Məhkəmə qərarları › İş №2(007)-135/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-135/2025

26.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-135/2025 26.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “müalicə xərclərinin ödənilməsi” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “müalicə xərclərinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Tələb:

1. İddiaçı Cavabdeh qarşı “müalicə xərclərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan 13 mart 2020-ci il təvəllüdlü X2 müalicə xərclərinin ödənilməsi üçün Cavabdeh hər ay 540 manat tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 18 iyun 2016-cı il tarixdə ailə qurmuşlar. Birgə nikahdan 2 övladları var. X5 13 mart 2020-ci ildə, X6 12 yanvar 2022-ci ildə anadan olmuşlar. Cavabdehlə aralarında baş vermiş narazılıqlar nəticəsində boşanmışlar. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 08 fevral 2023-cü il tarixli, 2(007)- 98/2023 saylı qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, Cavabdeh ilə X4 arasında xx.xx.2016-cı il tarixdə 5 saylı Bakı ‘‘Asan xidmət” X8 bağlanmış və 3247 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından anadan olmuş 13 mart 2020-ci il təvəllüdlü X5 və 12 yanvar 2022-ci il təvəllüdlü X6 anaları X1 himayəsində saxlanılması, 13 mart 2020-ci il təvəllüdlü X2 və 12 yanvar 2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 193 manat, cəmi 386 manat sabit pul məbləğində aliment, eləcə də uşaqlar 3 yaşına çatanadək saxlanması üçün hər birinə 50 manat olmaqla cəmi 100 manat sabit pul məbləğində aliment Cavabdeh X1 xeyrinə tutulması qət edilmişdir. Nəzərə çatdırır ki, qızları X5 “Psixi inkişaf ləngiməsi” və “Ümumi nitqin inkişaf ləngiməsi” diaqnozu xəstəliyindən əziyyət çəkir. Qızı müalicəsi üçün loqoped və nevropotoloqda müalicə kursu keçməlidir. Onun psixoloji və loqopedik seansları üçün hər ay 540 manat pul tələb olunur. Hələ onun mütəmadi tibbi müayinəsini, dərman preparatlarının alınması və yol xərclərini demir. Tək başına müalicə xərclərini ödəmək imkanı xaricindədir. Dərmanların və müalicələrin davam etdirilməsi üçün maddi gücü çatmır. Cavabdehdən tək qızının psixoloji və loqopedik seansları üçün hər ay 540 manat pul tələb edir.

Tərəflərin izahatları:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh hazırda Çexiyadadır və tələbə deyil, xaricdə qalıb işləyir. Ora vergidən yayınmaq üçün tələbə vizası ilə gedib. iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh vəkili və nümayəndəsi Vəkil bildirdi ki, iddia tələbini qəbul etmir. 2022-ci ildə olan müayinə sənədləri təqdim olunub. Hazırki dövrə aid sənədlər isə təqdim olunmayıb. Bu illər ərzində uşağın bütün müalicə xərclərini cavabdeh qarşılayıb. Cavabdeh hal-hazırda xaricdə təhsil alır.

İş materialları:

5. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 08 fevral 2023-cü il tarixli, 2(007)- 98/2023 saylı qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, Cavabdeh ilə X4 arasında xx.xx.2016-cı il tarixdə 5 saylı Bakı ‘‘Asan xidmət” X8 bağlanmış və 3247 saylı nikah qeydi ilə rəsmiləşdirilmiş nikah pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından anadan olmuş 13 mart 2020-ci il təvəllüdlü X5 və 12 yanvar 2022-ci il təvəllüdlü X6 anaları X1 himayəsində saxlanılması, 13 mart 2020-ci il təvəllüdlü X2 və 12 yanvar 2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 193 manat, cəmi 386 manat sabit pul məbləğində aliment, eləcə də uşaqlar 3 yaşına çatanadək saxlanması üçün hər birinə 50 manat olmaqla cəmi 100 manat sabit pul məbləğində aliment Cavabdeh X1 xeyrinə tutulması qət edilmişdir.

6. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə 29 aprel 2024-cü il tarixli, MŞB/1/2024-00154 saylı arayışdan görünür ki, Cavabdeh 29 aprel 2024-cü il tarixdə keçirilən ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İlkin mediasiya sessiyası ödənişsiz keçirilmişdir.

7. 16.05.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir.

8. 15.03.2024-cü il tarixli arayışdan görünür ki, X5 “Psixi inkişaf ləngiməsi” və “Ümumi nitqin inkişaf ləngiməsi” diaqnozu ilə mərkəzə müraciət etmişdir. xx.xx.2022 xx.xx.2022 tarix aralığında həftədə 6 gün olmaqla hər gün 2 ayrı psixoloji və loqopedik seanslar olmaqla “ALMAZ” psixoloji və nitq inkişaf mərkəzində xüsusi korreksiyaedici təlim almışdır.

9. “İlk Söz” Psixologiya və Nitq Mərkəzi tərəfindən verilən xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Məmmədhəsənova Damla xx.xx.2024-cü il tarixdən “nitq ləngiməsi” diaqnozu ilə mərkəzə loqoped, pedaqoq, psixoloq seanslarına həftədə 3 dəfə gəlir. Ay ərzində 32 dərs olmaqla 720 manat ödəniş edir. Hal-hazırda da təlimi davam edir.

10. “İlk Söz” Psixologiya və Nitq Mərkəzi tərəfindən verilən arayışdan görünür ki, Məmmədhəsənova Damla xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək “nitq ləngiməsi” diaqnozu ilə mərkəzə duyu bütünləmə seanslarına gəlib. Seanslar həftədə 3 dəfə olmaqla 20 manat təşkil edir. Valideyn yekin olaraq 200 manat ödəniş etmişdir.

11. Qəbzlərdən görünür ki, dərs ləvazimatları üçün müxtəlif məbləğlərdə ödənişlər edilmişdir.

12. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)- 1627/2024 saylı qətnaməsi ilə Cavabdeh oğlundan xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2022-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-98/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü X2 və xx.xx.2022cü il təvəllüdlü X3 qızının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşaq üçün hər ay 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

13. Təhsil haqqında arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-xx.xx.2024 tarixləri əhatə edən 2023/2024 akademik ilində 4-cü kurs tələbəsidir.

14. AZ-İV seriyalı, 467321 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 13 mart 2020-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir.

15. “Elektron məhkəmə” informasiya sistemindən çıxarılmış çıxarışdan görünür ki, İddiaçı Bakı şəhər Mədəniyyət Baş İdarəsində “müəllim, ümumi təhsil məktəbi/musiqi” vəzifəsində işləyir. Aylıq əmək haqqı 538 manatdır.

16. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X9” X12 25 dekabr 2024-cü il tarixli, 1055/KEŞ nömrəli ekspert rəyindən görünür ki, 2020-ci il təvəllüdlü X5 “uşaq autimzi, kanner sindromu, davranış pozuntuları, nitq ləngiməsi” xəstəliklərindən əziyyət çəkir.

17. 4 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının həkim psixiatrın rəyindən görünür ki, 13 mart 2020-ci il təvəllüdlü X5 “uşaq autizmi, kanner sindromu, davranış pozuntuları” diaqnozu ilə müşahidədədir.

İşin faktiki halları:

18. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı birgə nikaha daxil olmuşlar. Tərəflərin nikahları pozulmuşdur. Birgə nikahdan 13 mart 2020-ci il təvəllüdlü X5 və 12 yanvar 2022-ci il təvəllüdlü X6 doğulmuşlar. X5 “uşaq autimzi, kanner sindromu, davranış pozuntuları, nitq ləngiməsi” xəstəliklərindən əziyyət çəkir. Hazırda iddiaçı yetkinlik yaşına çatmayan 13 mart 2020-ci il təvəllüdlü X2 müalicə xərclərinin ödənilməsi üçün Cavabdeh hər ay 540 manat tutularaq ona ödənilməsini xahiş edir.

Tətbiq edilən hüquq:

19. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.

20. “Uşaq Hüquqları haqqında” Konvensiyasının:

3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.

21. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun:

13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

Məhkəmənin mövqeyi:

22. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir.

23. Göründüyü kimi X5 “uşaq autizmi, kanner sindromu, davranış pozuntuları, nitq ləngiməsi” xəstəliklərindən əziyyət çəkir. Onun müalicəsi üçün müxtəlif seanslar aparılır və dərman preparatları alınır. Bundan əlavə uşağın inkişafı üçün müxtəlif dərs ləvazimatları alınır. Məhkəmə iclasında iddiaçı Bakı şəhər Mədəniyyət Baş İdarəsində musiqi müəllimi vəzifəsində işləyir. Aylıq əmək haqqı 538 manat təşkil edir. Uşağın yuxarıda qeyd olunan xərclərini qarşılamaq iddiaçı üçün çətindir. Qanunun tələbinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Cavabdeh hazırda ölkə xaricindədir və uşaqlarının saxlanması üçün aliment ödəyir. Bununla yanaşı cavabdeh övladının müalicə xərclərində iştirak etməli, övladının müalicə almasına, onun cəmiyyətə layiqli bir vətəndaş kimi yetişməsinə kömək etməlidir. Həmçinin məhkəmə cavabdehin hazırda xaricdə təhsil almasını, onun mənafeyini nəzərə alaraq hesab edir ki, ondan hər ay 300 manat məbləğində pul vəsaiti tutulmalıdır.

Məhkəmə baxışının hədləri:

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

25. 01 oktyabr 2021-ci il tarixdə qüvvəyə minmiş “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun:

8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

Məhkəmə xərcləri:

26. İddia tələbi qismən təmin edildiyindən və iddiaçı tələb etmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

Nəticə:

27. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 13 mart 2020-ci il təvəllüdlü X2 müalicə xərcləri üçün hər ay 300 manat məbləğində vəsait tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

28. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,

Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 13 mart 2020-ci il təvəllüdlü X2 müalicə xərcləri üçün hər ay 300 manat məbləğində vəsait tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar