Məhkəmə qərarları › İş №2(007)-1271/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1271/2022

04.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1271/2022 04.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh oğlu X5 ilə 2009-cu ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Bu nikahdan onların 2010-cu il təvəllüdlü X4 dünyaya gəlmişdir. Oğlu Zaur 2011-ci ildə dünyasını dəyişmiş və gəlini, hazırki cavabdeh uşağı onun yanında qoyaraq anasının evinə getmişdir. Daha sonra cavabdeh müraciət edərək, 30.12.2010-cu il təvəllüdlü övladını saxlaya bilmədiyini bildirmiş və işləməyə Türkiyə Respublikasına getmişdir. 2019-cu ildə Səbail Rayon İcra Hakimiyyətinə rəsmi müraciət olunmuş və qanunvericiliyə uyğun nəvəsinin qəyyumu təyin olunmuşdur. O, hazırda təqaüdçüdür, şəkər xəstəliyindən əziyyət çəkir və gəlirləri məhduddur. Hazırda uşağın anası Türkiyə Respublikasında işləyir və kifayət qədər gəliri vardır və ara-sıra Azərbaycana gəlsə də, övladı ilə maraqlanmır, ona maddi və mənəvi dəstək göstərmir, onun təhsili, yaşayış tərzi ilə maraqlanmır. Ötən müddət ərzində cavabdehdən uşağın saxlanılması üçün aralarında aliment sazişi bağlamağı, uşağın tələbatını ödəyə biləcək məbləği müəyyənləşdirərək rəsimləşməsini xahiş etmişdir. Lakin cavabdehdən müsbət cavab ala bilmədiyi üçün qanunvericiliyin tələbinə uyğun mediasiya şurasına müraciət etmişdir. Hazırki cavabdehə mediasiya şurası tərəfindən təklif və müraciət göndərilsə də, heç bir cavab verməmiş, məsələ ilə bağlı maraqlanmamışdır. Ona görə də, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, uşağın saxlanılması üçün cavabdehdən hər ay 193 manat məbləğində stabil pul miqdarında aliment tutulmalıdır. Övlada məhəbbət, onun tərbiyəsi, təminatı, inkişafı və xoşbəxt gələcəyi naminə hər əzaba qatlaşma yanğısı milli mentalitetin və geninin istisnasız olaraq hər bir Azərbaycanlı valideynə bəxş etdiyi ən qiymətli mənəvi dəyərdir. Hər bir valideyn övladını tərbiyə edib sağlam böyütməlidir. Bu onun ən müqəddəs öhdəliyidir. Qeyd edilənlərə əsasən, qəyyumu olduğu nəvəsi 30.12.2010-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh anası Cavabdeh hər ay 193 manat məbləğində sabit pul vəsaitinin tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəmə mraicət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İİ seriyalı, 610454 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 30 dekabr 2010-cu il tarixdə doğulmuşdur. X1, anası Cavabdehdır. - Bakı şəhəri Səbail Rayonu İcra Hakimiyyətinin başçısının “X4 üzərində qəyyum təyin edilməsi” haqqında 01.08.2019-cu il tarixli 107 saylı Sərəncamından görünür ki, yetkinlik yaşına çatmayan, 30.12.2010-cu il təvəllüdlü X3 üzərində nənəsi İddiaçı qəyyum təyin edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı 30.12.2010-cu il təvəllüdlü X3 nənəsidir. Belə ki, iddiaçının oğlu X6 ilə Cavabdeh nikahlarından 30 dekabr 2010-cu il tarixdə X4 doğulmuşdur. X6 vəfat etmişdir və Bakı şəhəri Səbail Rayonu İcra Hakimiyyətinin başçısının 01.08.2019-cu il tarixli sərəncamı ilə 30.12.2010-cu il təvəllüdlü X3 üzərində nənəsi İddiaçı qəyyum təyin edilmişdir. Cavabdeh uşağın saxlanması üçün iddiaçıya köməklik göstərməmiş, uşağın maddi tələbatını ödəməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1 və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 79.1-ci maddəsinə əsasən valideyn himayəsindən məhrum olmuş uşaqlara görə aliment bu Məcəllənin 76—78-ci maddələrinə uyğun olaraq tutulur və uşağın qəyyumuna (himayəçisinə) və ya himayədar valideynlərə (atalığa, analığa) ödənilir. 2022-ci il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, uşağın mənafeyini və iddiaçının onun himayəsində qalan uşağa təkbaşına baxmaqda maddi cəhətdən çətinlik çəkdiyini nəzərə alaraq, Cavabdeh həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğində aliment tutulmasını məqsədəmüvafiq hesab edir. Belə ki, qanunvericiliyin yuxarıda qeyd edilən normasından da göründüyü kimi, valideynlər uşaqlarını saxlamağa borcludur. 30.12.2010-cu il təvəllüdlü X3 atası vəfat etmiş, hazırda isə nənəsi, İddiaçı himayəsində olmaqla, anası ilə birlikdə yaşamır və anası, yəni cavabdeh uşağın saxlnaılmasında iştirak etmir. Məhkəmə cavabdehdən tutulacaq aliment məbləğinin həddini müəyyən edərkən uşağın və iddiaçının mənafelərini, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatını, 2022-ci ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğini nəzərə alaraq, belə qənaətə gəlir ki, cavabdehdən hər ay 193 manat sabit pul məbləğində alimentin tutulması ilə bağlı iddia təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddia ərizəsinin məhkəməyə 02 mart 2022-ci il tarixdə daxil olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 02 mart 2022-ci il tarixdən başlayaraq, 30 dekabr 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Ona görə məhkəmə hesab edir ki, qətnamə dərhal icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya xidmətinə görə 50 manat məbləğində pulun ödənilməsi səbəbindən tərəflər məhkəmə xərclərinə aid olan iddia ərizəsinin verilməsi üçün ödənilməli olan dövlət rüsumundan azad edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 02 mart 2022-ci il tarixdən başlayaraq, 30 dekabr 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar