Məhkəmə qərarları › İş №2(007)-140/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-140/2024

03.06.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-140/2024 03.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “əmək haqqının ödənilməsi”) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Tələb:

1. İddiaçı Cavabdehnə qarşı “əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən 5584 manat borc məbləğində ödənilməmiş əmək haqqının tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdehndən ödənilməmiş əmək haqqı olan 5584 manat, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 600 manat, hesabdan çıxarış üçün ödənilmiş 30 manat, Bakı şəhəri 29 saylı Vəkil Bürosuna iddia ərizəsinin tərtib eilməsi üçün ödənilmiş 80 manat, mediasiya xərci üçün ödənilmiş 55 manat, cəmi 6349 manat pul məbləğinin alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh MMC ilə əmək müqaviləsi bağlayaraq mühəndis vəzifəsinə işə qəbul olmuşdur. Əmək müqaviləsinə əsasən aylıq əmək haqqının məbləği 2270 manat göstərilmişdir. O, xx.xx.2022-ci il tarixdə həmin müəssisədə əmək haqqı ödənilmədiyindən öz ərizəsi ilə işdən çıxmışdır. İşdən çıxarkən müəssisə tərəfindən ödənilməli olan əmək haqqının ona ödəniləcəyi bildirilsə də bu günədək heç bir ödəniş edilməmişdir. Dəfələrlə əmək haqqının ona ödənilməsini şirkətdən tələb etsə də, müxtəlif bəhanələr gətirilərək ödəniş edilməmişdir. Bunun nəticəsində isə AR ƏƏSMN Əmək Müfəttişliyinə müraciət etsə də müfəttişlik tərəfindən sənədlərin cavabdeh tərəfindən təqdim edilmədiyindən müraciəti ilə bağlı ona köməklik edilməmişdir. Əmək müqaviləsi əsasında vəzifəsi üzrə öhdəliklərini icra edərək işləməyinə baxmayaraq şirkət tərəfindən ona əmək müqaviləsində qeyd olunan aylıq 2270 manat məbləğində əmək haqqı bugünədək tam olaraq ödənilməmişdir. Belə ki, işə başladığı gündən ümumilikdə ona ödənilməli olan 6810 manat məbləğində əmək haqqından cəmi 1495 manat məbləğində pul ödənilmişdir. Müəssisə tərəfindən əmək haqqından aylıq tutulmalar (vergi, sosial sığorta və s.) çıxıldıqdan sonra ona 5584 manat məbləğində pul ödəməlidir. Lakin cavabdeh tərəfindən 5584 manat məbləğində əmək haqqı borcu bugünədək ödənilməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Beləliklə, hesab edir ki, cavabdeh təşkilat qeyd olunan qanunsuz əmri ilə onu işdən çıxararkən, bu hərəkəti ilə ona qarşı qərəzli münasibətlərin olmasına dəlalət edir. Hüququn aliliyi hüquqi dövlətin təməl prinsiplərindən biridir. Bu prinsipə riayət olunması demokratik cəmiyyətdə ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinə dair hüquq kimi qəbul edilmiş ədalətli məhkəmə araşdırılması hüququnun həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Hüququn aliliyi və ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsi müasir məhkəmə icraatının iki qarşılıqlı və bir-birini tamamlayan şərtləridir. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar.

Tərəflərin izahatları:

4. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsini müdafiə etdiyini və iddia tələbinin təmin edilməsini xahiş etdi.

5. Məhkəmənin əvvəlki iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsini müdafiə etdiyini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

6. Cavabdeh MMC-nin nümayəndəsinə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq, məhkəmə iclasına gəlməmişdir.

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

8. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları:

9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı Şəhər İdarəsinin İddiaçı ünvanladığı 02 iyun 2023-cü il tarixli məktubundan görünür ki, müraciətinizlə əlaqədar araşdırma zamanı tərəfinizdən təqdim olunmuş fərdi şəxsi hesab, ödəniş tapşırığı və hesab üzrə çıxarışlardan müxtəlif ödənişlərin bank hesabınıza köçürüldüyü müəyyən olmuşdur. Bildiririk ki, ərizənizdə qeyd olunanlarla bağlı “AzNetDevelopment MMC-nin ünvanına (Bakı şəhəri, Heydər Əliyev prospekti, ev 187C, AzəriİdmanServis (X3 iş mərkəzi) C massivi, 6-cı mərtəbə.) 3-17-5/2- 9931/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubla müraciət olunaraq Sizə aid olan sənədlərin, “Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinə müvafiq olaraq təqdim edilməsi xahiş olunmuşdur, lakin sənədlər təqdim edilməmişdir. Nəzərinizə çatdırırıq ki, “AzNetDevelopment MMC-nin rəhbərliyi tərəfindən əmək haqqınızın hesablanması cədvəllərinin və ödənilməsini təsdiq edən sənədlərin surəti təqdim olunmadığından əməkhaqqınızın qanunvericiliyin tələblərinə uyğun hesablanaraq Sizə ödənilməsini araşdırmaq mümkün olmamışdır. Həmçinin bildiririk ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" 2015ci il 20 oktyabr tarixli 1413-İVQ nömrəli Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2024-cü il tarixədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Eyni zamanda nəzərinizə çatdırırıq ki. “AzNetDevelopment MMC-nin rəhbərliyi tərəfindən Sizə aid olan sənədlərin X2 Xidmətinin Bakı Şəhər İdarəsinə təqdim olunacağı təqdirdə müraciətinizə yenidən baxılaraq cavab veriləcəkdir. Müraciətinizdə qeyd etdiyiniz məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnuz vardır.

10. Hesabdan çıxarışdan görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı xx.xx.2022ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 695,21 manat cəmi 1195, 21 manat ödəniş edilmişdir.

11. xx.xx.2023-cü il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, Cavabdeh MMC nümayəndəsinin iştirakını ilkin mediasiya sessiyasında təmin etməmişdir. 55 manat ilkin mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir.

12. e-sosial.az-dan çıxarılan çıxarışdan görünür ki, İddiaçı “mühəndis” vəzifəsinə işə qəbul edilmişdir. Aylıq əmək haqqı 2270 manat təşkil edir.

13. 01 iyun 2023-cü il tarixli qəbzin surətindən görünür ki, İddiaçı hesabdan çıxarış üçün 30 manat ödəniş etmişdir.

14. 01 iyun 2023-cü il tarixli qəbzin surətindən görünür ki, İddiaçı vəkil bürosuna 80 manat ödəniş etmişdir.

15. 16 oktyabr 2023-cü il tarixli qəbzin surətindən görünür ki, Məmmədov X1 Araz Mayıl oğluna hüquqi yardım üçün 600 manat ödəniş etmişdir. İşin faktiki halları:

16. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Cavabdeh MMC-də “mühəndis” vəzifəsinə işə qəbul edilmişdir. Lakin xx.xx.2022-ci il tarixdə İddiaçı öz ərizəsi əsasında işdən çıxmışdır. Ona cavabdeh tərəfindən cəmi 1195,21 manat ödəniş edilmişdir. Hazırda İddiaçı Cavabdeh MMC-dən ödənilməmiş əmək haqqı olan 5584 manat, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 600 manat, hesabdan çıxarış üçün ödənilmiş 30 manat, Bakı şəhəri 29 saylı Vəkil Bürosuna iddia ərizəsinin tərtib edilməsi üçün ödənilmiş 80 manat, mediasiya xərci üçün ödənilmiş 55 manat, cəmi 6349 manat pul məbləğini xahiş edir.

Tətbiq edilən hüquq:

17. Azərbaycan Respublikası Əmək Məcəlləsinin:

42-ci maddəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. 154-cü maddəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 156-cı maddəsinə əsasən əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. 294.4-cü maddəsinə əsasən məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. 296-cı maddəsinin 4-cü hissəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.

18. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı:

Əmək mübahisələri ilə bağlı işlərin təhlili göstərir ki, işə bərpa, əmək haqqı və sair bu qəbildən olan mübahisələrlə bağlı iddiaçılar (işçilər) məhkəməyə müraciət etməzdən öncə, bir qayda olaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə (bundan sonra – X2 Xidməti) müraciət edirlər. Bu isə fərdi əmək mübahisələri zamanı qeyd edilən X2 Xidmətinin mübahisələrə məhkəməyə qədər baxan orqan kimi qəbul olunmasını şərtləndirir.

19. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı:

296-cı maddəsinin 4-cü hissəsinə əsasən, işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər.

Məhkəmənin mövqeyi:

20. Məhkəmə işdə iştirak edən iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verib, hesab edir ki, iddia tələbi təmin edilməlidir.

21. Göründüyü kimi İddiaçı fərdi əmək mübahisəsinin həll edilməsi üçün xx.xx.2023cü il tarixdə mediasiya şurasına müraciət etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak etmişdir, cavabdehin nümayəndəsi mediasiya sessiyasında iştirak etməmişdir bu barədə iddiaçıya arayış verilmişdir.

22. Qanunvericiliyin tələblərindən də göründüyü kimi işçiyə əmək haqqı işəgötürənlə aralarında bağlanmış əmək müqaviləsi əsasında ödənilir.

23. Məhkəmə, iddia tələbinin “əmək haqqının ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə təmin edilməlidir. Belə ki, iddiaçı xx.xx.2022-ci iltarixdə aylıq əmək haqqı 2270 manat olmaqla Cavabdeh MMC-də mühəndis vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2022-ci il tarixdə isə öz ərizəsi əsasında işdən çıxmışdır. Göründüyü kimi işçiyə 3 aylıq əmək haqqı (3x2270=6810) 6810 manat ödəniş edilməli idi. Lakin iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, işçiyə cəmi 1195 manat ödəniş edilmişdir. Qalan 5624,79 manat isə işçiyə ödənilməmiş qalır. Məhkəmə belə hesab edir ki, bu səbəbdən iddiaçının tələb etdiyi ödənilməmiş əmək haqqı olan 5584 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

24. Məhkəmə iddia tələbinin hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 600 manat, hesabdan çıxarış üçün ödənilmiş 30 manat, Bakı şəhəri 29 saylı Vəkil Bürosuna iddia ərizəsinin tərtib edilməsi üçün ödənilmiş 80 manat, mediasiya xərci üçün ödənilmiş 55 manat pul məbləğinin tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Belə ki, iddiaçı tələbin qeyd olunan hissəsini əsaslandırmış və məhkəməyə bununla bağlı sübutlar təqdim etmişdir. Bu səbəbdən iddia tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməlidir.

Məhkəmə baxışının hədləri:

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

26. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

Məhkəmə xərcləri:

27. Məhkəmə hesab edir ki, tələb üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan 75,84 manat dövlət rüsumu Cavabdeh MMC-dən tutulub dövlət nəfinə ödənilməlidir.

Nəticə:

28. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC-dən ödənilməmiş əmək haqqı olan 5584 manat, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 600 manat, hesabdan çıxarış üçün ödənilmiş 30 manat, Bakı şəhəri 29 saylı Vəkil Bürosuna iddia ərizəsinin tərtib edilməsi üçün ödənilmiş 80 manat, mediasiya xərci üçün ödənilmiş 55 manat, cəmi 6349 manat pul İddiaçı xeyrinə tutulmalıdır.

29. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,

Qət etdi:

İddia təmin edilsin. Cavabdeh MMC-dən ödənilməmiş əmək haqqı olan 5584 manat, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 600 manat, hesabdan çıxarış üçün ödənilmiş 30 manat, Bakı şəhəri 29 saylı Vəkil Bürosuna iddia ərizəsinin tərtib edilməsi üçün ödənilmiş 80 manat, mediasiya xərci üçün ödənilmiş 55 manat, cəmi 6349 manat pul İddiaçı xeyrinə tutulsun. Məhkəmə xərclərinə aid olan 75,84 manat dövlət rüsumu Cavabdeh MMC-dən alınıb dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar