Məhkəmə qərarları › İş №2(007)-1025/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1025/2024

16.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1025/2024 16.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı nümayəndəsi X1 Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin dəyişdirilməsi” tələbi üzrə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 19 aprel 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 235 manat alimentin Cavabdeh tutularaq ona ödənilməsi və mediasiyaya ödədiyi 50 manat pulun cavabdehden tutularaq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun Cavabdeh ilə xx.xx.2010-cu il tarixdə daxil olduqları rəsmi nikahdan xx.xx.2011-ci il tarixdə X3 adlı övladları anadan olmuşdur. xx.xx.2013-cü ildə nikahları məhkəmə qaydasında pozulmuş və birgə nikahdan doğulmuş uşaqları onunla qalmışdır. Məhkəmə qərarı ilə uşağın saxlanılması üçün 80 manat aliment qət edilmişdir. O, 2020-ci ildə aliment məbləğinin artırılması ilə bağlı məhkəməyə müraciət etmiş, Tərtər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(061)- 1124/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin məbləği artırılaraq hər ay 140 manatdan olmaqla qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq tutulub onun xeyrinə ödənilməsi qət edilmişdir. Hal-hazırda uşaq onun himayəsindədir. Cavabdeh isə uşağın saxlanılmasında ona heç bir maddi kömək göstərmir. Uşağın normal saxlanılması üçün normal vəsait lazımdır. Buna görə də, rəsmi olaraq cavabdehdən uşağın saxlanılması üçün aliment tələb edir. Cavabdeh hərbçidir və yüksək əmək haqqı alır. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, hal-hazırda olan aliment məbləği uşağın saxlanması üçün kifayət deyildir, adi uşağın ayaqqabısı üçün 40-50 manat pul ödənilir. Cavabdeh Beyləqan rayonunda N saylı hərbi hissədə baş leytenantdır, N manatdan yuxarı əmək haqqı alır, onun avtomobili və torpaq sahəsi vardır, həmçinin dövlət tərəfindən hərbçilərə kirayə qalmaları üçün əlavə pul da verilir. Cavabdehlə mediasiya prosesində əlaqə saxlanılan zaman o, gəlməyəcəyini bildirmişdir Onlar bəzən 31 manat aliment almışlar, lakin alimentin artırılması ilə bağlı iddia qaldırmamışlar. Qarşı tərəfin əmək haqqısı yüksək olan zaman niyə 140 manat aliment ödəyirdi, niyə əmək haqqısı yüksək olduğu halda gəlirlərinin ¼ hissəsi məbləğində aliment ödəmirdi? Qızı Vüsalə əgər bir övladına baxmaq üçün işləyirsə, cavabdehin həyat yoldaşı da iki övladının saxlanması üçün işləsin. Vüsalə aldığı maaş ilə kommunalları da ödəyir. Cavabdeh valideynləri ilə birlikdə yaşayır. Cavabdehin aliment borcu yoxdur. Məhkəmə iclasında Cavabdeh ona təqaüd təyin edilənədək 140 manat aliment ödəməsini, təqaüd təyin edildikdən sonra alimentin onun əmək haqqısının və digər gəlirlərinin ¼ hissəsi olaraq tutulmasına razı olduğunu, təqaüdün iyunun axırına verilməsinin gözləndiyini, təqaüdünün təxminən 600-700 manat olacağını, onun əmək haqqısının dondurulduğunu, hazırda bir qat əmək haqqı aldığını və onun məbləğinin 605 manat olduğunu, 80 manat veteran təqaüdü aldığını bildirdi. O əlavə olaraq qeyd etdi ki, faktiki olaraq müalicə alır, xəstədir və xidmətə yararsızdır. Hər iki ayağı protez əməliyyatı olmuşdur və başında kista vardır. Hazırda işsizdir və səhhəti imkan vermədiyindən iş tapmağı da sual altındadır. Adına olan bütün sistemlər dondurulmuş, adına olan silah təhvil verilmişdir. Özü məzuniyyətdədir və məzuniyyətinin bitməsini gözləyir. İddiaçı tərəf 235 manat aliment məbləği tələb edir, işsiz insanı nəzərə alaraq yaşayış minimumu 265 manatdır. Onun hazırki nikahından himayəsində iki övladı vardır. O, məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti ödəyir. Əvvəl gəlirlərinin ¼ hissəsi, sonra isə 80 manat sabit pul məbləğində aliment məbləği kimi müəyyən edilmişdir. Bundan sonra o, müharibədə olanda iddiaçı yenidən iddia qaldırmış, o zaman da sabit pul məbləğində 140 manat aliment məbləği müəyyən edilmişdir. İddiaçı tərəf uşağın hazırlığa gedə bilmədiyini deyir. İddiaçının imkanı çatmırsa uşağı onun yanına göndərsin, onda uşağı kursa, bütün fənlərdən hazırlığa göndərər və geyimini də alar. Oğlunun 13 yaşı tamam olmuşdur və anası da işləyir. Azərbaycan Respublikasının qanunvericiliyinə görə ata və ana hər ikisi işləyirsə, uşağın adına hesab açılır və alimentin bir qismi həmin hesaba köçürülə bilər. Bundan sonra uşaq 18 yaşına çatanda həmin məbləğdən istifadə edə bilər. O da istəyir ki, hesab açılsın və təyin edilən məbləğin 50 faizi həmin hesaba köçürülsün. Uşaq da 18 yaşına çatanda həmin məbləğdən istifadə etsin. O, həmçinin qeyd etdi ki, iddia ərizəsində göstərilmişdir ki, o, uşağına maddi cəhətdən yardım etmir, ona diqqət göstərmir. 2020-ci ildə müharibə bitdikdən sonra 2021-ci ilin aprel ayının 19-da övladının 10 yaşında ad günü üçün Bakıya gəlmiş, Həzi Aslanov metrosunun yanında “Bakı” Kafesində övladının ad gününü qeyd etmişdir. O, 2 ildir ki, iddiaçı ilə danışmır, danışanda isə hər dəfə uşaqla bağlı soruşmuşdur. O uşağın onunla danışmama səbəbin soruşanda iddiaçı onun atası olaraq uşağa telefon almağını və istədiyi vaxt da onunla əlaqə saxlamasını bildirmişdir. O, uşağın iki yaşı olanda velosiped də daxil olmaqla bir çox hədiyyə almış, lakin uşağı aparıb xalasıgildə gizlətdikləri üçün uşağı görməmiş və hədiyyəsini verə bilməmişdir. Uşağın ad günü qurtarandan sonra uşaqdan nə hədiyyə istədiyini soruşanda o da telefon istədiyini bildirmiş, o da Həzi Aslanov metrosunun yanında olan telefon mağazasından təxminən qiyməti 600 manat olan “Samsung” markalı telefon almışdır. İddiaçı nömrə alacağı təqdirdə uşağın summativə hazırlaşmayacağını bildirdiyi üçün o, nömrənin pulu olan 5 manatı iddiaçıya vermiş və demişdir ki, summativlər bitəndən sonra nömrəni telefona taxsın, o da övladı ilə əlaqə saxlasın, bir şeyə ehtiyacı olmasını soruşsun. Bundan sonra 1 il keçmiş, uşaqdan ona zəng gəlməmişdir. İddiaçıdan uşağın telefon aldığı halda niyə onunla danışmadığını soruşduqda telefonu satdığını bildirmişdir. İşin mübahisəsiz halları: Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından 19 aprel 2011-ci il təvəllüdlü X3 adlı övladları anadan olmuşdur. Tərtər Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikahın pozulması, birgə nikahdan doğulmuş uşağın ananın himayəsində saxlanılması və onun yetkinlik yaşına çatanadək saxlanması üçün 80 manat məbləğində alimentin tutulması qət edilmişdir. Bundan sonra iddiaçı alimentin artırılması barədə iddia qaldırmış, Tərtər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(061)-1124/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh 19 aprel 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin məbləğinin artırılaraq hər ay 140 manatdan olmaqla qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq tutulub İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İddiaçı məhkəməyə müraciət etməzdən öncə qanunvericiliyin tələblərinə uyğun olaraq mediasiya təşkilatına müraciət etmiş, Bakı 8 saylı Mediasiya Təşkilatının MŞB/38/2023-019N saylı xx.xx.2023-cü il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə" arayışı tərtib olunmuşdur. İddiaçı tərəfindən 50 manat mediasiya xərci və 5 manat kargüzarlıq xərci çəkilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi 037 №-li Hərbi hissəsinin 6 saylı Vəkil Bürosunun Vəkili X4 11 mart 2014cü il tarixli sorğusuna verdiyi xx.xx.2024 tarixli, 45 nömrəli Arayışda N nömrəli hərbi hissənin hərbi qulluqçusu Cavabdeh aylıq əmək haqqı məbləğinin vergilər ödənildikdən sonra 1146,36 (bir min yüz qırx altı manat 36 qəpik) manat olduğu qeyd olunmuşdur. İşin mübahisəli halları: Hazırda ana uşağın saxlanılması üçün tutulan alimentin miqdarının dəyişdirilərək artırılmasını, yəni hər ay 235 manat olmasını və mediasiya xərci qismində ödədiyi 50 manat vəsaitin cavabdehdən tutularaq ona qaytarılmasını xahiş edir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib, iddiaçının və cavabdehin izahatlarını dinləyib araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci, 78.1 və 78.2-ci maddələrinə, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarına, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci və 8.12-ci bəndlərinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci, 13-cü,19-cu maddəsinə əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. 2024-cü il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2024cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü ildə uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarının müddəalarını, hüquqi mövqelərini, uşağın mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı halda yaranmış iqtisadi çətinlik iddiaçının da maddi vəziyyətinın ağırlaşmasına səbəb olmuşdur, iddiaçı məhkəmə qətnaməsinə əsasən 2020-ci ildə müəyyən edilmiş alimentlə uşağı saxlamaqda çətinlik çəkir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Hazırda isə yaşayış minimumu məbləği artırılmışdır. Məhkəmə həmin halları nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməli, tələb olunan məbləğ yaşayış minimumu məbləğinə uyğun müəyyən edilərək iddia tələbi təmin edilməli, Cavabdeh yetkinlik yaşına çatmayan 19 aprel 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək tutulmalı olan, Tərtər Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, 2(061)-1124/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq yetkinlik yaşına çatmayan 19 aprel 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə xərcləri: Məhkəmə qeyd edir ki, iddiaçı məhkəmə xərci qismində 50 manat mediasiya və 5 manat poçt kargüzarlıq xərci ödəmişdir. AR MPM-nin 119.2-ci və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci və 9.1.2-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, hazırda iddiaçı 50 manat mediasiya xərcinin cavabdehdən tutulmasını tələb etdiyi və iddia tələbi təmin edildiyi üçün iddiaçının mediasiya xərci qismində tələb etdiyi 50 manat məbləğində vəsait cavabdehdən onun xeyrinə tutulmalı, iddiaçının ödəməkdən azad olduğu 45 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-23-355-26, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh yetkinlik yaşına çatmayan 19 aprel 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək tutulmalı olan, Tərtər rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, 2(061)- 1124/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq yetkinlik yaşına çatmayan 19 aprel 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilsin. İddiaçı mediasiya xərci qismində ödəmiş olduğu 50 manat məbləğində vəsait Cavabdeh tutularaq iddiaçıya ödənilsin. Cavabdeh iddiaçının ödəməkdən azad edildiyi 45 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar