Məhkəmə qərarları › İş №2(007)-1365/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1365/2024

04.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1365/2024 04.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə və Bakı şəhəri Nizami RPİ 23-cü Polis Bölməsinə qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi cəlb edilməklə “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə və Bakı şəhəri Nizami RPİ 23-cü Polis Bölməsinə qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi cəlb edilməklə “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami rayon Polis İdarəsi və Nizami rayon RPİ 23-cü PB-dən müştərək qaydada ona dəymiş mənəvi zərərə görə 1000 (bir min) manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumuna görə 30 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin xx.xx.2023-ci il tarixli, KXP ******* nömrəli protokolu və onun əsasında yazılmış xx.xx.2023-ci il tarixli EPQ ******* nömrəli Qərar qəbul edilmişdir. Qanunsuz olan bu protokol və protokol əsasında qəbul edilmiş qərar Nizami rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 3(007)-61/2024 saylı qərarı ilə ləğv edilmiş və məhkəmə qərarı qanuni qüvvəsini almışdır. O, hazırki iddia ilə məhkəməyə ona görə müraciət edir ki, əsassız protokol tərtib edən inspektor hazırki cavabdeh bundan sonra bu kimi qanunsuzluqlara yol verməsin. O, cavabdehin əməllərindən ciddi şəkildə iztirablar keçirmiş, onun tərtib etdiyi protokola görə uzun uzadı məhkəmə proseslərinə cəlb edilmişdir. Burada sual yaranır ki, niyə görə o, polis idarəsi tərəfindənn edilmiş qanunsuzluqlara görə əzab və əziyyətlər çəkməlidir? Ona görə də bu kimi qanunsuz hərəkətlər edərək vətəndaşı incidən ona qarşı əsassız və qanunsuz mövqe nümayiş etdirərək heç bir sübut, fakt, əsas olmadan cərimə tətbiq edilməsi barədə protokol, təhbeh vermə haqqında qərarlar tərtib edən cavabdeh ona maddi və mənəvi təzminat ödəməlidir. O, bununla əlaqədar olaraq məhkəməyə müraciət edir və bunun sonuna qədər hüquqi mübarizəni davam etdirəcəyini bəyan edir. Əlavə olaraq qeyd edir ki, belə bir qanunsuz qərar hər hansısa inzibati orqan tərəfindən Avropa və Amerikada və ya yaxın Türkiyədə qəbul edilmiş olmuş olsa idi və həmin qanunsuz qərar məhkəmə tərəfindən ləğv edilərdisə, orada vətəndaşa 10 min və daha çox kompensasiya və mənəvi zərərin əvəzi olaraq pul ödənişi edilərdi. Təəssüf ki məhkəmə rüsumları həddindən artıq qaldırıldığına və məhkəməyə əlçatımlılığı rüsumlarla məhdudlaşdırıldığına görə o, məcbur olub mənəvi zərərə görə 1000 manat pul vəsaiti qoyaraq iddia qaldırır, əvvəlki dövr olmuş olsa idi 10 min və daha çox mənəvi zərərin əvəzinin ödənilməsini tələb edərdi. Həmçinin, mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbin rədd edilməsi üçün əsas deyildir. Hesab edir ki, Azərbaycan Respublikası Avropa və BMT, digər dünya təşkilatları qarşısında götürmüş olduğu öhdəlikləri təmin edəcəkdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi elektron kabinet vasitəsilə məhkəməyə mülahizə ünvanlayaraq bildirmişdir ki, iddia ərizəsindən aydın olur ki, İddiaçı Bəxtiyar oğlu Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin sahə müvvəkkili tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarını qanunsuz hesab edərək bu əsasda ona vurulmuş ziyana görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən mənəvi ziyanın əvəzi olaraq 1.000 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq isə 30 manat, ümumlikdə 1030 manat məbləğində pul vəsaitin cavabdeh Maliyyə Nazirliyindən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarından göründüyü kimi İddiaçı Bəxtiyar oğlu Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşının tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarını əsas göstərərək maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə çıxış edərək Azərbaycan Respublikasının Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini ərizəsində qeyd etdiyi kimi hüquq pozuntusunu törədən quruma deyil, Maliyyə Nazirliyinə yönəltmişdir. Aşağıda qeyd olunanlara əsasən iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasında ali hüquqi qüvvəyə malik olan AR Konstitusiyasının 68-ci və 146-cı maddəsinin tələblərinə müvafiq olaraq bir daha aydın olur ki, dövlətin adından Maliyyə Nazirliyi deyil, hüquq pozuntusuna yol vermiş aidiyyəti dövlət orqanı və ya bələdiyyələr çıxış edir. Həmçinin “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” AR Qanunun 6-cı maddəsində fiziki şəxslərə vurulmuş ziyanının ödənilməsinin dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulsa da, bu hal sözügedən iddia tələbləri üzrə Maliyyə Nazirliyinin cavadeh kimi tanınmasına əsas yarada bilməz. Belə ki, Maliyyə Nazirliyi dövlət büdcəsinin sərəncamçısı olmadığından, bununla bağlı müstəqil çıxış etmək hüququna malik deyildir. Nazirlik öz əsasnaməsinə uyğun olaraq dövlət büdcəsindən maliyyələşən təşkilatların, o cümlədən daxili işlər orqanlarının sifarişinə əsasən yalnız onların maliyyələşdirilməsini həyata keçirir. Təsadüfi deyildir ki, analoji olaraq sosial və infrastruktur təyinatlı layihələrin icrası zamanı mülkiyyətçilərə vurulmuş zərərin maliyyələşmə mənbəyi dövlət büdcəsi olsa da, həmin məhkəmə işlərinə cavabdeh qismində müvafiq layihəni həyata keçirən və pozuntuya yol vermiş dövlət orqanı, 3-cü şəxs qismində isə Maliyyə Nazirliyi cəlb olunur, inzibati xətalarla bağlı araşdırmalar zamanı fiziki şəxslərə vurulmuş ziyanın da dövlət büdcəsindən ödənildiyini nəzərə alaraq, bu tipli işlərə də eyni praktika tətbiq edilməlidir. Həmçinin sözügedən məhkəmə proseslərinə cavabdeh qismində müvafiq təhqiqat və ibtidai istintaq orqanlarının cəlb olunması aidiyyəti vəzifəli şəxslərin məsuliyyətliliyinin gücləndirilməsinə, eləcə də bu sahədə yol verilən pozuntuların azaldılmasına, nəticədə vətəndaşların hüquq və azadlıqlarının qorunmasına və məhkəmələrin iş yükünün azaldılmasına səbəb olacaqdır. Bundan başqa Maliyyə Nazirliyinin sözügedən məhkəmə işlərinə cavabdeh qismində cəlb edilməsi və sonrakı prosessual hərəkətlərin (vəsatətlərin, apellyasiya və kassasiya şikayətlərinin verilməsi və s.) onun tərəfindən həyata keçirilməsi cəmiyyətdə və mediada Nazirliyin fiziki şəxslərə zərər vurulmasında təqsirli olması imicini yaratmaqla, Mülki Məcəllənin 23-cü maddəsində qeyd olunan işgüzar nüfuzuna xələl gətirməkdədir. Fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə Maliyyə Nazirliyinin cavabdeh qismində cəlb olunmasının hər hansı konkret hüquq normasına söykənmədiyini nəzərə alaraq, habelə məhkəmə proseslərinin obyektiv tədqiq edilməsi, qanun pozuntusuna yol vermiş təqsirkar qurumların məsuliyyətinin artırılması və qanunvericilin müddəalarının düzgün tətbiq edilməsi üçün bu tipli məhkəmə işlərinə cavabdeh qismində müvafiq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanların cəlb olunması zəruridir. Həmçinin Mülki Məcəllənin 1100-cü və 1101-ci maddələrinin məzmunundan belə anlaşılır ki, hüquq pozuntusu dövlət orqanları və ya onların vəzifəli şəxsi tərəfindən törədildikdə Azərbaycan Respublikası, digər halda isə müvafiq bələdiyyə ödəyir. Həmin maddələrdə qeyd edilən orqan dedikdə Maliyyə Nazirliyi nəzərdə tutulmur. Maddələrin məzmunundan da göründüyü kimi "Azərbaycan Respublikası” dedikdə təkcə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi deyil, digər dövlət orqanları da nəzərdə tutulur. Eyni zamanda Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. İddiaçı maddi və mənəvi zərərə məruz qaldığını bildirsə də, bu zərərin məhz Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən vurulması ilə bağlı heç bir sübut göstərməmişdir. Qeyd olunanlara əsasən, iddia tələbinin tam həcmdə rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, ona inzibati cərimə tətbiq edilmişdir, lakin nə ilə bağlı tətbiq edildiyini bilməmiş, sonradan məlum olmuşdur ki, həmin cərimənin ona heç bir aidiyyəti yoxdur. Bu cəriməni gördükdə Nizami RPİ 23-cü Polis Bölməsinə müraciət etmiş, orada Ruslan adlı polis əməkdaşından tərtib edilmiş protokolun surətini məhkəməyə müraciət etməsi üçün istəmişdir. Dəfələrlə Nizami rayon Polis İdarəsinin 23-cü Polis Şöbəsinə cəriməni silmələri barədə müraciət etsə də heç bir tədbir görülməmiş, sadəcə vədlər və sözlər verilmiş, heç bir şey edilməmişdir. O da məhkəməyə müraciət etmiş və birmənalı olaraq inzibati tənbeh vermə haqqında qərar ləğv edilmişdir. Məsələ odur ki, polis əməkdaşları gələcəkdə özbaşına hərəkət etməsinlər. Bu ona çox pis təsir edir. Peşəsini düzgün yerinə yetirən polislər də vardır, lakin bu sahə müvəkkilləri öz peşəsi ilə yanaşı, digər vəzifələri də yerinə yetirirlər. O, “Həqiqət Carçısı” qəzetində mətbuat şöbəsində şöbə müdiri i.ləyir. Özü mətbuat işçisi olduğu halda niyə sistemdə onun adında avaraçılıq, küçə ticarəti ilə bağlı olan cərimələr olmalıdır? Bu əməli etmədiyi halda niyə bu cərimələr ona tətbiq edilməlidir? Polis əməkdaşlarından ona qarşı niyə cəimə tətbiq etdiyini soruşanda orada olduğunu deyirlər. Bunu sübut etmələrini bildirir. Özü Abşeronda yaşayır, iş yeri isə X1 yaxınlığındadır. O, Nizami rayonu ərazisindən, Koroğlu metrosu tərəfdən nadir hallarda maşınla keçir. Polis əməkdaşları məhkəməyə gəlmir, saymazlıq edirlər. O, iş üzrə məhkəmə iclaslarında iştirak etmişdirsə, onlar da zəhmət çəkib məhkəməyə gələ bilərdilər. Məhkəməyə gəlməmişdən əvvəl cərimə tətbiq edən Ruslan Əliyev adlı polis əməkdaşı ona hədə-qorxu gələrək onu tutacaqlarını, başqa cərimələr də yazacaqlarını deyirdi. Bundan əlavə Bakı şəhəri Sabunçu rayon 13-cü Polis Bölməsi tərəfindən də ona 2022-ci ilin sentyabr ya da oktyabr ayında bir ay ərzində haqsız yerə 8 ədəd cərimə sansksiyası tətbiq edilmişdir. Həmin cərimələr avaraçılıq, küçə ticarəti, odlu silahın qaydalarının pozulması, yaşadığı məntəqinin dağıdılması Sabunçu rayon ərazisində silahdan istifadə etməsi, küçədə siqaret satması kimi hallarla bağlı olmuşdur. Həmin cərimə sanksiyalarını tətbiq edən əməkdaş artıq işdən uzaqlaşdırılmışdır. O, polis idarəsinə yaxınlaşıb qərarı əldə etmiş, Daxili İşlər Nazirliyinə, prokurorluq orqanına cərimələr ilə bağlı müraciət etmişdir. Həmin qərarlar Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən ləğv edilmişdir. O, mənəvi zərərlə bağlı bildirdi ki, onun səhhətinin pisləşməsi, ağrılarının olması Nizami rayon Polis İdarəsinin ona qarşı haqsız tətbiq etdiyi cərimədən sonra, son 6-7 aydır ki, baş vermişdir. Onun orqanizmində ona məlum olmadan psixosomatika ilə bağlı ağrılar, nevrotik ağrılar, eyni zamanda bədənində yaralar meydana gəlmiş, müayinələrdən keçdikdən sonra ağrıların səbəbinin psixoloji olduğu bəlli olmuşdur. Hal-hazırda bu məsələ ilə bağlı əsəbləri pozulduğundan həkimin qəbulunda olmuş, həkim resepti ilə psixatrop dərmanlar, antidepresanlar qəbul edir. “Egolonza” və “Deploram” psixotrop dərmanlardır və həkim resepti ilə ona verilir. Bu psixatrop dərmanlar onun səhhətinə mənfi təsir göstərir. Onda ürək və qaraciyər poblemi yaranıb və hələ 6-7 ay bu psixatrop dərmanlardan istifadə edəcəkdir. O, nəyə görə bir polis əməkdaşına görə psixotrop dərmanlar atmalıdır? Türkiyədə, Rusiyada və ya başqa Avropa ölkələrində təzminatın məbləği yüksəkdir, milyonlarla ölçülür. Sadəcə ölkədə məhkəmə rüsumu çox olduğuna görə kompensasiya məbləğini 1000 manat olaraq qeyd etmişdir. Eyni zamanda, hal-hazırki məhkəmə iclasında, bundan əvvəl olan iki məhkəmə prosesində iştirak etmişdir.Bütün bunlar zaman, vaxt, maddiyyat itkisidir. O, həm qərarın ləğv edilməsi barədə, həm də iddia ərizəsi ilə məhkəməyə müraciət edəndə vəkil tutmuş, ərizə yazılması üçün vəkilə ödəniş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlərin və üçüncü şəxsin nümayəndələri məhkəmə iclaslarına gəlməmiş və gəlməmələrinin səbəbi barədə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin mübahisəsiz halları: Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin sahə rəisi X2 tərəfindən xx.xx.2023-ci il tarixli, EPQ ******* nömrəli qərar qəbul edilərək İddiaçı Azərbaycan Respublikasının İXMnin 266.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 50 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan İddiaçı şikayət vermiş və Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(007)-61/2024 saylı qərarı ilə İddiaçı tərəfindən inzibati xətanı törədilməsi sübuta yetirilmədiyi üçün şikayət təmin edilərək Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin sahə rəisi X2 tərəfindən qəbul edilmiş xx.xx.2023-ci il tarixli, EPQ ******* nömrəli qərar ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin məhkəmə qərarı qanuni qüvvəsini almışdır. İşin mübahisəli halları: Hazırda iddiaçı Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin sahə rəisi X2 tərəfindən qəbul edilmiş xx.xx.2023-ci il tarixli, EPQ ******* nömrəli qərar əsasında mənəvi isitrab çəkdiyini bildirərək 1000 manat məbləğində mənəvi ziyanın Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami Rayon Polis İdarəsindən və Bakı şəhəri Nizami RPİ 23-cü Polis Bölməsindən müştərək qaydada tutulmasını xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 54-cü maddəsinin tələblərinə müvafiq olaraq iddiaçıya əsl olmayan cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin və Bakı şəhəri Nizami RPİ 23-cü Polis Bölməsinin əsl cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə əvəz olunmasına razı olmasına dair mövqeyini öyrənmiş, iddiaçı isə bununla bağlı vəkili ilə məsləhətləşməsini iddia tələbi üzrə iddia ərizəsində göstərdiyi cavabdehlər üzrə məhkəmə prosesinin davam etdirilməsini xahiş etmişdir. O, əlavə olaraq bildirmişdir ki, ona cərimə yazan elə cavabdeh qismində cəlb etdiyi polis idarəsinin əməkdaşıdır, ona cəriməni Maliyyə Nazirliyi tətbiq etməmişdir. Bu polis əməkdaşının ona qarşı etdiyi xətadır. Gələcəkdə Polis İdarəsinin büdcəsi olmasa İdarə tutulacaq vəsaiti Maliyyə Nazirliyinə qarşı yönləndirə bilər. Ona görə də cavabdeh qismində Maliyyə Nazirliyinin əvəz olunmasına razı deyildir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib, iddiaçının izahatını dinləyib araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43-3-cü, 1097-ci, 1101-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci, 50.3-cü, 54.1-ci və 54.2-ci maddələrinə, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 4.3-cü, 7-ci bəndlərinə əsasən hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən qeyd edir ki, Mülki Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olan hərəkət və hərəkətsizliklərdən irəli gələn zərərin əvəzinin ödənilməsi tələbləri üzrə Azərbaycan Respublikası cavabdehlik daşıdığından və Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mûlki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak etməklə, səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları vasitəsilə həyata keçirdiyindən, iş üzrə cavabdeh qismində aidiyyəti dövlət orqanı cəlb edilməlidir. Azərbaycan Respublikasının bilavasitə cavabdehlik daşıdığı hallarda ibtidai araşdırma orqanının və ya məhkəmənin qanuni qüvvədə olan qərarlar ilə təsbit edilmiş pozuntunun zərərçəkənə vurdugu maddi ve mənəvi zərərin həddinin müəyyənləşdirilməsi va onun dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi ilə bağlı məsələ həll edildiyindən, cavabdeh qismində məhz dövlət büdcəsi vəsaitindən istifadə və digər aidiyyəti məsələlər üzrə dövlət nəzarətinin həyata keçirilməsini təmin edən, mərkəzi icra hakimiyyəti orqanı olan Maliyyə Nazirliyi cəlb edilməlidir. Bu halda qəbul edilən qətnamənin nəticə hissəsində maddi və mənəvi zərərin əvəzinin Maliyyə Nazirliyindən tutulması deyil, Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Maliyyə Nazirliyi vasitəsilə ödənilməsi göstərilməlidir. Göründüyü kimi iddia ərizəsi ilə müraciət etmək hüququ hələ iddia etmək hüququna malik olmaq demək deyildir. Nəticə etibarilə başqa şəxsin hüquq, azadlıq və qanunla qorunan mənafeyinin müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs deyil, mənafeyi üçün iddia qaldırılmış şəxs çıxış edir. Belə olan halda məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci və 54.2-ci maddələrində göstərilmişdir ki, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Göründüyü kimi, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində zərərlə bağlı iddialar üzrə cavabdeh qismində Azərbaycan Respublikası Maliyyə Nazirliyi cəlb edilməlidir. Hazırki mülki iş üzrə iddiaçı mənəvi ziyanın əvəzinin ödənilməsini Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami Rayon Polis İdarəsindən və Bakı şəhəri Nizami RPİ 23-cü Polis Bölməsindən tələb etmiş və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin cavabdeh qismində cəlb edilməsinə razı olmamışdır. Belə olan halda, məhkəmə yuxarıda qeyd qanunvericiliyin tələblərinə uyğun olaraq irəli sürülmüş tələb üzrə baxaraq hesab edir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə və Bakı şəhəri Nizami RPİ 23-cü Polis Bölməsinə qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi cəlb edilməklə “mənəvi zərərin ödənilməsi” barədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu ona aid edilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə və Bakı şəhəri Nizami RPİ 23-cü Polis Bölməsinə qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi cəlb edilməklə “Bakı şəhəri Nizami rayon Polis İdarəsi və Nizami rayon RPİ 23-cü PB-dən müştərək qaydada ona dəymiş mənəvi zərərə görə 1000 (bir min) manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumuna görə 30 manat pulun alınaraq ona ödənilməsi” barədə iddia tələbi təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar