Məhkəmə qərarları › İş №2(007)-1427/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1427/2021

04.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1427/2021 04.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 08.03.2004-cü il təvəllüdlü X2 və 29.10.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment olmaqla cəmi 350 (üç yüz əlli) manat aliment alınaraq on aödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, o 27 sentyabr 2002-ci ildə cavabdehlə Quba rayon VVADQ şöbəsində rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahdan 08.03.2004-cü il təvəllüdlü X2 və 29.10.2011-ci il təvəllüdlü X5 adlı iki övladları anadan olmuşdur. Cavabdehlə münasibətləri artıq uzun müddətdir ki, pozulmuş və faktiki olaraq aralarındaki ər-arvad münasibətlərinə son qoyulmuşdur. Cavabdeh uşaqların maddi tələbatlarını ödəmir və ona birgə nikahdan olan uşaqlarının saxlanmasında yardım etmir. Cavabdeh uşaqlarının maddi ehtiyaclarının ödənilməsində iştirak etmir. O isə uşaqlarını təkbasşına saxlamağa maddi çətinlik çəkməkdədir. Cavabdeh isə valideyn olaraq uşaqlarının minimum tələbatlarını ödəməyə borcludur. Cavabdehin rəsmi i. yeri olsa da, aylıq qazancı və sabit gəlir mənbələri barədə heç bir məlumatı yoxdur. Bu barədə hər hansısa bir məlumat əldə edə bilməmişdir. Buna görə də cavabdehdən tutulacaq alimentin məbləği sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan 04.02.2013-cü il tarixdə Bakı şəhəri Nizami RPİ tərəfindən verilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən və Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, xx xxxxxx 1976-cı ildə Xaçmaz şəhərində anadan olmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, xx xxxx 1971-ci ildə Bakı şəhərində anadan olmuş Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır İş materiallarında olan 27 sentyabr 2002-ci il tarixdə Quba rayon VVADQ şöbəsi tərəfindən verilmiş İİ-AZ 025109 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətinə əsasən həmin tarixdə Cavabdeh ilə X4 nikahlarını bağlamış, bu barədə akt qeydləri kitabında 427 nömrəsi ilə qeyd aparılmışdır. Nikah bağlandıqdan sonra arvada İbrahimova soyadı verilmişdir. İş materiallarında Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən 08.03.2004-cü il təvəllüdlü X1 atası Cavabdeh, anası İddiaçıdir. 20.06.2016-cı il tarixdə Bakı şəhər Nizami RPİ tərəfindən verilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən 29.10.2011-ci il təvəllüdlü İbrahimov Əlinin atası Cavabdeh, anası İddiaçıdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, aliment məhkəmə qətnaməsinə əsasən tutulur. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından göründüyü kimi iddiaçı məhkəməyə 05 fevral 2021-ci il tarixdə müraciət etmişdir. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minumumu» haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün məbləğ 175,00 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.1-ci maddəsinə əsasən bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 08 mart 2004-cü il təvəllüdlü X1 və 29 oktyabr 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 05 fevral 2021-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 175 (bir yüz yetmiş beş) manat, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Qətnamə dərhal icra edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 08 mart 2004-cü X2 və 29 oktyabr 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 05 fevral 2021-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 175 (bir yüz yetmiş beş) manat, cəmi hər ay 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar