Məhkəmə qərarları › İş №2(007)-1141/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1141/2023

01.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1141/2023 01.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü Zəhra adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay pensiyasının 1/4 hissəsi miqdarında aliment tutulub iddiaçıya verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiаçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-712022 nömrəli 10 fevral 2022-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh xx.xx.2021-ci ildən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü Zəhra adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 150 manat sabit məbləğində aliment tutularaq ona verilməlidir. Həmin məhkəmə iclasında cavabdeh iştirak etmirdi və qazancı barədə məlumatı yox idi. Ona görə də cavabdehdən sabit məbləğdə 200 manat aliment tələb etmişdir, məhkəmə 150 manat aliment qət etmişdir. Ona məlumdur ki, cavabdeh polis əməkdaşı olmuş təqaüdə çıxmışdır, yüksək məbləğdə pensiya alır və alimenti həmin pensiyasından tələb edir. Cavabdehin pensiyasının məbləği barədə məlumat almaq üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təminat İdarəsinə xx.xx.2023-cü il tarixdə sorğu göndərmişdir. Sorğu məktubu xx.xx.2023-cü il tarixdə aidiyyəti üzrə çatdırılmışdır və bu fakt AZ **********587 nömrəli teleqramla sübuta yetir. Lakin sorğuya cavab verilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, iddianı qismən qəbul edir. Sabit pul məbləğində 220 manat aliment verə bilər. 69 yaşı var, Çernobil əlilidir və bir çox xəstəlikləri var. Pensiyası müalicəsinə ancaq çatır. Həmin uşaq dünyaya gələndə onun razılığı alınmayıb. Məhkəmədən sabit pul məbləğində 220 manat alimentin tutlmasını təmin etməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -AZ-İV seriyalı 733740 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Babaşova Zəhra Tofiq qızı xx.xx.2010-cu il tarixdə anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. - Cəlilabad Rayon Məhkəməsinin 2(073)-71/2022 nömrəli 10 fevral 2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı doğulmuş xx.xx.2010-cu il təvəllüdlü Zəhra adlı uşağın atası hesab edilməsi, xx.xx.2021-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay bir uşaq üçün 150 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. - “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə 21 fevral 2023-cü il tarixli, MŞB/10-00048 saylı arayışdan görünür ki, Cavabdeh 21 fevral 2023-cü il tarixdə keçirilən ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat ödəmişdir. - ƏƏSMN-nin DSMF-un Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 22 fevral 2023-cü il tarixli, 3-17-1/2-35124/2023 nömrəli məktubundan və “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, xx.xx.1955-ci il təvəllüdlü Cavabdeh yaşa görə əmək pensiyasının məbləği 1269.91 manat təşkil edir. - A seriyalı, 1272 nömrəli, 1986-cı ildə baş vermiş Çernobol qəzasının iştirakçısı vəsiqəsinin surətindən görünür ki, Babaşov X1 AES-da baş verən qəza iştirakçısıdır. Bеləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh faktiki nikah münasibətlərində olmuşlar. Onların birgə münasibətlərindən xx.xx.2010-cu il təvəllüdlü Babaşova Zəhra Tofiq qızı doğulmuşdur. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-71/2022 nömrəli 10 fevral 2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı doğulmuş xx.xx.2010-cu il təvəllüdlü Zəhra adlı uşağın atası hesab edilməsi, xx.xx.2021-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay bir uşaq üçün 150 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Hazırda iddiaçı uşağın saxlanılmasında çətinlik çəkir. Bu səbəbdən xx.xx.2010-cu il təvəllüdlü Babaşova Zəhra Tofiq qızının saxlanılması üçün yetkinlik yaşına çatana qədər hər ay qazancının və ya başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsin əsasən, Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1.1-ci maddəsinə əsasən 1 uşağa görə-qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında aliment müəyyən edilir. 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki, Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə, həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə aliment məbləğinin həcmini müəyyən edərkən uşağın və iddiaçının mənafeləri ilə yanaşı cavabdehin də mənafeyini nəzərə alır. ƏƏSMN-nin DSMF-un Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 22 fevral 2023-cü il tarixli, 3-17-1/2-35124/2023 nömrəli məktubundan və “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, xx.xx.1955-ci il təvəllüdlü Cavabdeh yaşa görə əmək pensiyasının məbləği 1269.91 manat təşkil edir. Məhkəmə qeyd edilənlərə əsasən belə qənaətə gəlir ki, Cavabdeh Babaşova Zəhra Tofiq qızının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının və əlavə gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutulmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda istinad edilən 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə məhkəmə hesab edir ki, miqdarı artırılmış aliment hazırki qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü Babaşova Zəhra Tofiq qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay qazancının və ya başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci maddəsinə görə məhkəmədə verilən iddialar üzrə — şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, cavabdeh dövlət rüsumunu ödəməkdən azad olduğu üçün məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü Babaşova Zəhra Tofiq qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay qazancının və ya başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment İddiaçı xeyrinə tutulsun. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar