Məhkəmə qərarları › İş №2(007)-1467/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1467/2021

18.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1467/2021 18.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firidun oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı nikahın etirabsız hesab edilməsi və vurulmuş mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : İddiaçı Cavabdeh qarşı nikahın etirabsız hesab edilməsi və vurulmuş mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbi onunla əsaslandırdı ki, hüquqlarını müdafiə etdiyi şəxs cavabdehlə 28 noyabr 2019-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurub. Bir ay keçməmiş cavabdeh valideyinlərinin təkidi ilə evləndiyini və nikahı pozdurmaq istədiyini bildirmişdir. Bundan sonra məhkəməyə nikahın pozulması ilə bağlı iddia ərizəsi təqdim etdi. Məhkəmənin qətnaməsi ilə nikah pozuldu, lakin onlar həmin qətnamədən apellyasiya şikayəti təqdim etmişlər və hal-hazırda iş Bakı Apellyasiya Məhkəməsinin icraatındadır və vəsatətləri əsasında işin icraatı dayandırılıb. İddiaçı hesab edir ki,onunla cavabdeh arasında bağlanan nikah etibarsız hesab edilməlidir və cavabdeh iddiaçının şərəfinə vurduğu ağır ləkəni kompensasiya etməlidir. Cavabdeh açıq aşkar bildirib ki, onun iddiaçı ilə ailə qurmaq fikri, istəyi olmayıb,o, buna anası və bacısının təkidi ilə razılaşıb. İddiaçının isə bunlardan xəbəri olmayıb. Odur ki, qeyd olunanları nəzərə alıb, Cavabdeh ilə İddiaçı arsında bağlanmış 28 noyabr 2019-cu il tarixli nikahın etibarsız hesab edilməsi və vurulmuş mənəvi zərərə görə Cavabdeh İddiaçı xeyrinə 100000 manat,ödənilmiş dövlət rüsumuna görə 30 manat pul tutulmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etmədi və izahat verərək göstərdi ki, tərəflər arasında nikah bağlanıb, ailə münasibətləri olub, iddiaçı cavabdehlə bir yerdə uzun müddət yaşayıb, bundan sonra münasibətləri pozulduğu üçün nikahın pozulması ilə bağlı məhkəməyə müraciət edib və Nizami rayon Məhkəməsinin qətnaməsi ilə onların arasında olan nikah qeydiyyatı pozulub. Odur ki, qeyd olunanları nəzərə alıb, iddanın təmin olunmamasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. İş materiallarında olan İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış apellyasiya şikayətinin məzmunundan görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuş və tərəflər arasında bağlanmış 28 noyabr 2019-cu il tarixli nikah pozulmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin aşağıda sadalanan maddələrində qeyd olunmuşdur ki,: 25.1-ci maddəsinə əsasən bu məcəllənin 10—12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. 10.1. Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. 10.2. Üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər 11.1. Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, bu Məcəllənin 13.3-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın təqdim edilməsi və onların nikah yaşına çatmaları zəruridir. 11.2. Bu Məcəllənin 12-ci maddəsində göstərilən hallarda nikah bağlana bilməz. Maddə 12. Nikahın bağlanmasına mane olan hallar 12.0. Aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir: 12.0.1. yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar); 12.0.2. övladlığa götürənlər və övladlığa götürülənlər; 12.0.3. ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər; 12.0.3-1. tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı təqdim etməkdən imtina edən şəxslər; 12.0.4. ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər. 13.7. Nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını o birindən gizlətdikdə, digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər. Qeyd olunan maddi hüquq normaları ilə nikahın etibarsızlığına səbəb ola bilən hallar konkret göstərilmişdir.Nikahın etibarsızlığına səbəb ola bilən başqa hallar nə Azərbaycan Respublikası Ailə Məcəlləsi,nə də digər qanunlarla müəyyən olunmamışdır. İddiaçı Cavabdeh ilə bağladığı nikahın etibarsız əqd olduğunu vurğulamış və əsas kimi,cavabdehin ailə qurmaq niyyətinin olmamasını göstərmişdir.Halbuki,işin hallarından görünür ki,tərəflər el adəti ilə rəsmi nikah bağlamış və müəyyən müddət ərzində bir ünvanda yaşamışlar.Göründüyü kimi nikahın etibarsız hesab olunması üçün əsaslar mövcud deyil.Bu səbəbdən təmin oluna bilməz. Cavabdehdən dəymiş mənəvi zərərə görə 100000 manatın tələb olunması nikahın etibarsız hesab olunması ilə əlaqələndirildiyindən və ilkin tələb təmin olunmadığından mənəvi zərər hissəsində də iddia təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı nikahın etirabsız hesab edilməsi və vurulmuş mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar