “aparıcı mühəndis” vəzifəsinə keçirilmişdir. xx.xx.2023-cü il tarixdə öz ərizəsi əsasında işdən azad edilmişdir. Göründüyü kimi işçiyə 6 aylıq əmək haqqı (6x784=4704) 4704 manat məbləğində əmək haqqı və 756 manat ödənilməmiş məzuniyyət pulu ödəniş edilməli idi. Lakin məhkəməyə təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, işçiyə cəmi 2022-ci il tarixdə mart ayında 223,57x2 manat, aprel ayında 743,31 manat, may ayında 700 manat, iyul ayında 266 + 138,88 manat, avqust ayında 295,12 manat, sentyabr ayında 600 manat, noyabr ayında 50 manat, dekabr ayında 800 manat ödəniş edilmişdir. Göründüyü kimi işçinin aylıq əmək haqqı 784 manat olmuşdur və işçiyə ödənilməyən əmək haqqı (vergi, DSMF və.s tutmaları çıxmadan) 4704 manat təşkil edir. Lakin iddiaçı ödənilməyən əmək haqqı, məzuniyyət pulu və son haqq hesab olan 4956 manat məbləğində pul tələb edir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi ödənilməmiş əmək haqqı, məzuniyyət pulu və son haqq hesab olan 4956 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
21. İş materiallarından görünür ki, məhkəmə tərərfindən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, lakin dəfələrlə cavabdeh şirkətə yazılı və şifahi formada ekspert vəsatəti ilə tələb olunan sənədlərin məhkəməyə yaxud ekspertiza mərkəzinə təqdim olunması bildirilsə də, cavabdehin nümayəndəsi sənədləri təqdim etməmişdir.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.2-ci maddəsinə əsasən digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.
23. Bu səbəbdən məhkəmə iddiaçının təqdim etdiyi sübutları mötəbər hesab edir və cavabdehin maliyyə sənədlərini ekspertə təqdim etmədiyi üçün cavabdehin iddiaçıya ödənilməmiş əmək haqqını təqdim olunmuş çıxarışa əsasən hesablanaraq iddiaçının tələbi həmin hissədə təmin olunmalıdır.
24. Məhkəmə iddia tələbinin “maddi ziyanın tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, iddiaçı 50 manat mediasiya xərci və 50 manat hüququ yardım üçün ödənilmiş pul məbləğini sübut edəcək qəbzlər təqdim etmişdir. Bu səbəbdən iddia tələbi bu hissədə qismən təmin edilməlidir.
Məhkəmə baxışının hədləri:
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
26. “Dövlət rüsumu haqqında” Azərbaycan respublikası Qanununun
9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
Məhkəmə xərcləri:
27. Məhkəmə hesab edir ki, tələb üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan 69.56 manat dövlət rüsumu Cavabdeh MMC-dən tutulub dövlət nəfinə ödənilməlidir.
Nəticə:
28. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən ödənilməmiş əmək haqqı, məzuniyyət pulu və son haqq hesab olan 4956 manat, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 50 manat, mediasiya xərci üçün ödənilmiş 50 manat İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir.
29. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən ödənilməmiş əmək haqqı, məzuniyyət pulu və son haqq hesab olan 4956 manat, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 50 manat, mediasiya xərci üçün ödənilmiş 50 manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərclərinə aid olan 69.56 manat dövlət rüsumu Cavabdeh MMC-dən alınıb dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Ülkər Yusifova