Məhkəmə qərarları › İş №2(007)-143/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-143/2022

18.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-143/2022 18.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram sədrliyi, Məmmədov İbrahim Alim oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili və nümayəndəsi X2, Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh vəkili və nümayəndəsi X5 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “aliment” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “nikahın pozulması və uşaqların atanın yanında qalması” tələbinə dair qarşılıqlı iddiaları ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “aliment” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “nikahın pozulması və uşaqların atanın yanında qalması” tələbinə dair qarşılıqlı iddia ərizələri ilə məhkəməyə müraciət etmişlər. İddiaçı ilkin iddiasını onunla əsaslandırmışdır ki, o, cavabdehlə 10 iyul 2008-ci il tarixdə Nizami Rayon Qeydiyyat Şöbəsində rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Rəsmi nikahdan 2 qızları: X6 21 aprel 2009-cu ildə Bakı şəhərində, X10 18 aprel 2011-ci ildə Bakı şəhərində anadan olmuşlar. Cavabdehlə uzun müddət birgə yaşayıb, ümumi təsərrüfat aparmaqla ər-arvad münasibətində olmuşlar. Lakin, bir müddətdən sonra aralarında soyuqluq yarandığından o, atası evində uşaqları ilə birlikdə yaşamaq qərarına gəlmişdir. Bu soyuqluğun səbəbi isə xasiyyətlərinin uyğun gəlməməsi olmuşdur. Halhazırda onlar ayrı-ayrı evlərdə yaşayırlar. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, qızlarının öz istəklərinə görə ataları ilə görüşmələrinə etiraz etmir. Cavabdeh uşaqlarının qayğısına qalmır, onlara maddi cəhətdən heç bir köməklik göstərmir. Qızları isə böyüyür, tələbatları artır. Onların hərtərəfli saxlanılması üçün ona maddi cəhətdən kömək etmək ərinin konstitusion borcudur. Göstərilənləri nəzərə alaraq, 21 aprel 2009-cu il təvəllüdlü X3 və 18 aprel 2011-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay Cavabdeh hər uşağa görə 175 manat, ümumilikdə 350 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili X4 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək göstərmişdir ki, hazırkı iş üzrə iddia ərizəsi məhkəməyə 23.06.2021-ci il tarixdə təqdim edilmişdir, həmin vaxt yaşayış minimumu 175 manat olmuşdur. 2022-ci ilin yanvar ayının 1-dən isə həmin məbləğ 193 manat təşkil edir. Buna görə də, 21 aprel 2009-cu il təvəllüdlü X3 və 18 aprel 2011-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay Cavabdeh hər uşağa görə 193 manat, ümumilikdə 386 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh qarşılıqlı iddiasını onunla əsaslandırmışdır ki, o, cavabdeh İddiaçı ilə 10 iyul 2008-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Cavabdehlə birgə nikahlarından 21 aprel 2009-cu il təvəllüdlü X6 və 18 aprel 2011-ci il təvəllüdlü X10 adlı iki övladları anadan olmuşlar. Övladlarının hər ikisinin təlim və tərbiyəsində iştirak etməyi üçün boşanma baş verdikdən sonra uşaqlarının hər ikisinin onun yanında saxlanılmalarını istəyir. Qeyd etmək istəyir ki, cavabdehlə ailə qurduqları ilk günlər münasibətləri normal olmuşdur. Artıq xeyli vaxtdır ki, cavabdehlə xasiyyətləri uyğun gəlmir, evdə yersiz söz-söhbətlər və mübahisələr salır, cavabdeh öz həyat yoldaşı olaraq onu saymır və övladları qarşısında onu təhqir edir. Başa düşmüşdür ki, onların dünya görüşləri tam fərqlidir. O, artıq cavabdehdən ayrı yaşayır və ayrı-ayrı təsərrüfat aparırlar. Bunu qarşılıqlı iddia üzrə cavabdehin özü də təsdiq edə bilər. Cavabdehlə olan ər-arvad münasibəti kəsilib. Cavabdehlə aralarında olan nikah formal xarakter daşıdığından, nikahın məhkəmə qaydasında pozulmasını istəyir. Hesab edir ki, ailəsi faktiki olaraq dağılıb və onun bərpası mümkün deyil. Onun boşanmağa dair fikri qətidir. Boşandıqdan sonra uşaqlarının onun himayəsində saxlanılmasını tələb edir. Cavabdehlə birlikdə yaşamaları mümkün olmadığından, dəfələrlə onu övladlarının qarşısında təhqir etdiyindən, birlikdə yaşamalarının mümkün olmadığını görüb məhkəmədən nikahın pozulmasını və uşaqlarının onun yanında saxlanılmasını tələb və xahiş edir. Buna görə də, qarşılıqlı iddia tələbini təmin edib, onun cavabdeh İddiaçı ilə aralarında 10 iyul 2008-ci il tarixdə Bakı Şəhəri Nizami Rayon Qeydiyyat şöbəsində bağlanmış 467 saylı nikah qeydinin pozulması və nikahları pozulduqdan sonra uşaqları 21 aprel 2009-cu ildə Bakı şəhərində anadan olmuş X3 və 18 aprel 2011-ci ildə Bakı şəhərində anadan olmuş X7 onun yanında saxlanılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddiasını müdafiə edib, qarşılıqlı iddianı qismən qəbul edib, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, böyük qızını babası və nənəsi, kiçik qızlarını isə onlar özləri böyütmüşlər. Əri ona xəyanət etdiyi və ailəsinə baxmadığı üçün ayrılmaq istəyir. O, böyük övladına da qayğı göstərmişdir, atalarının uşaqlarla əlaqə saxlamasına mane olmamışdır, ata tərəfindən uşaqlar qayğı və nəvaziş görməmişlər. İlkin iddianın tam, qarşılıqlı iddianın isə qismən təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili X4 ilkin iddianı müdafiə edib, qarşılıqlı iddianı qismən qəbul edib, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və ilkin iddianın tam, qarşılıqlı iddianın isə qismən təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdehin nümayəndəsi və vəkili X11 ilkin iddianı qismən qəbul edib, qarşılıqlı iddianı müdafiə edərək, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, tərəflər arasında barışıq olmamışdır, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh nikahın pozulmasına razıdır, uşaqların ananın yanında qalmaları ilə razı deyil. Uşaqlar ananın yanında qalacaqları təqdirdə isə Cavabdeh uşaqların saxlanılması üçün yalnız hər uşağa görə 175 manat, ümumilikdə isə 350 manat aliment ödəməyə razıdır. Alimentin artırılması ilə bağlı dəqiqləşdirmə ərizəsi ilə razı deyil. Göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, ilkin iddia tam, qarşılıqlı iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Məhkəmə iclasında dinlənilən tərəflərin birgə nikahından 21 aprel 2009-cu il tarixdə doğulmuş X6 izahatında bildirmişdir ki, onun 12 yaşı var. O, bu il 7-ci sinifə keçmişdir, dərslərindən “4-5” qiymətləri alır. Dərsləri onlayn keçirilir. Hal-hazırda tətildədirlər. Valideynlərinin ayrılmağını istəyir, çünki atası anasına qarşı soyuq münasibət bəsləyir. O, nənəsigildə qalır. Tez-tez anasıgilə gedir. Hazırda hamısı bağda yaşayırlar. Atası onlarla yaşamır, atası heç vaxt onlara vaxt ayırıb ünsiyyət qurmaq istəməmişdir. Ona heç ad günündə də hədiyyə almamışdır və təbrik də etməmişdir. O, anasını istəyir, atası ilə birlikdə yaşamaq istəmir. Bundan əlavə, E.A.Abdullazadə verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, atası ilə görüşmür, çünki istəmir. O, böyük qızdır, bilir ki, anası və atası boşanır. Anası ilə birlikdə yaşamaq istəyir. Onların barışmağını istəyirdi, lakin atası bunu istəməmişdir. O, atasını istəmir. Məhkəmə iclasında dinlənilən tərəflərin birgə nikahından 18 aprel 2011-ci il tarixdə doğulmuş X10 izahatında bildirmişdir ki, onun 10 yaşı var. O, 5-ci sinifə keçmişdir, dərslərindən “4-5” qiymətləri alır. Bacısı və anası dərslərinə kömək edirlər. Anası onun oxuduğu məktəbdə işləyir, o, anası ilə birlikdə yaşayır. Atası ilə anasının ayrılmasını istəyir. Noyabr ayından bəri atası evə gəlmir. Atası ilə görüşmürlər və telefonla da əlaqə saxlamırlar. Hazırda hamısı bağda qalırlar, atası ilə onlarla qalmır. Valideynləri ayrılsalar anası ilə qalmaq istəyir. Bundan əlavə, D.A.Abdullazadə verilmiş suallara cavab olaraq bildirmişdir ki, atası ona qayğı göstərmir, ad günündə onu təbrik etməmişdir, atasından küsmüşdür. Atası ona heç vaxt hədiyyə almayıb, barışmalarını istəmir. Anası ilə qalmaq istəyir. Atası heç vaxt onunla gəzməyə getməyib. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İ seriyalı 407248 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 10 iyul 2008-ci il tarixdə Bakı Şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsində nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 467 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Abdullayev”, arvada “Kərimova” soyadları verilmişdir. - AZ-İİİ seriyalı 417594 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 21 aprel 2009-cu il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. - AZ-İİ seriyalı 654181 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X12 18 aprel 2011-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. - Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyasının 13 dekabr 2021-ci il tarixli rəyindən görünür ki, komissiya uşaqların ana qayğısına daha çox ehtiyaclarının olduğunu, habelə yetkinlik yaşına çatmayan X6 və X7 fikirlərini də nəzərə alaraq, boşanmadan sonra onların anaları İddiaçı himayəsində saxlanılmasını məqsədəuyğun hesab edir və Cavabdeh övladları ilə ünsiyyət hüququnun təmin olunmasını valideynlərin arasında yaranmış mübahisənin ədalətli həlli hesab edir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı 10 iyul 2008-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar, birgə nikahlarından 21 aprel 2009-cu il tarixdə X6 və 18 aprel 2011-ci il tarixdə X10 doğulmuşlar. Tərəflərin münasibətləri pozulmuş, artıq bir yerdə yaşamır və birgə təsərrüfat aparmırlar, hər ikisi nikahın pozulmasına razıdırlar. Məhkəmə ilkin və qarşılıqlı iddia tələblərinin əsasını təşkil edən halları, onların mahiyyətini nəzərə alaraq, hesab edir ki, ilkin və qarşılıqlı iddia tələblərinə birlikdə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. 20.1-ci maddəsinə görə, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə nikah məhkəmə qaydasında pozulur. 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, tərəflərin birgə yaşaması və ailənin qorunub saxlanması qeyri-mümkündür, onların arasındakı nikah qeydiyyatı formal xarakter daşıyır. Tərəflər nikahın pozulmasında təkidli olduqlarından tərəflər arasında bağlanmış nikah pozulmalı, qarşılıqlı iddia həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını müəyyən etməlidir. Ailə Məcəlləsinin 60.4-cü maddəsinə əsasən, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. İşin faktiki hallarından göründüyü kimi, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh hər iki uşağın onun yanında qalmalarını, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh isə uşaqların onun yanında qalmalarını xahiş etmişdir. Nikahın pozulması zamanı həll edilməli məsələ olaraq, məhkəmə hesab edir ki, qarşılıqlı iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, mübahisə üzrə rəy vermiş Qəyyumluq və Himayəçilik orqanı yetkinlik yaşına çatmayan X6 və X7 fikirlərini də nəzərə alaraq, boşanmadan sonra onların anaları İddiaçı himayəsində saxlanılmasını məqsədəuyğun etmişdir, o cümlədən 12 yaşına çatmış X6 və 10 yaşına çatmış X10 həmin orqana verdiyi yazılı izahatlarında və məhkəmə iclasında dinlənilən zaman analarının yanında qalmaq istədiklərini göstərmişlər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarına əsasən yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Valideynlərdən birinin maddi-məişət şəraitinin digərinə nisbətdə üstün olması uşağın həmin valideynin yanında qalmasının təmin olunması üçün mütləq (həlledici) əsas ola bilməz. Sözügedən qərarda həmçinin göstərilmişdir ki, uşağın mənafeyinin tələb etdiyi bütün hallarda onun məhkəmə iclasında dinlənilmək hüququ təmin olunmalıdır. Uşaq hüquqları haqqında Konvensiyanın 12-ci və Ailə Məcəlləsinin 52-ci maddələrinin tələbinə müvafiq olaraq maraqlarına toxunulan istənilən məsələnin həlli zamanı uşaq öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Uşağın fikrinin obyektiv qiymətləndirilməsini təmin etmək üçün onun pedaqoqun, təhsil müəssisəsinin nümayəndəsinin (tərbiyəçinin), yaxud uşaq psixoloqunun və ya qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin iştirakı ilə dinlənilməsi məqsədə müvafiqdir. Maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Məhkəmələrə izah edilsin ki, valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” yaxud ”qərar qəbul edilərkən 7 yaşına çatmış uşağın fikri öyrənilə və nəzərə alına bilər” ifadələri uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə hər bir halda uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsinin tələbləri baxımından tərəflərin birgə nikahından doğulmuş 12 yaşına çatmış X6 və 10 yaşına çatmış X10 ailədə onların marağına toxunan məsələnin həlli, yəni valideynlərdən hansının yanında qalmaları müəyyən edilərkən öz fikirlərini bildirmək hüququ təmin edilməklə dinlənilmişlər. Dinləmə zamanı öz fikirlərini sərbəst formada ifadə edərək, X6 və X10 anaları İddiaçı yanında qalmaq istədiklərini bildirmişlər. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəaları, o cümlədən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun hüquqi mövqeyinə əsasən yetkinlik yaşına çatmayan X6 və X7 analarına bağlılıqlarını, analarının yanında qalmaq istədiklərinə dair ifadə etdikləri fikirlərini, onların yaşını, valideynlərinin mənəvi və şəxsi keyfiyyətlərini, valideynlərin hər biri ilə onların arasındakı münasibətləri, Qəyyumluq orqanının rəyini və işin sair faktiki hallarını nəzərə alaraq, hesab edir ki, tərəflərin nikahı pozularkən X6 və X10 analarının yanında qalmalıdırlar və tədqiq olunan hissədə məhkəmənin gəldiyi nəticə həmin uşaqların mənafelərinə uyğundur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 22.2.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən, məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir; 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1 və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə hesab edir ki, nikahın pozulması zamanı həll edilməli məsələ olaraq uşaqların yetkinlik yaşınadək saxlanması üçün alimentin tutulması məsələsi də müzakirə edilərək həll olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, uşaqların mənafeyini və ananın onun himayəsində qalan uşaqlara təkbaşına baxmaqda maddi cəhətdən çətinlik çəkdiyini nəzərə alaraq, habelə uşaqların minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatlarının maksimal dərəcədə saxlanması baxımından uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün aliment tutulmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, İddiaçı hər ay hər uşağa görə 175 manat aliment tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə 24 iyun 2021-ci il tarixdə müraciət etmişdir, 18 fevral 2022-ci il tarixdə isə 2022-ci il yanvar ayının 1-dən qüvvəyə minmiş qanuna əsasən sözügedən alimentin həddinin 193 manat müəyyən edilməsi barədə ərizə təqdim etmişdir. Belə ki, 2021-ci il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat, o cümlədən 2022-ci il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən isə həmin il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tutulacaq aliment məbləğinin həddini müəyyən edərkən uşaqların və ananın mənafeyini, uşaqların minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatını, 2022-ci ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğini nəzərə alaraq, belə qənaətə gəlir ki, Cavabdeh birgə nikahdan 21.04.2009-cu il tarixdə doğulmuş X3 və 18.04.2011-ci il tarixdə doğulmuş X1 üçün ilkin iddia ərizəsinin məhkəməyə daxil olduğu 24 iyun 2021-ci il tarixdən 18 fevral 2022-ci il tarixədək hər ay hər uşağa görə 175 (yüz yetmiş beş) manat, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh tərəfin iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni məhkəməyə təqdim etdiyi 18 fevral 2022-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatanadək hər ay hər uşağa görə 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.3 və 22.2.4-cü maddələrinə əsasən nikah məhkəmə qaydasında pozularkən, məhkəmə ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalı, ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin birgə mülkiyyətində olan əmlakın bölgüsü ilə bağlı mübahisə yoxdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 29 iyul 2019-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu müvafiq icra hakimiyyəti orqanı və məhkəmələr tərəfindən nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyinin izah edilməsi tövsiyə edilmişdir. Həmçinin Ailə Məcəlləsinin 36.9-cu maddəsində ər-arvadın ümumi əmlakının bölünməsi haqqında tələbə dair 3 illik iddia müddətini nəzərdə tutsa da, bu müddətin axımının başlanğıcını müəyyən etməmişdir. Lakin Ailə Məcəlləsinin ümumi hissəsinə ailə münasibətlərinə iddia müddətinin tətbiqini müəyyən edən 8-ci maddənin daxil edilməsi ilə iddia müddətinə dair bütün məsələlərin vahid mənbədən tənzim edilməsinə, yəni ictimai münasibətlərin tənzimlənməsinin sabitliyinə nail olunması qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ilkin iddia təmin edilməli, Cavabdeh birgə nikahdan 21.04.2009-cu il tarixdə doğulmuş X3 və 18.04.2011-ci il tarixdə doğulmuş X1 üçün 24 iyun 2021-ci il tarixdən 18 fevral 2022-ci il tarixədək hər ay hər uşağa görə 175 (yüz yetmiş beş) manat, 18 fevral 2022-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatanadək hər ay hər uşağa görə 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilməli, qarşılıqlı iddia qismən təmin edilməli, Cavabdeh ilə İddiaçı arasında Bakı Şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsində bağlanmış və 10 iyul 2008-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 467 nömrə ilə qeyd edilmiş nikah pozulmalı, tərəflərin birgə nikahından 21.04.2009-cu il tarixdə doğulmuş X6 və 18.04.2011-ci il tarixdə doğulmuş X10 anaları İddiaçı yanında qalmalı, qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Ona görə məhkəmə hesab edir ki, qətnamə alimentin alınmasına dair hissədə dərhal icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 01 oktyabr 2021-ci il tarixədək qüvvədə olmuş “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir; 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu Cavabdeh aid edilməli, İddiaçı tərəfindən ödənilməli olan 10 (on) manat dövlət rüsumu Cavabdeh alınaraq, dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tam təmin edilsin. Cavabdeh birgə nikahdan 21.04.2009-cu il tarixdə doğulmuş X3 və 18.04.2011-ci il tarixdə doğulmuş X1 üçün 24 iyun 2021-ci il tarixdən 18 fevral 2022-ci il tarixədək hər ay hər uşağa görə 175 (yüz yetmiş beş) manat, 18 fevral 2022-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatanadək hər ay hər uşağa görə 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında Bakı Şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsində bağlanmış və 10 iyul 2008-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 467 nömrə ilə qeyd edilmiş nikah pozulsun. Tərəflərin birgə nikahından 21.04.2009-cu il tarixdə doğulmuş X6 və 18.04.2011-ci il tarixdə doğulmuş X10 anaları İddiaçı yanında qalsınlar. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamə alimentin alınması hissəsində dərhal icra edilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu Cavabdeh aid edilsin, İddiaçı tərəfindən ödənilməli olan 10 (on) manat dövlət rüsumu Cavabdeh alınaraq, dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar