Məhkəmə qərarları › İş №2(007)-137/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-137/2022

29.03.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-137/2022 29.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi ilə İddiaçı Cavabdeh ASC-nə qarşı əmək haqqı tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh ASC-nə qarşı əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə işə baxılarkən iddiaçı iddia ərizəsinə əlavə vermişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,iki ilə yaxın müddət Cavabdeh ASC-də çalışmışdır. 13.09.2019-cu il tarixdə müəssisəyə insan resurslarının idarə edilməsi şöbəsinin müdiri vəzifəsinə qəbul edilmiş, 2021-ci ilin fevralından isə hüquq,kadr və müraciətlərlə iş şöbəsinin müdiri vəzifəsinə keçirilmişdir. 2021-ci ilin 10 iyun tarixindən işəgötürən ilə aralarında olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 70.b bəndi ilə (ixtisar) xitam verilib. İşlədiyi müddət ərzində müəssisədə kadr işlərinin qanunauyğun aparılması üçün səylər göstərmiş,sənədlərin tərtibatı və kadr sahəsi üzrə digər sənədlərin tərtibində və hazırlanmasında normativ hüquqi aktların tələblərinə riayət olunmasını əsas götürmüşdür. Çalışdığı müddət ərzində müəssisədə işəgötürənlə işçilər arasında səmimiyətin və qarşılıqlı etimadın gücləndirilməsi istiqamətində işlər görmüşdür. Əksər hallarda əmək haqqını vaxtında və tam şəkildə ala bilməmişdir. Bu baxımdan şəxsi həyatda olan öhdəliklərinin yerinə yetirilməsində çətinliklər yaranması qaçılmaz olub. Müəssisə rəhbəri onunla söhbətində artıq işçilərə əmək haqqı verə bilmədiyini və onların işdən azad olunmalı olduğunu bildirmişdir.Onun çalışdığı vəzifənin də ixtisar edilməli olduğunu söyləyərək aralarında heç bir narazılıq olmadan müqaviləyə xitam verilməsinə hər ikisi razılaşmışlar. Müəssisə rəhbərinə əmək haqqılarının 2020-ci ildən qalan digər ödəmələrin və son haqq hesabın ödənilməli olduğunu vurğuladıqda hamısının veriləcəyini bildirmişdir. Qeyd etdiyi ödəmələrlə bağlı digər işçilərin işdən çıxdıqdan sonra aylarla müəssisənin qapısında gözləmələri və bəzi hallarda məhkəməyə və Əmək Müfəttişliyinə müraciət etmələrini nəzərə alaraq işəgötürəndən onunla bağlı olan əmək haqqını və buna bərabər tutulan digər ödəmələri verdiyi halda razılaşağını bildirmişdir. Lakin işəgötürən əmək müqaviləsi üzrə öhdəliyini yerinə yetirməyərək aylardır ki, əmək haqqını və 2020-ci ildən qalan digər ödəmələri vermir. Bu səbəbdən yuxarıda qeyd etdiyi kimi, kreditorlar qarşısında və xüsusilə ailə qarşısında olan maddi öhdəliyini yerinə yetirə bilməmişdir. Onun işdən çıxarıldığı günədək müəssisədən ala bilmədiyi və haqqı olan rəsmi əmək haqqı, son haqq hesab, işdənçıxma müavinəti, Əmək Məcəlləsinin 172.5-ci maddəsində nəzərdə tutulan qaydada gecikdirilən əmək haqqımın 1 faizi məbləğində əlavə, 2020-ci ildən bugünədək ödənilməyən ezamiyyə xərcləri, bundan başqa, ona dəyən mənəvi ziyanın dəyərini tələb edir.Bildirir ki, onun aylıq əmək haqqı 2000 manat olmuşdur.Rəsmi hissə kart vasitəsi ilə,qalan hissə isə nəğd şəkildə ona verilmişdir.Belə ki,əlavə əmək haqqı 2000 manat olduğundan,fevral-iyun ayları üçün 8700 manat,məzuniyyət haqqı,4013(dörd min üç yüz) manat,işdənçıxma müavinatı(kompensasiya)4600(dörd min altı yüz) manat, gecikdirməyə görə fevral ayı 2000 manat -1%-lə 118 gün=2360,mart ayı-2000 manat 1%lə 87 gün=1740 manat,aprel 2000 manat 1%-lə 57 gün=1140 manat,Əmək haqqının gecikdirilməsinə görə cəmi ödəniləcək məbləğ 5240 manat,2020-ci ildən bu günə qədər ödənilməyən ezamiyyə xərcləri 2187 manat,ümumilikdə 24740 manat. Qeyd olunanlara əsasən cavabdeh tərəfindən ona verilməli olan rəsmi 12316 manat və qeyri rəsmi 12424 manat, ümumilikdə 24740 manat əmək haqqı və digər ödənişlərin, eləcə də 70000 manat mənəvi zərərin cavabdehdən onun xeyrinə tutulması, qarşılıqlı iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməmiş və izahat verərək göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi şikrətlə iddiaçı arasında 13 sentyabr 2019-cu il tarixdə əmək müqavilsi bağlanıb,o, insan resursları şöbəsinin müdiri vəzifəsinə qəbul edilib, əmək haqqı ştat cədvəlinə uyğun olaraq 815 manat məbləğində müəyyən edilib və onun əmək haqqı bank hesabına köçürülməsi ilə razılaşdırılıb. Müəssisədaxili inzibati idarəetmənin təkminləşdirilməsi və bir neçə vəzifənin bir şöbədə birləşdirməklə idarəçiliyin həyata keçirilməsi barədə 01 fevral 2021-ci il tarixli 2021/02-01 saylı əmrə əsasən “Hüquq,kadr və müraciətlərlə iş şöbəsi” yaradılıb və 01 fevral 2021-ci il tarixli 01K/21 saylı əmrlə İddiaçı tutduğu vəzifədən “Hüquq,kadr və müraciətlərlə iş şöbəsi”-nin müdiri vəzifəsinə keçirilib. Cəmiyyətin ştat cədvəli üzrə “Hüquq,kadr və müraciətlərlə iş şöbəsi”-nin müdirinin əmək haqqı 01 fevral 2021-ci il tarixdən 900 manat təyin edilib. 08 iyun 2021-ci il 27A/21 saylı əmrə əsasən tərəflər arasında bağlanan əmək müqaviləsi Azərbaycan Respublikası ƏM-nin 70.b bindinə əsasən ləğv edilib.İşçinin işəgötürənlə bağladığı əmək müqaviləsi üzrə əmək stajına uyğun olaraq orta əmək haqqının 1,4 misli miqdarında müavinat, işçinin razılığına əsasən xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqısının 0,9 misli miqdarında kompensasiya bir dəfəyə ödənilməsi və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144cü maddəsinə müvafiq olaraq 53 istifadə olunmayan məzuniyyət günlərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməsinə dair əmr verilib. Cəmiyyətin baş mühasibi tərəfindən təqdim edilən 01 iyul 2021-ci il tarixli 84/21 saylı arayışa əsasən, işçi X2 Kapital Bank hesabına işlədiyi 13 sentyabr 2019-cu ildən 08 iyun 2021-ci illər ərzində ödənilməli əmək haqqı məbləği cədvəli üzrə: hesablanan əmək haqqı 17.465,71 manat, istifadə edilməyən əmək məzuniyyətinə görə pul əvəzi 1.404,18 manat və təzminat 2070 manat, cəmi 20.939,89 manat, məcburi dövlət ödənişləri tutulduqdan sonra karta köçürülməli ümumi məbləğ 18.997,30 manat təşkil edir.Cəmiyyətin 01 iyul 2021-ci il tarixli 86/21 saylı X5 və KOS satışlar idarəsinin Korporativ biznesə dəstək departamentinin direktoruna ünvanladığı sorğuya əsasən Kapital Bank tərəfindən təqdim edilən 02 iyul 2021-ci il tarixli ödəniş kartı üzrə çıxarışdan görünür ki, müştəri İddiaçı, kartının nömrəsi 510307******7414, çıxarışın dövrü 13.09.2019-30.06.2021-ci il, ümumi müdaxil olunduğu əməliyyatın məbləği 12.317,43 manat təşkil edir.Beləliklə, işçi İddiaçı kart hesabına 12.317,43 manat məbləğində pul vəsaiti köçürülüb. Eyni zamanda arayışdan görünür ki, cəmiyyətin balansına pul vəsaiti köçürülən zaman, işçilərin gecikmiş əmək haqqıların aylar üzrə yığılan borc tam olaraq köçürülüb. İşçinin əmək müqaviləsi ləğv edildiyi zaman yani 2021-ci ilin iyun ayında Cəmiyyətin bank hesabında pul vəsaiti olmadığından, cəmiyyətin təsisçisi X1 tərəfindən 12 iyun 2021-ci il tarixində işçiyə 9300 manat miqdarında son haqq hesabın ödənilməsi üçün pul ayrılıb. İddiaçı cəmiyyətin sədri Anar Babayevin adına 12 iyun 2021-ci il tarixli, imzası ilə təsdiq edilən ərizədə bildirir ki, “Yazıb Sizə bildirirəm ki, 93000 AZN ə/h aldım heç bir iddiam yoxdur”. Lakin iddia ərizəsində bu barədə qeydlər aparmayıb. Eyni zamanda ərizədə 93000 AZN qeyd olmasına baxmayaraq 9300 manat verdiklərini isbat edir.Düzdür ekspert rəy verib ki, həmin sənəddə olan imza iddiaçıa aid deyil, lakin məhkəmə rəyi əsas saymaya da bilər, çünki həqiqətən də, iddiaçı həmin pulu alıb və rəhbərin otağında həmin sənədi şəxsən imzalayıb. Beləliklə məlum olub ki, səhv hesablamalar nəticəsində işçi İddiaçı 2.620,13 manat məbləğində pul artıqlaması ilə ödənilib. Beləliklə Cəmiyyət tərəfindən işçiyə işlədiyi dövr üzrə ümumilikdə ödənilməli olan əmək haqqı və digər ödənişlər 18.997,30 manat təşkil edir, lakin kart hesabına 12.317,43 manat məbləğində pul vəsaiti köçürülüb və təsisçi tərəfindən nağd şəkildə 9300 manat ödənilib, ümumilikdə isə işçiyə 21.617,43 manat məbləğində pul vəsaiti ödənilib.Bəllidir ki, ölkələr arası koronavirus pandemiyayana rast gələn ölkələrdən biri də,Azərbaycan Respublikası olub. 19 mart 2020-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən ölkədə koronavirus xəstəliyinin yayılmasının qarşısını almaq məqsədilə ticarət, turizm, ictimai iaşə və s.sahələrdə xüsusi iş rejimləri tətbiq olunub və əhalinin sosial təcrid olunması təmin edilib. Həyata keçirilən bütun bu tədbirlər təbii olaraq ölkədə işgüzar fəallığı zəiflədə və iqtisadiyyatın əksər sahələrinin inkişafına mənfi təsir göstərə bilər. 19 mart 2020-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən ölkədə koronavirus xəstəliyinin yayılmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahı tərəfindən 2020-2021 illərdə müxtəlif qərarlar qəbul edilib, o, cümlədən sərt karantin rejimi tətbiqi, “icaze.e-gov.az” portalı vasitəsilə icazənin alınması və eyni zamanda, “icaze.egov.az” portalı vasitəsilə icazənin alınmasına dair limitlər qoyulmuşdur. Bu isə cəmiyyətin işçi qüvvəsinin pandemiya dövründə azalmasına səbəb olub və bununla da, sifairşçinin müqavilədə göstərilən müddətdə işləri həyata keçirmək və təhvil verilməsi təbii olaraq qeyri-mümkün olub. Buna görə də, “Cəmiyyətin hesabına pul vəsaitin köçürülməsi sifarişçi tərəfindən dəfələrlə gecikdirilib. Bununla da, Cəmiyyətin bütün işçilərinə əmək haqlarının köçürülməsində gecikdirmələr yaranıb.Əsas kimi cəmiyyətlə sifarişçilər arasında bağlanan müqavilədə görülən işlərin müqabilində müəyyən edilən pul vəsaitinin hesaba köçürülməsi göstərilib.Qeyd olunanlara əsasən iddianı əsassız hesab etmiş və təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia tələbini, iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: 04.03.2021-ci il tarixli “Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı 13.09.2019-cu il tarixdən Cavabdeh ASC-də şöbə müdiri fəzifəsinə qəbul edilmiş,daha sonra hüquq,kadr və müraciətlərlə iş şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur. Cavabdeh ASC-nin idarə heyətinin sədri Anar Babayev tərəfindən imzalanmış 08 iyun 2021-ci il tarixli, 2021-06/01 saylı “ştat vahidinin ixtisar edilməsi barədə” əmrdən görünür ki,10 iyun 2021-ci il tarixdən “iş həcminin azaldılması və yaranmış maliyyə çətinlikləri ilə əlaqədar” Cəmiyyətin hüquq,kadr və müraciətlərlə iş şöbəsinin müdiri vəzifəsi ixtisar edilmişdir. Cavabdeh ASC-nin idarə heyətinin sədri Anar Babayev tərəfindən imzalanmış 08 iyun 2021-ci il tarixli, 27A/21 sayl əmrindən görünür ki,müəssisənin hüquq, kadr və müraciətlərlə iş şöbəsinin müdiri İddiaçı ilə balanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b”bəndinə əsasən xitam verilmişdir.Həmin əmrlə işçinin işəgətürənlə bağlanmış əmək müqaviləsi üzrə stajına uyğun olaraq orta əmək haqqının 1.4 misli miqdarında,işçinin razılığına əsasən xəbərdarlıq müddəti ərzində orta aylıq əmək haqqının 0.9 miqdarında kompensasiyanın birdəfəlik ödənilməsi qərara alınmış,istifadə olunmayan məzuniyyət günləri 61 təqvim günü müəyyən olunmuşdur. Cavabdeh ASC-nin idarə heyətinin sədri Anar Babayev tərəfindən imzalanmış 08 iyun 2021-ci il tarixli, 27A/21 sayl əmrindən görünür ki,müəssisənin hüquq, kadr və müraciətlərlə iş şöbəsinin müdiri İddiaçı ilə balanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b”bəndinə əsasən xitam verilmişdir.Həmin əmrlə işçinin işəgətürənlə bağlanmış əmək müqaviləsi üzrə stajına uyğun olaraq orta əmək haqqının 1.4 misli miqdarında,işçinin razılığına əsasən xəbərdarlıq müddəti ərzində orta aylıq əmək haqqının 0.9 miqdarında kompensasiyanın birdəfəlik ödənilməsi qərara alınmış,istifadə olunmayan məzuniyyət günləri 53 təqvim günü müəyyən olunmuşdur. 10.06.2021-ci il tarixli “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki,İddiaçı ilə balanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b”bəndinə əsasən 10.06.2021-ci-l tarixdən xitam verilməsi barədə məlumat ƏƏSM-nin portalında yerləşdirilmişdir. Cavabdeh ASC tərəfindən verilmiş 01 iyul 2021-ci il tarixli,84/21 saylı arayışdan görünür ki,13.09.2019-cu il tarixdən 08.06.2021-ci il tarixədək hesablanmış əmək haqqı və digər ödənişlər 18997.3 manat təşkil edir. İddiaçı tərəfindən imzalanmış və Cavabdeh ASC-nin sədri Anar Babayevə ünvanlanmış 12.06.2021-ci il tarixli ərizədə qeyd olunur ki, “Yazıb Sizə bildirirəm ki,93000 AZN ə/h aldım heç bir iddiam yoxdur” Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 12 oktyabr 2021-ci il tarixli rəyindən görünür ki, həmin ərizədəki imza İddiaçı tərəfindən deyil,başqa şəxs tərəfindən icra edilmişdir. Cavabdeh Cavabdeh ASC tərəfindən məhkəməyə ünvanlanmış 17 avqust 2021-ci il tarixli etiraz ərizəsində qeyd olunur ki, Akelik Group” ASC tərəfindən İddiaçı 18.997.30 manat əmək haqqı və digər ödənişlər hesablanmış,onun kart hesabına 12.317.43 manat köçürülmüş, 12.06.2021-ci il tarixdə isə 9300 manat təsisçi X1 tərəfindən nəğd şəkildə ödənilmişdir.Beləliklə,iddiaçıya 18.997.30 manat əvəzinə səhvən 21.617,43 manat,yəni 2600.23 manat artıq ödənilmişdir. İşin hallarından görünür ki, , İddiaçı 13.09.2019-cu il tarixdən Cavabdeh ASC-də şöbə müdiri fəzifəsinə qəbul edilmiş,daha sonra hüquq,kadr və müraciətlərlə iş şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur.Son əmək haqqı 900 manat müəyyən edilmişdir. 08 iyun 2021-ci il tarixli, 27A/21 sayl əmrlə İddiaçı ilə balanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b”bəndinə əsasən xitam verilmişdir. İddiaçının iddia tələbləri rəsmən verilməli olan 12316 manat və qeyri rəsmi verilməli olan 12424 manat əmək haqqı və digər ödənişlərin(məzuniyyət haqqı,işdənçıxma müavinəti,gecikmə faizi və s.)ümumilikdə 24740 manat əmək haqqı və digər ödənişlərin,eləcə də 70000 manat mənəvi zərərin cavabdehdən onun xeyrinə tutulmasından ibarətdir. Cavabdeh ASC-nin nümayəndəsinin məhkəmədə vermiş olduğu izahatlardan, məhkəməyə ünvanlanmış 17 avqust 2021-ci il tarixli etiraz ərizəsindən və digər sənədlərdən görünür ki,işlədiyi dövr ərzində Akelik Group” ASC tərəfindən İddiaçı 18997.30 manat əmək haqqı və digər ödənişlər hesablanmış,onun kart hesabına 12317.43 manat köçürülmüş, 12.06.2021-ci il tarixdə isə 9300 manat təsisçi X1 tərəfindən nəğd şəkildə ödənilmişdir.Beləliklə,iddiaçıya 18997.30 manat əvəzinə səhvən 21.617,43 manat,yəni 2600.23 manat artıq ödənilmişdir. İddiaçı onun kart hesabına 12317.43 manat köçürülməsini təkzib etməmiş,lakin nəğd şəkildə 9300 manat pulun təsisçi X1 tərəfindən ona verilməsini təsdiq etməmişdir. Ekspert rəyindən də görünür ki,həmin vəsaitin alınması barədə ərizə iddiaçı tərəfindən imzalanmamışdır. Belə olan halda müəyyən olunur ki, Cavabdeh ASC-nin iddiaçıya əmək haqqı və digər ödənişlər üzrə 6680.30 manat borcu qalmışdır.(18997.30 manat hesablanmış cəmi məbləğ-12317.43 manat əmək haqqı kartına köçürülən məbləğ=6680.30 manat) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü bəndinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Həmin maddənin 5-ci bəndinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Qeyd: Bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. İşin hallarından görünür ki,iddiaçının son əmək haqqı 900 manat olmuşdur. Həmin məbləğin 1%-i 09 manata bərabərdir.Gecikdirilən günlərin sayı 267 günə bərabərdir(ixtisar olunduğu 10 iyun tarixdən qətnamə qəbul olunan tarixədək) Hesabat: 6680.30 manat+ 267 x 09=2403 manat,cəmi 9083.30 manat. Beləliklə məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə əmək haqqı və digər ödənişlərə görə 6680.30 manat, əmək haqqının gecikdirilməsinə görə isə 2403 manat manat, cəmi 9083.30 manat tutulmalıdır. İddiaçı işəgötürənlə rəsmi əmək haqqından başqa,ona qeyri-rəsmi əmək haqqının ödənilməsi barədə razılaşma olduğunu bildirsə də bunu sübuta yetirə bilməmişdir. Məhkəmə 70000 manat mənəvi zərərin tələb olunması hissəsində iddianı əsassız hesab edir.Belə ki,iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona mənəvi zərərin dəyməsinə dəlalət edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb,sübutları qiymətləndirərək hesab edir ki,iddia qismən təmin olunmalı, Akelik Group” ASC-dən İddiaçı xeyrinə əmək haqqı və digər ödənişlərə görə 6680.30 manat,əmək haqqının gecikdirilməsinə görə isə 2403 manat, cəmi 9083.30 manat tutulmalıdır. Qalan hissədə iddi təmin olunmamalıdır. Ekspertiza tədqiqatının dəyəri olan 120 manat Akelik Group” ASC-dən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçirülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin olunsun. Akelik Group” ASC-dən İddiaçı xeyrinə əmək haqqı və digər ödənişlərə görə 6680.30 manat, əmək haqqının gecikdirilməsinə görə 2403 manat, cəmi 9083.30 manat tutulsun. Qalan hissədə iddi təmin olunmamasın. Ekspertiza tədqiqatının dəyəri olan 120 manat Akelik Group” ASC-dən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar