Məhkəmə qərarları › İş №2(007)-1104/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1104/2021

25.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1104/2021 25.08.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment növünün dəyişdirilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment növünün dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1321/2020 nömrəli 08.06.2020-ci il tarixli qətnaməsi ilə 13.02.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmasına qədər qazancının 1/4 hissəsindən tutulma dəyişdirilərək yaşayış minimumu üzrə sabit məbləğ üzrə müəyyən edilən cəmi 170 manat müəyyən edilməklə ondan tutulmaqla Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 27.08.2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından 13.02.2016-ci il təvəllüdlü X3 doğulmuşdur. Bakı şəhəri Nizami Rayon Qeydiyyat şöbəsinin nikah pozulması haqqında şəhadətnaməsinə əsasən nikahları 20.10.2016-cı il tarixdə rəsmi olaraq pozulmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-5990/2016 nömrəli 20.10.2016-cı il tarixli qətnaməsinə əsasən cavabdeh İddiaçı Cavabdeh xeyrinə 13.02.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 25.08.2016-cı il tarixdən başlayaraq hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1321/2020 nömrəli 08.06.2020-ci il tarixli qətnaməsinəə əsasən cavabdeh İddiaçı Cavabdeh xeyrinə 13.02.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında alimentin tutularaq Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Sağlamlığında müəyyən problemlər vardır ki, əməliyyat keçirmişdir. İşləyə bilmir. İkinci dəfə ailə həyatı qurmuşdur. Ailədə arvadının, atası və anasının gəliri yoxdur. Bundan əlavə tərəfindən kredit götürülmüşdür. Həmin krediti ödəyə bilmir. Bütün hallar məhkəmə tərəfindən nəzərə alınmamışdır. Hal-hazırda maddi vəziyyəti çox ağır vəziyyətdədir. Həmçinin ilkin aliment təyin edilən zaman prosessual digər qanun pozuntuları, hazırkı pandemiya dövrünü və müharibə şəraitini nəzərə alaraq hazırkı aliment məbləğinin azaldılmasında kömək göstərilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında göstərdi ki, iddia tələbini qəbul etmir. İddianın təmin olunmamasını xahiş etmiş. Aliment məbləği məhkəmə qətnaməsi ilə dəyişdirilmiş, iddaçının gəlirinin 1/4 hissəsi miqdarında müəyyən edilmişdir. Apellyasiya və kassasiya instansiyası da iddiaçının şikayətlərini təmin etməmişdir. Qətnamə qüvvəyə minmişdir. İddiaçının heç bir əsası yoxdur. Göstərilənlərin nəzərə alınmasını, İddiaçı iddiasının təmin edilməməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1321/2020 nömrəli 08.06.2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı 17.12.2017-ci il tarixdən başlayaraq, 13.02.2016ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında alimentin tutularaq Cavabdeh xeyrinə ödənilməsi müəyyən edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7777/2020 nömrəli 02.11.2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı iddiası təmin edilməmiş, həmin iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 2(007)-1321/2020 nömrəli 08.06.2020ci il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmasınını müəyyən etmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Cavabdeh ilə rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurmuşdur. Birgə nikahlarından 13.02.2016-ci il təvəllüdlü X3 adlı uşağı doğulmuşdur. İddiaçının ailə münasibətlərinin pozulması nəticəsində onlar ayrılmışlar. Hazırda iddiaçı yetkinlik yaşına çatmamış uşağının saxlanılması üçün ondan sabit pul məbləğində alimentin tutularaq cavabdehə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarından görünür ki, qətnaməyə əsasən uşağa görə 1/4 hissədə aliment yuxarı instansiya məhkəmələri tərəfindən qüvvədə saxlanılmışdır. Məhkəmə iddia tələbini iş materialları ilə birlikdə araşdıraraq belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən Plenum hesab etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.7-ci maddəsinə əsasən aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Həmin Qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın: 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün; 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1321/2020 nömrəli 08.06.2020-ci il tarixli qətnaməsi ilə 13.02.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmasına qədər qazancının 1/4 hissəsindən tutulma dəyişdirilərək yaşayış minimumu üzrə sabit məbləğ üzrə müəyyən edilən cəmi 170 manat müəyyən edilməklə ondan tutulmaqla Cavabdeh ödənilməsi barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri qismində iddiaçı tərəfindən ödənilmiş 30,0 manat dövlət rüsumu ona aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 1321/2020 nömrəli 08.06.2020-ci il tarixli qətnaməsi ilə 13.02.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmasına qədər qazancının 1/4 hissəsindən tutulma dəyişdirilərək yaşayış minimumu üzrə sabit məbləğ üzrə müəyyən edilən cəmi 170 manat müəyyən edilməklə ondan tutulmaqla Cavabdeh ödənilməsi” barədə iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri qismində iddiaçı tərəfindən ödənilmiş 30,0 manat dövlət rüsumu ona aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar