Məhkəmə qərarları › İş №2(007)-1275/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1275/2021

24.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1275/2021 24.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “valideynin uşağa görə əlavə xərclərdə iştirakı” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “valideynin uşağa görə əlavə xərclərdə iştirakı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladı X2 təhsil haqqının ödənilməsinə görə, təhsil haqqının 4 il üçün 14 000 manat təşkil etməsi nəzərə alınmaqla, onun yarısı olan 7000 manatın Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, X3, Cavabdeh ilə 11 avqust 1997-ci ildə rəsmi nigaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahlarından 12 sentyabr 1997-ci il təvəllüdlü X4 və 24 yanvar 2004-cü il təvəllüdlü X7 anadan olmuşlar. 4 oktyabr 2012- ci il tarixdə məhkəmənin qətnaməsinə əsasən nikah pozulub,övladları onunla yaşayır. 2015-ci il tarixdə qızı Ali məktəbə qəbul olub və illik təhsil haqqı 3500 manat təşkil edil, 2015-ci il tarixdən 2019-cu il tarixə qədər təhsil haqqnı özü ödəmişdir və hal-hazırda ali məktəbə 1300 manat borclu qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X4 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh iddia ərizəsinə etiraz göndərərək göstərmişdir ki, iddiaçı ilə birgə nikahlarından doğulmuş uşaqların saxlanılması üçün hər ay qazancının 1/3 hissəsi miqdarında aliment ödəməsi ilə bağlı məhkəmə qətnaməsi vardır. 12 sentyabr 1997-ci il təvəllüdlü X2 12 sentyabr 2015-ci il tarixdə 18 yaşı tamam olduğuna görə onu saxlamaq vəzifəsi bitmişdir. Valideynlərin yetkinlik yaşına çatmış uşaqlarını o hallarda saxlamaq vəzifəsi daşıyırlar ki, uşaqların əmək qabiliyyəti olmasın və maddi yardıma ehtiyacı olsun. X2 18 yaşı tamam olmuşdur və o, tam əmək qabiliyyətli şəxsdir. Göstərdiklərinin nəzərə alınmasını və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Kooperasiya Universiteti tərəfindən verilmiş 12 yanvar 2021-ci il tarixli arayışdan görünür ki, X4 həmin ünuversitetin Mühasibat uçotu və sənayenin təşkili fakultəsinin Mühasibat uçotu və audit ixtisasına qəbul olmuşdur. İllik təhsil haqqı 3500 manat təşkil edir. İ, İİ, İİİ kursun təhsil haqqını tam ödəmişdir. İV kurs üçün isə 1300 manat borc qalıb. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə cavabdhe Cavabdeh arasında olan nikaha xitam verilmişdir. Tərəflərin birgə nikahından doğulmuş 12 sentyabr 1997-ci il təvəllüdlü X4 hazırda ali təhsil alır. İddiaçı Muradova X1 Sevda Emil qızının təhsil xərclərini qarşılaya bilmədiyini bildirərək, Cavabdeh qarşı valideynin uşağa görə əlavə xərclərdə iştirakı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-ci il tarixli qərarına əsasən, uşaqların yetkinlik yaşına çatması ilə valideynlərin onlara münasibətdə aliment öhdəlikləri xitam olunur. Buna baxmayaraq, valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamaq vəzifəsi daşıyırlar. Valideynin bu vəzifəsinin yaranması üçün aşağıdakı hallar olmalıdır: yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması. Bu iki hal ayrıayrılıqda deyil, birlikdə götürüldükdə valideyn üçün vəzifə yaradır. Başqa sözlə, yetkinlik yaşına çatmış övladın təkcə əmək qabiliyyətinin olmaması valideyndən aliment almaq hüququ üçün əsas deyil. Eyni zamanda, onun maddi yardıma ehtiyacı olması da tələb olunur. Yaxud əksinə, övlad əmək qabiliyyətlidirsə, onun maddi yardıma ehtiyacının olması valideynlərdən aliment tələb etməyə əsas vermir. Beləliklə, yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması kimi hər iki halın birlikdə mövcud olması faktı məhkəmələr tərəfindən müəyyən edildikdə, valideynlərdən aliment tutula bilər. Həmin qərarda həmçinin göstərilmişdir ki, Ailə Məcəlləsinin 58.5-ci maddəsində qeyd olunur ki, valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Göründüyü kimi, valideyn uşağının orta təhsilinə qədərki dövrdə onun təhsil müəssisəsini və təhsilinin formasını seçə bilər. Orta təhsil başa çatdıqdan sonra isə təhsil müəssisəsini və təhsilin formasını uşaqlar özləri seçirlər. Yəni orta təhsil bitdikdən sonra uşağın təhsil müəssisəsini və təhsilin formasını seçməsinə valideynin müdaxiləsi qanunla nəzərdə tutulmamışdır. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan mövqeydindən çıxış edərək bildirir ki, artıq yetkinlik yaşına çatmış 12 sentyabr 1997-ci il təvəllüdlü X2 ali təhsil almasına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması tələbi əsassız olduğundan, onun iddiası təmin olunmamaldır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “onun, 17 iyul 2002-ci il təvəllüdlü X5 təhsili üçün cavabdeh X6 hər ay əlavə xərcləri üçün 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutulması” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə qeyd edir ki, hazırki halda dövlət rüsumu dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “övladı X2 təhsil haqqının ödənilməsinə görə, təhsil haqqının 4 il üçün 14 000 manat təşkil etməsi nəzərə alınmaqla, onun yarısı olan 7000 manatın Cavabdeh tutularaq ona ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan dövlət rüsumu dövlət büdcəsinə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Baki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar