Məhkəmə qərarları › İş №2(007)-1122/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1122/2023

02.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1122/2023 02.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X1 Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-4302/2015 saylı, 17 dekabr 2015-ci il tarixli qətnaməsi ilə keçmiş həyat yoldaşı Rusiya Federasiyasında yaşayan Cavabdeh ilə nikahları pozulmuş, birgə nikahlarından dünyaya gələn xx xxxx 2004-cü il təvəllüdlü övladları İddiaçı onun yanında saxlanılmışdır. Nikahları pozularkən Cavabdeh ilə aralarındakı razılaşmaya uyğun olaraq aliment tələb elmədiyi üçün məhkəmə tərəfindən qarşı tərəfin üzərinə aliment ödəmə ilə bağlı heç bir öhdəlik qoyulmamışdır. Lakin cavabdehin aralarındakı razılşmanı pozması, dövrün şərtlərinə uyğun olaraq övladlarının artan zəruri xərclərini ödəməkdə ona yetərincə yardım göstərməməsi onu yenidən məhkəməyə müraciət etməyə vadar etmişdir. Nəzərə çatdırır ki, hazırda qızı İddiaçı Lənkəran Dövlət Universitetinin “Aqrar və mühəndislik” fakültəsinin “Torpaqşünaslıq və aqrokimya” ixtisası üzrə dövlət sifarişli əyani təhsilini bakalavriat səviyyəsində davam etdirir və təhsilini 2025-ci il tarixdə bitirməsi gözlənilir. Hazırda cavabdeh övladlarının heç bir tələbatının ödənilməsində, qayğısına qalınmasında, artan xərc və məsrəflərinin ödənilməsində iştirak etmir. Qeyd edilənlərə əsasən övladları İddiaçı bakalavr və maqistratura təhsilini bitirənə qədər Cavabdeh aliment tutulması və üzərinə əvvəlki dövr üçün 3 (üç) illik ödəməli olduğu alimentlərin ödənilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə işə baxılarkən əsl olmayan iddiaçı X2 əsl İddiaçı ilə əvəz olunmuşdur. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ali təhsilini bitirənə qədər Cavabdeh onun xeyrinə hər ay sabit pul məbləğində 200 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işə qiyabi icraat qaydasında baxılması barədə yazılı ərizəsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(007)-1122/2023 saylı qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmış, məhkəmənin həmin tarixli qiyabi qətnaməsinə əsasən iddia təmin edilərək, Cavabdeh İddiaçı xeyrinə xx.xx.2023-cü il tarixdən başlayaraq əyani təhsilini başa vuranadək hər ay sabit pul məbləğində 200 manat alimentin tutulması qət edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh nümayəndəsi və vəkili Vəkil ərizəsi təmin edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə xx.xx.2023-cü il tarixli, 2(007)-1122/2023 saylı qiyabi qətnaməsi ləğv edilmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçının tələbini qəbul etmir və əsassız hesab edir. Belə ki, ilk növbədə qeyd olunmalıdır ki, cavabdehin verdiyi məlumatlara əsasən, iddiaçının valideynləri 2004-cü ildə faktiki olaraq ayrılmışlar. Tərəflər ayrıldıqdan sonra cavadeh Rusiya Federasiyasında yaşamağa davam etmiş və hazırda da orada yaşayır. Tərəflərin ayrılmalarına baxmayaraq, cavabdeh Bakı şəhərində keçmiş yoldaşını və qızını evlə təmin etmiş və bütün xərclərini də ödəyirdi. Sonradan iddiaçının anası nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 4302/2015 saylı iş üzrə qəbul etdiyi 17 dekabr 2015-ci il tarixli qətnaməsi ilə X3 Cavabdeh qarşı nikahın pozulması və yetkinlik yaşına çatmayan uşağın yanında saxlanması tələbinə dair iddiası təmin olunmuş, X4 ilə Cavabdeh arasında 20 oktyabr 2003-cü il tarixdə Təngərüd kənd icra nümayəndəliyində bağlanmış 25 nömrəli nikahın pozulması, birgə nikahdan doğulmuş xx xxxx 2004-cü il təvəllüdlü İddiaçı anası X3 yanında saxlanması qət olunmuşdur. Cavabdeh ilə X4 arasında bağlanmış nikah 06 fevral 2016-cı il tarixdə ləğv olunmuşdur. 2019-cu ilədək iddiaçı anası ilə birgə Cavabdeh təqdim etdiyi evdə yaşamış və Cavabdeh iddiaçının saxlanılmasında iştirak etmiş, onun repetitor xərclərini ödəmişdir. İddiaçının anası X4 ərə getmək qərarına gəlmiş və bu məqsədlə 2019-cu ildə Cavabdeh verdiyi evdən çıxaraq Türkiyəyə köçmüşdür. Həmin vaxtdan Cavabdeh ilə iddiaçının və anasının əlaqələri kəsilmişdir. 2019-cu ilədək Cavabdeh iddiaçını və anasını maddi cəhətdən təmin etdiyindən, iddiaçının anası heç bir zaman Cavabdeh qarşı aliment tələbi ilə bağlı məhkəmədə iddia qaldırmamışdır. Valideynin əlavə xərcə cəlb edilməsi o zaman baş verə bilər ki, bu əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlərlə bağlı olsun (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.). Təhsil üçün çəkilən xərclər Ailə Məcəlləsinin 81-ci maddəsinə əsasən valideynlərin məhkəmə tərəfindən ödənilməsinə cəlb oluna bildiyi əlavə xərclərə aid edilmir. Buna görə də, əlavə xərc kimi təhsil üçün çəkilmiş xərcin digər valideyndən tələb edilməsi əsassızdır. Göstərilənləri nəzərə alaraq, iddiaçının iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclaslarına gəlməmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, təqdim edilmiş etirazın nəzərə alınmasını, işə onun iştirakı olmadan baxılmasını və iddianın rədd edilməsini barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Belə olan halda, məhkəmə tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-4302/2015 saylı 17 dekabr 2015-ci il tarixli qətnaməsinin surətindən görünrü ki, X4 ilə Cavabdeh arasında 20 oktyabr 2003-cü il tarixdə, Təngərüd kənd icra nümayəndəliyində bağlanaraq 25 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikaha xitam verilməsi, xx xxxx 2004-cü il təvəllüdlü İddiaçı anası X3 yanında saxlanılması qət olunmuşdur. - AZ-İ № 201202 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X4 arasında bağlanmış nikah 06 fevral 2016-cı il tarixdə ləğv edilmiş və bu barədə akt qeydləri kitabında 19 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra kişiyə Rəhimov, qadına Bətiyarova soyadı verilmişdir. - Lənkaran Dövlət Universitetindən verilmiş 1281 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı “Aqrar və mühəndislik” fakultəsinin “Torpaqşünaslıq və Aqrokimya” ixtisası üzrə əyani təhsilalma formasında 2021-2022-ci tədris ilində qəbul olunmuşdur. Hazırda İİ tədris ili tələbəsidir və təhsilini xx.xx.2025-ci il tarixində bitirməsi gözlənilir. Məhkəmə iclasında müəyyən olundu ki, X2 ilə Cavabdeh arasında olan nikaha xitam verilmişdir. Tərəflərin birgə nikahından doğulmuş iddiaçı xx xxxx 2004-cü il təvəllüdlü İddiaçı hazırda ali təhsil alır. İddiaçı təhsil xərclərini qarşılaya bilmədiyini və atası tərəfindən heç bir yardım göstərilmədiyi bildirərək, Cavabdeh ali təhsilini bitirənə qədər Cavabdeh aliment tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-ci il tarixli qərarına əsasən, uşaqların yetkinlik yaşına çatması ilə valideynlərin onlara münasibətdə aliment öhdəlikləri xitam olunur. Buna baxmayaraq, valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamaq vəzifəsi daşıyırlar. Valideynin bu vəzifəsinin yaranması üçün aşağıdakı hallar olmalıdır: yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması. Bu iki hal ayrıayrılıqda deyil, birlikdə götürüldükdə valideyn üçün vəzifə yaradır. Başqa sözlə, yetkinlik yaşına çatmış övladın təkcə əmək qabiliyyətinin olmaması valideyndən aliment almaq hüququ üçün əsas deyil. Eyni zamanda, onun maddi yardıma ehtiyacı olması da tələb olunur. Yaxud əksinə, övlad əmək qabiliyyətlidirsə, onun maddi yardıma ehtiyacının olması valideynlərdən aliment tələb etməyə əsas vermir. Beləliklə, yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması kimi hər iki halın birlikdə mövcud olması faktı məhkəmələr tərəfindən müəyyən edildikdə, valideynlərdən aliment tutula bilər. Həmin qərarda həmçinin göstərilmişdir ki, Ailə Məcəlləsinin 58.5-ci maddəsində qeyd olunur ki, valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Göründüyü kimi, valideyn uşağının orta təhsilinə qədərki dövrdə onun təhsil müəssisəsini və təhsilinin formasını seçə bilər. Orta təhsil başa çatdıqdan sonra isə təhsil müəssisəsini və təhsilin formasını uşaqlar özləri seçirlər. Yəni orta təhsil bitdikdən sonra uşağın təhsil müəssisəsini və təhsilin formasını seçməsinə valideynin müdaxiləsi qanunla nəzərdə tutulmamışdır. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan mövqeydindən çıxış edərək bildirir ki, artıq yetkinlik yaşına çatmış İddiaçı ali təhsil almasına görə valideynlərin əlavə xərclərdə iştirakı, cavabdehdən aliment tutulması, ondan bu məsələ ilə bağlı vəsait tələb olunması tələbi əsassız olduğundan, onun iddiası təmin olunmamaldır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “ali təhsilini bitirənə qədər hər ay sabit pul məbləğində 200 manat alimentin tutulması” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “ali təhsilini bitirənə qədər hər ay sabit pul məbləğində 200 manat alimentin tutulması” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Baki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar