Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1187/2022 18.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Məhkəmə iclasının katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 31 mart 2019-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşağa görə 193 manat sabit pul məbləğində alimentin tutulması, 31 mart 2019-cu il tarixdə doğulmuş X1 üç yaşına çatanadək əlavə olaraq 100 (yüz) manat məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə faktiki nikaha daxil olaraq ailə qurmuşdur. Birgə yaşadıqları müddət ərzində 31 mart 2019-cu il tarixdə X2 adlı bir uşağları doğulmuş, cavabdeh könüllü olaraq atalığı etiraf etmişdir. Cavabdehlə hazırda faktiki olaraq ayrılmışlar, uşaq onun himayəsində yaşayır, cavabdeh uşağın saxlanması üçün heç bir maddi yardım göstərmir. Fərdi qaydada işləyir və kifayət qədər gəlirə malik olsa da, uşağına maddi yardım etmək istəmir. O, isə uşağı tək saxlamaqda çətinlik çəkir. Həmçinin, uşaq körpə olduğundan özü işləyə bilmir. Cavabdeh “Sədərək" Ticarət Mərkəzində işləməklə müəyyən gəlirə malikdir. Cavabdehdən sabit pul məbləğində alimentin tutulmasını istəyir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, eyni məzmunlu izahat verərək iddiasının təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh maddi imkanın olmadığını bildirsə də, onun dükanları var və gəliri yaxşıdır. Beş aydan çoxdur ki, cavabdeh uşaqla maraqlanmır. Cavabdehin başqa uşaqlarının olması onu Mustafazadə Emilin saxlanılmasında iştirak etməməkdən azad etmir. Uşağı azyaşlı olduğundan özü işləmir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, aliment ödəməyə imkanı çatmır. Onun başqa uşaqları da var. Əgər indi Mustafazadə Emilin saxlanılması üçün aliment tutularsa, iddiaçı evinə geri qayıtmayacaq və o, iddiaçı ilə barışmaq istəyir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İ seriyalı 370771 saylı Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh 31 mart 2019-cu ildə İddiaçı doğulmuş X3 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 30 aprel 2019-cu il tarixdə 176 nömrəli ilə qeyd edilmişdir. - AZ-İV seriyalı, 279538 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X2 31 mart 2019-cu il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh faktiki nikahlarından 31 mart 2019-cu il tarixdə X2 doğulmuşdur. Tərəflər hazırda bir yerdə yaşamırlar, cavabdeh uşağın saxlanması üçün iddiaçıya köməklik göstərməmiş, uşağın maddi tələbatını ödəməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1 və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 2022-ci il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, uşağın mənafeyini və iddiaçının onun himayəsində qalan yetkinlik yaşına çatmamış uşağa təkbaşına baxmaqda maddi cəhətdən çətinlik çəkdiyini nəzərə alaraq, Cavabdeh həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün sabit pul məbləğində aliment tutulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə cavabdehdən tutulacaq aliment məbləğinin həddini müəyyən edərkən uşağın və iddiaçının mənafeləri ilə yanaşı cavabdehin də mənafeyini, o cümlədən uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatını və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanmalı olmasını nəzərə alaraq, belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər; 84.2.2-ci maddəsinə əsasən hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad aliment ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, hazırkı halda 31 mart 2019-cu il təvəllüdlü X1 üç yaşı tamam olduğundan iddia tələbi “uşağın üç yaşına çatanadək cavabdehdən iddiaçının xeyrinə hər ay 100 manat məbləğdə pul tutulması” hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddia ərizəsinin məhkəməyə 22 fevral 2022-ci il tarixdə daxil olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 22 fevral 2022-ci il tarixdən başlayaraq, 31 mart 2019-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün uşağa hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Ona görə məhkəmə hesab edir ki, qətnamə dərhal icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya xidmətinə görə 50 manat məbləğində xidmət haqqı ödənilməsi səbəbindən iddiaçı iddia ərizəsinin verilməsi üçün ödəməli olduğu dövlət rüsumundan azad edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 22 fevral 2022-ci il tarixdən başlayaraq, 31 mart 2019-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün uşağa hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı verilsin. Qətnamə alimentin alınmasına dair hissədə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-1187/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1187/2022
18.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver